Страницы

27.03.2014

Mətləb Ağa - Buludlar həminki idi

Aç yelkənini, üz daha,
sonuncu yelkən gəmisi... 
sən ucuzsan, dəniz baha, 
sonuncu yelkən gəmisi...

böyükləşdim, uşaq idim, 
zülmətləşdim, işıq idim...
yelkənin kimi şax idim, 
sonuncu yelkən gəmisi...

bu sular coşdu, səngidi, 
ürəyin düşdü, təngidi... 
dəniz elə həminkidi, 
sonuncu yelkən gəmisi...


o getdiyin ada özün, 
ana özün, ata özün... 
bu dor, bu ip, bu da özün,
sonuncu yelkən gəmisi...

***
Əvvəl-əvvəl göyə baxdı,
buludlar həminki idi... 
həminkiydi, nəyə baxdı, 
çox adlar həminki idi...

bədənini yol üzmüşdü, 
sevdiyindən əl üzmüşdü... 
yenə canına gün düşdü;
ümidlər həminki idi...

yuxusunda ölüb qorxdu, 
yatıb qorxdu, durub qorxdu,
beşikləri görüb qorxdu, 
tabutlar həminki idi...

***
Dərib dəstə bağladın, 
bənövşə bəndə düşdü... 
əllərimə o dəstə 
zərif əlində düşdü...

bənövşə ayrılıqdı, 
deyənlər haqlı çıxdı... 
il ötdü, bitdi vaxtı, 
həsrət kəməndə düşdü...

...amma o, dözməmişdi,
 bəlkə çox gözləmişdi; 
kitabın arasından aman, 
nə gündə düşdü...

***
Bu gəmidəki yelkən, 
bu dənizdəki dalğa, 
bu adadakı torpaq, 
nəyi gözləyir görən?..

bu dodaqdakı nəğmə, 
bu gözlərdəki atəş, 
bu ağacdakı yarpaq, 
nəyi gözləyir görən?..

bu adamdakı silah, 
bu silahdakı güllə, 
bu tətikdəki barmaq, 
kimi gözləyir görən?..

***
Hər gecə bir ulduz düşür, 
bu gözəlin saçlarına... 
yan keçmir, gəlib düz düşür, 
bu gözəlin saçlarına...

Onu deyir hər nəfəsim,
görür, tanıyır nəfəsim...
meh kimi dəyir nəfəsim 
bu gözəlin saçlarına...

çağırıram, görün məni, 
bu həsrətdən dərin məni... 
özgə heç nə istəmirəm, 
diri-diri hörün məni 
bu gözəlin saçlarına...

Комментариев нет:

Отправить комментарий