Страницы

01.09.2013

İçimdə bir sakitlik var

Xəyalə Sevil

İçimdə bir sakitlik var,
Payız vurmuş yarpaq kimi
Xəzan-xəzan tökülürəm.
Əllərim daş ağırlığındadı,
Qaldıra bilmirəm.
Bətnimdə bir kimsəsizlik, tənhalıq,
Saldıra bilmirəm.

Zəyifcə külək əsir,
O üzümdən, bu üzümdən vura-vura,

“Özünə gəl” deyə-deyə
Sirkələyir, sirkələyir.
Saçlarım tərpənir, ancaq.
Xəyallarım azadlıqda
Məhəbbətim qara sancaq...

Qızımın səsi gəldi otaqdan,
Deyəsən, durub yataqdan.
Yaxşı ki, dünəndən ulduzları
Yığmışdım qızımın gülüşünə.
Birazdan,birazdan atacam
Göyün qaralmış üzünə. 

Комментариев нет:

Отправить комментарий