10.02.2014

Zalımın zülmü var, kasıbın isə Allahı!

Arzu Abdulla

Qəribə nağıllarımız, atalar sözlərimiz  var bizim. Özümüz də hiss etmədən onlar bizi tərbiyələndirir. Bir də ayılıb görürük ki, biz nağıllarımızdakı qəhrəmanlara oxşayırıq. Birimiz “Koroğlu” olubsa, minimiz “keçəl Həmzədir” artıq. Hərəkətlərimizi elmlə, hüquqla nizamlamırıq, üz tutmuşuq atalar sözlərinə. Kimi “qaçmağı igidlik” sayır, kimisi “işinin xatirinə erməniyə dayı” deyir. Beləliklə, ətrafımız o qədər “kecəl Həmzələr”, “erməniyə dayı” deyənlərlə dolub ki, qalmışıq çıxılmaz vəziyyətdə. Elm də deyir ki, insanlar valideynlərinə yox, daha çox yaşadıqları mühitə oxşayırlar.
Görünür elə ona görə də cəmiyyətdə baş verən haqsızlığa müqavimət hissi də getdikcə azalır. Haqsızlıqdan, ədalətsizlikdən yaxa qurtara bilməzək də, hərə bir yol axtarır ki, qəlbində rahatlıq tapsın. Atalar sözlərində deyildiyi ki, “El ilə gələn dərd toy-bayram olar”, deyərək təskinlik tapırıq özümüz üçün.

Evlərin sökülməsi ilə “ciddi sovetski” mühiti də əriyəcək və yaxın gələcəkdə yox olacaq

“Sovetski” deyilən əraziləri sökməyə başladılar. Bir müddətdən sonra bu köhə-külə evlərdən, dar və narahat küçələrdən əsər-əlamət qamayacaq. Amma sökülən və yox olan təkcə köhnə binalar və yöndəmsiz küçələr olmayacaq, həm də “sovetski” deyilən düşüncə tərzi və “sovetski” deyilən manera da yox olacaq. Evlərin sökülməsi və burda yaşayan insanların müxtəlif tərəflərə “səpələnməsi” “sovetski” deyilən sıx bir “ictimai mühitin” də Bakı miqyasında səpələnməsi demək olacaq. Beləliklə, bu ərazilərdə yaşayan insanların tərbiyəsində, rəftarında və dünyagörüşünün formalaşmasında mühüm rol oynayan “ciddi sovetski” mühiti də əriyəcək və yaxın gələcəkdə yox olacaq.

Ağır dərddi “sovetski” mühitinin düşdüyü indiki mühit

Buradan köcürülməsi planlaşdırılan insanların narazılıqlarına qulaq asanda qəribə hisslər keçirirəm. Onların titrək səslərindəki narahatlıq elə bil təklənmək, qəribləşmək qorxusu ilə bürünüb. Köcürülmək və yeni mühitə uyğunlaşmaq dərdi az imiş kimi, kompensasiyaların ədalətli olmaması  da onları ağır durum qarşısında qoyub. Onların titrək səslərindən duyulur ki, qarşıda nə qədər çətinliklərin onları gözlədiklərini hiss edirlər. Nə etməli? Bir tərəfdən on illərlə birgə yaşadığın və güvəndiyin mühitdən uzaqlaşmaq və qeyri-müəyyənliyə üz tutmaq, digər tərəfdən isə zora, zülmə və ədalətsizliyə qarşı mübarizə aparmaq üçün imkanın olmaması.  Bəli, ağır dərddi “sovetski” mühitinin düşdüyü indiki mühit.
Bizim gələcəyimizlə bağlı məndə qorxu yaradan isə başqa məsələdir. Şəhər mühitinin düz “göbəyində” yaşayan “sovetski” də öz haqqını tələb etməyə çətinlik çəkir. Onlar da, Azərbaycan cəmiyyətinin digər nümayəndələri kimi, öz haqlarını bərpa etmək üçün məhkəməyə üz tuta bilmirlər. Bilirlər ki,  bu, faydasızdır! Ümidlər qalıb, əvvəlcə ölkə başçısına xahişə, sonra isə  “çığır-bağır” salmağa və intiharla məmurları hədələməyə, daha sonra isə məmurlara “qarğış yağdırmağa”. Məmurlar da “hərif” deyillər ki, “haqq-ədalət” xatirinə “bir qucaq” puldan əl çəksinlər. Məmur “xüsusi mülkiyyətin toxunulmazlığı”, “mülkiyyət huququnun qorunması” məsələlərinə tamam etinasızdır. Çünki “yuxarıdan” dayağı var! Məmur bilir ki, “keçəl Həmzələrin” çoxluq təşkil etdiyi cəmiyyətlərdə “Şah Qanun olur, Qanun Şah ola bilmir!”  Baxın! Cəmiyyətin ən böyük problemi  budur!

“Sovetski”   sakinləri “ədalətli” kompensasiya istəyir

“Sovetski”   sakinləri “ədalətli” kompensasiya istəyir! Məmur  “yuxarıdan” deyilənin ən “ədalətli” olduğuna israrlıdır.  Məmur  “ədaləti” ədalətsizliklə üzləşən insanda axtarmır, “yuxarıda” axtarır. İnsanın xüsusi mülkiyyət hüququ, onun ictimai mühiti, onun qarşılaşacağı problemlər məmuru maraqlandırmır. Onu “yuxarıya” yarınmaq maraqlandırır. İnsanın nə itirdiyini isə insanın özü bilir və o, itirdiyinin kompensasiyasını istəyir. “Mühitinə oxşayan” məmur isə “ədalət” istəmir, qazanmaq istəyir. Azərbaycan cəmiyyətinin “qızıl qanununu” məmur gözəl bilir. O bilir ki, “vətəndaş itirməlidir ki, məmur tapsın”.

birlik.az

Комментариев нет:

Отправить комментарий