Страницы

24.07.2011

Allahla söhbət…


Mirzə Sakit
Ötən bir ili dünyanın ən gözəl şəhərlərindən biri olan Hamburq şəhərində keçirdim. Məni şəhərin mərkəzindəki dəbdəbəli binaların birində, dördüncü mərtəbədə iki otaqlı mənzillə təmin etmişdilər. Evdə rahat yaşamaq üçün bütün lazımi şərait yaradılmışdı. Əlimi nəyə atırdımsa lap nağıllarda olduğu kimi boşa çıxmırdı. Heç bir şeyə ehtiyacım yox idi. Geniş mətbəx, yataq otağı, bir sözlə, insana lazım olan hər bir avadanlıqla təchiz olunmuş şəraitim var idi. Sağ olsun xanım Martinanı. Ən xoşuma gələn şey isə gecələr eyvanda oturmaq idi. Hərdən bilgisayarı söndürüb eyvana keçərdim. Üzbəüz binalarda yaşayanlar gecələr çox vaxt öz eyvanlarında oturub sevişməkləri ilə məşğul idilər.
Bir gecə yenə adəti üzrə eyvandakı masanın üstündə bir şam yandırdım, dəftərimi qarşıma qoyub alman pivəsi “Holsten”dən içə-içə yazımı yazmağa başladım. Qəlyanım da külqabının içində tüstülənirdi. Hərdən boylanıb qarşı tərəfdəki evdə rəsm çəkən rəssam qadına baxırdım. Onun pəncərəsi pərdəsiz olduğundan, evinin içi tam aydınlığı ilə görünürdü. Bir əlində tutduğu fırça ilə divara söykədiyi tabloya nəsə çəkirdi. Arabir də o biri əlindəki siqaretini sümürürdü. Hərdən geri çəkilib çəkdiyi rəsmi diqqətlə süzür və başını sağa-sola əyirdi. Bəzən də mənə tərəf baxıb gülümsəyirdi. Hər ikimiz öz aləmimizdə idik.
Bu an qəfildən başım gicəlləndi, ürəyim bərkdən döyünməyə başladı. Bir neçə saniyədən sonra isə gözlərim demək olar ki, tam tutuldu. Bir anlıq sanki qəbirdəyəmmiş kimi hər yer zülmətə qərq oldu. Lakin bu da çox uzun sürmədi. Yavaş-yavaş özümə gəlməyə başladım və gözlərimə işıq gəldi. Gözlərimin görməsi tam bərpa olunduqdan sonra mənimlə eyni masada üzbəüz bir nəfərin əyləşdiyini gördüm. Bütün ömrüm boyu belə nurlu kəsə rast gəlməmişdim. Ona baxdıqca bütün ağrılarım bədənimdən çıxırdı. Əvvəl elə bildim məni yuxu basır və həmin kəsi yuxuda görürəm. Ətrafa boylandım. Hər şey əvvəlki görkəmində idi. Rəssam da rəsmini çəkməkdə davam edirdi.
Birdən qarşımdakı kəs əlini yarı yuxarı qaldırdı. O əlini qaldırdıqca əlindən göy qurşağına oxşar bir sel axırdı. Həmin anda özümdən asılı olmayaraq, xəyalımda cənnət canlandı. Və nəhayət ki, mənim kilidlənmiş dilim açıldı.
- Sən kimsən – deyə soruşdum.
O, şəfqətlə mənə xeyli baxdıqdan sonra dedi:
- Mən Allah–Təalayam dedi.
Dərhal cəld hərəkətlə ayağa qalxıb Ona təzim etmək istədim. O isə əlinin hərəkəti ilə mənə “otur” işarəsi verdi və dedi:
- Mən bütün yaratdığım bəndələrimin əyilməsinin tərəfdarı deyiləm. Mən bütün bəşəriyyətin əşrəfi olan insanlara ona görə şüur vermədim ki, onlar əyilməyin həsrətində olsunlar. Ona görə şüur verdim və ona görə iki ayaqlı dik yeriməyi onlara həvalə etdim ki, dördayaqlı, başıaşağı heyvanlardan seçilsinlər.
Dedim, Ya Rəbbim, yol gəlmisən, bir mürəbbəli çayla aran necədir?
Dedi, ey binəva, qarşında əyləşən Siyavuş Novruzov deyil eee, Allahdır.
Dedim, yaxşı quzu ətindən pörtləmə bişirmişəm, bir qab çəkim təam et.
Dedi, mən sənin üçün Oqtay Əsədov deyiləm ha, əlimə keçəni basmarlayıb yeyəm.
Dedim, rahatlanmaq istəyirsənsə, keç hamamda bir duş qəbul et, həm də paklan.
Dedi, mən “ulu öndər” deyiləm ki, paklanmağa ehtiyacım olsun. Mən yaranmışdan əbədiyyətə qədər pakam.
Dedim, İlahi, hansı musiqidən zövq alırsansa, haman səsləndirim.
Dedi, ərəbin səsindən başqa nə istəsən.
Zirəkliklə qalxıb Vladimir Vısotskinin diskini birləşdirdim.
Dedim, ey nəslimizin yiyəsi, Sən Almaniyada hər gün olursanmı?
Dedi, mən hər saniyə bütün ədalətli məkanlardayam.
Bu vaxt ağlıma belə bir fikir gəldi ki, Rəbbimdən öz vətənimiz olan doğma Azərbaycanımız haqqında bir neçə söz soruşum. Milyardlarla yaranmışlara qismət olmayan bu xoşbəxlik mənə nəsib olmuşdu. Elə bu fikirlə də fürsəti fövtə verməyib suallarımı verməyə başladım. Onsuz da O, mənim ürəyimdən keçənləri duyurdu. Çünki O, hər şeyi biləndir və mərhəmətlidir. Sanki məni dinləməyə hazırmış kimi dayandı. Birinci sualım bu oldu:
- Ey yerin–göyün, bütün kainatın sahibi, olarmı Səninlə bir neçə kəlmə söz şərəfinə nail olmaq? Siz nədən Azərbaycandan uzaqlaşmısınız, Ya Rəbbim?
O, öz nurlu simasını masanın üstünə zilləyib, sualıma sualla cavab verdi:
- Mənim mehriban bəndəm, de görüm, qarşındakı o şüşənin içindəki nədir?
Qorxa-qorxa dedim:
- Uca Tanrım, keç günahımdan, bir nəybətlikdi eləmişəm, bu içdiyim və ən çox xoşladığım alman pivəsidir.
O dedi:
- Heç bir günah işlətmirsən, nuşi-canın və halal xoşun olsun. Qoy halallığı təsdiqləmək üçün əlimi də vurum. De görüm, o pivəni içərkən onun içində nə olduğunu dərk edirsənmi?
- Əlbəttə, Xudavəndi-Aləm.
- Nə var onun içində?
Mən bir az ürəklənib sadalamağa başladım:
- Haqq, ədalət, insanpərvərlik, bərabərlik, demokratiya, qanunun aliliyi…
O, mənə baxıb xəfifcə gülümsədi və soruşdu:
- Bəs Azərbaycandakı “Xırdalan” və “NZS” pivəsinin içində nə hiss etmisən?
Yenə saymağa başladım:
- Haqsızlıq, ədalətsizlik, vəhşilik, qeyri-bərabərlik, diktatura, qanunsuzluq, qarın ağrısı…
Bu zaman O dedi:
- Bax indi bildinmi Azərbaycandan niyə uzaqlaşmışam? Söhbət təkcə pivədən getmir. Bil və agah ol, ey mənim dərbədər olan bəndəm, sizlərə ərməğan etdiyim Qurani-Kərimdə “Əl-Şüəra” (Şairlər) surəsi var. Ona görə də Mən sənə bəzi kəlamlarımı deyəcəm. Mən qırx ildir ki, Azərbaycan adlı məmləkətin üzərində görünmürəm. Oranı özüm lənətlədiyim Şeytana tapşırmışam və bu müddət ərzində sənin vətənini Şeytan idarə edir. Oradakı Hüccətlər (rəhbərlər) Şeytanla oturub-durmaqdan həzz alırlar. Bu qırx il ərzində sənin vətənində baş verən saysız-hesabsız və insanlığa sığmayan vəhşiliklərin banisinin kor əməlləri bu gün də Şeytanın hökmü ilə davam etməkdədir. Orada yaşayan yaratdığım bütün bəndələrim Şeytan hökmü qarşısında susqunluğunu gördükcə, Mən bir Allah-Təala olaraq, hələ ki ora Öz kölgəmi salmaq fikrində deyiləm. Bax, götürək elə sənin özünün şərlənərək həbsə atılmağını. Dində Mənim göndərdiyim kitab, dövlətdə isə Konstitusiya kitabı var. O şəxslər ki hər iki kitabı öz kabinetlərindəki stolun üstündə görüntü üçün saxlayırlarsa, həmin şəxslər sənin cibinə narkotik maddə atıb şərləyənlərdilər. Bax o kəslərin qanı Şeytan qanı ilə yoğrulmuşlardır.
- Bəs Prezident də onlara dəstək verir axı – deyə mən soruşdum.
- Bir ölkədə ki on minlərlə evsiz-eşiksiz qalan bəndələr ola və o ölkənin Prezidenti isə özünə çoxsaylı, milyonlarla manata başa gələn geniş, dəbdəbəli saraylar tikdirə, o, sizlərdən ola bilməz. O kəs Şeytanla oturub-durduğundan Mənə bəndəlik etməz. Bir nazirin oğlu ki Mənim sevmədiyim heyvan olan qabanı bir milyon manata kəsdirib yeyirsə… Bir nazir ki Mənim Rəsulumun ümmətlərinin pulunu alıb məktəblərdə oxuda-oxuda zəlil gününə qoyursa… Bir qanun keşikçisinin başçısı ki öz Azadlıqlarını istəyən insanları meydanlarda döydürüb al qanına qəltan edirsə… Bir şəhər başçısı ki diktatorun heykəllərinin ətrafına gül-çiçək əkdirirsə… Bir Ordu generalı ki işğalda qalan sərhədləri qoruyan əsgərlərə zülm edirsə… Bir məhkəmə hakimi ki Şeytanın sifarişi ilə hökm oxuyursa… Əlində qələm tutan bir yazıçı-şair ki Şeytanı vəsf  edirsə… Bir jurnalist haqqı yazdığı halda qətlə yetirilirsə və bütün bu dəhşətlərə insanlar kənardan sakitcə baxırlarsa, sizə layiq olanı sizə göndərmək məcburiyyətindəyəm, ey mənim saqqallı bəndəm.
Beyqəfil yadıma düşən bir nəfər haqda sevincək soruşdum:
- Ey şəriksiz sevimlimiz, bizə məlumdur ki, göndərdiyin İncili, Tövratı, Zəburu, Qurani-Kərimi əlində tutub məngirləyənlər var. Bu baxımdan, məscidlər sultanı, axundlar başçısı, Həcc kapitanı, ağ əmmaməli, qumaş əbalı, zərli cübbəli, enli kürəkli, qalın bədənli Şeyxül-İslam Hacı Allahşükür Paşazadə həzrətləri əhli–müsəlmanları bu zülmün qarşısında ayağa qalxmağa niyə səsləmir?
Xudavəndi–Aləm məni tərs-tərs süzüb, göylərə tərəf xeyli baxdı və dedi:
- Əvvəla, Mən Allah olsam da, mənim özümün şeyxin adı uzunluğunda adım yoxdur. İkincisi, Mən şeyxin mövcudluğunun gərəksiz bir peşə olduğunu tam təsdiqləyirəm. Bu, olduqca ziyanlı və bütün insanlıq üçün qorxulu bir postdur. Mənim özümə hələ məlum deyil ki, o nə işlə məşğuldur. Zavod deyil istehsalı olsun, tarla deyil buğdası olsun, ağac deyil bar versin. O da Mənə məlumdur ki, onun 140 kilo çəkisi var. Bundan başqa, onun bir çox mülkləri, yüz hektarlarla torpaqları, qoyun sürüləri, hovuzunda timsahı (bir dəfə də özü timsahı yemləyərkən barmağını dişlədib), ticarət obyektləri, həttda donuz piyi ilə hazırlanan kolbasa sexləri var. Özü də hər il minlərlə adamın cibini şil-küt edib Ərəbistana göndərir. Həcinin, Kərbəlayinin, Məşhədinin sizdə sayı beş yüz mini keçib. Guya mənə biət edənlərin sayını çoxaldır. Bir sözlə, incimə, ondan Mən baş açmıram.
- Ey bizi Şeytanın əlində biçarə qoyan Rəbbim, bəs bu hicab məsələsində özünü şanooz edən Hacı İlqar İbrahim oğluna nə sözünüz var?
- Ona de ki, qətiyyən İran sərhəddinə yaxınlaşmasın.
- Allahım, yalvarıram, bizim füqarə müxalifətə də köməyinizi əsirgəməyin.
- Sən deyəsən, lap ağ elədin. Bu neçənci pivədir ki, içirsən?
- Altıncı.
- Altı nəfər müxalifət başqanı on yeddi ildir ki, bir araya gələ bilmirlərsə, sənin o altı şüşə pivənin qiyməti və təsiri daha önəmlidir. Bir siyasi partiyada ki, molla Nurəddin moizə oxuyacaqsa, demək, ona hakimiyyətə gəlmək yox, əmmamə gərəkdir. Bil və agah ol, təkəbbürlü siyasətçi heç vaxt uğur qazana bilməz. Onlara deyərsən ki, o liderlik adlarından da imtina etsinlər. Meydan cəsurların və qətiyyətlilərindir. İndi isə Mənim vaxtım az olduğundan Mən getməliyəm. Bir azdan günəş doğacaq. Ayla Günəş müxalıfət partiyalarının sədrləri kimi yola getmirlər. Gedim görüm onları barışdıra bilərəmmi. İşim başımdan aşır. Yer kürəsinin “şayba”larını yağlamaq gərəkdir, Əli Həsənov kimi cır-cır cırıldayır. Di salamat qal. Pivənə nuş olsun desəm də az iç, partlayıb ölərsən.
Axırıncı sualı ona demək üçün rica etdim.
- Buyur -, dedi.
- Ya Rəbbim, mən nə qədər yaşayacam?
- Almaniyada qalsan mənlikdi, Azərbaycana qayıtsan İlhamlıq. İndi isə gözünü yum, sonra da aç.
Mən gözümü yumub açdım. O getmişdi. Gözümü gəzdirib rəssama tərəf baxdım. Deyəsən, rəsmini çəkib qurtarmışdı. Razı halda divanda əyləşib xoşbəxtcəsinə özü üçün pivələyirdi. Birdən-birə ona həsəd apardım, hətta paxıllığım da tutdu.
…Allahlı ölkədə yaşadığına görə…
Xural” qəzeti

Комментариев нет:

Отправить комментарий