12.04.2014

40 il sonra (hekayə)

İbrahim Sel

(Gələcək günün reminissensiyası)

Beyin dumanlandırır- adətən oğlanlar qızların, yaxud şeytan iradəsiz adamın, ya da çar öz gurultulu nitqləriylə, möhtəşəm görkəmiylə xalqın beynini dumanlandırır, lakin sonra bu duman uçub gedir, heç nəsiz qalırsan. Bora Çosiç, «Keşiş Teodorun sözlüyü».

 Bütün gecəni yorulmadan yeridi, artıq azad olduğunu düşündükcə, canından yüngül bir titrəmə keçirdi. Yolda-rizdə adam görünməsə də, bir neçə dəfə kolluqda nəsə tərpəndi, qaraltı hiss etdi, səksənib təpələrə sarı qaçdı. Hava işıqlaşanda hündür bir təpənin üstünə çıxıb diqqətlə ətrafa baxdı. Yaxınlıqda görünən kəndlərin heç birinə girməyəcəkdi, uşaqlıqda böyüdüyü kəndi yaxşı tanıyırdı, ora çatmaq ümidiylə irəli cumdu. 

 Ürəyi tez-tez döyünə-döyünə axırıncı təpəni dırmaşdı. Yuxarıdan aşağı düzənliyə sarı baxdı, qarşıdakı kəndin tanış cizgilərini görüb dərindən nəfəs aldı. Külək nəsə çox üfunətli və iyrənc bir iy gətirdi. Ondan yüz metr aralıda tikə-parça edilmiş cəsədi itlərə və quşlara yem olunmuş bir eşşək var idi. Bu mənzərə onu həm özünə çəkir, həm də iyrəndirirdi. Yerdən daş götürüb atdı, qarınlarını doyuran quşlar zorla havaya qalxdılar. Qəbiristanlığın yanından ötərək yolun qırağı ilə evlərinə tələsdi. Kənddə adam olmasa da, ehtiyatla, küncə qısılaraq yeriyirdi. Bu yerlərdən çoxdan çıxmışdı və ona elə gəlirdi ki, evləri sanki balacalaşıb, bir neçə qarış yerə batıb. Bəlkə də böyüdüyündən ona belə gəlirdi. Ata yurdunun damını, solğun emusiyalı hasarı, sonra isə divardakı yarısınıq çatı gördü. Həyətə girib navesin altındakı stola yaxınlaşdı. Əlini stula çəkdi, çoxdandır silinmədiyindən hər tərəf tozun-torpağın içindəydi. Doğma yurdunu kimsəsiz görmək, doğrudan da çox dəhşətlidir! 
  Arxa qapı aralı idi. Qapını taybatay açdı, böyük, qara-narıncı bir pişik az qala başına tullanıb, evin qulabanına qaçdı. Pişiyin evdə necə qaldığını və bu qədər vaxtı nə ilə qidalandığını düşünüb təəccüblə arxasınca baxdı. İçəri boğanaq idi, köhnə yağ iyi evi bürümüşdü, döşəmə isə o qədər tozlu idi ki, botinkalarının izi asanlıqla görünürdü. «Hələ də ayaq izlərimi təmizləyib gedə bilərəm»- düşündü. «Mən bura valideynlərimin yaşadığı kimi yaşamaq, onların yatdığı yerdə yatmaq, onların eyvanında oturub, onların qapı-bacasına baxmaq üçün qayıtmamışam. Tutaq ki, qardaşımgil gedəndə evi burda yaşayan əcdadlarımın ruhuna təhvil verib gediblər, qoy olsun, mənim üçün fərqi yoxdur. Mən bu evə yaşamaq üçün gəlməmişəm». 
 Yüzillik sandığın üstündə oturdu. Mətbəxin pəncərəsi açıq idi; qoxu ona bitişik saraydan gəlirdi. Gözlərini zilləyib diqqətini cəmlədi. Qarmaqdan asılmış qoyun cəmdəyini seçə bildi. Cəmdəkdən yalnız sümük və qurumuş boz dəri qalsa da, milçəklər vızıldaya-vızıldaya ətrafında fırlanırdılar. 
 Pəncərəni dartıb örtdü ki, iyi içəri dolmasın. Mətbəxdən çıxıb evi axtardı. Uşaqlıqda yatdığı otağına gəlib çıxdı. «Burada mən atamdan xəlvət ilk siqaretlərimi çəkmişəm». Divardakı rəf köhnə kitablarla dolu idi. Kitabları siçanlar cırıb tökmüşdü. 
 Gizlənməyə münasib bir yer tapmağa çalışdı. Lakin başa düşdü ki, səyləri əbəsdir. Çardaq nazik və çürük fanerkadan olduğundan gizlənmək üçün əlverişli deyildi. Otaqları ələk-vələk edərək qırıq karandaş, toy nəmərləri yazılmış yarıkirli dəftər tapdı. Dəftəri köynəyinin altından qarnına keçirdi, karandaşı isə şalvarının arxa cibinə dürtdü. Zal otaqdan tapdığı qardaşının köhnə paltosunun tozunu çırpdı, qoltuğuna keçirdi. 
 Ev trasın qırağında və dörd yol kəsiyində yerləşdiyindən sığınacaq üçün əlverişli deyildi, bura hər an əsgərlər gələ bilərdi. Nəfəsini tutub diqqətlə qulaq assa da, küçədən heç bir hənirti eşitmədi. 
 Həyətə çıxdı. Dərindən nəfəs aldı. Bu köhnə araba təkərinə, əyri manqala, bu köhnə kitablara qanı ilə bağlı olduğunu bilirdi. Narlığa və anasının həmişə əkib-becərdiyi sahəyə sarı yürüdü. O, qarşısına çıxan hər daşı, hər kolu tanıdı. Köhnə velosiped ramasını, ərik ağaclarını, böcəkləri belə tanıdı. Su çəninin yanına çatanda həyatında ilk dəfə evində olduğundan rahatlıq duydu. Otluğa uzandı, qara paltonu düyünləyib başının altına qoydu və səmada üzən buludlara tamaşa etdi. «Burda yaşamaq istəyirəm»- fikirləşdi. «Bir vaxtlar anamın, atamın yaşadığı bu yerdə həmişəlik qalmaq istəyirəm. İndiki zəmanədə insan yaşamaq istəyirsə, gərək heyvan kimi yaşasın. O, işıqlı pəncərələri olan evdə yaşaya bilməz. Dır-deşikdə yaşayıb gündüzlər gizlənməlidir. İnsan mövcud olduğunu göstərən heç bir iz qoymadan yaşamalıdır. Görəcəyimiz günlər varmış…»
 Qalxıb paslı dəmir nərdivanla çənə dırmaşdı. İçində su yox idi, dibində qurumuş palçıq görünürdü. Çönüb həyətlərini nəzərdən keçirdi. Uşaqlıqda anasının əkdiyi badımcan və pomidor tağlarından heç bir iz qalmamış, şumlanmış torpaq sahəsini isə alaq otu basmışdı. 
 Yerə tullanmaq istədi, lakin bir anlıq nə fikirləşdisə fikrini dəyişdi, asta-asta nərdivanla endi. Aşağıda şalvarı tikana ilişəndə yerində donub qaldı. Nəhayət, tikandan azad olub, evlərindən bir az aralı, dağlardan gələn torpaq yolun kənarında yerləşən artezian quyusuna tərəf tələsdi. 
 Küçələri nəzərdən keçirərək kənddə heç kəs olmadığına bir daha əmin oldu, sonra nasosun çarxını işə saldı. Çarx cırıltı salaraq qalxıb endi. Əvvəl pas rəngində, sonra nisbətən təmiz və parlaq su axmağa başladı. Əlini suyun altına tutdu. Suyun əlinə necə böyük təzyiqlə çırpıldığını duydu. Sonra çarxı tez-tez qaldırıb endirdi, buraxıb cəld dizi üstə çökdü, üzünü su şırnağına dayadı. O, suya acgözlüklə içməyə çalışır, içdikcə doymurdu.
 Hava qaraldı, ulduzlar göründü. Gecəni tövlədə kisələrin üstündə keçirdi, bir az öz-özünə danışdı, sonra yumaq kimi büzülüb əllərini paltosunun qolunda gizlətdi və yatdı. 
 Səhər ətraf evləri qarış-qarış gəzib sığınacaq üçün əlverişli yer axtardı. Həyətbaşındakı qonşu evi təmtəraqlı olduğu üçün yaşamağa uyğun gəlmirdi, kəndə girən əsgərlər belə evləri dayanacaq kimi seçə bilərdilər. O, ikinci evə münasib bildi. Bu, uçuq-sökük bir daxma olsa da, rahat çardağı vardı, ən əsası isə bu çardaqdan baxanda ətraf gen-bol görünürdü. Yadına gəlirdi ki, bir vaxtlar qonşuluqdakı bu kasıb daxmada astmadan əziyyət çəkən ailə yaşayırdı. 
 Evlərinə getdi, qarajı eşələyərək paslanmış çəkic, iri mısmarlar və digər alətlər tapdı, qayıdıb çardağın şiferlərində bir neçə xırda deşik oydu. Bu deşiklərdən kəndə müxtəlif yerlərdən girişləri müşahidə etmək olurdu.
 Həyatını yüngülləşdirmək üçün evdən başqa əşyalar da götürə bilərdi, məsələn, qazan, xırda taxta stul, kisə torbalar, nalçalar. Qarajdakı əşyaları yerbəyer edir, düşünürdü ki, burda nə qədər faydalı və lazımlı əşya var. Lakin çardağa çox şey yığmaq olmazdı, əgər yoxlanış olarsa, burda insan yaşadığını heç nə biruzə verməməliydi.  Bir də, evlərindəki əşyaları yuvasına aparmaqdan qorxurdu ki, birdən valideynlərinin ruhları ona qəzəblənərlər. 
 Cücədamının qapısının üstünə vurulmuş dirəklərin arasında əskiyə bükülmüş boranı və yemiş toxumları tapdı. Tövlə ilə samanlığın arasındakı oyuqdan kürəyi və iskənəni götürdü. Bostanı alaq otlarından təmizlədi, kiçik bir sahəni belləyib toxumları əkdi. Fikirləşdi ki, bütün bostanı şumlasa, otlar yaşıllaşıb diqqəti cəlb edə bilər. O, köhnə boya qutusunda su daşıyıb əkdiyi toxumları bir-bir suladı. 
 Başqa işi yox idi, indi təkcə toxumların cücərməsini gözləmək qalırdı. Yarıcırılmış dəftər vərəqlərinə qeydlər aparmaqla vaxtı öldürməyə çalışırdı. Çardaqda uzanıb qara torpağın qoynundan gün üzünə çıxa bilmək üçün mübarizəyə başlayan yazıq balaları- bu toxumcuqlar haqqında düşünürdü. Havalar istiləşməyə başladığından yemişlər yetişməliydi.
 Toxumlara qulluq edir, səbirsizliklə torpağın bar verəcəyi günü gözləyirdi. O, artıq aclıq hiss etmir, yeməyi nadir hallarda xatırlayırdı. Arada tapıb ağzına keçirdiklərinin isə o qədər də fərqi yox idi; yediklərinin ya ümumiyyətlə tamı olmurdu, ya da palçıq dadırdı. 
 «Amma torpaq bar verəndə»- öz-özünə deyirdi- «iştahım qayıdacaq, çünki dadlı olacaq».
 Düşərgədə və yollarda çəkdiyi çətinliklərdən sonra bir dəri, bir sümük qalmışdı. Arada əliylə biləngini tutub sıxır, barmağı barmağının üstünə dolanırdı. Xatırlayırdı ki, bir vaxtlar əli bilənginə çatmazdı. Cındırlaşmış paltarları əynində torba kimi dururdu. Bununla belə, bostanında gəzəndə sağ olduğuna görə sevinirdi. Addımları o qədər yüngül idi ki, sanki ayaqları yerə toxunmurdu. Elə bil indicə uçacaqdı. Deməli, insan öz bədənində yaşaya-yaşaya, eyni zamanda ruha çevrilə bilərdi...
 Ətrafda bollaşmaqda olan sütül qanqalları yeyəndə rahatlıq hiss etməyə başladı, anladı ki, bədəni öz əvvəlki gücünə qayıdır. Həyətdəki tut ağacını isə yola yaxın olduğundan qida mənbəyi kimi siyahıdan silmişdi. Qəzəblənirdi ki, yolun düz kənarında tut ağacı əkmək əcdadlarının ən böyük səhvi olub. Tut yemək üçün bir neçə ev o tərəfdəki ağacın yanına getməli olurdu. Sinəsində olan ağrılar get-gedə azalmağa başlamışdı, bu ona hədsiz sevinc verir, yeni ümidlə həyata bağlayırdı. Bitki köklərini də yeyirdi, zəhərlənməkdən qorxmurdu, hansı bitki kökünün zəhərli, hansının yeməli olduğunu fəhmlə başa düşürdü.
 Onun sığınacağı kəndin içindən ötən yoldan altı yüz metrə qədər aralı idi. Yolda nadir hallarda hərəkət olsa da, ehtiyatı əldən vermək olmazdı. Yaxınlaşan maşın səsini eşidəndə dəfələrlə torpağa əyilib gizlənmişdi. Bir dəfə evlərinin yanındakı dərədə gəzərkən qəfildən gözlərini qaldırıb təxminən iki yüz metr uzaqlıqda iki atlını gördü. Birinin çiynində tüfəng var idi, o birinin isə atının yəhərinə xalça bağlanmışdı. Tərpənib diqqəti özünə cəlb etməkdən qorxduğu üçün olduğu yerdəcə donub qaldı, yolda yavaş-yavaş irəliləyib nəhayət, sola burulan atlıları gözləri ilə izlədi. Atlıların kənddə məskunlaşacağını fikirləşib təşvişə düşdü. Bundan sonra daha ehtiyatlı olmaq və gündüz sudan istifadə etməmək qərarına gəldi. Nasosun çarxının işə salındığını heç kəs duymamalı və artezianın qabağı həmişə quru qalmalı idi.
 Bir aya yaxın kənddə iz-toz görünmədi. O, yuvasından nadir hallarda çıxır, gündüzlər əsasən yatır, ya da çömbəlib oturur, fikri hardasa gəzirdi. Arada dəftərdən cırdığı vərəqlərə xırda-para qeydlər edirdı. Bostanı isə gecələr sulayır, bundan hədsiz həzz alırdı. Alaq otlarını aralayır, bitkilərini tapıb dibinə su tökürdü. 
 Əvvələr ayın işıqlandırmadığı gecələrdə işləyə bilmirdi. Zil qaranlıqda heç bir hərəkət edə bilmir, cinlərlə toqquşmaqdan qorxa-qorxa qollarını irəli uzadıb yeriyirdi. Əl ağacı ilə özünə yol açıb artezianın yanına gedir, çarxı işə salır, üç litrlik şüşə bankanı su ilə doldurub bostana gətirirdi. Get-gedə qaranlığa öyrəşməyə başladı. Bəzən gündüzlər oyanıb çölə boylananda gün işığından gözləri qamaşırdı. O, gözlərini yumub gizildəyən ruhunun dərinliklərinə qayıdırdı, göz qapaqlarında qəribə dumanlı bir qaraltı qalırdı.
 Artıq yandırıcı istilər başlamışdı, cırcıramaların əlindən yatmaq olmurdu. Vaqondan düşərək dostuyla qaçdığı gündən iki aya yaxın vaxt keçmişdi. Biləsuvar tərəfə getmiş dostu barədə düşünürdü, yəqin o da özünə haradasa sığınacaq qazmış ola bilər. Bəlkə də indi o kərtənkələ tutub yeyir, şeh içir və gözləyirdi ki, ordu onun varlığını unutsun. Sonra ağlına gələnlər özünə də inandırıcı görünmürdü.
 Bir dəfə qapılarındakı pişik yadına düşdü, cəld sivişib çardağın oyuğundan aşağı endi, setkadan keçib həyətlərinə onu axtarmağa getdi. Evə təxminən otuz addımlıq məsafə qalanda dəhşət içində donub qaldı; həmişə bağlı olan ön qapı açıq idi. Səntirlədi, özünü gün işığına çıxmış göstəbək qədər köməksiz hiss elədi. Barmaqlarının ucunda setkanın qırağına gəldi, hoppanaraq keçdi və qaçıb sığınacağında gizləndi.
 Ürəyi təşvişlə döyünürdü, şiferdəki yarıqlardan baxır, lakin heç nə görmürdü. Burdan həyət görünsə də, ön qapı daldalanacaqda qalmışdı. Qorxurdu ki, arxasınca düşüb gələn olar, səs salsa, yuxarıda adam olduğundan duyuq düşərlər. Boranıların iri yarpaqları yamyaşıl idi- aydın idi ki, kimsə onlara qulluq edir. Tez-tez qalxıb əbəs yerə dır-deşiklərdən baxırdı. Yata bilmirdi, günəşin qızdırdığı şiferlərin altında samandan hazırladığı yatağında uzanıb, yerinin aşkar edildiyini göstərən səslərin eşidilib-eşidilmədiyini yoxlamaq üçün qulaq kəsilirdi.
 Gecə yarısı qalxıb səntirləyə-səntirləyə ehtiyatla, qorxa-qorxa bostana girdi. Səs-səmir yox idi. Hər ciddi-cəhdə boranı yarpaqlarını qurumuş otların və toz-torpağın altında gizlətməyə çalışdı, hətta bir anlıq bitkiləri yerindən qopartmaq barədə də düşündü. 
 Bir neçə gün keçdi. Bəzən qorxuları özünə mənasız görünürdü. O başa düşdü ki, insanlardan uzaqlaşandan bəri siçan kimi ürkək olu. Niyə açıq qapını görən kimi elə düşünmüşdü ki, ya həmkəndlilərindən kimsə qayıdıb, ya da polis izini tapıb onu adı təkcə hamını dəhşətə gətirən Brandvley düşərgəsinə aparmaq istəyir? İndi minlərlə insan müharibədən qaçıb qarışqa kimi ölkənin ucsuz-bucaqsız yerlərinə yayılırdı. Yəqin onlardan kimsə yol qırağındakı kimsəsiz evə sığınmaq qərarına gəlmişdi. Olsun! O, nəyə görə bu avaralardan qorxmalı idi? Əksinə vəhşiləşmiş, arıqlamış, cır-cındır içindəki bu adam yarasalarla bir vaxtda yerin altından peyda olanda onlar qorxmalı idilər. 
 Bir dəfə axşamçağı yarıqdan baxarkən yolda ev əşyaları yığılmış arabanı çətinliklə sırən bir kişi, arxasınca ayaqlarına sürüyən bir qadın və onun əlindən tutub yeriyən bir uşaq gördü. Uşaq kirli, pırpızbaş bir kuklanı sinəsinə sıxmışdı. Hamısı dəhşətli dərəcədə yorulmuşdular, külək tozu üzlərinə çırpır, göydə qara buludlar üzürdü. 
 Bəlkə də yanılırdı, bəlkə qapını açan fərari əsgərlər idi… Ya da bazar günü çalaya qaban ovlamağa gəlmiş polislər ola bilərdi. Hər halda ehtiyatlı olmaq lazım idi. «Uzaqdan ziyansız bir səfili görəndə belə, ilk ağıllarına gələn şey onun başını kimin daha yaxşı nişan ala biləcəyi ola bilər».
 Günlər ötür, heç nə baş vermirdi. Günəş parıldayır, quşlar bir budaqdan o birinə qonurdular, üfüqdən üfüqə böyük sakitlik hökm sürürdü. O, tədricən sakitləşdi. Bütün günü öz xəlvət yerində uzanıb burdan evinə baxırdı. Günəş qərbdən şərqə, kölgələr artırmanın sağından soluna keçirdi. Təəssüf ki, pillələrin üstündəki qapının açıq, yoxsa bağlı olduğunu görmək mümkün deyildi. Gecə düşüb ay çıxanda o, gizlicə narlığa girdi. Evdən səs gəlmir, heç yerdə işıq yanmırdı. Barmaqlarının ucunda artırmaya qədər yeridi, nəhayət gördü ki, qapı açıqdır və yəqin bütün müddət ərzində də açıq qalıb. O, pillələri qalxıb içəri keçdi, zil qaranlıq girişdə dayanıb qulaq asdı. Səs-səmir yox idi.
  Gecənin qalan hissəsini tövlədəki kisələrin üstündə uzanıb gizləndi. Gecələr yatmağa vərdiş etməsə də, hətta yatdı da. Səhər tezdən durub evə girdi. Döşəmə təzəcə süpürülmüş, yır-yığış edilmişdi. Künc-bucaqdan hələ də zəif tüstü iyi gəlirdi. Saraydakı mizin üstündən kibrit qutusu tapdı, içində bir neçə gilə yaş kibrit çöpü vardı. Bu onunçün qiymətli tapıntı oldu. Qulabandakı zir-zibilin içində altı etiketsiz konserv qutusu tapanda sarsıldı, tez öz sığınacağına şığıdı. O, əmin idi ki, evə əsgərlər, özü də piyadalar gəliblər. Onlar dağlarda gizlənənləri təqib edir, fərariləri izləyir, yaxud bu yerlərdə kəşfiyyat aparırdılarsa, bəs niyə «cip» və ya yük maşını ilə gəlməmişdilər? Niyə gizlənir, izlərini bildirməməyə çalışırdılar? Yüzlərlə izah düşünüb tapmaq olardı. Məgər onları anlamaq olurdu? Bircə onu bilirdi ki, möcüzə nəticəsində xilas olmuşdu.
***
 İki gün keçdi. Axşam günəş batmağa başlayanda, keyləşmiş əl-ayağını açmaq üçün yuvasından çıxıb həyətə düşəndə diqqətini hərəkət edən kölgələr cəlb etdi. Yerə uzandı. Bir kişi at belində arteziana sarı gedir, yanında isə bir nəfər piyada addımlayırdı. Atlının çiynindən asılan tüfəngi də aydın görmək olurdu. Tez soxulcan kimi daxmaya tərəf sürünməyə başladı. Ağlında yalnız bir fikir var idi: «Qoy tez qaranlıq düşsün, qoy məni torpaq udub gizlətsin».
 Bir azdan artıq o yuxarıdaydı, yuvasındakı oyuqdan onlara baxırdı.
 Silahlının mindiyi at yox, uzunqulaq idi. Uzunqulaq o qədər balaca idi, ya kişi yekəpər idi, ayaqları az qala yerlə sürünürdü. Arxada daha bir uzunqulaq gəlirdi, lakin üstündə heç kim yox idi. Ona iki iri tay yükləmişdilər. İki uzunqulağın arasında isə səkkiz nəfər var idi, doqquzuncu yüklü eşşəyin arxasınca gəlirdi. Hamısının əlində tüfəng, ya da avtomat var idi, bəziləri bellərinə çanta taxmışdılar. Kişilərdən biri sarı, biri mavi şalvarda idi, qalanları kamuflyaj geyinmişdilər.
 O, alnını şiferə dirəyib bacardıqca sakit halda, heyrət içində baxırdı. Artıq onları görə bilməsə də, küləksiz havada artezian çarxının cırıltısını eşidirdi; qonaqlar su içirdilər. Hətta kişilərin boğuq səs-küyləri də eşilirdi. Gələnlər onun uşaqlıqdan böyüdüyü həyətə doluşdular. Kimsə pilləkənlə artırmaya qalxdı, sonra aşağı düşdü.
 Hava qaralırdı. İndi yalnız uzunqulaqların fınxırtısı yadların tindəki evdə qərar tutacaqlarından xəbər verirdi. Həyətdən çəkic zərbələrinin küt səsini eşitdi. Qonaqların qaladığı tonqalın işığında, başının üstündəki quru nar çubuqlarının və nərmədanların cizgiləri bilinməyə başladı. Ocaq get-gedə zəiflədi, tövlənin qapısı çırpılıb örtüldü. Artezianın çarxı bir dəfə də fırlanıb dayandı. O, rusca deyilən sözləri aydın eşitdi: «Niyə su yoxdur». Həyətdən kimsə ləhcəylə qışqırdı: «Sən bərkdən çalxala». Sonra kimsə anlamadığı dildə nəsə dedi, gülüşmə düşdü. Çarx gurultu sala-sala işə düşdü. O, porşenin yerin dibinə vurduğu ilk zərbəni bütün bədəni ilə hiss etdi. Danışanların səsində sevinc duyulurdu. Sonra qızardılan ətin ətri ətrafı bürüdü.
 Gözlərini yumub üzünü ovuclarına sıxdı. Aydın idi ki, onlar daha əvvəl evlərində düşərgə salan adamlar yox, başqaları idilər. Onlar dəmiryol vaqonlarını partladır, fermalara hücum edir, sürüləri talan edir, müttəfiq qoşunlarının bir-biri ilə əlaqəsini qırırlar. Radioda onların saysız-hesabsız itki verdiyi barədə xəbərlər verilir, qəzetlər isə bu adamların qan gölündə uzanmış halda çəkilən fotoşəkilləri ilə doludur. «Bəlkə də montaj edirlər»,- fikirləşdi. Kənardan baxanda futbol komandasına bənzəyirdilər. Çətin keçən oyundan sonra yorulmuş, ac və xoşbəxt on bir nəfər.
 Ürəyi bərkdən döyünürdü. «Səhər onlar yola düşəndə»- fikirləşirdi,- «öz sığınacağımdan çıxıb toy maşınlarının dalına düşən uşaq kimi onların arxasınca gedəcəm. Bir müddət getdikdən sonra onların diqqətini cəlb edərəm, məndən nə istədiyimi soruşarlar. Onlara deyərəm: verin çantanızı daşıyım, icazə verin sizin üçün odun doğrayıb günün sonunda tonqal qalayım. Ya da: mütləq bu evə bir də gəlin, bura mənim ata evimdir. Sizi yeməyə qonaq edərəm; o vaxtadək boranılar və yemişlər də yetişəcək, hələ üstəlik, nar, armud da olacaq. Bir də hər bu yerlərdən ötəndə məni yada salardılar, onları yedirərdim. Sonra isə onlarla birgə tonqal ətrafında oturub söhbətlərinə qulaq asardım…»
 Əlini çəkmələrinə uzadıb qaytanlarının bağlı olub-olmasını yoxlasa da, bilirdi ki, yuvasından çıxıb tonqalın yanına getməyəcək, özünü onlara tanıtmayacaq. Onunla qonaqlar arasındakı uçurum yuvasından tonqala qədər olan məsafədən dəfələrlə böyük idi... Nə vaxt öz-özünü anlamağa çalışırdısa, hansısa qaranlıq uçurum, uzun bir dəhliz idrakının qarşısını alırdı. Özü haqqında kimə nə danışacaqdısa, həmişə nə isə əsas çatışmayan məqam əskik qalacaqdı.
 Bütün gecəni uzanıb gələn səslərə qulaq asdı. Hərdən qalxıb gözünü deşikdən qaranlığa zilləyir, uzunqulaqların yatdığını, yoxsa hələ də bostanında otladığını anlamağa çalışırdı. Sonra deyəsən yuxuya getdi, çünki birdən başının üstündə ayaq səsləri eşitdi. Kimsə əllərini bir-birinə çırpır, uzunqulaqları ayağa qaldırırdı. Çəhrayı səmada sübhün parlaq cizgiləri artıq bilinməyə başlamışdı, külək əsirdi. O, səhərin səssizliyində vedrənin cingiltisini, kiminsə qaşıqla fincanı qarışdırdığını, suyun şappıltısını eşitdi. 
 «İndi çıxmasam, başqa fürsətim olmayacaq»- fikirləşirdi. Yuvasından qalxıb dizi üstə süründü, banın deşiyindən aşağı düşdü və eyvanın yan pencərəsinə tərəf iməklədi.
 Kimsə verdədən qabçaqla su tökür, o biri isə başını yuyurdu. Bir azdan sabunu yuyub dəsmalla qurulanmağa başladı, o biri isə vedrəylə arteziana tərəf getdi. İki kişi tövlənin tinində uzunqulağı yükləyirdi. Biri yüyənindən yapışmışdı, digəri heyvanın belinə iki ağır kisə və kisəyə oxşar materilala bükülmüş uzun bir boru qoyurdu. Dəstənin qalanı evin sağındakı saraya yığışmışdılar. 
 Başını yuyan kişi geyinməyə başladı. Sonra saraydakılara tərəf dönüb nəsə qışqırdı.
 Dəstə çalaya, stansiyaya tərəf gedən yola çıxdı, irəliləməyə başladı. Uzunqulaqlardan biri dəstənin qabağında, o biri isə lap axırda gedirdi, günəşin şüaları arxalarınca düşürdü. 
 Pəncərənin yanında dizi üstə oturaraq onların arxasınca baxırdı. «Hələ də gec deyil»,- düşünürdü,- «dallarınca qaçıb onlara çata bilərəm». Dəstə tamam gözdən itəndə isə ayağa qalxıb gecə uzunqulaqların otladığı bostanına tələsdi. Bostan uzunqulaqların dırnaq izləri ilə dolu idi; onlar nəinki bitkilərin bir hissəsini yemişdilər, həm də sahəni tapdaq-tapdaq etmişdilər. Ehtiyatla saralmış otların altında gizlətdiyi boranıları əzilmişdi, yarpaqları bükülüb sallanmışdı. Tumurcuqlamış, qozdan bir azca böyük olan yaşıl və kiçik tərəvəzlər yeyilmişdi. Məhsulun yarısı məhv olmuşdu. Lakin bunlar dəstənin arxasında qoyduğu yeganə izlər idi. Onlar ocaq qaladıqları yerə torpaq və çınqıl tökmüşdülər. Yalnız isti olduğuna görə tonqalın yerini təyin etmək olurdu. Həyət-bacada hər şey olduğu kimi qalmışdı, heç nə götürməmişdilər. O, evin qabağındakı otluğa uzandı və bədbinliklə günəşə baxmağa başladı...
***
 Səhəri gün tezdən durub ləkləri qaydasına saldı, banka ilə su daşıyıb boranıları gen-bol suladı. Tapdalanmış bitkiləri kökündən qopartdı. «Bir dəfə də uzunqulaqları ilə gəlsələr, bircə boranı da ələ gəlməz»- gülümsündü. Yuvasına təzəcə qalxmışdı ki, vertolyot səsi eşitdi. Vertolyot kəndin üstündən uçub çalaya tərəf hərəkət etdi. Hardasa on-on beş dəqiqə sonra qayıdıb yenidən cənuba tərəf uçdu.
 «Torpağın sulanmasını görəcəklər»- vahimə onu bürüdü. «Görəcəklər ki, otlar yaşıllaşıb, yerə xəbər verəcəklər. Boranılar diqqətlərini cəlb edəcək. Zəhrimara qalmış boranılar, yarpaqları onları salamlayan bayraqlara bənzəyir! Havadan hər şeyi görmək olur, yerin üstündə olan hər şeyi. İndiki vertolyotlarda isə hər cür cihaz qoyublar. Soğan əkmək lazım idi… Yaxşısı budu dağlara qaçmaq, vaxtkən orda bir yer tapıb yaşamaq lazımdı». 
 Lakin üstünə daş kimi çökmüş süstlükdən qurtula bilmirdi. «Qoy gəlsinlər»- fikirləşdi.- «Mənim üçün fərqi yoxdur». Və yenə yuxuya getdi.
***
 İndi o, həmişəkindən daha ehtiyatla hərəkət edirdi. Gündüzlər heç vaxt sığınacağından düşmür, gecələr salamat qalan bitkilərini elə xəsisliklə sulayırdı ki, tərəvəzlərin yarpaqları sallanmağa, bığcıqları solmağa başlamışdı. Bitkilərə ciddi-cəhdlə qulluq edir, toxumlar batmasın deyə bir-iki ədəd də olsa, tərəvəzin yetişməyini gözləyirdi. «Yenə yay gələcək, yenə cəhd etmək olar»,- öz-özünə təsəlli verirdi.
 Yay sona yetirdi. Günlərlə davam edən bürkülü havadan sonra yağış yağdı. Çardağa su dolu, yatağı islandı. Evin içərisinə düşüb yağışın kəsməsini gözlədi. Özünü çanağından çıxmış ilbiz kimi hiss edirdi. Üst-başının toz-torpağına indi palçıq da əlavə olunmuşdu. 
 Bir saat sonra yağış kəsdi, gün çıxdı. Həyətdən palçıq gətirib quru otla qarışdırdı, çardaqdakı iri deşikləri suvayıb tutdu. Yerdəki yaş küləşi yığışdırıb tulladı, yerinə samanlıqdan quru küləş gətirdi. Yeni yataqda özünü əvvəlkindən rahat hiss etsə də, sinə hissəsindəki ağrılar ona rahatlıq vermirdi.
***
 Nə uzunqulaqlar, nə on bir kişi, nə də vertolyot bir də qayıtmadı. Boranılar yetişirdi. Gecələr onları sulayır, hamar qabıqlarını sığallayırdı. Boranılar gündən-günə boyüyürdülər. Bəzən gündüzlər oyanır, çardaqdan bostanına tərəf baxırdı. Bostanın uzaq qurtaracağında əkdiyi yemişlərdən ikisi yetişmişdi, açıq yaşıl rəngə çalırdılar. Yemişlərin altına otdan balış qoymuşdu ki, ləkə yaranmasın.
 Artıq ilk boranını dərmək vaxtı çatdı. Sahənin düz ortasında bitən bu boranı o birilərindən daha tez, daha sürətlə böyümüşdü. Qabığı yumşaq idi, bıçaq içinə asanlıqla batdı. Kənarları yaşıla çalsa da, ləti tünd narıncı rəngdə idi. Dilimləri tellərə keçirib alışdırdığı kömürün üstündə bişirməyə başladı. Bişən boranının ətri ətrafa yayıldı. Ürəyi minnət hissi ilə dolub daşırdı. «Bəli, artıq əməyimin məhsulunu dadmışam»,- rahatlıq içində gülümsəyirdi. Dilimləri acgözlüklə ağzına apardı. Boranının azca yanmış, xırçıldayan qabığının altındakı ləti yumşaq və şirəli idi. Çeynədikcə sevincdən gözləri dolurdu; bu onun həyatında yediyi ən dadlı yemək idi. Heyf ki çörəyi yox idi, çörəyi ehtiram əlaməti olaraq öpüb gözünün üstünə qoyardı. «Gör yanında bir çimdik duz, azca yağ və qənd də olsaydı, nə dadlı olardı», düşündü. Əlini cəld o biri dilimlərə atdı…
 Boranıların yetişməsi onun üçün yeni nigarançılıq yaratdı. Meynələri torpağın altında ört-basdır etmək olurdu, balqabaqları isə gizlətmək mümkün deyildi. Boranıların öz ölçüləriyə əmələ gətirdiyi diklər hətta uzaqdan sahəyə qaba görkəm verirdi, sanki diz hündürlüyündə otların üstündə quzu yatırdı. O, boranıların üstünü tamam örtməkdən qorxurdu, çünki onların yetişməsi üçün günəş şüaları lazım idi. Yeganə çarə boranıları azca yetişən kimi dərmək idi.
 Gündüzlər qısalır, gecələr soyuqlaşırdı. Bəzən sahəyə çıxanda başının altına qoyduğu qara paltonu geyinməli olurdu. Yatanda evdən tapdığı köhnə adyalları üstünə atır, əllərini dizlərinin arasında gizlədib yatırdı. Bu cür yatanda ağrıları da azalırdı. Ayaqları isə buza dönmüşdü, heç cür qızdıra bilmirdi. Gün çıxanda daxmanın ağzına düşür, fanerkanın üstünə uzanır, bədəninə istilik yayılırdı. Gün onun ağrılarını azaldır, sinəsini, qarnını sığallyır, göz qapaqlarını oxşayırdı. 
 İndi daha çox yatır, yatmayanda da arxası üstə gözüaçıq uzanıb qalırdı. Ayağa qalxanda başı gicəllənirdi. Bütün günü yarı oyaq, yarı yuxulu halda nə təqvimin, nə saatın yaxın düşə bildiyi bəxtiyar yuvasından çıxmırdı. Bəzən mədəsinin yumruq kimi sıxıldığını hiss edirdi. 
 Boranıların hamısı birdən yetişirdi, meynələri saralıb solurdu. Onları çətinliklə də olsa yığıb, daxmanı içərisinə daşıdı. Kibriti qurtardığından daha bişirə bilmirdi. Əvvəl bir neçəsini dilimləyib gündə qurutmaq istədi, lakin tərəvəz çürüyüb qarışqaları üstünə çəkdi. Daxmaya pis qoxu yayıldı. Qalan boranıları çiy yeməyə çalışdı. 
 Sonra yemişlər yetişdi. Yemişləri hamısını iki günə dalbadal yedi. Ona elə gəlirdi ki, ömründə heç kəs belə dadlı yemiş yeməyib. Toxumları yığıb qurutmağa qoydu. Yeyib qurtarandan sonra: «Kərəminə şükür»- dedi, tanrıdan özünə şəfa dilədi. İndi ona elə gəlirdi ki, artıq özünü yaxşı hiss edir, halbuki hələ də çox zəif idi. Bədəni əsirdi, əlini üzünə sürtdükdə sümükdən başqa bir şey tapmırdı. 
 Nəhayət, elə gün gəldi ki, yuvasından heç yerə çıxmadı. Soyuq külək əsirdi, hər tərəf palçıq idi. Yeriyəndə botinkalarına palçıq yapışır, addımlamağa gücü çatmırdı, əlləri ilə torpaqdan yapışıb gözləyirdi. Ayaqları bədəninin çəkisinə tab gətirmir, sözünə qulaq asmırdı, başı zoqquldayırdı. Hər dəfə şiferin oyuğundan baxanda başı gicəllənirdi. Aşağıda diqqətini tələb edən heç nə qalmamışdı, qara paltosuna bürünərək yatırdı. Hərdən uzun müddət taqətsiz halda uzanır, yuxunun qarşısında aciz qalırdı. O, bədənində həyatın yaşadığını hiss edirdi. «Nəfəs almağı unutmusan»- hərdən öz-özünə deyirdi, dərindən nəfəs alıb buraxırdı ki, həyatı özünə qaytarsın. Qurğuşun kimi ağırlaşmış əlini qaldırıb ürəyinin üstünə qoyurdu: sanki ürəyi hardasa uzaqda, başqa bir yerdə yumulub açılırdı.
***
 Günlər, gecələr ötür, o isə yatırdı. Artıq qardaşının paltosu da onu isitmirdi. Bəzən yuxudan oyanır, özü də bilmirdi ki, nə qədər yatıb, bir gün, bir həftə, ya bir ay. Bədəninə nəzarətin öz əlində olmadığını anlayrdı. «Yeməlisən»- öz-özünə deyirdi- «Qalx bir boranı götür». Lakin yerindən tərpənmirdi, ləzzətlə gərnəşib əsnəşirdi, özünə sakitlik verirdi ki, kifayət qədər boranısı var, istədiyi vaxt durub yeyə bilər. Vaxt getdikcə isə yemək də istəmirdi; yeməyi çeynəmək, udmaq, mədəyə ötürmək- bu qədər əziyyətə dözmək lazım idi... 
 Qarışıq yuxular görür, arada sayıqlayırdı. Gözləri öz-özünə qapanır, keçmiş həyatı qırıq kino lentləri kimi beynindən ötürdü. «Həkim, mən hələ də atama nifrət edə bilərəmmi? Şübhəsiz. Ona nifrət elə. Nifrət elə, nifrət elə!.. Anam onu heç vaxt sevməyib, sevə bilməyib. Əri heç vaxt məscidə getmirdi, allaha inanmırdı, evində oturub gizli-gizli Stalinə pərəstiş edirdi… Göyərçinlər quruldaşır, qonşu otaqda balacalar bir ağızdan vurma cədvəlini təkrarlayırdılar. Anam əzab çəkirdi… Sevmədiyi kişiyə ərə getmişdi. Yeganə xilası uşaqları idi. Onun üçün övladları hər şeydən əziz idi… Onu soyundurub dəmiryol relslərinə bağlayıblar… Həyat adlı qatar çaqqıldaya-çaqqıldaya, qaşqabaqla düz üstünə gəlir... Görün, mənə necə zülm edirlər, ilahi! Yaralanmışam, görürsünüz, qan içindəyəm… Nifrət etdiyim ərim xəstəxanadadı. Qanqrenası, şəkəri və əsəbi var. Ayağımı qaynanamın evindən kəsiblər. Onlara nifrət edirəm... Evə mələk kimi ağlaya-ağylaya gəldi. Məni oyadıb dedi ki, atamız gedib, başına ölüm deyilən hadisə gəlib, onu bir də görməyəcəyik. İndi hamımız bir-birimizə dayaq olub onsuz, onun acığına gözəl yaşayacayıq… Ərindən qalan miras heç öz mərmər daşına kifayət eləmədi. Eynilə atası kimi idi… Ana, məni döyürdülər… Faciədi. Əsgərlər, əsgərlər, əsgərlər…»    
 Bir müddət sonra yuxusu bir az yüngülləşdi, artıq nisbətən tez-tez oyanırdı. Ağzında öd tamı vardı. Qalxıb yerin içində oturdu, başı gicəllənsə də, fikirləşdi ki, belə olmaz, o nəsə etməlidir. Ancaq nə? İlk növbədə öz doğma ata evinə getməlidir. Ona elə gəldi ki, atasının, babasının bir vaxtlar uyuduğu evə çatsa, bütün çıxılmazlıqlarına bir çarə tapılar. Başa düşdü ki, belə getsə, ölə bilər; özgə çardaqda ağ sümükləri qalacaqdı. Durub doğma ocağına getməlidir. Ayağa qalxmağa taqəti yox idi. Başı zoqquldamağa başladı; dişlərini bir-birinə sıxdı, çünki ürəyinin hər döyüntüsü beynini deşirdi. Var-qüvvəsini toplayıb çardağın girişinə tərəf süründü, oradan üzü aşağı yuvarlandı…
***
-Səncə nəylə qidalanırmış?- əsgərlərdən biri botinkasını astaca meyitin başına taqqıldadaraq soruşdu.- Milçək, qarışqa, ya çəyirtkə? 
-Bax, o məişət evini görürsən?- digər əsgər küçənin o üzündəki böyük binanı göstərdi.- Oranın çardağı göyərçinlərlə doludur. Məncə, göyərçin kəsib yeyirmiş.
 Küçədə yük maşını dayandı. Hərbçilərin və ratsiyanın səsi həyəti başına götürdü. Əsgərlər həyətin ortasındakı meyitin başına toplaşdılar.
-Dağılışın!- aralarından bir nəfər qışqırdı.- hər yeri axtarmaq lazımdır. Ayaq izləri, çuxurlar və yeraltı keçidlər, ümumiyyətlə anbar tipli hər hansı yer haqqında dərhal mənə məlumat verin. Ola bilsin, bu əclaf onların əlaqələndiricisi imiş.
 O da hamı kimi kamuflyaj geyimində idi; üstündə komandir olduğunu göstərən heç bir nişanə yox idi. Zabit xüsusi olaraq heç kimə müraciət etmədən dedi:
-Elə bilirsən, hər şey qaydasındadır, əslində isə ayağının altı yeraltı sığınacaqlarla doludur. Belə tənha bir yerə gəlirsən, düşünürsən ki, burda bir canlı belə yoxdur. Sən arxanı çevirən kimi sürünə-sürünə torpağın altından çıxırlar. Kim bilir nə vaxtdan burada imiş!
 Əsgərlər bütün günortanı ərzaq ehtiyatını və ərazidə gizlədildiyinə əmin olduqları silahları axtarmaqla keçirdilər. Əsgərlərdən biri qulaqlıq və qara qutudan istifadə edir, onunla yavaş-yavaş həyətdən həyətə irəliləyirdi. 
 Qonşuluqdakı daxmanın eyvanında boranıları tapdılar, hamısını daşıyıb sarayın bir güncünə yığdılar. Zabit boranılar tapılandan sonra gizli anbarların mövcudluğuna daha da əmin oldu. O, israr edirdi:
-Əks halda bu axmağı burda nəyə görə saxlayırmışlar? 
 Bir neçə əsgər evə doluşub mətbəxdə öz sobalarını qurdular. Bir azdan pomidorlu yeməyin iyi ətrafı bürüdü. Kimsə eyvandakı qarmaqdan bidon asmışdı. İki radio qəbuledici ucadan danışırdı, sanki stansiyalar bir-birilə yarışır, bir-birlərinin səsini batırmağa çalışırdılar. Hardansa uzaqdan həzin mələşmə səsi gəldi. 
 Bir azdan həyətə ağ rəngli «cip» daxil olub dayandı. Maşından kapitan rütəsində bir hərbçi və şərqli geyimində lobabığ bir kişi düşdü. Kapitan həyətin ortasındakı meyidə yaxınlaşıb botinkasını onun alnına söykədi:
-Belə sifəti unutmaq olar? Bu tip Yakkalsdirfdəki düşərgədə saxlanılırdı.
-Kim idi ki?- əsgərlərdən biri maykasının altından qarnını qaşıya-qaşıya soruşdu.
-Tanınmış Bakı ziyalılarından olub. Martda Novoqolovkadan keçəndə vaqondan düşüb qaçmışdı. Mayor Payersin bunlara görə başı da ağrıdı.
-Cibində də bu çıxıb- artırmadakı əsgər düşüb onlara yaxınlaşdı və əlindəki kağız parçasını kapitana uzatdı. Kapitan alıb baxdı, gözlərini qıydı, sonra isə kağızı kənara tullayıb dedi:
-Boş şeydir, işinizdə olun.
 Stansiya tərəfdən güclü bir partlayış, ardınca isə ikincisi eşidildi. Narlıqdakı quşlar hay-küy qaldıraraq uçdular, parltlayış dağlarda gurultulu əks-səda verdi. Kapitan:
-Dinc durmurlar- deyərək başını yellədi və evə tərəf addımladı. Əsgərlər onun dalıyca içəri daxil oldular. Şərqli geyimində olan kişi «cip»in təkərləri yanında düşmüş kağız parçasını qaldırdı, bir müddət karandaşla yazılanları sezməyə çalışdı. Artırmaya qayıdan əsgərin:
-Apo, içəri keçin, komandir sizi çağırır,- sözləri onu fikirdən ayırdı. Vərəqi ovcunun içinə sıxıb orada yazılanları pıçıltıyla oxudu: 

Bir də nə vaxt axşamlar
Pürrəngi çay içəcəyik,
bir də nə vaxt şirin-şirin söhbət üçün
bir yerdə cəmləşəcəyik.
Bir də nə vaxt səhərlər
sərnişinlər basabas
doluşacaq marşruta.
Bir də nə vaxt min həsrətlə baxacam
yanımdan ötüb-keçən
gözəl-gözəl qızlara. 
Bir də nə vaxt…

Комментариев нет:

Отправить комментарий