15.04.2014

Nurçulara qarşı mübarizə nurçulara xidmət edir

Bu gün Göyçayda həbs edilmiş və nurçu olduğu iddia edilən şəxslər Gülən hərəkatına qarşı və Ərdoğana yaxınlığı ilə bilinən Sunqurlar hərəkatı mənsublarıdır.
Bu barədə “Axar.az”a daxil olan məlumat əsasında xırdaca bir araşdırma apardıq.
Polis “nurçu” adı ilə Gülənin düşmənlərini həbs edir. Göyçay rayon polis idarəsinin yaydığı məlumatda göstərilirdi ki, Ucar rayonunda Azərbaycan və Türkiyə vətəndaşlarından ibarət 60-70 nəfərlik qrupun olduğu evə basqın edilib.
Həmin evə toplaşan şəxslərin olduqca nüfuzlu və ağsaqall nurçu olduğu iddia edilən Türkiyə vətəndaşı “Fırıncı abi” ləqəbli Güləc Mehmet Nurinin kimliyini araşdırdıq.

Beləliklə, həm “Fırıncı abi”nin, həm də digər Türkiyə vətəndaşları olan Qoçoğlu Himmət Uyar Qadir, Uyar Mustafa Kamal, Qaragözoğlu Nurəddin, Ömər Güzəddəmirçinin Gülən düşməni olmasını aşkarladıq.
“Fırıncı abi” ləqəbli Güləc Mehmet Nuri adlı şəxsin təbliği üçün açılmış azarkeş səhifəsindən də (“fan page”) göründüyü kimi, həmin şəxslər Gülənin Səid Nursi düşüncələrinə xəyanət etdiyi fikrində olan adamlardır və Sunqurlar hərəkatı kimi tanınır (Həmin Feysbuk səhifəsinin linki: https://www.facebook.com/firinciagabey)
Xatırladaq ki, Azərbaycan polisinin 11 aprel tarixində Yasamalda keçirdiyi və 41 şəxsin saxlanılması, 2 nəfərin həbsi ilə nəticələnən əməliyyatda da Fətullah Gülənə rəqib olan sunqurçular hədəfə alınmışdı.
Sunqurçular kimdir? 1929-cu ildə Türkiyənin Eflani bölgəsində dünyaya gələn Mustafa Sunqur Kastamonu Gölköy İnstitutunda müəllimlik ixtisasına yiyələnib və bir müddət dərs deyib. Daha sonra Səid Nursi ilə tanış olan M.Sunqur onun ən yaxın köməkçisi və silahdaşı olub. Səid Nursinin öldüyü günə qədər (S.Nursi 1960-cı ildə dünyadan köçüb – K.R.) Mustafa Sunqur onun ən yaxın köməkçisi olub və hərəkata xidmət edib. Səid Nursinin ölümündən sonra “nur tələbələri” arasında baş verən bölünmədən sonra Mustafa Sunqurun rəhbərlik etdiyi “Sözlər” qrupu yaranıb. Ayrıca bir camaat kimi formalaşan “Sözlər” qrupu eyni zamanda “Mustafa Sunqur camaatı” və ya sadəcə “sunqurçular” kimi də tanınır. Mustafa Sunqur bir neçə dəfə Azərbaycana da gəlib. Paytaxt Bakıda olub və şimal bölgələrinə səfər edib. Mustafa Sunqurun Bakıda, eləcə də Azərbaycanın bəzi şimal bölgələrində tərəfdarlarının olduğu haqda məlumatlar daha əvvəl də mediada yayılıb. Sunqurçular daha çox evlərdə toplaşır, bəzi məlumatlara görə, əsasən Səid Nursinin əsərlərini- “Risaleyi Nur” oxuyur, birgə ibadətlər təşkil edirlər. Mustafa Sunqur 2012-ci il dekabrın 1-də İstanbulda vəfat edib.
Maraqlıdır, görəsən polislərimiz bilməyərək belə bir səhvə yol veriblər, yoxsa Türkiyədəki kimi Azərbaycan polis sisteminin içərisində də Gülənə xidmət edən və xidməti tapşırıqları öz təriqət maraqlarına uyğun həyata keçirən insanlar var?
Araşdırmanı davam etdirməyə çalışacağıq.

axar.az

Комментариев нет:

Отправить комментарий