13.02.2014

"Dedilər Kəlmeyi-şəhadətinizi deyəndə sonunu söyləməyin"

Suriyaya ezam olunan ANS TV-nin xüsusi müxbiri Qənirə Ataşova səfər təəssüratları barədə yazıb. ANS PRESS Qənirə Ataşovanın yazısını təqdim edir:

...Mən də şiə...

"Deməli Suriyadayıq. Silahlılarla bərabər ocağın başında toplaşmışıq. Onlar da gecə ikən aralarına gələn 3 qəribana elə qəribə-qəribə baxırlar. Onların içindən iki nəfər xüsusi ilə seçilirdi. Yaraşıq, qamət və sağlam düşüncələri ilə. Ən azından danışdıqlarına ətrafdakıları inandıra bilirdilər. Bir az ordan, bir az burdan.
Həmin iki nəfərdən biri əlindəki silahını təmizləyə-təmizləyə bizə hardan gəldiyimizi soruşur. Təmiz türkcəsinin olduğunu görüb, siz türksünüz deyə soruşuram. Başqa birisi isə türkmanıq və bu dağlarda yaşayırıq cavabını verir. Amma mən də uşaq deyiləm axı...
Ürəyimdə dedim sən dedin mən də inandım. Ağıllı görünən və kifayət qədər məlumatlı olan Mustafa başladı ki, sizin ölkədə durumlar necə. Hələ gözləmə mövqeyində olan mən və operatorumuz Hikmət Əsgərov ağzımızı açmamış bizimlə Azərbaycandan oğlunu axtarmağa gedən ata başladı ki, allah öldürsün vəhabiləri, onların maraqları var nə bilim nə... Onun oğulunu müharibəyə sürükləyən vəhabilərə olan hirsi deyəsən bizi burda qurban verəcəkdi.
Yanımda da deyildi ki heç olmasa him-cim edim. Ya da əlimdəki qələmi qoluna batırım ki işarədən anlasın. Bu qardaş ele hey danışır e... Bir də gördüm ki, bu ağıllı görünən silahlı qardaş başladı ki sizin ölkədə durumlar yaxşı deyil. Sizdə din nəzarətdən çıxıb filan fəsməkan. O danışa-danışa bircə beynimdən bunu keçirirdim. Bəlkə bunların özləri elə vəhabidirlər. Bəlkə bizdən söz alırlar, ya da hansı təriqətə mənsub olduğumuzu öyrənmək istəyirlər, bəlkə də bizdən şübhələri var... Nə isə beynimdən bunları keçirə-keçirə söhbətə müdaxilə etməli oldum. Qısası onlara dedim ki, biz 70 il Rusiyanın əsarətində olmuşuq, amma dövlətin qadağan elədiyi dinimizi qoruya bilmişik. İndi də dinmizi babalarımızın bizə qoyduğu miras kimi davam etdiririk. Amma o ağıllı görünənin üzündə fərqli olduğu aydın yazılmışdı. Həm də sağlam xarici vücudu onun təlim keçmiş biri olduğunu ortaya qoyurdu. 
Bir də gördüm həmin qardaş başladı bizim ölkənin siyasətini xırdalamağa. Belə yerdə siyasətdən danışmaq ən böyük səhvdir mənə görə. Bir də insan xaricdə olanda öz dövlətinin qüsurunu da görmək istəmir. Bu məncə evin içini çöldə danışmağa bənzəyir. Beləcə çalışdım söhbəti fırladıb başqa səmtə yönəltdim. Bunu bacara bildim. Amma beynimdə bunlar İSTİKBARATDIR qənaətinə gəldim. Bir də baxdım ki, operatorum (kifayət qədər ağıllı və peşəkar birisidir) mənə işarə edir. Onun da şübhələndiyini başa düşdüm. Hər ikimizin hissimiz bu iki nəfərin Turkiyə istikbaratının nümayəndələri olmasına işarə edirdi. 
Xeyli söhbət elədik, gecəni yarı etdik... Dünyanın altını da bilirdilər, üstünü də. Mənə Massonluğun detallarını xırdaladılar. Az qalmışdı özümün də MASSON olduğumu düşünəcəkdim. Bu cavan israr edir ki, dünyanı elə bizi də massonlar idarə edir, beynimizə təsir edirlər. Nə isə... Hikmət birtəhər oğlunu axtaran həmyerlimizi bir qırağa çəkib ona başa saldı ki, təriqətlərdən danışma. Çalış dinlə, mövqe bildirmə. Axı burda çoxluğun xarici geyimi elə bizim tanıdığımız vəhabilərin geyimi kimi idi. Qısa şalvar, uzun saqqal. Bunlar isə özünü vəhabi adlandırmırdılar. Onların danışığından belə aydın gördük ki, Suriyada sünni-şiə davası dərinləşir. Mən də şiə. Söhbətin bu yerində mənə dedi mürşidin kimdir. Mürşid dində özünə seçilən lider sayılır. Mənim mürşidim olmasa da Hacı Şahini çox bəyənirəm. İstədim adını çəkim. Bu zaman gördüm ki, Suriyada şiələrə qarşı bir hirs var. Ona görə ad çəkmədim. Mənim mürşidim yoxdur dedim. Söhbətə müdaxilə edən digər silahlı mütləq sənin mürşidin olmalıdır, bu dində vacibdir dedi. Onlardan ayrılanda isə bizə dedilər ki, qarşılaşdığınız kimsə ilə vəhabilkdən danışmayın. Sizin təhlükəsizliyiniz üçün deyirik. Kəlmeyi şəhadətinizi də deyəndə sonunu söyləməyin. Şiə olduğumuzu bilmişdilər. Bu adamlarla bağlı şübhəmizi səhər açılar-açılmaz Hikmət dəqiqləşdirdi.
Səhər isə çox şey baş verdi. Biz çəkilişə başlayanda ilk olaraq məzarlıqdan başladıq. Məzarlığa ayağımı qoyan kimi 3 dənə hazır qəbir gördük (Bu kadrları efirədə vermişik). Hikmətə yavaşca pıçıldadım ki, deyəsən bizim üçün hazırlayıblar. Sössüz ki, zarafat edir və bizim yanımızda olanlara inanırdım. Amma həyatdır hər şey ola bilər fikri də beynimdədir. Çox şey baş verdi... Dönməyə qərarı ani anda verdik. Turkiyəyə gələr-gəlməz hər şey su kimi aydın oldu. Dağı piyada aşandan sonra taksi ilə şəhərə doğru gəlirdik. Maşınımızı dayandıranda yüz faiz əmin oldum ki, bizi saxladılar. Tez-tələsik bizi müşayət edən Ömər qardaşa (Suriyada 500 nəfərlik ordusu var) həqiqəti desəm sizə söz gələrmi sualını verdim. O sadəcə gülümsədi və cavab verməyə macal da tapmadı. Onu da deyim ki, İstikbaratın bu iki əməkdaşı da çox sağlam görünüşə sahib idilər. Əvvəlcə pasportlarımızı yoxladılar. Sonra biri gəlib maşınımızda oturdu. Dedi gəlin tanış olaq, hardan gəlib hara gedirsiz. Amma hansı təşkilatdan olduqlarını demədilər. Dilimi dinc qoymayıb İstikbaratdansız dedim və sənədlərimizi özümüz verdik. Nə isə filimlərdə gördüyümüz bu iki igid bizi duz Karakola gətirdi... Sadəcə söhbət edək dedi. Biz də imtina etmədik, meşədəki yol yorğunluğumuzu burda cıxara bilərik düşündük. Bu zaman Mir Şahin müəllimdən zəng gəldi. Hikmətlə qərara aldıq ki, şirkətdəkiləri hələ narahat etməyək və məsələni özümüz həll edək". 

Ardı var... lenkeranxeber.az

Комментариев нет:

Отправить комментарий