09.04.2014

GÜNEYLƏR SAXLAYIR QUZEYTƏK QARI

Əfrahim Hüseynli

İNDİ CAVABLARI ÖZÜNDƏN SORUŞ

Dağ-daş da bilsə də, barı sən demə;
"Nə qədər sadəlövh birisi vardı,
Göylər ulduzundan ayına qədər...
İlahi, nə gözəl yer üzü vardı."

Deməli, hər şeyin sonu var imiş,
Bu şaxta-sazaqlı yoldan savayı.
İşə bax, xəbərsiz yuxu olarmış
Bu ömrün-günün də hayı, harayı.


Günlər də, aylar da qıfılbənd oldu
Umu-küsülərin məngənəsində.
Neçə yaz arzu tək əlçatmaz oldu
Bu bəxtin, qismətin qış nəfəsində.

Günahlar üstünə günahlar gəldi,
Yuya da bilmədi sellənən yağış.
Günləri döndərdin sorğu-suala,-
İndi cavabları özündən soruş.

Hələ demirəm ki, xatirələrdə
Nə bir təsəlli var, nə güman yeri.
Səhvi, günahı da adıma yazdım,
Günahkar bilsə də, qəlb uman yeri.

Dağ-daş da bilsə də, barı sən demə;
"Nə qədər sadəlövh birisi vardı,
Göylər ulduzundan ayına qədər...
İlahi, nə gözəl yer üzü vardı."

GÜNEYLƏR SAXLAYIR QUZEYTƏK QARI

Deyirdim, İlahi, daha nə dərdim,-
Dostlarımın sayı ulduz qədərdi.
Nə bilək, dost varmış qəlbə qəhərdi...
Yalan sözlərə də inanan olduq.

Dostun şah olanı, çörəyi bildi,
Sarsılan ürəyi ürəyi bildi.
Bildi, sinəmizin göynəyi bildi,-
Hər səhər, hər axşam sınanan olduq.

Saldıq o doğruya, o haqqa meyli,-
Ayıra bilmədik bu düz, bu əyri...
İş işdən keçəndə daha nə xeyri,
Günahlar önündə oyanan olduq.

Dönüb - üşüyənə ocağa döndük,
Süküt bezdirənə qonağa döndük,
Yolu itirənə çırağa döndük,
Söz sözü çəkəndə qınanan olduq.

Güneylər saxlayır quzeytək qarı,
Yağır üstümüzə dərd yağışları...
Ayıldıb gördük ki, ömür-gün yarı,
Günlər tilsimində ha yanan olduq. 

Gəzdik yol uzunu dost deyə-deyə,-
Keçılməz sularda döndük körpüyə...
Əlimizdən tutdu keçə bilməyən,
Özümüz yollara boylanan olduq.

MƏNSİZ YAŞAMAĞI ÖYRƏDİM SƏNƏ

Bir az dinən daşın dilini öyrən,
Bir az göz yaşının sirrini öyrən,
Bir az da kədərin yerini öyrən,
Dərdi daşımağı öyrədim sənə.

Qaldı uzaqlarda, ünyetməzdə yaz,-
Qalan ömür-günü qar-sazağa yaz!
Yolların çovğunu, dumanında az,-
Qaya-dağ aşmağı öyrədim sənə.

Bir arzudan ötrü yollar seçimdə,
Ulduzlar yox olsun bulud köçündə.
Uzun gecələrdə güman içində
Azıb dolaşmağı öyrədim sənə.

Bu ömür yollara göz dikməkdisə,
Axırı arzudan əl çəkməkdisə,-
Beləcə yaşamaq bir küsməkdisə,
Bəlkə barışmağı öyrədim sənə.

Çox şeyi demədik, qaldı gizlicə,
Yollar uzaq düşdü buz əriyincə.
Gedim uzaqlara, gedim bir gecə,
Mənsiz yaşamağı öyrədim sənə.

Комментариев нет:

Отправить комментарий