Страницы

10.02.2011

CAVİDANNAMƏ və yaxud YAĞIŞ HAVASI

Bəxtiyar Hidayət 
 
Burda indi yağışlar mövsümüdü, birdənəm,
Bir sözə bəndəm,
-ağlayacam…
                               
Cavidan

Xatırlayırsınızsa hər dəfə ağzını Azərbaycanla açıb ümummilli liderlə qapayan, barmaqlarının 80 faizində üzük olan və bununla da əlimizdə qalan torpaqların qorunmasının vacib olduğunu bildirən xalq artisti İlhamə belə bir cümlə işlətmişdi-Mənim heç kupalnikim də olmayıb. Guya pozğunluqmuş kupalniki olmaq.

Və ümumiyyətlə bu xarabada əxlaq yanız qadında axtarılır-sanki kişinin əxlaqa zada dəxli yoxdu.


Ilhaməkimilər də özlərini ən əxlaqlı adam kimi cəmiyyətə sırıyıllar.

Indi belə bir cəmiyyətdə birdən-birə bir əyalət qadını , üç uşaq anası “striptiz” şeiri yazsın. Onu İlhaməkimilər necə qarşılar? Onu ağsaqqal-qarasaqqal necə qarşılayar? Halbu ki o ağsaqqal-qarasaqqal da o xalq artisti də bu rejimin davam etməsi üçün hər cür siyasi əxlaqsızliqlara baş vurullar.

Həə o şeirin müəllifindən yazmaq istəyirəm. O Cavidan xanımdı. əvvəlcə gəlin görək hansı mühitdə yaşayır Cavidan? Onun yaşadığı mühitə qızın oxuması əxlaqsızliq sayılır. Hələ də məhərrəmlikdə sinə döyülür, şəbih çıxarılır. Insanlar yüz alimə yox bir falçıya daha çox inanır. Qadınların işi-gücü təsərrrüfat və seriallardır ki onlar da serial qəhrəmanları barədə falçılıq edirlər. Onların taleyi barədə proqnozlar verillər.
Cavidan elə onların faciələrini yazır. Və bu barədə yazılanlardan tamam fərqli yazılar. Çünki Cavidan uzaqdan uzağa yazmır-özü öz qəhrəmanlarının yanındadı. Həmçinin məsələyə tamam ayrı rakursdan baxır-o heç də qadın hüquqları deyə haray çəkmir-o göstərir ki hələ qadın hüquqlarından öncə qız hüquqlarından danışmaq lazımdı. Öz qohumları tərəfindən “oğurlanib” tezcə də arvad edilən məktəb yaşlı qızların taleyindən yazir o. 14 yaşda qarnı burnunda olan qızların taleyidi onu narahat edən. O haray-çəkir-hərəyə bir ağac əkək deyənlərə üz tutur-hərəyə bir balamızı xilas edək deyir.
Mən onun çay qırağına atılmış uşaq haqda yazısını oxuyandan sonra bir müddət özümə gələ bilmədim. Axı o uşaq səsini necə oldu ki hamı cin səsi zənn etdi də qorxusundan heç kim ora yaxın gedə bilmədi? Belə çıxır ki biz “Xirs quldurbasan” əyyamından da geridəyik-yenə orda ayını, meymunu cinn zənn edirdi camaat-indi uşaq səsini də cin səsi zənn edirik. Bundan böyük faciə varmı? Qarabağ faciəsindən daha böyük faciədi “Cin faciəsi”
Cavidanın böyüklüyü ondadır ki bu faciələrə gətirən səbəbləri açıqlayır- sən demə nağıllarımız, uşaq şeirlərimiz imiş əsas təqsirkar.
O andıraqalmış nağılarımızda qızın ər yaşı elə 14-15 dir. Bircə nağıl göstərə bilərsinizmi ki desinlər qız çatmışdı 18 yaşına. Indi də buyur-nağılarımıza qayıdırıq. Və 18 yaşınacan bu zavallılar iki dəfə ana olur və bir neçə dəfə də abort etdirir.
Və abort demiş-Cavidanın bu cümləsinə fikir verin- Azından 60 manat ola biləcək abortdan can qurtarmaq üçün bu qadınlar özləri özlərini təpiklədəcəklər ərlərinə artıq, təki borca düşüb evdəki qalan balalarını ac qoymasınlar.
Əzizim, bundan ağır necə yazmaq olar? Bu cümlənin çəkisi AYB ağırliqdadı. Orda bir nəfər varmı bu cəsarətdə , bu ürəkdə?
Özgə necə yazsın Cavidan-bu xarabada vaxtilə Məhəmmədhəsən əmi Kərbəlaya ismarıc göndərirdi-indi də adı bir boşanmadan ötrü avam qadınlar Ət ağaya ərizə yazır.
Bu xarabada varli şəxslər məhərrəmlikdə bütün ölülərini adını çəkdirir-sanki meyxanaçılar sms istəyirmişlər kimi.
Bəlkə özümün də əyalətdə yaşadığımdandır ki Cavidan mənə bu qədər yaxın gəlir, doğma gəlir. Türkçülükdən danışanda ağızlarına çullu dovşan sığmayanlardan nə qədər də üstündü türkün də talişin da , ləzginin də faciəsini cəsarətlə açıb göstərən bu taliş balası.
Bir dəfə facebbok-da Nuridə Atəşiyə sual verim ki bəs Almaniyada siyasi mühacir həyatı necədi-daim amazonluqdan dəm vuran bu xanım –mənim bu işlərdən anladığım yox-dedi və bir daha salamımı almadı. Almaniyada otura-otura Azərbaycan iqtidarından qorxdu. Özü də amazonluqdan dəm vurur.
Amma Cavidan- o indi alah bilir hansı təhlükələrlə öz-özədi. Amma vecinə də deyil-həqiqətləri işıqlandırır . Elə bizim qaramat mühitimiz də bu həqiqətin işığı ilə işıqlanacaq.
Bax “Striptiz” şeiri yazan xanımın əxaqına indi. Və bax millətə tərbiyə dərsi keçənlərin əxlaqına. Onsuz da seçkilər yaxınlaşır və sən görəcəksən o türkçülükdən bar-bar bar-barcasına bağıranların əxlaqını. Hakimiyyətin seçki şölənlərində göbək oynadacaqlar-arvadli-kişili.
Bir az do qəhrəmanımızın şeirlərindən danışaq.
“sevmək yerə vaxtsız su basqını gətirməkmi
-damla-damla”
Nə qədər gözəl bir deyim. Bu ağlamaq bizim poeziyamızdaki ağlaşma janrında deyil. Bu səmimi ağlamaqdı.
Və yaxud “mən səninçün etdiklərimə
-sən mənimçün etmədiklərinə görə utanacağıq yaman”
Həə, Cavidan amma sən bu qaramat mühit üçün etdiklərinə görə heç vaxt utanmayacaqsan-amma bu mühit sənə etdiyinə görə nə vaxrsa utanacaq.
“mən Azərbaycan yazarıyam
-20 faizimi yadlar ayaqlamada
-80 faizimi yad olmayanlar”
Görəsən bundan gözəl necə yazmaq olar? Bu gül-bülbül janrı deyil ee-bu sosial həyatın poeziyaya gətirilməsidi.
Cavidan, Sevinc, Sima, Nərmin, Günel, Jalə – bu kimi qadın yazarlara biz çox borcluyuq. Onlara qədər yalnız bir-iki şeirimiz vardı ki bilirdin bunu qadın yazıb. Bir növ qadın yazarlarımızı sevgi şeirləri də elə qadına sevgi üstə köklənmişdi ki bu da məncə lebiyankaliqdı. Və bu qadın yazarlar əslində nə qədər açıq-saçıq yazsalar da ədəbiyyatımızı lezbiyankaliqdan qurtarmış oldular.
Və Cavidan onların hamısından fərqlidi-həyatı ilə də yazısı ilə də . mən deyərdim dəyanəti ilə də. O cür mühitdə yaşayıb o cür yazmaq həqiqətən böyük dəyanətdi. Ümumiyyyətlə bizim nəsildə bəlkə də ən dəyanətli yazardı Cavidan.
Sonda onu da deyim ki bizim qəhrəmanımızın yazılarında sanki bir yağış havası var. Cavidan bu mühitə qarşı, bu rejimə qarşı, bu mentalitetə qarşı qəzəbində şimşək kimidir- bəlkə də ondandır ki yazılarında bir yağış havası var.



                                                                                                  cavidanxalilova.wordpress.com

Комментариев нет:

Отправить комментарий