Страницы

20.11.2011

Ülkər Ucqar. İlanlar yatağı canım gecələr


1985-ci ildə Təbrizdə doğulub. Hazırda Tehran Universitetində fransız ədəbiyyatı üzrə doktorluq təhsili alır. Bakıda “Qanun” nəşriyyatı 2011-ci ildə onun “Balıqçı əllərinə doğru” adlı şeirlər kitabını dərc edib.

Üzümüzə gələn il qıtlıq

Dodaqların təndirdə qalan çörək qoxusu
yandım məni əkən haray!
Çağırır
yandım məni biçən
haray!      
Çağırır
yandım məni yapan haraaaaaaay!
Çağırır 
Mən əkəni deyiləm
biçəni deyiləm
yapanı deyiləm
Durub baxmayım neylim
qız xeylağı…
Heyif dodaqların!
Götürülər bərəkət bu evdən
Bu şəhərdən
Bizim adsız bu yurddan
                götürülər bərəkət
üzümüzə gələn il qıtlıq!

Üzümüzə gələn il
hardan tapım səni?
Üzümüzə gələn il
səni az sevsəm az sevsəm nəqədər sevim?
Üzümüzə gələn il
çətin keçər
üzümüzə gələn il keçməz
axınar
axınar
axınar…


Ovsun

Səsin nağıllardan gəlir
Artıq deyilməyən
Eşidilməyən…
Oxunmayan nağıllar…
mənim də tək günahım budur elə
Arşınmalçının da səsini hərdən eşidən kimi oluram
-Axşamlar bu məndə çox olur
Və qapıya çıxmasam sovuşur gedir…-
- Təbrizin qızları hooo! Eşidirmisiz?
Hə… görürsən xanım! Eşidənin yox
Və mənim,
Yaman
Uzaqdan gələn səslərə uyma xəstəliyim var
Və də
Sən artıq
Sətirlərdən çıxmazsan
Dalımca gələməzsən
- Və sevgilinin dalısıyca gələ bilməyən xan nəyə yarar
Mənim nağıla yolum yox
Mənim ayağım hardasa hansısa ağaca bağlıdır
Və ağac yerin düz göbəyində durur.
Məni ovsunlayıb sətirlərə sarı çəkmə
Məni ovsunlama
Nağıllarda savaşlar gedir
Nağıllarda
Qalxanlar, dəbilqələr
Mən qorxuram belə
Necə deyərlər?!
Yeddinci arxamca gəzdim
Bir at çapdıranımız yox
Bir tək bəyimiz xanımız yox
Məni ovlama
Ovsunlama
Mənim,
Yaman
Uzaqdan gələn səslərə uyma xəstəliyim var…

İlanlar yatağı canım gecələr

Öpdüyün yerlərdən ilanlar bitib…
İlanlar yatağı canım gecələr
Canımı saç kimi yolasım gəlir
Öpdüyün yerlərdən
Siqaret qoxusu
Savaşdan qaçan əsgərlərimin
Ağlamsıması…
Öpdüyün yerlərdən sapsız dəhrələrin
Səssiz baxışı…
Canımı gecələr biçəsim gəlir
Öpdüyün yerlərdən
-Bayıra açılan qırılan camlar-
Yazıq yastığıma soyuq oturur
Xəfcil itlərin boğuşmasının
Hövüşnəsinə
Qapılır itim
Qurd kimi özümü budasım gəlir
Ozan
Mən sənin ozanın olmuşdum
savaşdan savaşa yüm verəcəkdim
və ildə bir
oğluna ad qoyacaqdım
qalan günlər adda nəsə yox
mən sənin ozanın
və elə bunca.
Yerlər udumlu olmadı
və amin deyənlər görüb bulmadı
neylim?
Dilim də çevik deyildi qəzadan
Və birinci söylədiyim
bitəmədi
söylər qaldım.
Atam mənə saz almadığında haqlı idi.
İnansın inanmasın?!
Sənin iki qurtumluq qumral gözünə
necə inanım?
O  yekəlikdə
mavilikdə
Urmu gölü ilğım imiş
əlimi atanda duza çıxdı!
Dalıram inanmıram
cumuram inanmıram
boğuluram inanmıram.
Gəlməyəcək gəlinin,
Bir yerlidir torpağı yox!
O  torpağı yoxla
Bir gölləri var suyu yox!
O suyu yoxla
gündə balıqlamağa çıxır, toru yox!
Toru yoxla
bu gün bir cüt qumral rəngdə
göy muncuğu düşüb
inansın inanmasın?
.
.
.
Dalıram inanmıram
cumuram inanmıram
Boğuluram inanmıram…

Комментариев нет:

Отправить комментарий