16.02.2014

Habil Yaşar. Hələ bu sevgidən çox yazacağam


Bəlalı sevgidən, dərdli sevgidən,
Hər sözü, kəlməsi qəmli sevgidən.
Göz yaşıyla dolu nəmli sevgidən,
Hələ bu sevgidən çox yazacağam...

Bu sevgi ömrümə bir iz qoyubdur,
Yandırıb qəlbimi, min köz qoyubdur,
Kor edib gözümü, gözsüz qoyubdur,
Hələ bu sevgidən çox yazacağam...

Bu sevgi qanadsız bir quşa bənzər,
Quru səhraları divanə gəzər,
Sanmıram yazmaqdan qələmim bezər,
Hələ bu sevgidən çox yazacağam...


Şair

Başın üstdə buluddumu?
Daşlar çayı qurutdumu?
Ellər səni unutdumu?
Doğulmamış öldün, şair.

Nələr çəkdin bu dünyada,
Həyatını verdin bada,
Qardaş deyib özgə, yada,
Çörəyini böldün, şair.

Acılara sinə gərdin,
Yer üzünə sülhə gəldin,
Haqlı ikən ləkələndin,
Nə sevindin, güldün, şair.

Dostlar sənə arxa çıxdı,
Dərdlər sıxdı, yaman sıxdı,
İnandığın kəslər yıxdı,
Evini də, gördün, şair.

Üzdə gülüb, ağladın sən,
Çaylar kimi çağladın sən,
Ürəkləri dağladın sən,
Qəhrəmana döndün, şair.

Комментариев нет:

Отправить комментарий