11.02.2014

Üzüqara neftin SOCAR səadəti

Çirklənmiş torpaqlar, şüalanmış məmləkət və kabab qoxusu

Məşhur sosioloq Nuam Çomiski deyirdi ki, İkinci Dünya Müharibəsindən sonra Amerika imperailizmi dünya neftinin əsas hissəsini ələ keçirmək uğrunda döyüşür və bu döyüş bu gün də davam edir. Dünyada baş verən bütün müharibələrin bir səbəbi var -o da neftdir. Müasir dünyamızda bu müharibələrin hamısını Amerika imperiyası ssenariləşdirir. Məsələn, İraqda, Liviyada, bu gün isə Suriyada baş verən qanlı terrorların, müharibələrin, insan faciəsinin arxasında Amerikanın neft marağı dayanır. Vaxtilə Rotşild deyirdi: “İnformasiya kimin əlindədirsə, güc sahibi də odur”.
Bu gün bu fikri belə ifadə etmək olar: Neft kimin əlindədirsə, güc sahibi odur. Neft ölkəsində yaşayırıq. Bolluca neftimiz var. Amma neft üzüqara hər zaman məskunlaşdığı məkana xeyir gətirmir. Təbii, söhbət Norveçdən və ya İrandan getmir. Biz bu gün oxucularımıza bizim neftimizdən və bu neftin vurduğu ziyandan danışacağıq. Ən əsası, mövzuya girişməmişdən öncə qeyd edək ki, dövlət büdcəsini sırf neft gəlirləri üzərində quran ölkələrin iqtisadiyyatı tənəzzülə məhkumdur. 

Dünyanın ilk neft quyusu qazılan torpağını kim "öldürdü"? 

Dünyanın ilk neft quyusu Balaxanıda qazılıb. Bu gün Bakının bu qədim neft məskəni olan qəsəbəsinin sakinləri cəhənnəm əzabı çəkirlər. Hava o qədər çirklənib ki, nəfəs almaq mümkün deyil. Yayda Balaxanıya ilk dəfə ayaq qoyan adamın gözləri çıxır az qala. Neft quyularından qalxan çirkli havadan başağırısı və ürək bulanması yaranır. Havanın bu qədər çirkli olmasının səbəbi təkcə quyular deyil. Burada neftlə çirklənmiş torpaqların yuyulması-rekultivasiya işləri düzgün aparılmır. Və ya ümumiyyətlə aparılmır.
Qeyd edək ki, neftlə çirklənmiş ərazilərin rekultivasiya üsulları 5 qayda ilə aparılır: Mexaniki , bioloji , kimyəvi , termik və biotexnoloji rekultivasiya. Gəlin görək, ARDNŞ-ın balansında olan və çirklənmiş torpaqlarımız da bu üsullarla təmizlənirmi?
Əgər yadınızdadırsa, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bu barədə çox əcaib bir fikir səsləndirmişdi: "Əgər ARDNŞ-nin balansında olan ərazi yararsızdırsa, yəni həmin torpaqlarda neft hasilatı yoxdur və torpaqlar çirklənibsə, rekultivasiya olunmalıdırsa, onda həmin ərazilər bələdiyyələrə veriləcək”. Deməli, çirklənmiş torpaqlar bələdiyyələrə veriləcək. Bələdiyyələr neyniyəcək bu torpaqları? Əlbəttə, satacaq. Təbii, rekultivasiya olunmadan. Torpağı isə Azərbaycanın müxtəlif kəndlərindən gələn bir şəxs alacaq və bu neftli torpağın üstünü azacıq torpaqla üzlədikdən sonra ev tikməyə başlayacaq. Bu isə bir ailənin sağlamlığını təhlükə altına qoyur. Təkcə bir ailəninmi?
ARDNŞ balansında olan ərazilərdə qanunsuz tikililərlə bağlı apardığı araşdırmaların nəticəsi olaraq neft hasilatı üçün yararlı olmayan torpaq sahələrini Bakı şəhər İcra Hakimiyyətinə qaytaracağına söz vermişdi. Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin bu açıqlaması yararsız torpaqlardakı sənədsiz evlərin sakinlərini sevindirmişdi. Çünki ARDNŞ vaxtaşırı olaraq sənədsiz evlərin sakinlərini narahat edir, həmin tikililəri sökməklə hədələyirdi. Amma sökmürdü. Niyə? Çünki bu torpaqların rekultivasiyası üçün hər sotuna dövlət büdcəsindən 25 min manat pul silinir. Guya bu pullarla çirkli torpaqlar təmizlənir. Amma pullar silinsə də torpaqlar təmizlənmir. Torpağın hər sotuna 25 min manat dövlət büdcəsindən pul silinir, üstəlik, bu torpağın sotu 10-15 min manata hansısa zavallı vətəndaşa satılır.

Neft ocağı Balaxanıda ocağı külə dönənlər

Bayaq Balaxanıdan danışdıq. Balaxanı neft Bakısının mərkəzi, ürəyi idi. Ötən əsrin əvvəllərində Balaxanıda elə bir adam tapılmazdı ki həyətindən neft çıxmasın. Balaxanıda hamı zəngin idi, hamı milyoner idi. Nobel qardaşları da o zaman neft qoxusuna Balaxanıya gəlmişdi. Bütün zamanlarda Bakının bir qoxusu olub-neft qoxusu. Bunu vaxtilə Azərbaycana təşrif gətirmiş bütün səyyahlar illər uzunu xatırlayırdı. Qoxu demişkən, deyəsən, bunu məşhur yazıçı Bernard Şou deyib: “Qan iyinə həris olan quduz köpək, neft iyinə cuman ingilisdən daha təhlükəsizdir.” Nobel isə yəhudi idi. Buna baxmayaraq, gəlmişdi bu məkana. İndi də Balaxanıda neft çıxır. Amma indi ata-babadan neftçi olan balaxanılılar heç bu sahədə də iş tapa bilmirlər.
Başdan-başa neft gölməçələrinə bürünmüş qədim diyarda o zaman Nobel qardaşları, hətta bir kükürdlə müalicə xəstəxanası açmışdılar.Hazırda doldurularaq yararsız hala salınmış kükürdlü gölməçənin min bir dərdə dərman olan suyu ilə o zaman balaxanlılar pulsuz müalicə olunurmuşlar. Bu gün isə başdan-başa qazılan quyularla zəngin olan Balaxanıda böyük bir Olimpiya Kompleksi tikiblər ki , burada da ancaq pulla idmanın hansısa növü ilə məşğul ola bilərsən. Bəs pulsuz və işsizlər? Axı bu gün də Balaxanıda neft çıxır, niyə balaxanılılar milyoner deyil, işsizdirlər ,əksəriyyəti isə iri bir zibillikdə çörəkpulu axtarırlar. Neft gölməçələrindən isə ətrafa yüksək radiasiya yayılır. Belə yerdə deyərlər, qızınmadıq istisinə, kor olduq tüstüsünə. Bu yerdə Balaxanı mövzusunu qapadırıq. Amma neftlə bağlı ortaya qoyduğumuz sualların bəzilərinin cavabını ikinci yazıda gözləyin! 

Ardı var...               interpress.az

Комментариев нет:

Отправить комментарий