Anar Ramizoğlu
İnsanlara mübarizə aparmaq, maneələrə sinə gərmək üçün müsbət enerji vermək lazımdır
Hörmətli “Yeni xəbər” redaksiyası! Şadam ki qəzetiniz cəmiyyətimizdə, həmçinin dünyada baş verən hadisələri operativ surətdə işıqlandırmaqla yanaşı, dünyada gedən müxtəlif proseslərin şərhi və təhlilini də diqqətlərə çatdırır. Hiss olunur ki, redaksiyanın əsas məqsədi dəqiq və qərəzsiz məlumatlar təqdim edərək oxucu kütləsinə xidmət etməkdir.
Sofiya Sadıqlının şou, Mayis Güləliyevin pərdəarxası, Yaşar Əhmədovun Qərb eybəcərlikləri haqda yazılarını bəyənirik və böyük acgözlüklə oxuyuruq. Qəzet, məncə insanların mövcud informasiya və dəyərlər burulğanından aramla sakit bir sahilə çıxa bilməsidir. “Tərəfsiz”, “obyektiv” və s. kimi şablon sözlərdən təngə gəlmiş insanlara yeni bir söz demək çox çətindir. Çünki zəmanədə tərəfsizliyin özünün bir tərəf və əqidəsizliyin də bir əqidə olduğunun şahidiyik. Amma babalarının bir zamanlar dünyaya dəyərlər gətirdiyi bir cəmiyyətin, öz mənəvi fəzasının bütövlüyünü təmin edəcəyinə heç bir şübhə yoxdur. Bizim “Yeni xəbər” məhz bu amala xidmət edir!
Mən də yazıram və yazılarım əsgərliyə getməmişdən qabaq bir müddət sizin qəzetdə də dərc olunub. Əzab içində qıvrılan, işğal altında olan xalqıma həmrəy olmaq, ünsiyyət yaratmaq, insanların dərd-sərini bölüşmək, ictimaiyyətə qərəzsiz, doğru məlumat ötürmək üçün yazmışam. Maraqlıdır, görəsən bu gün Azərbaycan mətbuatında çoxsaylı qəzetlərin nəşr olunduğu bir zamanda, “Azadlıq” və “Yeni musavat”dakı çox oxunan marka yazarların fonunda bizim yazmağımıza, ümumiyyətlə “Yeni xəbər” kimi müstəqil, qərəzsiz mətbuat orqanlarına ehtiyac varmı? Yəqin ki var. Bunu qəzetin ikinci səhifəsindəki Anonsdan da duymaq olur.
Təqdirəlayiqdir ki, əhalinin sosial problemlərinə də müəyyən qədər yer ayırırsınız. Çatışmayan əyər-əskikləri qərəzsiz şəkildə tənqid etmək normal haldır. Mən çox istəyərdim ki, bu qəzet heç nəyi şişirtmədən, bütün insanların sözünü düzgün, tərəfsiz ictimaiyyətə çatdırsın. Azadlığın, haqqın-ədalətin qiymətini bilən bir qəzet olsun “Yeni xəbər”! Həqiqəti söyləmək və qərəzsiz olmaq gərəkdir. İnsanlara mübarizə aparmaq, maneələrə sinə gərmək üçün müsbət enerji vermək lazımdır.
Peyğəmbər hədislərinin birində buyurub ki, gəminin dibini deşənləri seyr edənlər özləri də qərq olacaqlar. Zənnimcə qəzetçiliyin bir vəzifəsi də vətəndaşlara məhz bu fikri çatdırmaqdır. Əgər sən bu gün qonşunun haqqının tapdanmasına göz yumursansa, sabah həmin haqsızlıq sənin də qapını kəsdirəcəkdir. Azərbaycanda müstəqil olmaq həqiqətən çətindir. Qoy “Yeni xəbər” Azərbaycan mətbuatını çirkləndirən bəzi qəzetlər kimi çıxmasın. Şərəf və ləyaqətlə Həsən bəy Zərdabi ənənəsini davam etdirsin. Jurnalistləri, xüsusən də baş redaktorları bizim məmləkətdə necə bir ağır bir döyüş gözlədiyni bildiyimə görə dözüm, əzəmət və dəmir əsəblər arzulayıram sizə, qardaşlar! Mən tam əminəm ki, əgər bu templə getsə, “Yeni xəbər” tədricən Azərbaycanın ən yaxşı qəzeti olacaq.
Elimizin, obamızın haqqını qorumaq siz jurnalistlərin üzərinə düşür. Oxumasaq çox şeyləri bilmərik. Özümüzü maarifləndirmək ücün oxumalıyıq. Maariflənmək tək gənclərə aid deyil, yaşlı nəslə də aiddir. Adət-ənənə qanunla bir qoyulur. Qanun hamı üçün paralel şəkildə birdir. Ötən dövrün gəncləri ilə indiki dövrün gəncləri arasında çox fərq var. Mənim fikrimcə bütün ölkələrin gənclərindən bizim gənclər üstünlük təşkil edir. Əxlaqi tərəfdən gənc nəsli maarifləndirmək üçün yaşlı nəslin dəstəyi çox önəmlidir. Sadəcə yaşlı nəsil gənc nəsil üçün örnək olmalıdır. Mən hesab edirəm ki gənc kadrlara, xüsusən də ölkəmizin əsas xalqı olan türk mənşəlilərə daha çox yer verilməlidir. Yetərli şəkildə savadlı, dərrakəli, torpağını, dövlətini, xalqını sevən gənclərimiz var. Məsələyə bu rakursdan yanaşsanız, oxucular tərəfindən dəstəklənəcəksiniz və oxucu kütləniz daha da artacaq.
Saylarınız digər oxucu dostlarımın da ürəyincə olur. Görürük ki, əsas məqsədiniz milli-mənəvi dəyərlərimizi qorumaq, xalqımızın hər tətərfli maarifləndirməkdir. Azərbaycan yüksək mədəniyyətə malik olan bir ölkədir. Bu mədəniyyət Sovet illərində daha da inkişaf edərək təkmilləşib. Bu yüksəkliyi saxlamalıyıq. Milli-mənəvi dyərlərimizi göz bəbəyimiz kimi qorumalıyıq. Vətən torpağını sevən hər bir kəs calışmalıdır ki, güzaranımız yaxşılaşsın, vətənimiz xarici işğalçılardan təmizlənsin.
“Yeni xəbər” mənim fikrimcə Azərbaycandakı bütün təbəqələrin, müxtəlif zümrələrin, əks qütblərin arasında bir körpüdür. Qəzetin rəhbərliyinə və əməkdaşlarına can sağlığı, uğur, bütün xalqın etimadını və məhəbbətini qazanmağı arzulayardım. Bir oxucu kimi bir daha deyə bilərəm ki, sizin qəzetinizin tutduğu yol qəzetçilik üçün lazım olan ən yaxşı yoldur. Bu saf adı, mübarizə ocağını qoruyub saxlamaq lazımdır. Sizə uğurlar!
Комментариев нет:
Отправить комментарий