Страницы

01.04.2012

Üzrü günahından betər


Turan Türk


Mətləbə keçməzdən əvvəl başlıq üçün seçilən ifadə ilə bağlı bir açıqlama vermək istərdim. Molla Nəsrəddinin lətifələrindən biri ilə bağlı olan bu ifadə edilən günahın bağışlanması üçün dilənən üzrün günahdan daha ağır olmasını əks elətdirir. Belə ki, lətifədə deyildiyi kimi şah bir gün "üzr bədtər əz günah" ifadəsini kitabdan oxuyub mənasını dərk etmədiyi üçün Molla Nəsrəddini köməyə çağırır. 
Lakin Molla Nəsrəddinin şahı başa salmaq cəhdləri heç bir nəticə vermədiyindən şah qəzəblənib ona deyir ki, sən bu ifadəni bir dəqiqə ərzində mənə başa sala bilməsən boynunu vurduracağam. Əlacsız qalan Molla Nəsrəddin sakitcə şaha yaxınlaşıb onun yanından bir çimdik götürür. Şah qəzəblə neynirsən soruşanda, Molla Nəsrəddin üzürxahlıqla deyir, elə bildim ki, evdəyəm və mənim arvadımsan. Şahın qəzəbli bağırtısına isə cavab olaraq Molla Nəsrəddin deyir: "Şah sağ olsun, "üzr bədtər əz günah" budur.
Orta Şərqə təcavüz edib, əslində xristian müsəlman savaşına rəvac verən Qərb rəsmiləri nə qədər pərdələnməyə çalışsalar da, əsl sifətlərini gizlədə bilmirlər. Vaxtaşırı ortaya çıxan, qərbin insanlıq adına utanc gətirən hərəkətləri bir daha yada salır ki, Qərb elə strateji hədəfləri yolunda İslam dinini aşılması mümkün olmayan sədd kimi görür. Öz "humanist" simasını nə qədər qorumağa çalışsa da, İslam dininin möhtəşəmliyi onu elə bir vahiməyə salır ki, onun dünyanı bir əldən idarə etmək üçün cəfəng iddiası kimi ortaya atılan Qloballaşma ideyasının həyata keçirilməsi üçün tələb olunan ümdə şərtlərdən biri olaraq vahid mədəniyyətin yaranmasına bu dinin yol verməyəcəyi, onu güzəştsiz düşmən mövqeyinə yönəldir.
Heç bir müharibə qanunlarına sığmayan zorakılıqlara əl ataraq müsəlmanlara qarşı amansız qərbin dünyanı heyrətə salan azğın hərəkətlərinə bəraət qazandırmaq üçün işlətdiyi ifadələr "üzr bədtər əz günahı" istər-istəməz yada salır. Belə ki, bir müddət əvvəl Əfqanıstanda müqəddəs "Qurani Kərimin" nüsxələrinin yandırılması faktına bəraət qazandırmaq üçün belə bir üzürxahlıq ifadəsi işləndi. "Qurani Kərim" yanlış olaraq yandırılıb. Yəni yandırılmalı kitabların içərisində "Qurani Kərim" nəzərdə tutulmamışdı. Riyakarlıqdan başqa heç nə ifadə etməyən bu üzürxahlığa görə onlardan kimsə hesabat istəmədi ki, yaxşı işğalçı ordu hər halda yerli mədəniyyətə aid olan kitabları niyə yandırmalıdır ki, onun içərisində yanlışlıqla "Qurani Kərim" də olsun?
Hər şeydən göründüyü kimi bu hərəkətin də sifarişi yuxarıdan gəlmişdi. Lakin müsəlmanların sərt təpkisindən sonra belə bir əcaib ifadə ilə üzrü günahından betər hərəkətə yol verildi.
Daha sonra bir Amerikan əsgərinin yenə Əfqanıstanda evlərə daxil olub mülki əhalini atəşə tutması ilə yarısı qadın və uşaqlar olmaqla 17 nəfəri qətlə yetirdi. Hər şeydən əvvəl bu fakt ondan xəbər verir ki, Qərbdə əsgərlər müsəlmanlara qarşı pataloji nifrət ruhunda tərbiyə olunur. Bu azğınlığa bəraət qazandıran Qərb daha bir üzrü günahından ağır olan ifadə işlətdi. Belə ki, qərbdən gələn bəyanatda belə səsləndi ki, əsgər əsəbi gərginlik keçirib. Yenə bu insan qanına susamış cəlladlardan kimsə hesabat tələb etmədi ki, axı əsəbi gərginlik keçirən əsgər niyə öz ətrafına, onu incidə biləcək zabitlərə yox, qapı-qapı gəzib dinc əhaliyə atəş açmalıdır?
Üzrü günahından ağır olan Qərb müsəlman dünyasına qarşı zoraqkılığı dayandırmadıqca maddi və mənəvi aşınması davam edəcəkdir. Ən azından Qərb anlamağa çalışmalıdır ki, müsəlmanlara zorakılığının məntiqi cavabı kimi ortaya çıxan bir Ben Laden onun qorxulu röyasına çevrilmişdi. Bu günkü azğınlıqları isə yüzlərlə Ben Laden yaradacaqdır ki, bu da onun öhdəsindən gələ bilməyəcəyi problem olacaqdır.

Комментариев нет:

Отправить комментарий