Страницы

03.09.2012

Rövşən Yerfi. Kətil məsuliyyəti

 “Allah beləsindən qorusun”...

Növbətçi otağından təzə kətil itmişdi. Səhər vaxtı, növbənin təhvil-təslimində gündəmə gələn kətilin itməsi xəbərindən zabitlərlə yanaşı nəzarətçilər də çaşqınlıq içində qalmışdılar. İynə deyil ki, itsin necə ola bilər, o boyda kətil yox olsun?
“Taburetka” deyilən dörd dəmir qıçlı, üstü laklı taxtası olan kətillər üç ay idi müəssisəyə gətirilmişdi. Oturacaq taxtasının rəngi və parlaqlığı göz oxşadığından ilk gündən hamının bu kətillərdən xoşu gəlmisdi. Kətillərin çox hissəsi məntəqə tipli müəssisədə cəza çəkən məhkumlar üçün nəzərdə tutulan yataqxanaya paylanmış, qalanını isə anbar  adlandırılan otağa yığmışdılar.
İki dənəsi, rəisə uzun xahiş minnətdən sonra icazəsi alınıb növbətçi otağına qoyulmuşdu. Kəfildən xoşu gələn növbətçilərdən bir-neçəsi heyrətini gizlətməyib demişdi:
- Əcəb kətildilər. Bunlardan bir-ikisini atasan maşınına, aparasan özünlə, həyət üçün can verir...
Belə ki, müəssisədə növbə ilə dörd zabit rəisin növbətçi köməkçisi işləyirdi. Onlardan üçünün avtomobili vardı, biri isə işə avtobusla gəlirdi. Əgər kətil oğurlanıbsa məlum məsələdir ki, onu avtobusda gələn zabit apara bilməzdi. Kətili qucağında daşımayacaqdı ha... Güman ki, bu iş maşını olan zabit tərəfindən baş verə bilərdi, - başqaları belə düşünürdü, - xəlvətə salıb kətili maşının yük yerinə atmaq elə də hünər tələb etmirdi. Amma, onlardan hansını günahlandırmaq olardı ki, kətili sən aparmısan. Gözünlə görməmısənsə kimə nəyi sübut etmək olar? Şübhələrin onlara yönəldiyini görən zabitlər etiraz etdilər:
-Maşını olan tək biz deyilik. Bəs nəzarətçilər?..
Altı nəzarətçidən də üçünün maşını vardı. Söhbət qəlizləşirdi.
Bəlkə kətili heç oğurlayan olmayıb, - xəbəri  eşidən komendant qərar verməyə tələsmədi, -  ola bilər kimsə hansısa başqa otağa aparıb, yadından çıxarıb yerinə qaytarmağı?
Növbədə olanlar müəssisənin komendantı ilə birlikdə müəssisədəki bütün otaqları, yataqxananı,anbarı gəzib yoxladılar, bir-bir saydılar, yenə kətilin birisi çatmadı ki, çatmadı...
Rəis bilsə həngamə qopacaqdı, hamının başı ağrıyacaqdı.”Bəlkə gizlətsinlər,” - düşündülər. Gəl ki, bu kollektivdə üzdə olan bir iş məgər gizli qala bilərdimi? Geci – tezi kimsə xəlvəti rəisin kabinətinə girib hər şeyi onun ovcuna qoyacaqdı. Bəs onda rəisə necə desinlər? Aylarla dilinin əzbəri olacaqlarsa da, xəbər verməkdən ayrı əlacları qalmamışdı.
Gözlədikləri baş verdi. Rəis növbətçi otağından kətilin birinin yox olmasını eşiden kimi təcili iclas etmək üçün bütün şəxsi heyətin kabinetinə toplanmasına göstəriş verdi. Az müddətdə qapını pusan nəzarətçidən savayı hamı rəisin otağına yığıldı.
Rəis həqiqətdən bərk əsəbləşmişdi, sifətinin rəngi və cizgiləri dəyişmişdi:
 -Növbətçilər burdadı?
İki zabit yerindən qalxdı.
-Siz, biriniz təhvil verən – birinir təhvil alansız . Danışın görək faktı necə aşkar etdiz? Akt tərtib etmisiz?
-Cənab rəis, - onlardan biri dilləndi, - fakt indi yox, həftədən çoxdur mənə məlum idi. Sadəcə komendant işə çıxmadığından, onun qayıtmasını gözləyirdik ki, birlikdə hər tərəfli yoxlayıb dəqiqləşdirək, ondan sonra sizə məruzə edək. Bu gün komendantla  yoxlayıb gördük ki, şübhəmiz doğrudur, bir kətil çatmır.
-Bəs kətil hara yoxa çıxıb? Növbətçilər siznənəm?..
Hər iki zabit susaraq durmuşdu.
-Bu sualım nəzarətçilərə də aiddir,  - nəzarətçilərə tərəf baxdı, - sizə deyilməyib adınızı çəkəndə ayağa durmaq lazımdır?
Nəzarətçilər tənbəl-tənbəl ayağa durdular.
-Mən bilmirəm siz burda nə işinə baxırsız? Sizin taylarınız qarda, şaxtada postda durur, vətəni qoruyurlar. Siz burda boş–bekar oturub adi bir kətili də qoruya bilmirsiz. Günün birində dubinkanızı da götürüb aparsalar arxanızdan xəbəriniz olmayacaq. Yeri gəlmişkən, - üzünü müavininə tutdu, - bunlara verilən qandalların, dubinkaların sayını, vəziyyətini bir azdan yoxlayın. Mən daha bunlara heç nə etibar edə bilmərəm. Komendant, elə bu gün bütün inventarları yoxla. Oturun.
Ayaqüstə duranlar yerlərində oturdular. Anlaşıldı ki, indi bu girişin dalısıyca rəis böyük, “ibrətamiz” çıxışına başlayacaq. Yenə həmişəki sayaq sözlərinin biri arandan, biri dağdan olan, məntiqsiz cümlə yığınına dözüb qulaq asmaqdan savayı nə edə bilərdilər. Nəzarətçilərin də əyləşdiyini görən rəis onlara tərəf  bozardı:
  -Siz durun ayağa, oturmaq sizə aid deyildi. Səviyyəsizlər... Adamda gərək axıl olsun. Hələ bir gəlib utanmaz-utanmaz məndən maddi yardım, “premiya” da istəyirlər. Gülürlər bizə  baş idarədə, deyirlər nə iş görürsüz ki, mükafat da alırsız. O gün idarədə bir mühasib tanış görmüşəm, soruşmuşam vəziyyəti. Heç yerdə belə şey yoxdur, elə-belə “premiya”, maddi yardım paylasınlar. Yarısını alanda Allahınıza şükür edin... Mühasib demişkən bizim mühasib hardadı? İşə gəlib? Burdadı? Otur. Məsələ burasındadır ki, Allahın bədbəxtlərisiz, işinizin öhdəsindən gələ bilmirsiz. İşləyə bilmirsiz, gedin bacardığınız işdən yapışın. Traktor sürün, mal otarın. Yerinizə o qədər işləmək istəyən var. Əsgərlikdə mən komandirin villasında belə keyfiyyətsizləri bir gün də saxlamırdım orda, qaytarırdım o dəqiqə “çasta”...Yaxşı, indi kətilin məsələsini neyniyək? Məsuliyyətsizlər...Nə qədər demək olar ki, məsuliyyətli olun, iş vaxtı yatmayın. Bir kətilin məsuliyyətini də daşıya bilmədiniz. Axtarın tapın görək kim aparıb? Kim aparıb zəhmət çəkib dövlətin malını qaytarıb yerinə qoysun.Yox, qaytarmasa, onda dörd zabit, altı nəzarətçi yığışıb pulunu toplayıb, həmin kətildən yenisini alsınlar. Yoxsa, mən idarəyə vəziyyət barədə raport yazıb məruzə edəcəyəm. Bilirsiz ki, dövlət əmlakına səhlənkar münasibətə görə cinayət məcəlləsində neçə il iş düşür. Prokuroru, müstəntiqi demirəm, bizim öz müfəttişliyimizin xəbəri olsa, izahat yazmaqdan barmaqlarınız qabarlayacaq. Əgər töhmət yazsam, “premiya”ya həsrət qalacaqsız, heç yarısını da ala bilməyəcəksiz. Dəhlizin lampası yenə niyə yanmır? Mən lampa almaqdan yoruldum, indi də kətil yoxa çıxır. Üç gün vaxt verirəm. Baş nəzarətçi, nəticəsi barədə mənə məruzə edərsən. Bildin?..
Kətillə bağlı iclas-müşavirə bir saatdan çox çəkdi. Kabinetdən həyətə çıxan zabitlər öz aralarında məsələnin “aktuallığından” gileylənirdilər:
-Gözümüz aydın, bir kətilimiz çatmırdı pul yığmağa... Qəzet pulu, təmir pulu, indi də kətil pulu...
-Bizə əmlak dərsi keçir, amma, əmlakın təzəsini evinə, bağına aparır, köhnələrini bura daşıyır. Allah bilir kətil məsələsini də bəlkə də, özü yaradıb, - mühasib müavinin qulağına pıçıldayırdı.
-Bu söhbətin səbəbkarının səviyyəsi, olsa-olsa kətildən artıq olmaz, - bayaqdan iclas boyu səbrini basıb susan müavin rişxəndlə gülürdü...
Baş nəzarətçi kətilin pulunu yığmaq üçün siyahı hazırlasa da kimsədən pul ala bilmədi. Hərə bir bəhanə gətirib pul verməyi maaş alana saxladı. Hamı: “sən al, pulunu verərik”, - dedi. “Belə getsə deyəsən kətili özüm almalı olacağam”, - o, qayğılandı. Birdən ağlına gəldi ki, bu kətillərə oxşarını yaxınlıqdakı sahibi ilə dostluq etdiyi kafedə görüb, gedib ona xahiş edib bir köhnəsini alsın, bununla da “problem” - məsələ bitsin.
Səhəri günü növbətçi otağında yeni, görkəmcə köhnə kətilin zühuru hamını sevindirdi. Baş nəzarətçinin məruzəsindən sonra rəisin də kefi duruldu. Əlbəttə, kətil öz yerində, ən əsası isə, o, yaranmış vəziyyətdən istifadə edərək səhlənkar hesab etdiyi işçilərinin kətil qədər də olsa məsuliyyətlərini artırmışdı!..
Əslində isə kətil müəssisədən uzaqda yox, hamının nəzərindən iraqda, “məsuliyyətli” rəisin həmişə günortalar yatdığı istirahət otağındakı təzə əkilmiş böyük kaktus dibçəyinin altında idi. Kətilin oraya nə vaxt, kim tərəfindən gətirdilməsini isə nədənsə xatırlayan yox idi.
Ola bilsin mühasib haqlı idi: “tədbirli” rəis şəxsi heyətin sayıqlığını nəzarətdə saxlayırdı...

Комментариев нет:

Отправить комментарий