Страницы

01.04.2012

Ən ağır ipoteka şərtləri Azərbaycandadır


Serbiyaya kredit ili 4 faizə, ölkə vətəndaşına isə ipoteka krediti ili 8 faizə verilir



Hökumət rəsmiləri gənclərə yönəlik addımların atıldığını desələr də, reallıqda bu istiqamətdə tutarlı bir iş görüldüyünü görmək olmur. Nəzərə alsaq ki, gənc ailələrin əsas problemi mənzil almaqdır, bu sahədə hələ də ciddi problemlər qalır. Rəsmilər problemin həlli kimi ipoteka kreditlərini göstərir. Lakin ipoteka şərtlərinin və kredit faizlərinin yüksək olması səbəbindən əksəriyyət üçün bu yolla mənzil almaq mümkünsüzdür.

Xatırladaq ki, Azərbaycanda Ipoteka kreditləri Azərbaycan vətəndaşlarına 50 min manata qədər, 25 ilədək müddətə, illik 8%-dən çox olmamaqla verilir. Ilkin ödəniş isə 20 faizdir.
Öz vətəndaşlarına yüksək faizlə kredit ayıran hökumət digər ölkələr üçün daha səxavətlidir. Məsələn, Bakı-Tbilisi-Qars dəmiryolunun Gürcüstan hissəsinin tikintisi üçün Azərbaycan Gürcüstana 25 il müddətinə illik beş faizlə 575 milyon dollar ayırıb. Bu kredit dəmiryol işə salındıqdan sonra layihənin həyata keçirilməsindən əldə ediləcək gəlirdən qaytarılacaq. Gürcüstan üçün 200 milyon dollar məbləğində birinci tranş da 25 il müddətinə, lakin illik bir faiz dərəcə ilə ayrılıb.
Başqa bir nümunə isə Serbiyaya verilən kreditdir. Belə ki, Serbiya Respublikasında E-763 avtomobil magistralının Ljiq-Boljkovci, Boljkovci-Takovo və Takovo-Preljina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Azərbaycan Serbiyaya 4 faizlə 15 il müddətinə 300 milyon avro məbləğində kredit ayırıb. Kredit illik 4 faizlə 15 il müddətinə verilir və işin icraçısı da Azərbaycan tərəfi olacaqdır.
Onu da qeyd edək ki, Azərbaycanda bank kreditlərinin orta faiz dərəcəsi milli valyutada 14-16 faiz, xarici valyutada isə 17-18 faiz təşkil edir. Biznes kreditləri 20-25 faiz, istehlak kreditləri isə 20-30 faiz civarındadır.
Bir məqamı da qeyd etmək yerinə düşər. Ipoteka krediti almaq üçün təqdim edilən sənədlərin sayına görə Azərbaycan dünyada birinci yerdədir. Belə ki, ipoteka krediti almaq istəyən vətəndaş 18 sənəd təqdim etməlidir. Azərbaycanda rüşvət və korrupsiyanın miqyasını nəzərə alanda, bu da vətəndaş üçün əlavə xərclər yaradır.
Göründüyü kimi, digər ölkələrə aşağı faizlə, daha sərfəli şərtlərlə kredit verən Azərbaycan hökuməti öz vətəndaşlarına qarşı belə səxavət nümayiş etdirmək istəmir. Ipoteka kreditlərinə gəldikdə isə, bu sahədə Azərbaycan bir çox ölkələrdən geridə qalır. Nəinki inkişaf etmiş ölkələrdə, MDB dövlətlərində də bu sahədə vəziyyət Azərbaycanda olduğundan yaxşıdır.
Kiçik müqayisə aparıb bunu göstərmək olar. 


Imkansız ölkələrdə də kredit faizi bizdən aşağıdır


Məsələn, Avropada ipoteka kreditlərinin makismal faiz dərəcəsi 4%-dən artıq deyil. Qonşu Gürcüstanda da ipoteka kreditləri illik 4%-ə verilir. Rusiyada 3%, Türkiyədə isə bu göstərici 3,7%-dir. 
ипотека : ипотекаQeyd edək ki, Avropa dövlətlərinin hamısında mənzillər hazır vəziyyətdə satılır. Yəni Azərbaycandan fərqli olaraq alandan sonra əlavə təmirə ehtiyac olmur. 
Böyük Britaniyada ipoteka krediti 20 illiyə 3,2 faizlə verilir. Bu ölkədə istənilən məbləğdə kredit əldə etmək olar. Fransada faizlər bir qədər də aşağıdır. Bu ölkədə ipoteka krediti cəmi 1,5% verilir. Kiprdə və Yunanıstanda bu göstərici 2%-dir. Italiyada 15 illiyə verilən ipoteka krediti üçün cəmi 1,5% müəyyən edilib. Ispaniyada 2%, Portuqaliyada isə 1,5%-dir. Belçika və Almaniyada da bu göstərici cəmi 1,5%-dir. Isveçrədə də ipoteka kreditləri 1,5% verilir. Danimarkada isə bu göstərici bir qədər də aşağıdır. Bu ölkədə ipoteka kreditini illik 1,3%-lə almaq mümkündür. Qeyd edək ki, bu dövlətlərin hər birində 65 yaşa qədər olan hər bir vətəndaşın ipoteka krediti əldə etmək hüququ var. Türkiyədə isə hətta 70 yaşlı insanlara da ipoteka krediti almaq qadağan deyil. Çexiyada hətta xarici ölkədə vətəndaşları da ipoteka krediti əldə edə bilər. 30 illiyə verilən kreditin faizi isə təxminən 4%-dir. Avropa ölkələrində olduğu kimi Avstraliyada da ipoteka krelitləri 1,5 faizlə verilir. 
Xarici ölkə vətəndaşlarına ipoteka krediti verən ölkələr arasında Ispaniya və Kipr də var. Bu ölkədərdə 65 yaşına qədər hər bir əcnəbi 30 il müddətinə ipoteka krediti əldə edə bilər. Bunun üçün təqdim edilən sənədlərin də sayı kifayət qədər azdır. Türkiyə və Fransada əcnəbilərin ipoteka krediti əldə etmək imkanı var.   
ABŞ-da ipoteka kreditləri 1 ildən 30 ilə qədər verilir. Illik faiz dərəcəsi təxminən 5%-dir. Lakin məbləğin həcmindən asılı olaraq bu göstərici azala da bilər. Ipoteka krediti ilə mənzil əldə etmək istəyənlərin ilkin ödəniş etməsi isə vacib deyil. Qeyd edək ki, ABŞ-da əmək haqqı kifayət qədər yüksəkdir. Qiymətlər isə Avropa dövlətlərindən xeyli ucuz. Bu baxımdan ölkənin hər bir vətəndaşı üçün ipoteka krediti əlçatandır. Bu ölkədə mənzil əldə etmək, yaxud bu məqsədlə kredit əldə etmək üçün ABŞ vətəndaşı olmağa da ehtiyac yoxdur. Bu ölkədə mənzillərin 90%-i ipoteka kreditləri vasitəsilə alınır. 


Mənzil almaq üçün ən əlverişli şərtlər neft ölkələrindədir


Mənzil almaq üçün ən yaxşı şərtlər isə neftlə zəngin ərəb ölkələrindədir. Azərbaycandan fərqli olaraq neft hesabına yaşayan ölkələrdə vətəndaşlara bu sərvətdən daha çox pay düşür. Bu ölkələrdə xüsusilə gənclərin mənzil alması üçün şərtlər xeyli əlverişlidir. Məsələn, Qəzzafi Liviyasında evlənən gənclərə dövlət mənzil almaq üçün 64 min dollar hədiyyə edirdi. Bu pula 150 kv. metrlik bütün şəraiti olan ev almaq mümkündür.
Birləşmiş Ərəb Əmirliklərində də gənc ailələr mənzil problemi ilə üzləşmir. Bütün yeni evlənənlər dövlətdən 19 min dollar faizsiz kredit alır. Lakin birinci uşaq doğulan kimi kredit bağışlanır. Bundan əlavə, hər qurulan ailənin hesabına dövlət 100 min dollar köçürür. Ailədə üçüncü uşaq dünyaya gələndən sonra isə bütün kredit borcları bağışlanır. Digər zəngin neft ölkələrində də vəziyyət eynidir. 
Göründüyü kimi, bu sahədə Azərbaycanda vəziyyət rəsmilərin təqdim etdiyi kimi deyil. Hələ vətəndaşlara, əsasən də gənclərə qayğıdan danışmaq tezdir.


http://azadliq.az

Комментариев нет:

Отправить комментарий