03.01.2017

Müharibədə lunatiklik

Ramin Qardaşxanov

1994-cü ilin aprel ayı idi. Tərtərin Qızıloba kəndində ermənilərlə 400 metr üz-üzə dayanmışdıq. Bütün günü mövqe döyüşlərindən sonra yorğun-arğın hərəmiz bir tərəfdə uzanıb dincəlirdik. Mən də öz BMP-mizin yanında ekipajla uzanıb dincəlirdim. Avtomatı yanıma qoymuşdum, üstündə də 2 ədəd f-1 qumbarası və dostumun bağışladığı bıcaq var idi.
Uzandığım yadımdadır, amma onda ayıldım ki, yol gedirəm. Hara gedirəm, özüm də bilmirdim. Bilirdim ki gedirəm, amma ayıla bilmirdim. Yalan olmasın, bəlkə 500 metrdə getdim, birdən üşütmə tutub ayıldım.
Özümdən bir ixtiyar "Vay üşüdüm" deyib yerimdə fırlandım. Ayıldım ki, tanımadığım yerdəyəm. 500 metr yuxulu-yuxulu getdiyimi bilirdim, amma ayıla bilmirdim. Allah bilir hələ nə nəqər belə vəziyyətdə gəlmişəm. 1 kilometr, 2 kilometr- Allah bilir.
Çaşıb qaldım, yerimdə fırlandığım üçün gəldiyim səmti də itirdim. Hər tərəf üzümlük, kol-kosluq idi. Uzaqdan hərdən güllə səsləri gəlirdi, amma səmti təyin eləyə bilmirdim ki, bizimkilər hansıdır, ermənilər hansıdır. Oturdum aşağıya, səmt tapa bilmirdim ki ha tərəfə gedim. Hava elə qaranlıq idi ki bir metrdən ayağın altı görünmirdi.
Xeyləm oturdum kolluqların içində. Heç bilmirdim saat neçədir: gecə 1, ya 2, ya 3... Yavaş-yavaş gəldiyim yola çıxdım. Qumbara f-1-i əlimdə hazır saxlamışdım ki, ermənilərlə üzbəüz çıxsam, atım. Avtomat yanımda yox idi, təkçə bıçaq və iki f-1 qumbarası vardı.
Hara getdiyimi bilmirdim, amma yolu tutub gedirdim ki, axırı bir yerə gedib çıxım. Gündüzü gözləyə bilməzdim, bilmək olmazdı kimin tərəfindəyəm. Yalan olmasın bəlkə də 1 kilometr yolun qırağıyla getdim. Çox qəribədir ki, heç kim gözə dəymirdi. Bilirdəm ki ermənilərdə də 1-ci və 2-ci müdafiə xətti var.
Artıq atışma istiqamətinə 400-500 metr qalmış yoldan çıxıb girdim üzümlüyə. Xeyləm oturub gözlədim, onda eşitdim ki, biri deyir sağdan gəl, sağdan gəl. Kim idisə yoldaşını çağırırdı. Bildim ki biz tərəfdəyəm. Asta-asta, yenə də ehtiyyatı əldən verməyib, sürünə-sürünə, otura-otura gəlib çıxdım bizim xəndəklərə. Gördüm tanımadığım uşaqlardır. Dedim, uşaqlar, BMP-lər harda dayanıb, dedilər 200-300 metr qabaqda. Axırı gəlib çıxdım öz uşaqlarımızın yanına.
Bəxtiyar adlı oğlan var idi, mexanik, sürücü, məni görən kimi dedi, Famı, hardaydın 3 saatdan çox? Əvvəl heç nə demədim, dedim uşaqların yanında oturmuşdum. Demək istəmədim, dedim bəlkə inanmayalar. Səhərə yaxın dedim, Bəxti, başıma belə iş gəlib, hara getdiyimi özüm də bilməmişəm. Bəxtiyar mənə dedi ki, Famil, sən yatmışdın, birdən durub oturdun, sonra qalxıb yola çıxıb itdin. Yanımızdakı uşaqlardan kimi inandı, kimi inanmadı, kimi güldü, kimi məsxərəyə qoydu ki, ay Famil, day bəsdir də bizə gəlmə. And aman elədim ki, vallahi-billahi doğru deyirəm.
Səhər açılanda, rayonda əmimgilin qonşusu oğlan var idi pexotada, yanımıza gəldi, qayıtdı ki, əmioğlu, axşam hara gedirdin, səni ha səslədim, cavab vermədin, bircə dedin ki indi gəlirəm. Uşaqlar buna dedi ki, Famil, axşam lunatiklik edib, yaxşı ki ermənilər tərəfə keçməyib.
Bax belə bir iş gəlib başıma. İndi istəyirsiniz inanın, istəyirsiniz inanmayın.

Комментариев нет:

Отправить комментарий