Страницы

20.11.2011

Azadlıq eşqi, yoxsa İlahi sevgisi?!.


Rövşən Yerfi

Sevmək insanın ən ali hisslərindən biridir. Dünyaya gələndən, ağlımız kəsəndən hər birimizə saysız-hesabsız sevgi təlqin olunur. Anaya-ataya sevgi, Vətənə sevgi, bizi əhatə edən təbiətə və cəmiyyətə müxtəlif-müxtəlif yanaşma tərzində qəlbimizə sevgilər aşılayırıq. Və bəzən bu sevgi hissi nəhayət bir əks cinsin nümayəndəsinə qarşı münasibətdə ülviləşir, zirvə həddinə çatır. Amma, acınacaqlısı odur ki, köksümüz məhəbbətdən aşıb-daşsa da, nədənsə çağlayan sevginin mənbəyini, bütün yaranmışların yaradıcısını unuduruq. Insanın qəlbində cəmi sevgilərin ən yüksəyi, ən gözəli olan Ilahi, Tanrı sevgisi olmadan necə yaşamaq olar? Məgər atanı, ananı, vətəni bizə O seçməyibmi? Zövq aldığımız hər bir neməti o yaratmayıbmı? Mövcudluğumuz, hər anımız, gəlib-gedən nəfəsimiz Ondan asılı deyilmi?

Bəs niyə onda yalnız yaşlaşanda, itkilərimiz çoxalanda Tanrını xatırlamağa, düşünməyə, sevməyə başlayırıq. Əslində O, anadan da, Vətəndən də, hamıdan ən böyük sevgiyə layiqdir. Ürəyində sonsuz Tanrı sevgisi olan insan - insanların ən ləyaqətlisi, xoşbəxt olmaya bilməz. Çünki Yaradanına bəslədiyi bu sevgi elə bir ali, ülvi hisslər, şirin duyğulardı ki, onu ürəkdən duyanda həmin an özünü dünyanın ən bəxtəvəri sayırsan. Yazıq o kəslərə ki, ömründə belə anları yaşamasın...
***
Həyatda hər zaman Xeyir və Şərin bitib tükənməyən əbədi mübarizəsi gedir. Bu mübarizədə üstünlüyü Xeyir ələ alanda tərəqqi və inkişaf yaranır. Əslində isə gedən mübarizənin əsas qayəsi, hərəkətverici qüvvəsi insanla şeytan arasındakı ideya çəkişməsidir. Insanı da, şeytanı da Tanrı yaradıb. Hər ikisinin yaranışının başlıca mahiyyəti Yaradana itaət və xidmətdir. Şeytanla insanın əməlləri fərqli olsa da, Tanrının qulları olaraq, eyni zamanda Yaradana qulluqda bulunurlar. Şeytan azad deyil, insana isə azad yaşamaq şansı verilib. Dünyanı dərk etdiyi andan fövqəl azadlığı üçün çarpışan insan özünü həmişə iki əziz duyğunun cazibəsində hiss edib: həyatın ən şirin neməti olan azadlıq və Tanrı sevgisi. Hansı daha əzizdir? Tanrıya qul olmaq, yoxsa azadlıq?
Insanlara azadlıq verən Tanrı nədənsə torpaqdan yaratdığı məxluqunun etibarına əzəl gündən arxayın olmayıb. Insanın «çiy süd» əmməsinə görəmi? Inanmadığından elə bil onları yoxlamaq üçün Şeytandan onlara qarşı “lakmus” kağızı kimi istifadə edir. Şeytan Tanrının təlimatlanmış "komissarı" tək sevgisində iradəsi zəif oanları, nəfsi-niyyəti təmiz olmayanları aşkarlayır və Tanrıya sevimli bəndələrini tanımasına, seçilməsinə kömək etmiş olur.
***
Adətən belə deyirlər: yaxşı insanlar dünyanın naxışıdır. Onlarsız həyatda yaşamaq cəhənnəm əzabına dönərdi, dünya pislərin əlində məhv olub gedərdi. Yaxşıları Tanrı da sevir. Pislərin arasında əziyyət çəkdiyini, qiymətləndirilmədiyini görüb yaşıdlarından tez maddiyatın əzablarından qurtarıb dərgahına aparır.
Pis adamlar üçünsə deyirik: ...Şeytan onu yoldan çıxarıb, ağlını alıb. Lakin onları Tanrı sevməsə də nifrət də etmir. Gərəkli bəndəsi kimi diqqətini də əsirgəmir. Lazım gələrsə qayğısını da çəkir. Əslində düz də edir. Pisləri heç də də əbəs yerə yox, lazım bilib yaradıb.
Əgər dünya hamılıqla yaxşılardan ibarət olsaydı, onda ədalət istəyib Tanrıya kim yalvarardı, səcdə edərdi? Hakimiyyəti adiləşdirib, sadə məmura çevrilmək Tanrıya heç vaxt sərf eləməzdi. Məgər şeytandan elə bu məqsədlə istifadə etmirmi? Bax, məhz ona görə də Xeyirlə Şərin mübarizəsi adlanan bu "taktika" dünya durduqca davam edəcək. Və şübhəsiz Tanrı bu minvalla Qiyamət gününədək hakimiyyətini qoruyub  saxlamaq üçün şeytanın xidmətindən həmişə faydalanacaq.
Görəsən, O, yaratdıqlarından hansını daha çox sevir: Şeytanı, ya İnsanı?!
***
Ulu Tanrı dünyaya gətirəndən sonra böyüyüb kamilləşdikcə insanın qarşısına məchulu olan "həyat tənliyi" qoyur. Insan isə bütün ömrünü o məchulu, sirri tapmağa sərf edir. Hələ ümidini itirməyib, fərqli bir nəticə toplamağa çalışsa da dünya yaranandan bəri həmin məchulun cavabı - sonda məlum olur ki, sıfra, heçə bərabərdir...
Dünyanın faniliyini dərk edən insanın bu mütləq həqiqət qarşısında acizliyini etiraf etməyə hünəri çatmır.
***
Tanrısına ağıl üçün yalvaran insanı nə vaxtsa görmüsünüzmü? Var-dövlət, sağlamlıq, baxt istəyən insan nədən ağılı unudur, ağıla ehtiyac duymur? Niyə Tanrı insanı ağlından razı, müştəbeh yaradıb? Naşükür və acgöz olması üçünmü?!
Ey müqəddəs Tanrım, mənə hər zaman ağıl ver. Mən naşükür və acgöz olmaq istəmirəm!..
*** Insan yaşa dolduqca, illəri bir-bir yola saldıqca nəyə sevinir, hara tələsir? Tanrıya qovuşma anının yaxınlaşmasınamı?!

Görünür insan həyatının ən son nəticəsi, məğzi də  bu imiş: fövqəl azadlığına nail olmayan insanın ruhu öz qəfəsindən azad olub, azadlığını Tanrıya qovuşmasında tapır!.. Kim bilir, bəlkə də bu qovuşma azadlığın ən böyük təntənəsidir!

Yəqin ömrümüz boyu harada yerləşməyimizdən asılı olmayaraq sıxılıb darıxaraq daralmağımız, özümüzə yer tapmamağımızın səbəbi də öz dar dünyasına sığışmayan ruhumuzun əbədiyyət azadlığı, Tanrı dərgahı üçün çəkdiyi iztirabdan imiş...

2006

Комментариев нет:

Отправить комментарий