Страницы

24.02.2014

“Mövqe”nin mövqeyi

Qasımbala Səfərov

Mən öz milli telekanallarımıza hərdənbir baxaram. O da ictimai bir veriliş və ya milli kino yaxud maraqlı multifilm olduqda. Xüsusən də multifilm. Çünki Azərbaycanda son zamanlar bəzi yazarların “telekanalizasiya” adlandırdığı kanallarda sözün əsil mənasında baxımlı bir şey çox cüzidir. Şəxsən oturub multifilm izləmək o bəzi əxlaqdan kənar insanların yığıldığı əxlaqsız verilişlərə marıtdamaqdan yaxşıdır.
Bir müəllimim var idi, rəhmətlik deyərdi ki, evdə multifilmə baxanda nəvəm gəlib deyir ki, ay baba, uşaqsan bəyəm multifilmə baxırsan. Mən də hər dəfə deyərəm ki, bu multifilmlərə baxmaq, o biri mənasız verilişlərə baxmaqdan qat-qat yaxşıdır.

Lider kanalı (düzünü desəm heç bilmirəm bu kanal hansı sahədə özünü lider sayır) bir verilişlə çıxış edir. Bilmirəm hansı gündə bu veriliş efirə gedir. Çünki maraq dairəmdə deyil. O gün təsadüfən bu kanala çevirəndə gördüm Yasamalın deputatı Etibar Hüseynov yenə müxalifət liderlərinin İsa-Əli cütlüyünün arxasınca döşüyür. Lap yıxıb-sürüyür. Daha doğrusu arxasınca niyə, elə sonuncu deputat seçkilərində İsa Qəmbərlə eyni dairədən- Yasamaldan namizədliyini irəli sürmüş Etibar Hüseynov İsa Qəmbərin üzünə danışdı, arxasınca yox. İndi arxasında kim dayanmışdı, yaxud o, kimin arxasında gizlənib bu sözləri İsa bəyin üzünə deyirdi, bu ayrı bəhsin mövzusu.
Bir neçə gün bundan qabaq qonaq getmişdim, orada da Lider kanalında həmin bu “Mövqe” verilişi efirə gedirdi. Amma başqa aparıcının aparıcılığı ilə. O da döşüyürdü. Hətta ev sahiblərindən biri dedi ki, keçən dəfə bu verilişdə sən demə Eldar Namazovu yaş yuyub quru səriblərmiş. Vallah adamın yazığı gəlir, lap utanıb yerə girirsən. Orada da dedim ki, adam bunlara baxanda utanır. Bunlar isə utanmırlar. Bir də nə etsinləre, pul qazanmaq lazımdır, ya yox. Evə beş-üç manat pul aparmaq lazımdır axı! Heç verilişin adından da utanmırlar. Mövqe!
Mövqe bildirmək yaxşı haldır. Heydər Əliyev Milli Məclisdə danışan deputatlara “mövqeyini bildir, bilim mövqeyin nədir” kimi tövsiyələr edirdi. Qonşum Hacı demişkən, ən təhlükəli adam mövqeysiz adamdır. 
“Mövqe” verilişinin də mövqeyi var və o səfini bəlli edib. İqtidarın yanında. İqtidarın yanında olanda nə olar ki, olursan ol, amma heç olmasa veriliş açmısan, adını mövqe qoymusan, beş gün müxalifət liderlərini yaş yuyub quru sərəndə, bir dəfə də onlarıa efir vaxtı ayır, qoy gəlib on dəqiqə də olsa mövqelərini bildirsinlər. Belə də ki, ay “Mövqe” verilişinin heyəti, gəlin bir şeyi unutmayaq! Mən nə müxalifətəm, nə də iqtidar. Əslində zalıma və zülmə müxalifətəm, amma siyasi müxalifət (partiyalarından hansınınsa üzvü) deyiləm. Amma, gəlin insafla danışaq da: Eldar Namazovun ən azından sizin yaşınız qədər siyasi təcrübəsi var. Və Heydər Əliyevin vaxtıyla sağ əli olub, ona bəzi məsələlərdə yardım edib hətta təkliflər verib. Siz  nə etmisiniz? Axı onların rəsmlərini efirə verib dallarıyca döşəməklə mövqe bildirməzlər. Onları da dəvət elə, qoy mövqelərini bildirsinlər.
Bir də ki, özünü Orxan Fikrətoğluya oxşatmağa çalışan Yasamal deputatı (mən şəxsən ona səs verməmişəm) Etibar Hüseynov bircə dəfə də olsun şəxsən mənim qapımı döyüb halımı soruşmayıb. Heç sağ-sol qonşumun da. İncisə də inciməsə də deyəcəyəm və bu da sirr deyil ki, onun necə deputat seçilməsi də bəllidir. Təşviqat kompaniyasında xalqa, seçicilərə vədlər vermək yerinə elə İsa bəy əleyhinə danışırdı. Bəlkə də Etibar müəllim düşünüb ki, əşşi bəziləri kimi boş vədlər verməkdənsə İsa Qəmbər əleyhinə döşəmək daha faydalıdır. Hər halda onun üçün faydalı da oldu və deputat seçildi. Artıq dəbdir, deputat olmaq istəyən müxalifət liderləri haqqında yağlı-ballı sözlər deyir. Elə “Hesabat” verilişində xalqa bir dəfə də olsun hesabat verməyən məmurlardan fərqli olaraq Mir Şahin qardaş müxalifət liderlərinin əleyhinə yaxşı döşüyürdü. Bunlar jurnalistdirlər, xalqın qayğısına qalıb halına yanmaq əvəzinə bu cür işlərlə məşğul olandan sonra bəzi yaltaq insanlara nə deyəsən?
Etibar müəllimin, elə Mir Şahinin də tutduğu mövqe mənim yadıma “Bəxt üzüyü” filmindəki Söylünün dediklərini xatırladır: “Bizim kəndin bir kolxoz sədri vardı, Mayıs Qasım. Bağıranda kolda sofkalar da səksənerdi. Hamı bilirdi ki, Mayıs Qasımın qəstumunun yaxası qərifsiyibdi, ucu medal isdiyir.” Mir Şahin demişkən statın sonu. 
Etibar Hüseynovun qəstumunu yaxası qərifsədi, işə də yaradı. Medal əvəzinə Milli Məclisdə kreslo aldı. Növbə Mir Şahinindir. Amma ehtiyatlı olmaq lazımdı. Çünki Söylünün “Mayıs Qasımı”nı hökümət damlamışdı, yatırdı. Eyniylə Etibar Hüseynovun sələfi Gülər Əhmədova kimi. 
Bu da mənim mövqeyim idi. Mövqe bildirmək yaxşı haldır, amma gərək ki, qərəzli olmasın. 
Dəqiq, qərəzsiz, vicdanlı. Neinki qeyri-dəqiq, qərəzli və vicdansız!

Комментариев нет:

Отправить комментарий