07.04.2014

“Acı xatirələr” romanından parça

Akif ABBASOV. TANIŞLIQ

Rasimlə Emilin Moskvada alverləri yaxşı gedirdi. Gətirdikləri malları xırıd etmişdilər, amma hələ satılmalı xeyli mal vardı. Onlar rayonun Həsənbəyli kəndində yaşayırdılar. Emilin qardaşının toyu olmalı idi. Odur ki, Emil yoldaşlarından əvvəl Saatlıya qayıtmalı idi. Emilin xeyli yükü vardır.  Toy bazarlığı, gəlinə, bəyə pal-paltar, gəlinlik paltarı, ayaqqabılar, kostyum, cürbəcür konfetlər... Aldığı şeylərin bir qismini Rasimin boynuna qoymuşdu ki, onları kəndə o çatdırsın. Öz əli ağır idi. Həm dost, həm də alver yoldaşı idilər. Bir-birlərinə ərkləri çatırdı.   
Gəzə-gəzə Kurs vağzalına gəldilər. Bir neçə gün əvvəldən Moskva-Bakı qatarına bilet almaq istəyirdilər.  Amma bura gəlməyin xeyri yox idi. Onsuz da nə zaman müraciət edirdin “Bilet yoxdur”, - deyirdilər. Qabaqcadan bilet satan bir neçə kassa vardır. Növbənin nisbətən az olan bir kassanın qarşısında durdular.  

-Rasim, əzizim, məni pis vəziyyətdə qoyma. Birdən buralarda ilişib qalarsan. Bir qardaşım var. İstəyirəm toyu urvatlı olsun. Malları vaxtında çatdırarsan. Xasiyyətini bildiyimdəm belə deyirəm. əhli-kef adamsan.  
Rasim özünü incik kimi göstərərək: 
-Emil, birdən-ikiyə səni yarıtmamışam? Başqa cür hərəkət etsəm, kənd içinə necə çaxaram? Öyrəşmisən sözün çürüyünü çıxartmağa. Dedin, qurtardı getdi.
Emil arxayın olduğunu bildirmək və onun könlünü almaq üçün dedi:
-Bax belə. Daha narahatçılığım ötüb keçdi... Deyirəm, növbəni görürsən də. Nə zaman gəlirsən belədir. Görək bilet olacaq? Mən şənbə gününə alacam. Belə yaxşıdır. Bir-iki gün sonra siz də çıxarsız.
-Rasim dostluqda və yoldaşlıqda ona nə qədər bağlı olduğunu göstərmək üçün dedi:
-İstəyirsən mən də səninlə gedim.
Emil narahat oldu:
-Əsla... Yoxsa malları Fərəclə Fəxrəddinə tapşırmaq fikrindəsən? Nəbadə. Bir gör nə qədər xeyrimiz var.
-Yaxşı. Necə istəyirsən...
Rasim alışqanını əlində oynadırdı. Alışqana işarə ilə:
-Növbəmizin çatmağına hələ var, gedim bir siqaret çəkim, - dedi.
Emil  üz-gözünü turşutdu:
-Get, amma  bu zəhrimarı tərgitmək barədə də fikirləş.
Rafiq ona acıq vermək üçün:
-Heç ağlına belə gətirmə, - dedi və vağzal binasını tərk etdi.
Rasim lap ağ eləmişdi. Qaldıqları otaqda da, qatarda da, küçədə də, bir sözlə hər yerdə siqaret çəkirdi. Emilin siqaret iyindən xoşu gəlməsə də, dözürdü. Onun xətrinə dəymək istəmirdi. Yoldaşlıqları tuturdu. Birlikdə alver edirdilər.  Gətirdikləri malı əridir, buradan aldıqları pal-paltarı, məişət əşyalarını, ayaqqabıları rayonda, kənddə baha qiymətə əridirdilər. Kefləri kök idi.
Rusiyət kasıb-kusubun dadına çatırdı. Bazarlar azərbaycanlılarla dolu idi. Burada qazandıqları pullarla çoxları kişi olmuşdu. Həmin pulları gətirir, Bakıda, rayonlarda, kəndlərdə şadlıq evləri, xüsusi evlər tikdirir, bahalı maşınlar alır, ailələrini dolandırırdılar. 
Rasim də, Emil də müəllim idi. Məktəbdə şagirdlər yay tətilinə, qış tətilinə buraxılan kimi özlərini verirdilər Moskvaya. Bir çoxları burada köç salmışdılar. Arvad-uşaqları da yanlarında idi. Neçə illər idi Moskvada, Rusiyətin başqa-başqa ərazilərində bizneslə məşğul idilər. Hətta aralarında bazar, şirkət sahibi olanlar vardı. Emilin xalası oğlunun gəlirinin sayı-hesabı yox idi. Gün ərzində onun ticarət qurduğu yerə maşınlarla mal daşınırdı. Özünün danışdığına görə, Moskvada möhkəm qar düşən ili səhər ertə iş yerinə gələndə görüb ki, şaxtanın təsirindən pivə şüşələrinin əksəriyyəti partlayıb. Bu fəlakətdən ona 30 min dollar ziyan dəymişdi. Lakin bu, xalaoğlunu iflasa uğratmadı.  Çünki mal dövriyyəsi, alış-verişi yüksək səviyyədə idi.
Rasim siqaretini çəkib qayıtdı. Emil:
-Gedim mən də bir az hava alım-deyib növbəni Rasimə təhvil verdi. Rasim onun yerini tutdu və Emilə dedi:
-Ciyərim yanır, yadımdan çıxdı. Mənimçin mineral su al. Yarımlitrlik olsa, bəsdir.
-Sən nə qədər su içirsən? Bayaq  yarımlitrliyi boşaltdın. Belə getsə, Moskva  çayını qurudarsan. Susuzluğa tabın yoxmuş. Heç xəbərin var ki, bizim içdiyimiz suların 3 milyard yaşı var? İndi bilmirəm, bundan sonra su içərsən, ya yox.
-Doğru deyirsən?
-Özümdən uydurmuram. Kitabdan oxumuşam.
-Amma bu suların lap 3 milyard yox, 30 milyard yaşı olsa da, camaat onu içəcək, mən də içəcəyəm. Təbiət bizi belə yaradıb, susuz yaşaya bilmərik.
-Rasim, əzizim, dünyanın yetmiş faizi su ilə örtülüb, fəqət  suyun yalnız  və yalnız bir faizi içmək üçün yararlıdır. Ona görə suyu tərg eləmə, qənaətlə iç. O biri adamlara çatmaz. 
-Nəzərə alarıq. Bəs sənin xəbərin var ki, qurbağa suda-quruda yaşaya-yaşaya ömrü boyu su içmir?
Emil cavabında dedi:
-Qurbağanı bilmirəm, amma deyirlər susuzluğa dözməkdə dəvənin tayı-bərabəri yoxdur. 
Rasim tez dilləndi:
-Amma, Emil,  siçan dəvədən daha çox susuz qala bilir. Bunlar öz yerində, mənim nə qurbağa, nə dəvə nə də siçan olmaq fikrim var, nə də onlarla yarışa girmək istəyirəm. Su gətirmirsənsə, beş dəqiqə burada dayan, mən özüm bu məsələni yoluna qoyum.
-Yaxşı, yaxşı. Getsən, bir də Allah bilir nə zaman gələrsən.
Emil su alıb gətirdi. Rasim şüşənin qapağını açıb suyu başına çəkdi. O, suyu içə-içə ətrafı gözdən keçirir, hansısa təsadüfə ümid bağlayırdı. Zənni heç zaman onu aldatmamışdı. İndi də ürəyinə dammışdı. Kimsə onlara kömək əlini uzadacaqdı.
İkinci mərtəbədən pilləkənlərlə bir qız düşürdü. O, Rasimin diqqətini cəlb etdi. Uzun qıçlı, yaraşıqlı bir qız idi. Yanağında qara xalı vardı. Donunun ətəkləri az qala topuğuna  dəyirdi. Qaraçı, yaxud da hindli idi.  Geyimi  qəribə və alabəzək idi. Dünya gözəli olmasa da, dünyanı gözəlləşdirə biləcək bir yaranış idi. Rasim bir də onda ayıldı ki, ağzı açıla qalıb.
Rasim onu gözdən qoymadı. Ağ  bənizli bu qız növbəyə yaxınlaşdı, lakin növbəyə dayanmadı. Kassaya çatıb astaca qapısını tıqqıldatdı:
-Maşa! Maşacan!
Qapı açıldı və o, içəri keçdi. Kassanın pəncərəsi qarşısında xeyli adam vardı. Rasim növbədən aralanıb ağır addımlarla kassanın qapısına sarı gəldi. Qız Rasimdə maraq oyatmışdı. Bilmək  istəyirdi ki, görsün o  kimdir.  
Qapı azacıq aralı idi. Rasim sakitcə və oğrun-oğrun göz gəzdirdi. Maşa deyilən qadının qarşısında üç pasport vardı. Həmin pasportları ona xallı gözəl vermişdi. Maşa onlara baxırdı. Rasim gözdən iti idi. Pasport sahiblərinin soyadlarını, atalarının adlarını oxuyub çatdıra bilməyəcəyini başa düşüb, təkcə adlarını yadda saxlamağa çalışdı. Gördü ki, birinin pasportunda Samir, digərində Baxış, üçüncüsündə Kamil yazılıb. 
Rasim yerinə qayıtdı. Bu qız nə qaraçı, nə də hindistanlı idi. O, ya azərbaycanlı, ya da Qafqaz millətlərinin birinin nümayəndəsi idi.
Emil hava qəbul edib gəldi. Rasimin  narahat halda gəzişdiyini görüb:
-Brat, nə olub? - deyə onun halını soruşdu. –Yenə özündə-sözündə deyilsən.
Rasim:
-Biz istəyən tarixə Bakıya bilet olmadığını bilə-bilə bayaqdan növbəyə dayanmışıq, - deyib əli ilə kassanı göstərdi. -Maşanın mərhəmətinə sığınmışıq.
Emil təəccüblə ona baxdı:
-Maşa kimdir?
Rasimin kassir qadını nəzərdə tutduğunu başa düşüb:
-Vallah, Allahın bəlasısan. İki daşın arasında adını da öyrənmisən...
Rasım alnını qırışdıraraq:
-Burada Maşalıq bir iş yoxdur. Əslində ondan asılıyıq. Amma onun adını başqa adamdan öyrəndim, bizə də kömək etsə, o edəcək.
Emil sevindi:
-O adam kimdir? Haradadır?
Emilə baxanda Rasim diribaş idi, rusca sərbəst danışırdı, utancaq deyildi, ünsiyyət yaratmağı bacarırdı. Odur ki, hərdən Emilə və başqa alver yoldaşlarına sataşaraq:
-Mən olmasam, sizi bit-birə yeyər - deyərdi.
Rasim kassanın qapısını Emilə göstərərək:
-Bizə çarə kassanın qapısındandır, növbəyə durduğumuz pəncərəsindən yox.
Emil key-key onun üzünə baxdı:
-Qapısından niyə? Biletlər kassanın gözlüyündən satılır.
Rasim onun sadəlövhlüyünə gülərək:
-Sənin kimi avamlar üçün, bəli. Mən isə bileti kassanın qapısından alacağam.
Emil inanmadı:
-Hünərin var kassanın qapısına yaxınlaş, gör bu camaat nə həngamə qoparar. Ətini didərlər.
Rasim dilləndi:
-Mən niyə? Kassanın qapısına yaxınlaşan yaxınlaşacaq!
Hələ ortada heç nə yox idi, Rasim asıb-kəsirdi. Xallı gözəl bəlkə Rasimi heç yaxına qoymayacaqdı. O qız Rasimin varlığından belə xəbərsiz idi. Rasim isə ona arxayın olub söz verirdi. O, yenə kassanın qapısını göstərərək arxayıncasına dedi:
-Bax o qapıdan bir ceyran çıxacaq. Bizə təkcə o, kömək edə bilər. Əlbəttə, əgər istəsə.
Emil soruşdu:
-Tanışındır?
-Yox, amma tanış olacağam. 
Emildə yaranmış ümid qığılcımları söndü:
-Sən həmişə nağıl danışırsan. Fərziyyələrlə iş görməyə alışmısan.
-Alınmır?
Emil etiraf etməyə məcbur oldu:
-Doğrusu, çox vaxt istədiyinə nail olursan.
-Daha sənə nə lazımdır?!
Rasim onu inandırmaq məqsədilə dedi:
-Əslində o qızla əlli faiz tanışam. Bizim tərəflərdəndir.
Emil tez soruşdu:
-Saatlıdandır?
-Saatlıdan olduğunu bilmirəm, amma, məncə, Azərbaycandandır.
-Burada məntiq görmürəm. Tanımadığın adam heç sənə  bilet alar? 
Rasim dişini ağartdı:
-Toruma düşsə, alar.
Emil zarafata saldı:
-Sənin torun yoxdur axı.
-O, kassirin yanından çıxana kimi toxuyacağam o toru. Bax, çıxdı.
Emilin ağzı açıla qaldı:
-Nə gözəl xanımdır, ay Rasim?! Maraldır ki...
-Yox, Ceyrandır.
Başladılar zarafata. Emil Rasimi acıqlandırmaq üçün:
-Bəlkə də keçidir.
-Bəsdir, sarsaqlama. Nahaq söz dediyinə görə Allah ağzını əyər. Bir hələ onun boy-buxununa, sinəsinə, dodaqlarına, yerişinə bax! Adam ölər onunçun. Lap parnoaktrisa Tori Blekə oxşayır.
Emil:
-Yox bir Sanni Leoniyə. Sanni Kanadalı olsa da, Hindistan əsillidir. Ailəsi Hindistandan Kanadaya, oradan da Amerikaya köçüb. Sanni Kanadada anadan olub. Qaraşındır. Bu xanım Sanniyə daha çox oxşayır. Bura bax, mənim biletimi al, ondan sonra öl onunçun.
Rasim ah çəkdi:
-Onu görəndə bilet də yadımdan çıxır, sənin qardaşının toyu da, lap elə sən özün də. Ona görə Məcnun Leylinin dərdindən baş götürüb bizim o Kürovdağa  qaçıb, orada məskən salıb.
-Yox bir Mişovdağda.
-Doğru sözümdür, Emil, hələ mənim ağlımı bu xallı gözəl qədər başımdan alan olmayıb. Satılmalı olan mallarımız da gözümə görünmür.
Emil qorxuya düşdü:  “Bu zalım oğlunu burada qoyub gedirəm, birdən mayanı batırar. Malları ya oğurladar, ya da dəyərinə-dəyməzinə satar ha?!”
-Rasim, daha ağ eləmə
-Narahat olma. İndi isə, məni bağışla, o xallı gözəli izləməliyəm. Yadında saxla,  bizə bilet alsa, o qız alacaq. Sən burada dayanıb növbəni gözlə. Mən də gərək qızla tanış olub, biletləri onun boynuna qoyam. Artıq üç azərbaycanlı üçün bilet sifariş verib.
Rasim Emildən aralanıb qızın dalınca düşdü. Yay ayları idi. Havalar Moskvada da isti keçirdi. Uzunqıçlı, xallı gözəl bədəninə yapışan materialdan paltar geyinmişdi. Paltar bədənini bütün cizgilərini və gözəlliklərini nümayiş etdirirdi. Yeridikcə  yanları əsirdi. Bilet də, Emil də Rasimin yadından çıxmışdı. Qızın dalınca qarabaqara gedir və eyni zamanda hiss edirdi ki, bu gözəl artıq həqiqətən onun ağlını başından alıb.
Kursk vağzalının qarşısında taksi dayanacağı vardı. Burada xeyli adam toplaşmışdı. Taksilər də bir-birinin ardınca düzülmüşdü. Dolduqca yola düşür, onun yerini başqa taksi tuturdu. Rasim də özünü çatdırıb qızın arxasında dayandı. Qız artıq başa düşmüşdü ki, bu cavan oğlan  onunla yaman maraqlanır. Bunu bilsə də, özünü o yerə qoymadı. Gün ərzində onun dalınca nə qədər oğlan düşürdü, ona nə qədər söz atan olurdu. Hansına cavab verəydi?! Ən yaxşısı səsini çıxarmamaq, əhəmiyyət verməmək idi. O, belə də edirdi.
Qız saatına baxdı. Dərhal hiss olunurdu ki, harasa tələsir. Növbənin isə ucu-bucağı yox idi. Rasim cəhd etdi. Həm də onun azərbaycanlı olduğunu öyrənmək üçün Azərbaycan dilində dedi:
-Xanım, deyəsən tələsirsiniz?
Qız dönüb baxdı:
-Azərbaycanlı olduğumu haradan bildin?
-Gözəl qızlar, adətən, Azərbaycandan olurlar, azərbaycanlı olurlar. 
Onun sözləri qıza xoş gəldi. Dodağına təbəssüm qondu. 
-Bundan başqa, mən həm də telepatam.
Qız söz atdı:
-Telepatiyanın nə demək olduğunu heç olmasa bilirsən?
Rasim ali təhsilli idi. Universitetdə də yaxşı oxumuşdu, mütaliəsi və məntiqi güclü idi. Odur ki, açdı söz kisəsinin ağzını:
-Ay xanım, telepatiya digər insanın fikrini və beynini oxumaq, adamları düşüncənin gücü ilə idarə etmək deməkdir. Yunan dilində tele sözönü uzaqdan; telepatiya isə, uzaqdan əlaqə deməkdir. Deyə bildim?
Qız güldü:
-Siz alimsiniz ki...
-Madam ki, söhbətimiz tutdu, onda xoş gördük. Mənim adım – Rasım, sənin adın...
-Müjkandır.
-Deyəsən harasa tələsirsiniz?
-Bəli, tələsirəm, uşağı bağçadan götürməliyəm. İşin tərsliyindən taksiyə də bu qədər növbə var.
-Buna görə narahat olmağa dəyməz. Bu dəqiqə taksi təşkil edərəm.
Müjkanı gülmək tutdu:
-Bura səninçin Azərbaycan, Bakı deyil ki, əl qaldıran kimi taksiyə minə biləsən. Taksilər harada gəldi saxlamır, yalnız taksi dayanacaqlarında dayanır və növbə ilə adam daşıyırlar. Bu səbəbdən də taksi dayanacaqlarında həmişə növbə olur.
Rasim arxayın və özündən razı halda dedi:
-Gözəl qız, onda icazə ver, səninçin Bakı qaydaları ilə taksi tutum.
Rasim bunu deyib aralanmaq istədi. Emil də növbəni buraxıb vağzalın həyətinə çıxmışdı. “Ruslan və Lüdmilla” modalar mağazasının qarşısında dayanıb Rasimin işarəsini gözləyirdi. Rasimsiz onun işləri aşmırdı.
Müjkan:
-Özünü yorma, cavan oğlan. Bilirəm qızışmısan, özünü göstərmək istəyirsən. Gəl mənə qulaq as, sonra pərt olarsan. Zərərin yarısından qayıtmaq da hünərdəndir. Növbəsiz heç kimi taksiyə yaxın qoymurlar. Görə-görə gəlmişik.
Rasim  inadından dönmürdü: 
-Gözəl qız, biz də görə-görə gəlirik. Gəl mərcləşək.
Emil də yaxın gəlib Müjkanla salamlaşdı.
-İndi ki belə oldu mərc gələk.
Bunu Müjkan dedi.
-Bəs nədən mərc gəlirik?
Bu sualı Rasim verdi. Müjkan zarafata saldı:
-Mənim başımdan.
Rasim razılaşmadı:
-Xeyr, xallı gözəl, bu mənə sərf eləmir, mənim başımdan, sənin bədənindən mərc gələk.
Müjkan təəccüblə ona baxdı:
-Bu, nə deməkdir, cavan oğlan? Aydınlıq gətir.
Rasim izah etməyə başladı:
-Bu, o deməkdir ki, sən uduzsan mənim olursan, mən uduzsam sənin buyruqlarının qulu oluram.
Müjkan:
-Cavan olsan da, yaxşı zövqün var, yaxşı  iştahan var.
Müjkan razılaşdı. O, arxayın idi ki, Rasim mərci uduzacaq. Onlar əl-ələ verdilər. Emil mərci kəsdi. Rasim dedi:
-Siz bax ora çəkilin. Taksi yaxınlaşan kimi cəld minin.
Az keçmədi ki, bir taksi onların qarşısında dayandı. Rasim arxada oturmuşdu. Emil qabağa keçdi. Müjkan Rasimin yanında əyləşdi. Taksi yola düşdü.
Müjkan Rasimin fərasətinə heyran qaldı və maraqlandı ki, buna necə nail oldu. Axı taksilər də insanlar kimi bir-birinin ardınca düzülürlər. Sən demə, Rasim lap arxada dayanan taksiyə yaxınlaşıb sürücüyə:
-Birə-iki alacaqsan, təcili bizi mənzil başına çatdır, - deyibmiş. 
Bu taksi lap arxada dayandığından onun növbədən  çıxdığı bilinməyib. Həm də sürücünü başa salıb ki, əgər görsən narazılıq var, özümü xəstəliyə vuracağam. Sən də deyərsən xəstəxanaya aparıram. Xoşbəxtlikdən hər şey kamil  alındı.
Günəş şüaları taksinin içərisinə düşürdü. Müjkan gün eynəyini taxdı. Rasim üzünü ona tutaraq dedi:
-Müjkan xanım, niyə danışmırsan?
-Mən daha çox dinləməyi xoşlayıram.
-Qulaq asmaqdan bir şey çıxmaz. İşə keçmək lazımdır. Heç mərcdən danışmırsan, axı hər birimizin üzərinə öhdəlik düşür. Uduzan sənsən. Deməli, bədənin mənimdir.
Müjkan etiraf etməyə məcbur oldu:
-Özünü yaxşı aparsan...
-Yəni deyirsən  bu yaşa çatmışam, özümü idarə etməyi də bacarmıram?! 
Zarafatcıl oğlansan, amma səndə yumor hissi yoxdur. Zarafatımı ciddi qəbul elədin.
-Hansı zarafatı nəzərdə tutursan? Yoxsa mərci mənə zarafat kimi sırımaq istəyirsən?!
-Yox, həqiqətən səndə yumor hissi yoxdur. Mərc mərcliyində qalır, fəqət zamanı var.
Sürücünün səsi gəldi:
-Axı demədiniz hara gedirik.
Müjkan dedi. Rasim  xəbər aldı:
-Uşağı evdə qoyacaqsan, yoxsa özünlə götürəcəksən?
Müjkan cavab verdi:
-Planın nədir?
-Qalibin gözəl bir gün keçirməyə haqqı var.
Onun sözlərindən və diribaşlığından xoşu gələn Müjkan gülümsədi. Rasimlə Emil alverdən yaxşı pul götürmüşdülər. Moskvanın ən yaxşı restoranlarında şam edə bilərdilər:
-Restoranlardan birinə gedib dincələk. Başqa arzun olsa, deyərsən. Təki səninçin xoş olsun. Sənə qanım qaynayıb.
Maşın uşaq bağçasıının qarşısında dayandı. Müjkan düşdü. 4-5 yaşlarında bir qız uşağı  qaçaraq özünü Müjkanın üstünə atdı:
-Ana, anacan, dondurma istəyirəm.
Müjkan soruşdu:
-Səhər, qızım, yeməyini yemisən? Ac qalmamısan ki?
Səhər dedi:
-Yox, anacan, doyunca yemişəm. İstəyirsən tərbiyəçidən soruş.
-Buna ehtiyac yoxdur, mən sənə inanıram. Onda dondurma alaram. Bilirsən ki, ac qarına dondurma yemək olmaz. Sancılanarsan.
Uşaq bağçasından yüz metr aralıda dondurma satırdılar. Səhər anasının aldığı dondurmanı iştahla yeməyə başladı. O, taksidə Müjkanla Rasimin arasında oturdu:
-Qızım, əmilərlə tanış ol. Bu, Rasim əmidir, o da Emil əmi. Bakıdan gəliblər. Maşını sürən əmi də sürücüdür. Moskvadandır. 
Anasının sonuncu sözlərinə Səhərin gülməyi tutdu. Başını əyərək özünü Rasimlə Emilə təqdim etdi:
-Səhər xanım.
Qızın özünə “xanım” deməsi Rasimlə Emili güldürdü. Rasim qızı təriflədi:
-Nə gözəl qızsan! Lap səhər kimi aydın və parlaqsan. Allah saxlasın!
Müjkan dil-ağız elədi:
-Allah sizinkiləri də saxlasın.
Nişanlı olsa da, Rasim boynuna almayaraq:
-Mənciyəz subayam - dedi.
Müjkan təəccübləndi:
-Bu yaşda nə əcəb?
-Çox yaşlıyam?
-Yox, yaşlı demək istəmədim. Yəni kişilər, adətən bu yaşda evlənirlər.
Emil yuxulayırdı. Yolda tıxac olduğundan taksi sürətini azaltmışdı. Rasim dil-boğaza qoymurdu:
-Subaylıq həm yaxşıdır, həm də pis.
Müjkan Səhərin saçlarını tumarlayaraq:
-Yaxşısı nədir, pisi nə? – deyə xəbər aldı.
Rasim başladı filosofluğa:
-Yaxşısı odur ki, azad bir quşsan. Hara istəyirsən uç, get. Ailə qarşısında məsuliyyətin yoxdur. Gözəl qızlar, xanımlar rast gələndə, onlarla əylənəndə kimsə kefinə soğan doğramır, evdə həngamə qoparan da olmur. 
Müjkan soruşdu:
-Bəs pisi nədir?
-Pisi də odur ki, başının altında nağdı biri yoxdur ki, könlünü ovundura, səni darıxmağa qoymaya, əyləndirə, sevə, əzizləyə, dayağın ola.
Müjkan dilləndi:
-Sizə nə var ki... Evli olanda da gözünüz orda-burdadır, subay olanda da. Yazıq qızların halına.
Müjkan ucadan güldü. Onun nəyə güldüyünün fərqinə varmadan Səhəri də gülmək tutdu. Emil isə, qəfil gülüşdən səksənib oyandı, ətrafa göz gəzdirərək soruşdu:
-Haradayıq?
Elə bil onun sözlərinə bənd imiş kimi sürücü əyləci basdı. Taksidən düşdülər. Rasim taksinin pulunu verdi. Müjkanın xudahafizləşib yola düzəldiyini görən Rasim özünü saxlaya bilmədi:
-Xallı gözəl, bu aşiqi-binəva, mərci udan insan, başına nə çarə qılsın? Gözləsin, yoxsa mürəxxəs olub getsin?
Müjkan çar-naçar:
-Yarım saata gəlirəm- dedi.
* * *
Rasim siqareti siqaretə calayırdı. Emilin əsəbləri tarıma çəkilmişdi:
-Rasim, daşı ətəyindən tök, gəl gedək. O gəlməyəcək. Saat yarımdır gedib. O səni barmağına dolayıb. Yox bir, taksi çağırtdığına görə sənin altına yıxılacaqmış. İştahana bax. Bu qızlar hər gün burada – Moskva kimi yerdə min oyundan çıxırlar. Onlara pul lazımdır. Bizim kimi onlar da burada pul qazanırlar. Bir uşaq qədər də ağlın yoxdur. Növbə tutmuşduq. O da ötüb keçdi. Vaxtında çarəsini qılmamışıq. Kassirə yalvar-yaxar eləsəydik, Bakıya bilet verərdi.
Rasim əlini yellədi. Müjkanın hərəkəti ona pis təsir eləmişdi.
Emil deyinməkdə idi:
-Mən kəndə qayıtmalıyam. Anam dediyi vaxt özümü kəndə çatdırmasam, qıçımı qıracaq. Sən ki bunu bilirsən.
Rasim inadından dönmürdü:
-Sabaha qədər də olsa, gözləyəcəyəm. Zalım qızı o binaya girdi. Yoxlamışam binaya bir giriş var, o biri tərəfdən çıxıb gedə bilməz. İşləyir, işə getməlidir.
-Bəlkə sabah ikinci növbədir onun işi? Gözləyəcəksən?
-Gözləyəcəyəm. Hələ məni aldadan anasından olmayıb.
Emil od tutub odlanırdı:
-Belə də tərslik olar? Dostuna, yoldaşına zərrə qədər hörmət qoymursan.
Rasim həm Müjkanın onu aldatmasına dözə bilmirdi və hərdən buna inanmırdı. Həm də o, xallı gözələ nə yamanlıq etmişdi ki?  Müjkandan xoşu gəlirdi. Bu qərib yerdə ona ehtiyacı vardı, onu yanında görmək istəyirdi. Doğrudur, onunla evlənmək barədə fikirləşmirdi. Gül kimi adaxlısı vardı. Tər-təmiz, su sonası kimi. Tərbiyəsinə də söz ola bilməzdi, nəslinə də. 
Müjkanın getdiyi vaxtdan iki saat keçmişdi. Həmin binadan, Müjkanın bayaq girdiyi alaqapıdan qaraşın bir oğlan çıxdı, dondurmasatana yaxınlaşıb bir neçə dondurma aldı. Satıcı onları bir torbaya yığdı. Oğlan olardı 21-22 yaşlarında. O, dondurmalardan birini çıxarıb yeməyə başladı, torbanı yelləyə-yelləyə geriyə qayıtdı. Rasim onun qabağını kəsdi:
-Nuş olsun.
Oğlan ayaq saxladı. Rasimin nə dediyini anlamadığından cavab vermədi. Rasim bu dəfə:
-Priyatnoqo appetita, yənu nuş olsun, - dedi.
Cavan oğlan ona cavab verdi:
-Spasibo, yəni sağ ol.
O, dayanıb Rasimin gözlərinin içərisinə baxırdı. Yəni: “Buyur, eşidirəm”.
Rasim oğlana Müjkanın qardaşı bilib yaxınlaşmışdı. Diqqətlə baxıb, onda Müjkana oxşar əlamət tapmadı. Bununla belə rusca:
-Müjkandan soruş ki, bizi niyə aldadıb. Düşsün aşağı.
Oğlan təəccüblə soruşdu:
-Şto? Müjkan kimdir? Siz kimsiniz? Buralarda nə veyillənirsiniz?
Emil yaxın gəldi. Oğlan ehtiyat etdiyindən dərinə getmədi. Əli ilə Rasimi yolunun üstündən kənar edib binaya girdi. Rasim dartındı, istədi onun ardınca getsin, Emil qoymadı:
-İstəyirsən bu oğlan bütün Moskvanı üstümüzə töksün? Hay-küy olan kimi itlər tökülüb gələcək, bizi şöbəyə aparacaq, əlimizdəki-ovcumuzdakı pulları da alacaqlar. Səndən də soruşacaqlar ki, burada nə sülənirsən? Deyəcəksən Müjkanın – sevgilinin dalınca gəlmisən?
Rasim dostunun haqlı olduğunu bilsə də, inadından dönmədi:
-Məncə, bu oğlan da azərbaycanlıdır. Dondurmanı da Müjkangilçin alıb.
Emil özünü saxlaya bilməyib zəhərini tökdü:
-Yenə başladın filosofluğa. Sənin çoxbilmişliyin axırda başımıza bəla açacaq. Müjkan bayaq qızına dondurma almadı? Ürəyi istəsəydi, özü üçün də alardı.

Комментариев нет:

Отправить комментарий