Страницы

27.03.2013

SƏBİHƏ GÖYÇƏN

Akif  ABBASOV

Bursa adi günlərini yaşayırdı. Ölkədən düşmən ayağı çəkiləndən sonra bursalılar da rahat nəfəs alırdılar. Bu gün şəhərdə canlanma vardı. Mustafa Kamal Bursada idi. O, burada həyatın necə davam etdiyini, şəhərin, adamların dərd-sərini öyrənmək istəyirdi.
Mustafa Kamal türklərin ümid və sevinc, iftixar, qürur mənbəyi idi. Şəhərin hansı səmtində görünürdüsə, ətrafını xoşsifət, mehriban, gülərüz insanlar bürüyürdü. O, isanların sevimlisi idi. Türklər onun yolunda özlərini fəda etməyə belə hazır idilər.
Neçə illər sıxıntı içərisində, müharibə şəraitində yaşamış, yaxınlarını döyüş meydanlarında itirmiş adamların gözlərində sevinc görmək Mustafa Kamal üçün də xoşdu. Belə görüşlərdə, adətən insanlar uğurlarından danışır, qələbələrini, ürəkaçan  xatirələri yada salırlar.
Mustafa Kamal onlarla söhbət edir, suallarına cavab verir, ölkənin gələcək durumundan söz açırdı. On-on bir yaşlarında bir qız uşağı izdihamı yararaq çox irəli keçmiş, Mustafa Kamala sığınmışdı. Başı söhbətə qarışdığından Mustafa Kamal əvvəlcə bunu hiss etməmişdi. Bir də gördü ki, cangüdənlər qızı ondan aralamaq istəyirlər. O, əlinin işarəsilə onları saxladı, sözünü kəsib soruşdu:
-Adın nədir, qızım?
Məsum baxışlı qız dodaqlarında titrəyiş astadan:
-Səbihədir, böyük insan! – dedi.
Onun yekə-yekə danışmağına Mustafa Kamalın gülməyi tutdu. Lakin özünü gülməkdən zorla saxladı.
Səbihənin əyin-başı nimdaş idi, donunun ətəkləri süzülmüşdü. Paltarının bəzi yerlərində xırda yamaqlar görünürdü. Bütün bunlar onu göstərirdi ki, Səbihə heç də firavan həyat sürmür. Ehtiyac içərisindədir. Mustafa Kamal qızın halına acıyaraq qayğı ilə:
-Qızım, nahar etmisən?
Qız gözlərini  döydü və dinmədi. Dövlət adamlarından kimsə qızı yeməkxanaya yola salmaq istədi. Mustafa Kamal mane oldu:
-İşin olmasın. Nahara mənimlə gedəcək.
Mustafa Kamal hədsiz dərəcədə sadə və ürəyiyumşaq idi. Ətrafındakılar onun xasiyyətinə yaxşı bələd idilər. Hərdən elə göstəriş verir, elə hərəkət edirdi ki, hamını heyrətdə qoyurdu. İndi tanımadığı, küçədə rastlaşdığı balaca bir qızla nahara oturacağı  hökumət adamlarına çox da qəribə gəlmədi.
Az sonra Mustafa Kamal izdihamla xudahafizləşib maşına əyləşdi. Səbihə də onun yanında idi. Mustafa Kamal əlindən tutub onu da maşına gətirmiş, yanında oturtmuşdu.
Birlikdə nahar etdilər. Yüksək vəzifəli adamlarla,  ölkənin padşahı ilə çiyin-çiyinə olmağı, bir maşında yol getməyi, bir süfrədən yemək yeməyi Səbihəyə yuxu kimi gəlirdi. Mustafa Kamal arada gözucu ona baxırdı. Qız hərdən balaca, arıq əllərilə gözlərini ovuşdururdu. Adama elə gəlirdi ki, o, yuxusuzdur, ya da gözlərini yaxşı yumadığından onlar qaşınır. Əslində bunların heç biri deyildi. Səbihə gözlərini ona görə ovuşdururdu ki, görsün: bu, yuxudur, yoxsa həqiqət?!
Mustafa Kamalın göstərişilə dərhal Səbihə barədə məlumat toplanmışdı. O, bir qarın ac, bir qarın tox dolanırdı. Ehtiyac onu sıxırdı. Ata-anası dünyasını dəyişmişdi. Səbihə tək qardaşının himayəsində qalmışdı ki, o  özü də səfalət içərisindəydi.
1925-ci il idi. Mustafa Kamal Bursadakı işlərini tamama yetirib Ankaraya dönməyə hazırlaşırdı. Yan-yörədə Səbihəni görməyib soruşdu:
-Bəs Səbihə hanı?
Cavab verdilər:
-Paşa həzrətləri, qardaşının yanına apardıq. Axı bu gün siz yola düşürsünüz. Uşaq sizə elə öyrəşib ki, qorxduq ayrılanda xiffət edər.
Atatürk dedi:
-Ayrılanda niyə? Mən də Səbihəyə öyrəşmişəm. Onu özümlə Ankaraya aparmaq fikrindəyəm. Fəqət gərək qardaşından razılıq alaq.
Mustafa Kamal maşını Səbihəgilin  məhəlləsinə sürdürdü. Səbihə və qardaşı kiçik, darısqal və uçuq-sökük bir  daxmada yaşayırdılar. Bayaqdan əhvalı pozğun dayanıb göz yaşlarını axıdan Səbihə maşının səsini eşidib  sanki cana gəldi. Uzaqdan görünən maşındakının Mustafa Kamal olduğunu əlüstü başa düşdü və avtomobilə sarı qaçdı.
Səbihənin qardaşı qonaqları mehribanlıqla qarşıladı:
-Paşa həzrətləri, xoş gəlib, səfa gətiribsiniz!
Sonra o biri qonaqlara   sarı dönüb dil-ağız elədi:
-İçəri – evə buyurun, çörək kəsin, suyumuzdan için.
Mustafa Kamal qayğı ilə:
-Yox, oğlum, yol üstündəyik. Səndən bir xahişim var…
Oğlan çaşıb qaldı:
-Sizin xahişiniz?! Məndən? Mənim sizə nə köməyim dəyə bilər?!
Mustafa Kamal ona anlatmağa çalışdı:
-Sənin qardaşlıq heysiyyətinə toxunmasın. İzn versən, Səbihəni prezident sarayına apararam. İstəyirəm o, yaxşı təhsil alsın, bir sənətə yiyələnsin, gələcəkdə ölkəmizin sayılıb-seçilən bir vətəndaşı olsun…
Mustafa Kamal oğlanın dinmədiyini görüb sözünə davam etdi:
-Bunu da biləsən ki, onu övladlığa götürmək istəyirəm. O mənim övladlığa götürdüyüm səkkiz qızdan biri olacaq.
Oğlanın gözləri doldu:
-Həyat məni də, bacımı da sınağa çəkib. Biz əslən Bosnyadanıq. Atamın adı Mustafa İzzət bəy, anamın adı Xeyriyyə idi.  Onlar haqq dünyasındadırlar.
Mustafa Kamal başsağlığı verdi:
-Allah rəhmət eləsin!
Mustafa Kamal ani sükutdan sonra sözünə davam etdi:
- Mən sənin bacını əlindən almıram. Onu həyatın fərəhli yollarına çıxarmaq üçün səndən istəyirəm. Dedin ki, atanın adı Mustafadır. Mənim də adım Mustafadır. Səbihə mənim şəxsimdə öz atasına – Mustafaya qovuşacaq… Qəlbinə nədən kədər çökür?! Səbihə yenə sənin bacın olaraq qalır. Az sonra türk vətəndaşları, türk övladları hamısı xoşbəxtliyə qovuşacaq. Biz güclü, qüvvətli dövlət olacağıq, çox ölkələr, xalqlar bizə həsəd aparacaqdır.
Qardaş razılığını verdi. Səbihə onun boynuna sarıldı, sonra qaçaraq özünü maşının salonuna saldı. O, qardaşını atıb getmirdi. Həyatı boyu onu sevəcək, onunla əlaqəsini kəsməyəcəkdi. Burada da qalıb oxuya bilərdi. Lakin uşaq qəlbi ilə hiss edirdi ki, ölkənin ürəyi olan paytaxt şəhərində – Ankarada yaşayıb məktəbə getmək ona daha böyük uğurlar gətirəcək, ona cəmiyyətin üzdə olan adamları ilə görüşmək, onlardan öyrənmək imkanı verəcəkdi.
Lakin nə olacaqdı, necə olacaqdı, hansı məktəbdə oxuyacaqdı, hansı peşəni seçəcəkdi? Bütün bunlar on iki yaşlı Səbihə üçün hələ qaranlıq qalırdı. İndi yol gedirdi. Maşının pəncərəsindən ətrafı gözdən keçirir, fərəhindən ürəyi köksünə sığmırdı. Birdən susadığını hiss etdi. Üzünü Mustafa Kamala tutaraq:
-Su istəyirəm, - dedi.
Mustafa Kamal gülümsədi. Qıza su verdilər.
Yol uzanıb gedir, qurtarmaq bilmirdi. Səbihə birinci dəfə idi ki, bu qədər uzağa gedirdi, evindən-eşiyindən bu qədər uzaq düşürdü.
Qız birdən-birə qəribsədi. Gözləri doldu. Yadına qardaşı düşdü, məhəllə uşaqları düşdü. Yəqin bu gün neçə dəfə gəlib onu soruşmuşdular. Yəqin qardaşı da kövələrək əvvəlcə «evdə yoxdur» deyib onları yola salmış, axırda əl çəkmədiklərini görüb, həqiqəti demişdi. Demişdi ki, «Səbihə daha burada yoxdur, daha burada yaşamır. Ankaraya gedib». Yəqin qızların da ağızları açıla qalmış: «Bir gör ha! Bizim Səbihə Ankaraya – baş şəhərə gedib!»
Səbihə indi bilmirdi sevinsin, yoxsa qəm-kədərə batsın. Görəsən Ankarada onun günü-güzəranı necə keçəcək?! Rəfiqələri kim olacaq? Deyirlər paytaxt uşaqları lovğa olurlar, əyalətdən gələnləri bəyənmirlər?!»
Birdən Mustafa Kamalın gözləri Səbihəyə sataşdı. Başa düşdü ki, qızcığaz darıxır, xiffət çəkir. Nə qədər olmasa körpədir, doğmalarından, tanışlarından ayrı düşür, yad şəhərə yola düşür. O, Səbihənin saçlarına tumar çəkərək:
-Qızım, Ankara sənin xoşuna gələcək…
Mustafa Kamal Lətifə Uşaqlıgillə evlənmiş və iki il sonra ayrılmışdı. Onların övladları olmamışdı. Lətifə xanımdan sonra Mustafa Kamal ailə qurmamış, yeddi qız və üç oğlan uşağını övladlığa götürmüşdü. Onlar prezident sarayında yaşayırdılar. Burada Səbihəni neçə qız, neçə oğlan qarşıladı. Bunlar onun bacı-qardaşları oldular. Zəhra, Afət, Ruqiyə… və başqaları. Çoxlu bacı-qardaşı olmaq nə yaxşı imiş! Mustafa Kamal özü Səbihənin əlindən tutub məktəbə apardı. Səbihə o gündən həvəslə dərslərə davam etdi.
Günlər bir-birini  qovur, Səbihə get-gedə boy atır, biliklərə yiyələnirdi. O, səyli, çalışqan idi. Oxumağa böyük həvəs göstərirdi. Səbihə Ankarada ibtidai məktəbi, İstanbulda – İsküdar Qız Liseyini bitirdi. Qız böyük arzularla, xəyallarla yaşayırdı. Bəlkə də xəyalpərəst olduğuna görə 1934-cü ildə Türkiyədə soy adı qanunu qəbul olunanda Mustafa Kamal ona Göyçən soy adı verdi. Bu, təsadüfi bir soy adı idi. Səbihənin gələcək peşəsi hələ məlum deyildi.
Böyük Millət Məclisi Mustafa Kamala da soy ad verdi: Atatürk – türklərin atası!
Atatürk ölkədə aviasiya sənayesinin çiçəklənməsinə qayğı göstərirdi. 1935-ci ilin may ayının 5-i idi. Atatürk prezident sarayındakı kabinetində əyləşib bu gün dəftərxanaya daxil olmuş sənədləri gözdən keçirirdi. Sonra qol saatına baxıb ayağa qalxdı. Türkquşu Uçuş məktəbinin açılışına həsr olunmuş mərasim keçiriləcəkdi. Açılışa Atatürk də dəvət olunmuşdu. Yolda Səbihə ilə rastlaşdı:
-Babacan, hara? – Səbihə soruşdu.
Atatürk:
-Mənimlə uçuş məktəbinə getmək istərdin? Orada planerlərin və paraşütçülərin yarışı olacaq. Xaricdən dəvət olunmuş mütəxəssislər də yarışa qoşulacaq.
Səbihə sevincək:
- Maraqlı olacaq, - dedi, - gedirəm, mən də gedirəm!
Onlar birlikdə Aviasiya məktəbinə gəldilər. Planerlər və paraşütçülər öz bacarıq və qabiliyyətlərini göstərdilər. Səbihənin maraqla mərasimə tamaşa etdiyini görən Atatürk zarafatla soruşdu:
-Səbihə, təyyarəçi olmaq istərdin?
Səbihə bir uçuş meydanına, bir Atatürkə baxdı. Bu barədə heç zaman fikirləşməmişdi. Ona görə də qəflətən verilmiş suala əvvəlcə cavab tapmadı.  Sonra inamla:
-İstərdim, - dedi.
Atatürk təəccübünü gizlədə bilmədi:
-Doğrudan?
Səbihə qətiyyətlə:
-Lap bu saat işə başlaya bilərəm, - dedi.
Qızın həqiqətən bu istəkdə olduğunu görən Atatürk ondakı cəsarətə heyran qaldı və Aviasiya məktəbinin direktoru Fuad Bulcu yanına çağırdı:
-Bu qızı görürsən?! O mənim qızımdır. Sizin məktəb də, təyyarəçilər də onun xoşuna gəlib.
Fuad Bulcu də öz növbəsində razılığını bildirdi:
-Xoş sözlərə görə minnətdaram.
Atatürk sözünə davam etdi:
-Məsələ bununla bitmir.  Sizin yaxşı işinizin nəticəsidir ki, bizim bu Səbihə istəyir təyyarəçi olsun.
Fuad Bulcu öz növbəsində:
-Çox yaxşı fikirdir. Təyyarəçilərin hamısı kişilərdir. Aralarında bir qızın olması, onun da göylərə qalxması lap möcüzə olardı…
Atatürk Fuad Bulcuya göstəriş verdi:
-Səbihəni birinci staj keçən kimi qeydə alın. Qız günü sabahdan dərslərə davam edəcək.
Ertəsi gün Səbihə Göyçən artıq Aviasiya məktəbində idi.
Günlər keçdi. Səbihə təyyarəçi vəsiqəsi aldı. Az sonra o, başqa tələbələrlə birlikdə Rusiyaya  ixtisasını artırmağa göndərildi. Burada o, Rusiyanın tanınmış hərbçilərindən və mahir təyyarəçilərindən dərs alırdı. Qız ona göstərilən etimadı doğrultmağa, yaxşı təyyarəçi olmaq üçün deyilənləri öyrənməyə çalışırdı. Belə səyli günlərinin birində eşitdiyi pis xəbər onun əl-ayağını işdən soyutdu, qəlbini kədərlə doldurdu. Bacılığı Zəhra dünyasını dəyişmişdi. Bunu eşidən kimi təhsilini yarımçıq qoyub Türkiyəyə qayıtdı.
Atatürk Səbihənin yaxşı təyyarəçi olacağına inanırdı. Bacılığının ölümündən sonra bədbinliyə qapılıb qalmasından narahat oldu. Ona görə də Səbihəni çağırıb onunla ciddi söhbət etdi:
-Səni belə iradəsiz bilməzdim. Həyatdır. Ölənlə ölmək olmaz. Sən öz əməllərində bacın Zəhranı da yaşatmalısan.
Səbihə Atatürkə baxdı və onu başa düşdü. Bunu Atatürk də anladı və dedi:
-Səbihə, qızım, sən istərdinmi Türkiyənin ilk qadın hərbi təyyarəçisi olasan?
Səbihə gözlərində parıltı:
-Əlbəttə, istərəm. Bu, böyük şərəf olar.
Bunu eşidən Atatürk sözünə davam etdi:
-Onda gərək Hava Qüvvələri Akademiyasına daxil olasan.
Səbihə fikirləşmədən razılıq verdi:
-Bu təklif mənim ürəyimcədir.
Az keçmiş Səbihə akademiyanın müdavimi oldu. O, böyük Atatürkün ümidlərini doğrultmağa çalışırdı. Həm də Atatürk nə deyirdisə, nəyi təklif edirdisə Səbihənin xeyri üçün edirdi. Böyük türk onun öz üzərində çalışmasını, həyatda özünə bir mövqe tutmasını istəyirdi. İstəyirdi ki, onun Səbihəsi dünyada ilk təyyarəçi qadın olsun.
Dərslər, təlim məşğələləri uğurla keçirdi, Səbihə gecəsini gündüzünə qatıb çalışır, qan-tərə batırdı. Təyyarəçilik kişi işi olsa da, Səbihə öz səyi, çalışqanlığı, inadı ilə sübut edirdi ki, qadınlar da kişilərlə çiyin-çiyinə, onlardan heç də geridə qalmadan fəaliyyət göstərə bilər. O daha çox Əskişəhrdəki Aviabazada məşğul olurdu. Bombardımançı və qırıcı təyyarələri yaxşı idarə edirdi. Ögeydəki və Frakyadakı təlimlər onun geniş imkanlarını açıb hamıya göstərdi. Atatürk hədsiz məmnun idi:
-Qızım, Səbihə, təyyarəçi olmağı sənə təklif edəndə, sənin necə bir təyyarəçi olacağını heç təsəvvürümə də gətirmirdim. Ümidlərimi doğrulda biləcəyinə  həm inanırdım, həm də inanmırdım. Bu gün sənin uğurlarını görəndə sevincimdən az qalıram qanadlanıb uçam. Sağ ol, qızım!
Atatürkün xeyir-duasından ürəklənən Səbihə təyyarənin sükanından daha inamla yapışdı. Balkan ölkələri ətrafında beşgünlük uçuşu yerinə yetirdi. Sonralar Türkiyə Aviasiya məktəbində baş məşqçi oldu.  Atatürkün anadan olmasının yüz illiyinə «Atatürkün yolu ilə həyat» adlı kitab yazdı və nəşr etdirdi. Səbihə öz təyyarəsi ilə 28 il dünyanı dolaşdı. Türkiyədə ilk qadın təyyarəçi, dünyada ilk qırıcı qadın təyyarəçisi, hərbi pilot kimi tanındı.
Səbihə Göyçən Türkiyə Hava Qüvvələrində xidmət etdiyi illərdə 22 müxtəlif təyyarədə səkkiz mindən artıq uçuş həyata keçirdi ki, onlardan 32 saatı döyüş uçuşu idi.
Səbihə Göyçən 88 il ömür sürdü. 1913-cü ildə  anadan olub, 2001-ci ildə dünyadan köçdü. Maraqlıdır ki, mart ayının 22-i onun həm doğum, həm də ölüm günüdür.
İndi İstanbulun Asiya tərəfindəki ikinci beynəlxalq hava limanı bu türk təyyarəçi qadının adını daşıyır.

prof.akif@mail.ru

Комментариев нет:

Отправить комментарий