Страницы

19.08.2012

Rəqs dərsi

Gülnarə Rəfiq

İfa edir şəhərimizin ən məşhur zibilləri

Hərdən gündəlik qayğıları üstümdən tullayıb oynamaq istəyirəm. Kompüter və problemlər qarşısında əyilmiş kürəyimi dikəldib əl-qolumu açıb, sümüklərimi dingildətsəm, nə olardı? Nə dərəcədə gözəl oynamalıyam ki, ürəklənib adam arasına çıxım? Rəqs eləməyi öyrədənimiz olsaydı!.. Bilirəm, siz də oyrənmək istərdiz. Vaxt hardandı? Atalar demiş: «Səhər naxıra, axşam axura». Amma diqqətimizi itiləyib ətrafa baxaq, axı burda hər şey hərəkətdə, rəqsdədir.
Başımızda çarlston oynayan kağız və qəzet qırıntılarının davranışı ürəyimcə deyil. Zibil olmaq taleyi ilə barışa bilməyib hələ də keçmiş günlərin havasını oynayan qəzet qırığı zəhlətökən rəqsini insanın sifətində oynamaq istəyir. Elə bilir, onu yerdən qaldırıb hələ bir oxuyacaqlar da! Oyunuvu oyna, heç köşklərdə satılanda da qara qəpiyə dəyməzdin.

Bu günlərdə damımızdakı antena bir göbək rəqsi vururdu ki, lap paxıllığım tutdu. Qol-qanadına ilişmiş əskiləri elə pərgarcasına yellədirdi ki, üzükdən keçən nazik ipək yaylıqla «yaşmaqlanan» oriyental rəqqasənin ustalığı onun yanında sönük görünürdü. Hayıf, bu boyda sənət qarşısında «darbalağına» puldan-zaddan basan olmadı.
Payız olsaydı, ağacların «Strip-dens»inə baxardıq. Küləyin diqtəsiynən soyunan ağaclar üstündəkiləri çılpaqlaşanacan atacaq. Düzdü də, yatmağa gedəndə soyunarlar. Soyunandan sonra tökdüyü yarpaqların rəqsinə məhəl qoymağa hal nə gəzir? Yarpaqlarsa qol-boyun olub «Yallı» gedəcək. Gələn yaza qədər kimdi onları süpürən?
Qonşu tində ehtiraslı karton qırığı vardı. Çox forsluydu, deyəsən, üstündəki xarici yazısıyla fəxr eləyirdi. Hər yoldan keçənlə «Tanqo» oynamaq istəyəndə onu hərarətlə qucaqlayıb qopmaq bilmirdi. Sanki bilirdi ki, «Tanqo»da oynayanlar bir-birinin gözünün içinə baxmalı, yanıb-yaxılmalıdılar. Sonuncu dəfə onu alovla «Tanqo» oynayarkən görüblər.
Plastik qabların «Rok-n-rol»undansa lap bayılıram. Xarici etiketli qablar əcnəbi rəqslər oynayanda bizim istehsalçının sığalını hələ də unutmamış qablar prinsipial olaraq «Nəlbəki» rəqsi oynayır. İçinə yığılmış qum və xırda daşları ehmallıca cingildədərək ustufca diyirlənir, enli küçələrimizdə ağayana, xanım-xatın bir rəqs oynayrılar.
Günbəgün artan tikintilərdən qopan qum dənəcikləri elə bil incəlik və məharətini insanlara göstərməklə acıq verərək qu kimi süzürlər. Asfaltı görünməyən küçələrimizdə gah topalanıb, gah da sərələnib incə, nəfis krujeva yaradırlar. Onlar deyəsən, «Vağzalı»nı lap çox oynayıblar. Yoxsa günü-gündən belə artmazdılar.
Şəhərin ağır cayıllarıyçün bir «Tərəkəmə»!.. Onlar küləyin dediyiynən oturub-duran zibil deyil ha. Üst-üstə qalanıb illərlə çəkisini artıran bir qalaq möhtərəm zibil colma-cocuq kimi «Qaytağı» atmaz ki! Ağır olan batman gələr.
Bilmirəm, insanlar balet oynamağa bu qədər vaxt və enerji sərf eləyir? Odu da, 40 yaşında pensioner olub qalırlar. Şəhərin elit zibilləri gözəl tərtibatlı, rəngarəng tamaşaları çox rahatlıqla ortaya gətirirlər. Tamaşaların amfiteatrı, parteri, hətta eyvanlardan özünü küçəyə atan solistləri də var. Burada nə kostyumçu-dizayner, nə də rəssam əməyi lazım gəlir. Hər şey supermarketlərdəki kimi çox parlaq və «şık»dı. Kütləvi səhnələr onlarda daha yaxşı alınır. Küçələrimizdəki zibil orqiyaları «1001 gecə» baletinin uğurunu kölgədə qoya bilər.
«Uzundərə» açmayaq. Küləklər şəhərindəyik, burda hər şey o istəyən kimidi. Ritmi verən odur. Yazına-qışına baxmaz, öz bildiyini eləyər. Amma çox qınamayın, küçələrimizi süpürən də özüdü, zibilləri oynadan da, yığışdırıb yol qırağına yığan da.. Kef eləyin, zibillər, onsuz da bu yaxında şəhəri yığşdırmaq fikrimiz yoxdu.
Zibillər, halaya gəlin e, halaya.. «Ha yordu, yordu, yordu, Görək kim kimi yordu?!»


Gülnarə Rəfiq (Manafova Gülnarə Rafiq qızı) 1970-ci ilin mayın 10-da Bakıda doğulub. Orta təhsilini Bülbül adına orta musiqi məktəbində alıb. 1993-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakultəsini əla qiymətlərlə bitirib. Musiqişünas kimi Cavanşir Quliyevin bioqrafı kimi çalışıb. Bəstəkarın nəşr edilmiş bütün notlarının və disklərnin musiqi redaktorudur. Hazırda 13 saylı musiqi məktəbində solfecio və musiqi ədəbiyyatından dərs deyir.
1995-ci ildən bəri dövrü mətbuatda mütəmadi olaraq yazıları dərc edilir. «Çağ», «Ekspress», «Xalq cəbhəsi», «Avropa» qəzetlərində çalışıb. «Qobustan», «Ulduz», «Miracle» jurnallarında yazıları dərc edilib. Hazırda «Bizim yol» və «Odlar yurdu» qəzetləri ilə əməkdaşlıq edir. 
Ailəlidir. 2 oğlu və gələcəyə çoxlu planları var.
Elektron ünvanı: gulnarerefiq@gmail.com

Комментариев нет:

Отправить комментарий