02.06.2015

Rizvan Şıxızadə - Sənin şəklin

Səni itirməkdən qorxurdum yaman,
Mən nədən qorxuram başıma gəlir.
Yenə düşünürəm səni hər zaman,
Dərdini çəkməkdə xoşuma gəlir.

Sən getdin mənimlə qaldi xəyalın,
Elə bil bu dünya boşdur mənimçün.
Demirəm şirindir təkcə vüsalın,
Sənin həsrətində xoşdur mənimçün.

Düzü istəmişəm unudum səni,
Amma ki nə fayda bacarmamışam,
Demişəm unudum ötən keçəni,
Yenədə bir qayda bacarmamışam.


Səni unutmaqçün nələr etmişəm,
Cırmışam büs-bütün məktublarını,
Evimdə xatirən qalmasın deyə,
Külə döndərmişəm albomlarını.

Cəmi bir şəklin var dəymirəm ona,
Özüdə asmışam öz otağımda.
Sənin nişanəndi qıymıram ona,
Elə bil özünsən göz qabağımda.

Yatanda işığı söndürmürəm ki,
Qaranlıq çökməsin gülər üzünə.
Hara boylanıram, hara baxıram,
Gözlərim sataşır sənin gözünə.

Səndən çox sevirəm indi bu şəkli,
Bu şəklin ayrılıb getməyi yoxdur.
Səndən vəfalıdır bu cansız şəkil,
Onda səadətin bitməyi yoxdur.

Bir dəfə o şəklə baxmağım yetər,
Xəzan ürəyimi bahar, yaz ala,
O dəm uzaqlaşa üzümdən kədər,
Sevincim çoxala dərdim azala.

Bu dərdlə şəklinə çox baxmaram mən,
Vəsiyyət edərəm axır nəfəsdə,
Qara torpağdada darıxmaram mən,
Bu şəklin olarsa məzarım üstə...

Комментариев нет:

Отправить комментарий