05.03.2014

MƏN BÖYÜK SEVGİYLƏ SEVMƏK ÜÇÜNƏM

Əli Əmirov

Güldü dodaqların al çiçək kimi,
Gəzişdi nəfəsim yanağın üstdə. 
Bir zərif, titrəyən kəpənək kimi, 
Qondu dodaqlarım dodağın üstə.

Heyif ki, ürkütdün o kəpənəyi, 
Belə sevilməsə çiçəklər ölər!
Belə nəvazişlə, incə sevməyi
Kəpənək eşqini duyanlar bilər.

Gözün niyə doldu, gözündən soruş, 
Sevgisiz beləcə dolmaq olarmı? 
Günahkar özünsən, özündən soruş, 
Bu qədər sevimli olmaq olarmı?


Nə çoxdur qızaran, gülən çiçəklər?!
Nədənsə, kəpənək tək səni seçdi. 
Nə ovsun oxudu nadinc ləçəklər, 
Kəpənək qəlbini oxladı, keçdi?

Unudub olmayan "olub-keçəni", 
Bəlkə də sən məni rədd etməlisən! 
Lakin, sənə layiq gözəl sevgimi, 
Çalışma, rədd edə bilməyəcəksən!

Saxla bu sevgimi, sən dar gününə, 
Son "gəlin paltarın"- ağ kəfən kimi! 
Qucsun gül bədəni mənim yerimə, 
Ruhumuz göylərdə qovuşan kimi!

Bu gözəl dünyaya gəlmişik neyçün? 
Mən səni görən tək bildim neyçünəm. 
Sən böyük sevgiylə sevilmək üçün, 
Mən böyük sevgiylə sevmək üçünəm!

Комментариев нет:

Отправить комментарий