07.04.2014

Etibar Hüseynov nəyi düz deməyib ki?!

Etibar Hüseynov desəydi ki... (VİDEO)Ötən həftə Azərbaycan sosial və ənənəvi mediasını Etibar Hüseynov mövzusu zəbt elədi. ANS-də efirə gedən proqramların birində deputatın söylədikləri aləmi qarışdırdı. Olaylar onunla nəticələndi ki, Etibar Hüseynov üzr istədi.
Bu mövzu ətrafında baş verənləri diqqətlə izlədim. Hətta məndən bu məsələyə münasibət bidirməmi istəyənlər də oldu. Amma mən...
Mən məsələyə münasibət bildirməzdən əvvəl hamının danışıb qurtarmasını gözlədim və danışmazdan əvvəl çoxlarından fərqli olaraq onun dediklərinə bir də qulaq sasdım.
Əvvəla, Etibar Hüseynov Qarabağlılar haqqında “mədəniyyətsiz” ifadəsi işlətməyib.

İkincisi, Etibar Hüseynov müxtəlif zamanlarda Ziya Bünyadovun, Elmar Hüsüeynovun, Maqsud İbrahimbəyovun və digərlərinin dediyi həqiqəti bir az yumşaq formada təkrar edib.
Üçüncüsü, Etibar Hüseynov ümumiyyətlə Qarabağlıların adını çəkməyib.
Sitat: “Qarabağ məsələsinin başlaması ilə əlaqədar olaraq Bakı elitasının özəyini təşkil edən yəhudilər, ruslar, ermənilər, belə deyək Bakının rusdilli əhalisi şəhəri tərk elədi, onların yerinə isə ev-eşiyindən məcburən didərgin düşmüş, bəzilərinin hətta radio, televizor olmayan, müasirliyə aidiyyatı olmayan... Və hansı formada? Yaxınlarını itirdikləri üçün aqressiv şəkildə, ac-yalavac,  sixi gərgin şəkildə gəldilər və şəhər mühitinə düşdülər. Bununla da sanki yağla su qarışdı. Köhnə məhv oldu onun yerinə isə yenisi yaranmadı”.
Amma onun nə dediyinin fəırqinə varmadan Qarabağlılar Etibar Hüseynovu qınadı, söydü, təhqir etdi. Belə çıxdı ki, Etibar Hüseynov məhz Qarabağlıları təhqir edib.
Əslində bu təşkil olunmuş böhtan kampaniyasının gözlənilən və təşkilatçısı tərəfindən arzulanan nəticəsi idi.
Nə qədər acı da olsa bu baş tutdu. Həm Qarabağlılar təhqir olundu, həm də Etibar Hüseynov.
Bu kampaniyanın bir-iki detalını diqqətinizə çatdırmaqla məsələnin arxasında doğurdan da duranlar olduğunu sübut etməyə çalışacam.
Birincisi, kampaniyanın təşkilatçısı Etibar Hüseynovun çıxışını yayan zaman proqramın adını “Bahar səhəri Rövşanə ilə” yazdığından bu kampaniyada iştirak edənlər də proqramın adını belə göstərmişdi. Halbuki proqramın adı “Bazar səhəri Rövşanə ilə”dir. “Bazar”la “Bahar”ı səhv salanlarsa təbii ki, məsələnin mahiyyətində bixəbər olanlardır.
İkincisi, kampaniya başlayanda hamının adət etdiyi ifadədən “qaçqın” sözündən istifadə edilirdi. Amma sonradan “qaçqın” termini “məcburi köçkün” termini ilə əvəz olundu.
Və ötən həftə ANS-də Qarabağ və Qarabağlılarla bağlı daha bir həqiqət söylənildi. Kəlbəcərin işğalı ilə bağlı hazırlanan süjetdə.
Sitat: “Sanki qazandıqları bir ulaq yükü, itirdikləri müqəddəs torpaq müqabilində daha vacib görünürdü. Sürü psixologiyası təkcə mülki əhalidə yox, döyüşçülərdə də müşahidə olunurdu”.
Bu sujetdə səslənən həqiqətlər də kiminsə xoşuna gəlmədi, təbii ki. Amma onların səsi çox zəif, söylədikləri isə yumşaq tonda oldu. Ona görə yox ki, söylənənlərlə razılaşdılar. Ona görə ki, bu sözlərin arxasında ANS var.
Çox uzatmaq istəmirəm. İndi həm “Bazar səhəri Rövşanə ilə”, həm də “Xəbərçi”də səslənən fikirləri diqqətinizə çatdırıram.
Diqqətlə qulaq asın və kimin havasına oynadığınızı dəqiqləşdirməyə çalışın.

bugun.az           Asəf Quliyev
https://www.youtube.com/watch?v=JaRTvcakzvM

Комментариев нет:

Отправить комментарий