Страницы

08.12.2010

Böyük ari insan

İbrahim Sel

 Tədqiqatçı alim, tarixşünas soydaşımız, fenomenial şəxsiyyət Rəşid Əsgərovun bəxti gətirmədi. O da lazım olan anda lazım olan bölgədə doğulmadı. Belə bir fövqəladə istedada, geniş elmi erudisiyaya malik adamın kim olmasının dar dairədə başa düşülməsi, misilsiz tədqiqatlarının məhdud kütləvi informasiya orqanlarından kənara çıxmaması onu göstərir ki, indi doğrudan da, məmləkətimizdə elmə, sənətə qiymət qoyulmur, boz makulaturaya daha çox üstünlük verilir. Odur ki, belə dəyərli adamları Azərbaycanda daha yaxşı tanıtmağa böyük ehtiyac vardır.
 Rəşid müəllimin elmi tədqiqatları Sovet vaxtında bir çox elmi müəssisələrin, tarix institutlarının diqqət mərkəzində idi. O, öz fəaliyyətində girdirmə Azərbaycan alimlərinin verdiyi istiqamətə güvənmir, Vatikan, Sankt-Peterburq şəhərlərinin arxivlərində yer tapmış mənbələrə, qədim mətnlərə əsaslanır, o cümlədən Quru dərə, Həməşərə, Muqan, Əlikömək, Boqrəvan, Mişar çay, Xılı kimi batmış qədim şəhər yerlərini şəxsən gəzərək, arxeoloji tədqiqatlar apararaq dəyərli məlumatlar, maddi-mədəniyyət nümunələri olan əşyalar üzə çıxarırdı. 
 Nəticədə 30 ilin gərgin əməyinin bəhrəsi olan “Azərbaycanın qədim və orta əsr tarixinə dair tədqiqatlar” kitabı ərsəyə gəldi. Kitabın yazılmasında saysız-hesabsız mənbələrdən istifadə edilmiş, gah qərb alimlərinə, gah şərq müdriklərinə müraciət edilmiş, muğluğun, atəşpərəstliyin dərinliklərinə varılmışdır. Təkcə son səhifədəki istifadə olunan ədəbiyyatın siyahısına nəzər yetirmək kifayətdir: Marian Belitskiy, “Şumerı. Zabıtıy mir” (Moskva- 1989); Zenon Kosidskiy, “Bibliyskie skazanie” (Moskva- 1969); Heredotun “Tarix” əsəri; “İstoriya Drevnoqo Mira” (Moskva- 1988); İ.M.Dyakonov, “İstoriya Midii” (Moskva-Leninqrad- 1950); “Vsemirnaya istoriya” (Moskva- 1955); E.H.Doroşenko, “Zaroostirizm v İrane” (Moskva- 1982); Riçard Fray, “Nasledie İrana”, (Moskva- 1977); V.Xins, “Qosudarstvo Elam” (Moskva- 1977); Abdulla Fazili, “Atropatena” (Bakı-1992); “Riqveda” (Moskva- 1989); “Sivilizasii mira” (Moskva, 1989); “Atxarvaveda”, (Moskva, 1989); Antonova K.A., Bonqard-Levin Q.M., Kotovskiy Q.Q., “İstoriya İndii” və s. və i. Onu da deyək ki indi bizdə modda olan yalançı türkçülər bu kitabla maraqlanmasalar yaxşıdır, çünki orda onlarçün maraqlı heç nə tapmayacaqlar. Bu kitab hind ariçilik- Ali Həqiqət üzərində yazılmış bir kitabdır. Rəşid müəllim burada Azərbaycan sferası üçün yeni nüanslar, gözlənilməz məqamlar üzə çıxarır. Riqveda qatları, Haoma içkisi, saxsı qab üstündə qəlyan təsvirləri, itib-batmış mistik Muğan şəhərinin kosmogenetikası adamı ovsunladır. Əsəri oxuyarkən sanki sehrli dünyaya düşürsən, nağıllar aləminə səyahət edirsən. 
 Vaxtilə Sovet tarixşünaslığında avtoritet söz sahibi olan ünlü alimlər Rəşid Əsgərov tədqiqatlarının qısa xarakteristikasını verərək onu yüksək qiymətləndirmişlər. İndi də tarix fakultələrinin tələbələri onun araşdırmalarına ehtiyac duyurlar, aspirantlar yararlanırlar. Rəşid müəllimin tədqiqatlar əsasında dissertasiyalar yazılır, elmi işlər hazırlanır. Azərbaycan tarixşünaslığında bu profildə tədqiqat əsəri demək olar ki yoxdur.
 Kitab ilə tanışlıq göstərir ki, müəllif Qərb və Şərq tarixşünaslığını gözəl mənimsəmiş, böyük mənəvi xəzinəyə sahiblik etmiş və qarşısına ciddi elmi əsər yazmaq məqsədini qoyaraq əzmlə çalışmışdır. Bir az bəlkə də mübaliğəli çıxar, amma deyə bilərik ki, Lütfizadə dəqiq elmlər sahəsində Azərbaycanı bütün dünyada necə şöhrətləndirmişsə, Rəşid Əsgərov da tarixçilik sahəsində yetişmiş geniş miqyaslı bir alim kimi vətənimizin başını uca etmişdir. Çünki onun əsərlərində Azərbaycan bəşəriyyətin ilk sivilizasiya beşiyi kimi görülür. Rəşid müəllimin tədqiqatları Azərbaycan tarixinin indiyə qədər işlənməmiş sahələrini əhatə edir. Bu sahələr tədqiq edildikcə tariximizin qaranlıq səhifələrinə işıq saçır. Həmin tədqiqatlarda muq və muqanlılar, zərdüştlük haqqında bizə məlum olmayan, atəşpərəstliyin məhz Azərbaycanda nəşət etməsini sübutlandıran tarixi faktlar aşkarlanır.
 Qədim tarixçilərin məlumatlarından görünür ki, muqlar Azərbaycanda Muğanın geniş ərazilərində yaşamışlar. Zərdüştlük bu ərazilərdən nəşət etmiş, bütün Şərqə, həm də qədim dünyanın mədəniyyət mərkəzi olan Yunanıstana qədər gedib çıxmışdır. Ona görə də Azərbaycanı muqsuz, Muğansız tədqiq etmək xalqımızın qədimindən xəbər verən və onun formalaşmasında mühüm rol oynayan böyük bir tarixi dövrdən məhrum etməkdir. Rəşid müəllim deyir: “Muqan torpaqları altında xalqımızın ilkini yaşayır, atəşpərəstliyi uyuyur. Zərdüşt ruhu gəzir. Muqanın dağlarını, meşəliklərini gəzdikcə elə bil Heredotun muqlar haqqında, atəşpərslik barədə söylədiyi “Tarix” kitabını vərəqləyirsən, qəribə bənzəyişin şahidi olursan”.
 Dediyimiz kimi, Rəşid müəllimin tədqiqatlarında tarixşünaslıq üçün yeni səhifələr, eləcə də Azərbaycan üçün qeyri-adi olan məsələlər saysız-hesabsızdır  və biz onların hamısını əhatə etməyi qarşımıza məqsəd qoymamışıq. Rəşid müəllim dəyərli alim olmaqla yanaşı, həm də yüksək intellektual səviyyəyə, insani dəyərlərə malik gözəl bir şəxsiyyət idi. Uzun illər müxtəlif vəzifələrdə çalışmış bu cəfakeş insan haqda yaşıdları da qeyd edirlər ki, həmişə elmin estetik ideallarını cəmiyyətin sosial-siyasi prinsiplərindən, tarixi-ideoloji konsepsiyalardan, dialektik və eyni zamanda metafizik baxışlardan daha yüksəkdə tutmuşdur. Ümumiyyətlə, ziyalının şəxsiyyəti yaradıcılıq idealı və həyat prinsipləri ilə tamamlandıqda, onda ARİLİK yaranır, məfkurəsi ictimai-siyası, sosial-iqtisadi proseslərdən yüksəkdə dayanaraq tam azadlıq qazanır. Elmi məntiq bədii fəhm və daxili duyum ilə birləşdikdə pafosçuluğu cilovlayır, yerini ali həqiqətə verərək bütünləşir. Obyektivliyi bir kənara qoyaraq axına qoşulmaq, yeniliklərin meydana çıxmasına şərait yaratmaq əvəzinə proseslərin və fərdlərin arxasınca sürünmək isə yalnız müəyyən bir müddət üçündür. Bu gün onlarla “görkəmli” tarixçi-alim xatırlamaq olar ki, onların “xidmət”ləri bitən kimi elmi aktuallıqları da bitmişdir.
 Rəşid müəllim kitabında verdiyi misilsiz informasiyanı nəhəng tarixi irs üzərində düşüncə və təhlillərlə davam etdirir. Müəllif türkçülük və hind-ari yönümləri ilə ilgili məsələləri paralel şəkildə analiz edərək azərbaycanlıların mənşəyi və inkişafı barədə öz nəzəriyyəsini irəli sürür. Bu nəzəriyyə bəzi türkçülər tərəfindən birmənalı qarşılanmasa da, vahid dünya tarixi və mədəniyyəti baxımından təkzibolunmazdır. 
 Hiss olunur ki, Rəşad müəllim cəfəngiyyatdan uzaq qaçır, lakonikliyə, konkretliyə meyl edir. Dərin informativ bazaya, analitik təfəkkürə malik tədqiqatçı öz yazılarına çox ciddi yanaşar. Oxu zamanı duyulur ki, hətta kiçik həcmli bir məqaləni yazmaq üçün belə böyük daxili enerji, vaxt, araşdırma əzmi lazım olmuş, hətta bəzən maddi vəsait sərf edilmişdir. Rəşid müəllim indiki xaotik dövranında nadir üslübda işləyən, çox oxuyub az yazan tədqiqatçılardandır. Bəlkə də oxuduqlarının heç 3 faizini qələmə almayıb. Hər səhifədən bunu duymaq olur. Onu tanıyan həmyaşıd yazarlar, tarixçi alimlər də dediklərimi təsdiqləyərlər. Təsadüfi deyildir ki, Qasid Nağıloğu onu “Azərbaycanın Heredotu”, Böyükxan Bağırlı isə “Yeriyən ensiklopediya” adlandırmışdır. 
 Böyük xoşbəxtlikdir ki, mən də daxil olmaqla yazar dostlarımın bir çoxu Rəşid müəllimi şəxsən tanımışıq. Yaşda bizdən böyük, ağsaqqal olmasına baxmayaraq, bizimlə dost kimi davranırdı. Əsl sovet ziyalısının aurasını özündə yaşadırdı. Əlbəttə, belə dahi insanın xidmətləri barəsində kiçik bir yazıda geniş danışmaq da mümkün deyildir. Və Rəşid müəllimin bilik potensialı, fikir üfüqlərinin genişliyi ilə müqayisədə yaradıcılığı az nəzərə çarpır. Mətbuat səhifələrinə az-az-az çıxırdı, ancaq öz sahəsinə dair yazılar yazırdı. Bu adam ömrünün əsas hissəsini tədqiqatlara sərf edirdi. Əlinə  vaxt əlinə qələm alırdı ki, deməyə ortada həqiqət olsun. Uzunmüddətli mütaliə və araşdırmaların məhsulu olan hər bir elmi yazısı rezonansa səbəb olurdu.
 Orasını xüsusilə qeyd etmək yerinə düşərdi ki, müasir tarixşünaslıq Rəşid Əsgərovun tədqiqatları ilə boldur və o da həqiqətdir ki əsərlərindən istifadə etmiş, təsirlənmiş, bəzən isə kopyalayaraq öz adından vermiş müəlliflər onun adının üstündən sükutla keçmişlər.

Комментариев нет:

Отправить комментарий