Страницы

31.08.2012

“Şerşe lya fam” - “o qadını tapın”

Həmid Herisçi

“Bircə onu qeyd edim ki, milli məclisimizin əvvəlcə həmişə ətirini, qoxusunu dəyişər bu xanım. Sonra mövzularını...”

Milli Məclisin qarderobunda işləyənlər bu hökmlü qadını ayrıca sevqiylə qarşılayarlar həmişə. Əvvəla, əynindəki paltarlar çox gözəl, həm də məstedici ətirlidir. Kim istəməz o gözəl paltarlarla, ətirli qoxularla bütün uzun iş günü boyu nəfəs almasın? Bircə an da olsa belə Parisin ən dəbdəbəli modalar evində hiss etməsin özünü?
Qarderobda işləyənlərdən bu gün mən daha şanslıyam. Həmin xanımın özü bu gün məni qəbul otağına dəvət edib axı. Fransızca “Şerşe lya fam” - “o qadını tapın” tapmacasını aramızda səsləndirib, məqaləmizin axırınacan bu deputat qadının kimliyini gizli saxlayacam - qısası, mən oyuna başladım, zərləri nərd taxtası üzərinə tulladım, səbrli olun, özünüz axtarın tapın bu gizli qəhrəmanımın kimliyini.

Demək belə, mövzu üzərinə gizli, sirli örpəyi, “soğanı” kəlağayını ataraq onun pərdəsi arxasında gizləyirəm öz qəhrəmanımı. Bircə onu qeyd edim ki, milli məclisimizin əvvəlcə həmişə ətirini, qoxusunu dəyişər bu xanım. Sonra mövzularını... Xitabət kürsüsündə necə danışmağına ayrıca fikir vermişəm-baxışları qətiyyətli, nitqi səlisdir bu xanımın. Dilimizdə bu qədər aydın qonuşan bir başqa birisini, düzü, hələ indiyədək aşkarlamamışam özümçün mən.
Görüşümüzü saat 11-ə təyin etmişik. Milli Məclisin qapısından içəri keçincə başlayıram divardakı saatlara baxmaxa... Yoxx, tezdi hələ... Bufetdə bir fincan çay içməyimlə məsələ həll olunur-liftə girməyimlə, düyməyə barmağımı basmağımla, onunca mərtəbəyə qalxmağımla saat olacaq düz 11:00. Mənə də elə bu lazımdı.
Görüşə düz vaxtında gəlmişəm- bir saniyə belə nə tez, nə gec. Hə, zaman xronometrajım özümdən asılı olmayaraq çox dəqiqdi mənim. Bu həmişə çoxlarını, bəzən hətta özümü də təəccübləndirər. İş kabinetində məni salamlayan X xanım da buna xüsusi fikir verir. Söhbətimiz başlayır TV-lərdəki acı durumun müzakirəsindən. X xanım soruşur ki, bəs mən indi hardayam, niyə TV-lərdə görünmürəm. Mümkün qədər qısa cavablandırıram bu sorunu. İşarə vururam ki, bəs TV proqramlarının reytinqini ölçən beynəlxalq “AGB Nielsen” şirkətidir bu günə düşməyimizin baiskarı. Onun Bakı törəməsi “TV MR AZ” tək mənə deyil, bəzi digər teleaparıcılarımıza da reytinq, yəni “reklam paketi” vermir. Son nəticədə isə bu, bizi maliyyə iflasına gətirir, verilişlərimiz qapanır...
Masa üzərindəki üç büllur piramida ancaq elə indi gözümə girir mənim. Onlar üzərində saxlayıram bir müddət öz lal baxışlarımı. Piramidalara dirəndiyimi fərq edincə X xanım dilə gəlir:
- Türkiyədə də oxşar vəziyyət yaranıb. Elə Rusiyada da... Görün bir türk qəzetləri nə yazır. – X xanım bir qalaq qəzeti mənə tərəf uzadır. Başlıqlara fikir verirəm - “TRT Genel Müdüründen Türkücü İbrahim Tatlısese, hatta sokaktaki simitçiye kadar herkesin hışımla üstüne gittiği AGB, artık reyting ölçümünde söz sahibi değil”, “Reyting ölçümlemesi için yaklaşık 20 yıl aradan sonra Televizyon İzleme Araştırma Komitesi(TİAK) tarafından düzenlenen ilk ihaleyi kazanan TNS Piar, böylece AGB-nin 20 yıllık iktidarına da son verdi... Hapisler başladı...Peki ama 3,3 milyar dolarlık reklam sektöründe yaklaşık 1.8 milyar doların paylaşılmasındaki tek ölçüt olan reyting ölçümleri bu yeni dönemde nasıl yapılacak? TNS Piar, 20 yıllık AGB-nin elinden ihaleyi nasıl söküp aldı? Ya da gerçekten aldı mı? Bizler bir oyunun parçası mıyız?”...
Bir özgə başlıq mənim bütün diqqətimi özünə calayır - “Puf noktası: Eski ölçümcü AGB ile yeni ölçümcü TNS-in sahibi aynı!”... “Nielsen ise, Net Ratings ve Buzz Metrics aracılığıyla çevrimiçi istihbarat sektöründe faaliyet gösteren uluslararası bir enformasyon ve medya şirketidir” cümlələrini oxuyunca:
- Bu şirkətin, işə bir bax ee, özəl kəşfiyyat sistemi də varmış ki... - deyə, tam ehtiyatla danışmağa başlayıram.
- Həmid bəy, bəs bilməyirdiz ki, AGB Nielsen şirkəti qardaş Türkiyədə niyə bəzən KGB Nielsen deyə anılır? Bilmirdiz bəyəm? – X xanımın qırmızı donuyla dodaqlarının al boyası arasındakı ahəngdarlığa mən ancaq indi fikir verirəm.
- Demək istəyirsiniz ki, KGB indi də mövcuddur? Bir uluslararası reytinq şirkəti şəklində indi qəbirdən xortlayıb, hə? Rəhbərliyini də elə həmin köhnə KGB işçiləri həyata keçirir? - qarşımdakı üç büllur piramidanın üzərindən baxıram qarşımdakı gözəl xanıma.
- Yooox, Həmid bəy, mən yox, siz deyirsiz bunu...
- Yaxşı, mən bunu bilmirdim... Bəs siz? Siz bilirdiniz bunu? - həmsöhbətimə diqqətlə baxa-baxa mövzunun dramatizmini artırıram.
- Həmid bəy, TV-lər bütün dünyada əhalinin “psixolinqvistik proqramlaşdırılma”ğıyla məşğuldu... Siz yaxşı bilirsiz axı “mem”lər, yəni media-viruslar” nədi, - X xanım bunu deyincə xeylax susur... Bu dəfə o, diqqətlə baxır mənim təəccüblü sifətimə...

NEYROLİNQVİSTİK PROQRAMLAŞMA, “MEM”LƏR BARƏDƏ KİÇİK ARAYIŞ

1986-cı il Moskva şəhəri. “Makdonald” şirkətinin şəhərdə yenicə açılmış yeməkxanası üzərində parıldayan “M” hərifi, daha doğrusu “M” rəmzi siqnal kodu bütün moskviçlərin diqqətini özünə cəlb edir. Həmin tarixə qədər moskvalıların şüurundakı, altşüurundakı “M” psixoloji siqnal kodu, dörd tamam başqa ünvana ötürürdü öz siqnalını-1. Lenin “M”ovzoleyinə. 2. “M”etroya. 3. “M”uzeylərə. 4. Paytaxtın öz adı “M”oskvaya, həmin adı öz möhüründə əks edən minlərlə dövlət idarəsinə.
Okeanın o tayından gəlmiş bu təzə “M” siqnal kodu (“M”akdonalds”) elə ilk dəqiqələrindən başlayaraq dinc durmur. Moskvalıların şüurunda, altşüurundakı köhnə “M” siqnal kodunu sıxışdırmağa başlayır. Sakinlərin oturuşmuş psixikasında qısa qapanmalar, silkələnmələr baş verir. Beyinlər zədələnir. Köhnə psixoloji siqnal sistemi yararsız hala düşür son nəticədə.
1991-ci ildə ölkəmiz, daha doğrusu, beynimizin bütün keçmiş siqnal sistemi süquta uğrayır.
Müasir elmdə bu cür müharibələrə “psixitron savaş” adını veriblər.
Burda ən vacib məsələ, əvvəlcə düşmənin psixoloji siqnal sistemini, kodlarını düzgün təyin etmək, sonra isə bu sistemi, fikir verin, OXŞAR, fəqət tamam başqa “yalançı” siqnallarla əvəzləməkdir.
Sonra həmin “yalançı siqnalı”, mass-media, TV-lər, reklam çarxları vasitəsi ilə düşmən düşərgəsinə ötürməkdir.
Əməliyyat başladımı, azca səbr edin, tez bir zamanda düşmən düşərgəsində əsl psixoloji fəlakət baş verəcək. Yazıb ayrıca qeyd edirik-oxşar psixolinqvistik əməliyyatlara elmdə “neyrolinqvistik proqramlaşma” adını veriblər.
Bu cür “yanlış psixoloji siqnal”lara, bayaq o, qeyd etdiyi kimi “mem”lər, yaxud “media-virus” da deyərlər bəzən...
“M”akdonalds “mem”indən öncə SSİR-yə digər “M”arlboro, “M”aqnitafon, “M”akintoş, “M”agiya, “M”aknomara(eynək növü) memlərinin, yəni siqnallarının da ötürüldüyünü xatırlasaq, tarixçəsi bir az da qədim olar bu təxribatın.
“Mem”lər silsiləsi öz son nöqtəsini adətən “M”ason kodunda taparaq məhz orda, yalnız orda öz missiyasını bitmiş sayar.
İndiysə qayıdaq Milli Məclisimizdə X xanımla yarımçıq qalmış söhbətimizə...
X xanım arxasında əyləşdiyi yazı masasından ayrılır. Kabinetin düz ortasına gələrək divardakı bir rəsm qarşısında xeylax dayanır:
- Bu şəklin adı “Mənim qalaktikam”dı...Onu bir Vyana rəssamı çəkdi mənimçün...
“Hə, yamanca təcrübəlidir bu sirli-sehirli xanım...Demək belə...Bəzi sualları xüsusi sükut fasiləsi ilə cavablandıracaq o. Gərək nəzərə alaq da bunu. Bilir nə zaman ayaq üstə qalxır...bilir nə zaman söhbətin mövzusunu dəyişmək, nə vaxt susmaq lazımdı” kimi lal fikirlərim başlayır daxilimdə qaynamağa. Sovet vaxtlarında F. Nitşenin əsərlərini Axundov kitabxanasının “Nadir kitablar” şöbəsində gizlincə oxumağı bacarmış bu xanım hər zaman olduğu kimi indi də ehtiyatlıdır.
- Bu şəkildə isə mənim “psixolinqvistik proqram”ım, mənim “mem”im gizlənib...Açması sizdən, Həmid bəy... - Söhbətimizin mövzusunu bircə an içində dəyişməyi bacaran X xanım, bəli, yamanca təcrübəlidir...
Buna bir daha əmin oluram.

AĞ GƏMİNİN SƏRNİŞİNİ

 Джек-ПотрошительATƏT-in Vyanada keçirdiyi növbəti iclas bir gün çox darıxdırıcı görünür bizim gizli qəhrəmanımıza. Tacikistan, Osetiya, Abxaziya münaqişələri iclasın gündəmindədir, Qarabağ isə yox...X xanım buna qəti etirazını bildirir, ancaq görəndə ki, təklifi qulaqardına vurulur, özünü itirmir, sakitcənə, ingilissayağı məclisi tərk edir. Mosartın vətənini başlayır addım-addım gəzməyə. Bu zaman, başı biretli bir səyyar rəssamla üzləşir, “şəklinizi çəkimmi?” sualından əvvəlcə azca diksinsə də, axırda belə cavablandırır onu:
- Mənim deyil, mənim dünyamın şəkilini çək sən...
Həmin şəkil indi qəhrəmanımızın Milli Məclisdəki kabinetini bəzəyir. Məncə, X xanım bu şəkillə hər qonağını tanış etməyə tələsməz. Hə... Məni öz kabinetiylə deyil, öz dünyası, öz qalaktikası ilə tanışdırmaq fikrindədir deyəsən o. Şəkilin gəşəng, zövqlü rəng həlli var-göy, yaşıl rənglər əsərdə dominantdı...Tabloda bir uzaq kosmik mənzərə əks olunur...Həmin qalaktikanın önündə isə bir tənha romantik gəmi... Yelkənləri səmt küləyini tutaraq öz amazonkasını, yaxud öz tamaşaçısını qələbəyə doğru aparır...
- Bildiyim qədərincə sizin həyatınızda bu xəyali, əfsanəvi gəmidən öncə bir həqiqi, gerçək gəmi də olub axı...- deyincə, X xanımın şax qamətində bir diksinti, xəfif tərpəniş hiss edirəm.
Lermontov poeziyasının vəhşi dalğaları qoynunda üzən məlum “ağ gəmilər” SSRİ dövründə gözoxşayan ağ-appaq turistik gəmilərə çevrildilər. Adları da oldu təxminən eyni - “Sovet Azərbaycanı” yaxud “Sovet Gürcüstanı”. Belə gəmilərin lüks göyərtələrində ölkə siyasi-elmi, mədəni elitası dünya səyahətinə çıxardı həmişə. Qədim yunan əsatirlərinin cızdığı məlum marşrutlar boyu üzən bu gəmilərdə alimlər, ixtiraçılar, bir sözlə ölkənin qaymaqları bir-biriylə təmas qurar, xaricilərin gözü qarşısında qara kürünü ağ çörək üzərinə yaxardılar. Xaricdəkilər də bunu görüncə ağıllarını itirər, ölkəmizi dünyanın ən varlı guşəsi bilərdilər.
Qədim yunan mədəniyyəti, fəlsəfəsini yaxşı bilən bizim X xanım, sözsüz ki, belə bir gəminin sərnişini olmağa, qədim antik dünyası sahillərinə səyahətə çıxmağa məncə tam layiq idi.
- Onun lüks göyərtəsindən Aralıq dənizinin gözəl mənzərələrini izləmisiniz siz hələ sovet vaxtlarında...- bunları mən deyincə, şəkildəki gəminin təsvirlərində nəsə bir dəyişkənlik əmələ gəlir. Elə bil dirilir, canlanır tablodakı bu Lermontov gəmisi. Şəkil öz çərçivəsindən çıxaraq daha da böyüyür...
Özümü də bir an bu gəminin göyərtisində gəzişən görürəm.
- Sovet vaxtlarında kimsə bu cür səyahətə çıxıbsa, ağ gəmilərdən dünyaya baxıbsa, demək...- cümləm yarımçıq qalır ağzımda. Üzü niqablı qəhrəmanım özü davam etdirir açdığım mövzunu:
- SSRİ-nin bütün qaymaqları yığılardı adətən bu cür ağ gəmilərə. Və...və başlardı dünya, yaxud Odissey səyahəti... Heyətdə Rusiyadan xeyli alim vardı. Tunisdə bir muzeyə getdik. Muzeyin tən ortasında Afinanın böyük bir heykəli vardı. Çəhrayı mərmərdən, möhtəşəm, heyrətamiz dərəcədə gözəl bir heykəl... O qədər gözəl idi ki, ona baxan bütün qadınlar mütləq bir həsəd, qısqanclıq hissi keçirərdilər...

- Siz də bu hisslərə qapıldız? - söhbətimizin lam axarı hər ikimizə ləzzət verməyə başlamışdı.
- Bəli. Ürəyimdə düşündüm ki, İlahi, əgər qadını belə gözəl yaratmaq mümkündürsə, niyə bu gözəllikdən mənə çox pay düşməyib? Maraqlı olan bu idi ki, hündür postamentin üstünə qoyulmuş heykəlin ətrafında sıra ilə üç böyük qırmızı çevrə çəkilmişdi. Üçüncü qırmızı çevrədən sonra isə heykəli qırmızı lent qoruyurdu və o lent üzərindən keçmək qadağan idi. Heykəlin daha maraqlı bir cəhəti də vardı ki, sən hara dönürdünsə heykəlin gözləri sənə baxırdı. Muzey bələdçisindən qırmızı xətlərin və qırmızı lentin mənasını soruşduq. Dedi ki, bu heykələ çox yaxın düşmək olmaz. Yaxınlaşdıqca insanlar onun təsirinə, magiyasına düşür...
Deyirəm... deyirəm, bizim bu X qadının ətrafında da bax belə üç qoruma xətti mövcuddur bəlkə də? Ancaq... ancaq, bu üç qoruma xətti, ecazkar baxışlar, magiya....belə deyək də, təkcə, yalnız əfsanəvi Afinaya məxsus olan keyfiyyətlərdi axı...
Hə, onu da unutmayın ki, bu xanım özünə heç vaxt “filosof, alim, deputat” demir. Mənə aldanaraq çaşıb birdən ona filosof, alim, deputat deyərsiz haa... Afinanı qəzəbinə düçar olarsız bunu etmiş olsanız. Afinaya vurulmuş bu qadın özünə adətən, yadda saxlayın, “GİZLİ XANIM” deyər ancaq...
Daxilimdə səslənən bu şək-şübhələrə çox da vaxt ayırmaq fikrində deyiləm indi. X xanımın Afina heykəli barədəki xatirələri daha maraqlıdır indi mənimçün:
- Yanımızda məşhur bir rus alimi vardı, adını çəkməyəcəm, amma onu deyim ki, hazırda həmin kəs Rusiyadakı universitetlərdən birinin rektorudur. O dedi ki, mən bu xətti keçmək istəyirəm. Fikrində çox qəti idi, birtəhər muzey bələdçisindən icazə ala bildi. Qırmızı xətti keçdi. Birinci qırmızı çevrənin içinə keçəndə başını bir az da qaldırdı. İkincini də keçdi. Üçüncünü keçəndə qəfildən, hamımızın gözü qarşısında heykəlin qarşısında diz çökdü...
Xanımın nitqi burda özünün akademik, Azdrama ahəngini itirərək bir pillə aşağı düşür. Ayrıca olaraq qeyd edim ki, ona nitq sənəti üzrə məşhur teatr rejissorumuz Mehdi Məmmədov dərs verib.
Mövzu davam edir:
- O xətdən çıxıb gələndən sonra həmin professor bizə dedi ki, mən könüllü diz çökmədim, bunu özüm istəməmişdim. Heykəl mənə əmr elədi ki, mənim gözəlliyimin qarşısında diz çök!
Qəribədir. Qədim yunan fəlsəfəsi, Arəstu, Əflatun məktəblərini əzbər bilən bu xanım sən demə Afina ilahəsinin gizli aşiqlərindənmiş. Ən vacibi - Afinanın magiyasına, baxışlarına, əmirlərinə bələdmiş həm də. Afinanın qəzəbi də, unutmayın, yunan mifologiyasında çox hallandırılan bir süjet xəttini təşkil edər...
“O dedi ki, mən bu xətti keçmək istəyirəm. Fikrində çox qəti idi, birtəhər muzey bələdçisindən icazə ala bildi. Qırmızı xətti keçdi. Birinci qırmızı çevrənin içinə keçəndə başını bir az da qaldırdı. İkincini də keçdi. Üçüncünü keçəndə qəfildən, hamımızın gözü qarşısında heykəlin qarşısında diz çökdü... Dedi ki, mən könüllü diz çökmədim, bunu özüm istəməmişdim. Heykəl mənə əmr elədi ki, mənim gözəlliyimin qarşısında diz çök!”
X xanımdan ayrıldıqdan sonra onun bu xatirələr bir başqa cür, daha dramatik bir ahənglə daxilimdə yenidən səsləndi.
Uzaq qalaktikalarda əsən səmt küləyini öz yelkənləri ilə tutaraq arzularına doğru üzən bir ağ gəminin içindən, daxilindən gəlirdi bu qədim xatirələrin səsi.
Sovet dövründə ölkə elitasını Aralıq dənizində, qədim antik dünyanın sahillərində gəzdirən bir ağ gəmidən gəlirdi bu səs.
Psixoterapevt olsaydım, bax burda axtarıb tapardım bizim gizli xanımın “neyrolinqvistik proqram kodu”nu...

qafqazinfo.az

Комментариев нет:

Отправить комментарий