Страницы

30.01.2012

Təqdimat: Viktor Hüqo adına Fransız Dili və Mədəniyyəti Mərkəzi

Jalə Vəkilova

Viktor Hüqo adına Fransız Dili və Mədəniyyəti Mərkəzinin əsas vəzifəsi Azərbaycan və Fransa arasında mədəni əlaqələri inkişaf etdirmək, gənclərin hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə marağını artırmaq və həmçinin universitetdə fransız filologiyası istiqaməti üzrə tədris prosesinin təkmilləşdirilməsinə kömək etməkdir.
Mərkəz fransız dili, mədəniyyətinin və tarixinin yayılmasına geniş imkanlar yaradır. Fransız dili və mədəniyyəti mərkəzi fransız dilinin öyrənilməsinə təkan verir və universitetlər arası əlaqələrin daha da canlanmasında iştirak edir.  Bakı Slavyan Universitetində fransız dili hal-hazırda “Filologiya”və “Beynəlxalq münasibətlər və Regionşünaslıq” fakültələrində tədris olunur. Roman filologiyası kafedrasının nəzəri fənləri (nəzəri qrammatika, nəzəri fonetika, dil tarixi, ölkəşünaslıq, leksikologiya, üslubiyyət, fransız  ədəbiyyatı, şifahi xalq ədəbiyyatı, ixtisas dilinin tədrisi metodikası) üzrə mərkəzdə mühazirə və seminar dərsləri keçilir.Fransız dilinin tədrisi bizim fəaliyyətimizin ən böyük hissəsini təşkil edir.

Mərkəz müasir texniki avadanlıqlarla təchiz edilmişdir (televizor, video, kompüter). Bundan əlavə mərkəzin nəzdində fransız dili üzrə kitabxana fəaliyyət göstərir. Hazırda kitabxana fondu 300-ə yaxın kitabdan – dərsliklər, vəsaitlər, lüğətlər, bədii ədəbiyyat, fransanın tarixi, dini, mədəniyyəti və iqtisadiyyatı haqqında və fransız dili üzrə materiallardan ibarətdir. Mərkəzdə oxucular fransız dilində jurnallar və qəzetlər, video və audio kasetlər, CD və DVD disklərlə də təmin olunur. Bütün kitablar kitabxanadan kənar da istifadə oluna bilər.
Burada tədris-metodiki, elmi-tədqiqat və mədəni-kütləvi bölmələr fəaliyyət göstərir.Mərkəzin nəzdində danışıq dilinin mükəmməlləşdirilməsi məqsədilə fransız dili dərnəyi yaradılmışdır. Tələbələrə dili inkişaf etdirməyə, fransız dilli insanlarla münasibət qurmağa imkan yaradılır. Mühüm amillərdən biri də ondan ibarətdir ki, tələbələrlə görüşdə Fransa Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət və əməkdaşlıq üzrə müşaviri və səfirliyin digər əməkdaşları da iştirak edir. Danışıq klubunun mövzuları müxtəlif sahələri əhatə edir: təhsil, iqtisadiyyat, siyasət, mədəniyyət və digər fəaliyyət sahələrinə toxunulur. Bu görüşlər tələbələrə nitqi inkişaf etdirməyə, həmçinin Fransanın adət ənənələri ilə daha yaxından tanış olmağa imkan yaradır.
Mərkəzdə həmçinin Fransanın tarixi, mədəniyyəti və adətləri ilə bağlı tədbirlər, dəyirmi masa və tələbə konfransları təşkil olunur. Fransanın dövlət, mədəniyyət  və elm xadimləri ilə görüşlər keçirilir. Bundan başqa, Azərbaycanda yaşayan fransızların bizim mədəniyyətimizlə yaxından tanış olmaqları üçün hər il mərkəzdə Novruz bayramı təşkil edilir. Fransız dili və mədəniyyəti mərkəzində ənənəvi olaraq, hər il dekabr ayında Fransızların Milad bayramı keçirilir.Tələbələrin iştirakı ilə keçirilən tədbirdə Milad bayramının tarixi ilə bağlı müxtəlif səhnələr nümayiş olunur.  Bu cür tədbirlərin həyata keçirilməsi mədəniyyətlərimizin qarşılıqlı anlaşılmasına imkan yaradır.
Mərkəz bu ölkənin dövlət xadimləri, ictimai və mədəni həyatının nümayəndələri ilə hər il keçirilən görüşlərin təşkilində vasitəçi olan Fransa Respublikasının Azərbaycandakı səfirliyi ilə daim sıx əlaqədədir. Mərkəz səfirlik tərəfindən təşkil olunan bütün tədbirlərdə fəal iştirak edir.

Комментариев нет:

Отправить комментарий