03.06.2021

Cənnətüzlüm

Həsən Lütfi Novruzlu

Bir baxımsız zəmi tənhalığı var qəlbimdə,
Yolçusuz bir gəmi tənhalığı var qəlbimdə.

Yanğılandıqca kədər, mum kimi qəlbim əriyir,
Başıma göylər uçur, üstümə dağlar yeriyir.

Gizlənib köksümün içrə elə bir tutqun ürək,
Yuvasız quş təki darğın, sonasız göl kimi tək.

Bəxtimin kükrəsə əflakə tərəf köhlən atı,
Nal sədasıyla göyün çınlasa gər yeddi qatı.

Yığılıb dövrəmə ulduzlar əgər çəksə halay,
Hayıma versələr aylarca alaylarca haray.

Al qumaşlı günəşin qoynuna girsəm, yatsam,
Gecələr əldə ayı almatək atsam, tutsam.

Badələr sunsa irəmlərdə sənəmlər gül-gül,
Desələr bizlə mey iç, qayna, qarış, oyna, de, gül.

Cənnətüzlüm, yenə qəlbimdəki boşluq dolmaz,
Sən gərəksən mənə, sənsiz könül aram olmaz.

Комментариев нет:

Отправить комментарий