17.03.2014

Bakıdakı vəzifəli “nurçular”a qarşı Antalya ittifaqı nə deməkdir

“Martın 25-də, yəni bələdiyyə seçkilərinə 5 gün qalmış Türkiyədə şok effekti verəcək səs yazıları yayımlanacaq. Bu kasetlər baş nazir üçün öldürücü zərbə olacaq. Məlumatlar açıqlandıqdan sonra baş nazir Ərdoğan istəsə də vəzifədə qala bilməyəcək. Bu kaset Türkiyədə qiyamət qoparacaq”.
Bu məlumatı ötən gün Türkiyənin “Secimanketi.tv” saytı yayıb. Məlumatda qeyd olunur ki, bu iddianın müəllifi AKP-ni dəstəkləyən jurnalist Süleyman Özişıqdır. Jurnalist son dövrlər davam edən AKP-Camaat davasında bir sıra mühüm məqamları qeyd edib. Sitat: “Ancaq hər kəsin inandığı, artıq Camaat üzvlərinin belə inkar etmədiyi bir həqiqət var. Bu həqiqət qeyri-qanuni dinləmələrin məhz Camaatın əli ilə yayılmasıdır.
Çünki əvvəllər gizli edilən işlər indi hər kəsin gözü qarşısında baş verir. Camaatı müdafiə edən kəsim “yaxında gündəmə çıxacaq kasetləri izlədikdən sonra küçəyə çıxmağa üzünüz qalmayacaq”, deyir.
Bu yazıları oxuyanlar yeni gəlişmələrin olub-olmadığını soruşur. Bəli, yenilik var. O kaset lazımı ünvana çatdırılıb. Bu tarixi bir yerə yazın -  kasetin internetdə yayılacağı tarix çox böyük ehtimalla 25 mart olacaq. Hər kəsin günahlarını öz üzərimə götürərək deyirəm ki, bu kasetin yayılması tarixini “Şefket Tepe” serialının  (“Samanyolu” televiziyasında yayımlanan serial -  H.B.) ssenarisinə səs verən şəxs müəyyən edib”.  
Eyni zamanda qeyd olunur ki, martın 25-də yayılan yeni kaset Ərdoğan hökumətinə böyük zərbə olacaq: “Yerdə qalan kasetləri unudun. Bu kaset Ərdoğan üçün öldürücü zərbə olacaq. Bu kaset yayıldıqdan sonra o, istəsə də o kresloda otura bilməyəcək. Bu kaset Türkiyədə qiyamət qoparacaq. Bu kasetlə bağlı özünü müdafiə etmək üçün nə macalı, nə də vaxtı olacaq. “Hər kəs buna görə hazırlıq görsün”, deyilərək hökm verilib”.
Qeyd edək ki, Türkiyə sosial şəbəkələrində geniş müzakirəyə çıxarılan bu yazı ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Bir çoxları Camaatın Ərdoğana ciddi zərbə hazırladığını və əsas zərbəni məhz seçkilərdən az əvvələ saxladığını düşünür. Kasetin içində nələr olacağı ilə bağlı müxtəlif ehtimallar var. Bəzi iddialara görə, 25 mart Türkiyənin tanınmış siyasi xadimi, Böyük Birlik Partiyasının sədri Möhsün Yazıçıoğlunun ölümü ilə nəticələnən vertolyot qəzası nəticəsində dünyadan köçməsinin ildönümünə təsadüf edir. Bu səbəbdən üzə çıxacaq kasetin məhz M.Yazıçıoğlunun müəmmalı qəzasının 5-ci ilində yayılmasının BBP sədri ilə bağlı ola biləcəyini iddia edir.
*  *  *  *
Onu da vurğulayaq ki, Camaat-AKP davasının coğrafiyası da genişlənməkdə davam edir. Bu davanın ölkəmizi əhatə etməsi də artıq kimsə üçün sirr deyil. AKP lideri hörmətli Tayyib Ərdoğan Azərbaycan iqtidarından, özəlliklə də prezidentindən israrla xahiş və tələb edir ki, Camaatın- bizdəki klassik deyimlə yazsaq, nurçuların Azərbaycandakı məktəblərini bağlasın, şəbəkələrini dağıtmağa Türkiyənin xüsusi xidmət orqanlarına imkan versin. Məlumatlara görə, eyni tələb Qazaxıstan prezidenti Nursultan Nazarbayevə, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedova da edilib. Bu məlumatları Türkiyədəki qaynaqlardan alan “Yeni Müsavat” daha bir önəmli bilgi də əldə edib. Məlum olur ki, Azərbaycan mediasına nurçular və onların yapılanması haqqında hazır və həqiqətə oxşayan məlumatlar da Türkiyədən servis olunur.
“Yeni Müsavat” qəzeti kiber mühəndislərə müraciət edərək, musavat.com saytının ünvanına göndərilən və böyük bir qismini də çap etdiyimiz məlumatların demək olar ki, hamısının Türkiyənin Antalya şəhərindən göndərildiyini təsbit edib. Belə məlum olur ki, AK parti iqtidarına xidmət edən xüsusi xidmət orqanları mərkəzi Antalya olmaqla, otellərin birində (adı qəzetimizə məlumdur, lakin məhkəmə perspektivini nəzərə alaraq, onu yayınlamırıq - H.B.) özəl bir mərkəz qurublar və oradan bir neçə ölkəyə həmin ölkələrin dili və ləhcəsində kompromat xarakterli hazır materiallar ötürülür. “Yeni Müsavat” iki ölkəni dəqiqliklə təsbit edə bilib. Onlardan biri təbii ki, Azərbaycandır. Kompromatların mediasına ötürüldüyü digər ölkə isə Qazaxıstandır.
Ölkəmizdəki media quruluşlarına servis olunan kompromatların hazırlanmasında Türkiyə MİT-in şəbəkəsi altında olan azərbaycanlı mütəxəssislər də iştirak edirlər. Onlar əsasən Türkiyədə yaşayan bəzi azərbaycanlı tələbələr, jurnalistlər və universitet müəllimləridir. (Əslində cəmisi 4 nəfərdirlər - H. B.) Qazaxıstan heyəti də eyni cür hazırlanıb. Doğrudur, bəzi iddialar  var ki, Azərbaycan xüsusi xidmət orqanları T. Ərdoğanın Camaata qarşı savaşına dəstək verir və Bakıya göndərilmiş MİT əməkdaşlarına hər cür lojistik dəstək verirlər. Lakin bizim imkanlarımız bu iddianı təsdiq etməyə yetmədi.
Əvəzində isə əlimizdə redaksiyanın poçtuna Antalyadakı kompromat mərkəzindən Azərbaycan ləhcəsində göndərilmiş üç yeni kompromat var. Onların ikisinin hədəfi Azərbaycandakı “nur” camaatının gözdəsi hesab olunan Prezident Aparatının yüksək vəzifəli məmuru Elnur Aslanovdur. Onlardan birinə video-çarx da əlavə olunub. Burada Elnur Aslanov təhdid olunur ki, yaxın zamanlarda onun səs yazıları yayınlanacaq. Maraqlıdır ki, video-çarx “Qurdlar Vadisi” serialının musiqisinin müşayiəti altında hazırlanıb. 
Digərində isə hədəfə Camaatın Azərbaycandakı məktəblərini himayə edən SOKAR rəhbəri Rövnəq Abdullayev alınıb. Orada qeyd olunur ki, “Camaatın ifşasından sonra çaxnaşma, bir-birini dövlətə casusluqda ittiham etmə, arxivləri yox etmə və sairə çaxnaşmalar başlayıb”.
Sitat: “Ən əsası isə Rövnəq Abdullayev və müavini Xaliq Mustafayevi ifşa edən səs yazısı mediaya sızdırıldıqdan sonra Rövnəq Abdullayev Camaata qarşı çox pis fikrə qapılmış və ”Çağ Öyrətim"lə bundan sonra əlaqələrini kəsmək istədiyini bildirib. Onun müavini Xaliq Mustafayev dəridən-qabıqdan çıxır və Rövnəqi fikrindən yayındırmağa çalışır".
Daha bir sitat: “Camaatın liderlərindən əldə etdiyimiz bilgilərə görə, Elnur Aslanov telefonlarına belə cavab vermir və camaat liderlərinə xəbər göndərib ki, canınızı qurtarın. Heç bir şey mümkün deyildir. İmkan var aradan çıxın. 30 martdan sonra çoxunuzun  maliyyə fırıldağı ilə həbs olunma ehtimalı mövcuddur. Ağır Cinayətlərdə artıq gizli cinayət işi açılmış və Camaatın dini, biznes, təhsil və bütün fəaliyyətləri araşdırılır”. Daha sonra vurğulanır ki, əfsuslar olsun ki, dövlət məmuru Elnur Aslanov dövlət sirri olan bu gizli araşdırmanı Camaata bildirib.
Üçüncü məlumat isə belə təqdim olunur: “Nurçuların Azərbaycanda liderinin AXCP rəhbəri Əli Kərimli, VHP rəhbəri Sabir Rüstəmxanlı, BAXCP rəhbəri Qüdrət Həsənquliyev, AİP sədri Mövsüm Səmədov və DEVAMM sədri Hacı İlqar barədə Fəthullah Gülənə göndərdikləri 2013-cü il raportu”. Burada guya F. Gülənə Ahmet Selim Uzunhacı adlı “Hizmet” hərəkatının Azərbaycandakı imamı tərəfindən yazılmış gizli raport ələ keçirilərək, yayımlanır.
Məhz Türkiyə xüsusi xidmət orqanlarının bu taktikası- Camaatın Bakıdakı əsas adamlarını, özəlliklə də Prezident Administrasiyasında oturanları hədəfə alması Azərbaycan iqtidarı içində də dalğalanma yaradıb. Elnur Aslanovun himayəsində olan böyük bir şəbəkə və media quruluşları, təhlilçilər o qənaətə gəlirlər ki, Bakıdakı nurçuları iqtidar içindən hansısa bir qrup vurdurur. Lakin Azərbaycan iqtidarının necə işləməsi hər kəsə məlumdur.
Orada prezidentdən gizli “hansısa bir qrup” gizli əməliyyat etməyə, bu iqtidarda təmsil olunan digər bir qrupa qarşı kompromat müharibəsi aparmağa cəsarət etməz. Etsə də, bu qədər israrlı və masştablı yapa bilməz. Prezidentsə, hansısa bir məmurunu, özü də kənar ölkədən gələn dini bir ideologiya əsasında şəbəkələşmiş işçisini (yaxud da onların cəmini) cəzalandırmaq istəsə, onu dərhal, ləngitmədən və gözünün yaşına baxmadan edər. Etmirsə, əksinə, o məmurları hələ də iş başında və bütün yetkiləri ilə yanında, oturduğu binada saxlayrsa, deməli işin içində iş var...
Bu da, təxminlərimizə görə, ondan ibarətdir ki, Bakıda “nurçu ovu”nu Azərbaycan hakimiyyəti yox, Ərdoğan özü aparır. Sadəcə, Azərbaycan və Türkiyənin xüsusi xidmət orqanları arasında bağlanmış məlum müqaviləyə görə, bizim MTN (DİN, ordu kəşfiyyatı) qardaş Türkiyənin müvafiq quruluşlarına hər cür dəstək verməyə mükəlləfdir. Eyni xidməti MİT, İç İşləri Bakanlığı, Genel Kurmay da Türkiyə ərazisində bizimkilərə göstərməklə mükəlləfdir. Çox mürəkkəb görünən  situasiya əslində bu qədər sadə, lakin ciddidir.
Beləliklə, istənilən halda gözlər və maraqlar Türkiyədə keçiriləcək 30 mart Bələdiyyə seçkilərinə yönəlib. Görünən budur ki, həmin tarix yalnız Türkiyədə yox, Azərbaycanda da bir çox hədəfləri dəyişdirəcək...

Hüseyn BƏYQARA              musavat.com

Комментариев нет:

Отправить комментарий