Страницы

11.05.2014

Gülnarə Rəfiq: Gələcəyin cümləsində nöqtənin yerini bilən olmur

“Nədən danışacağıq? — Sizdən. Gülnarə Rəfiq kimdir? Mayın10-u Bakıda doğulmuşam, 1970-ci ildə…”

Gülnarə Rəfiqlə görüşü çoxdan düşünmüşdük, alınmırdı. Sayı-hesabı bilinməyən köşə yazıları, müsahibələrin, portretlərin müəllifidir. Ən ağlasığmaz mövzuları işıqlandırır, qadın problemlərindən yazır. Evində görüşdük, çardaqda quraşdırdığı qəribə ruhlu bir yerdə söhbətləşdik.
- Ömrümün 25 ilini “Sovetski”də , “Kraynaya Krivaya”, yəni “Axırıncı əyri küçə” deyilən məhəllədə yaşamışam. Artıq evimiz yoxdur, oranı söküblər. Yaşadığım küçədən iki tin aşağıya ərə getdim, indi oranı da sökdülər. Ümumiyyətlə, “Sovetski” deyilən bir məhəllə olmayacaq. Gərək vaxt edib orada bir şəkil çəkdirəm. Bəlkə də lazım deyil, bilmirəm.

Ömrümü musiqinin qanunlarını öyrənməyə sərf etmişəm. Əvvəlcə Bülbül adına Orta İxtisas Musiqi məktəbini, sonra isə Bakı Musiqi Akademiyasını musiqi ədəbiyyatı, solfecio nəzəriyyəsi üzrə bitirmişəm. Məktəbdə əsas alətim fortepiano idi, amma elə də güclü pianoçu deyildim. Gündə cəmi üç saat çalırdım, bu da çox az idi. Barmaqlarım zəif olduğundan oktavanı hələ də yaxşı götürə bilmirəm.
Ümidlərim akademiyanı bitirəndə sındı. Kommunist Partiyası tarixi fənnindən üçüm olduğundan qırmızı diplom ala bilmədim. Sonra anladım: qırmızı diplomun, biliklisən, ya bilikli deyilsən, heç bir mənası yoxdur. Hamı işə düzəldi, mən beşlərimlə qaldım ortada. İş üçün kiməsə zəng vurmaq, tapşırtmaq lazım idi. Özümə söz verdim; işə görə kiməsə ağız açmayacam.
Musiqi Akademiyasının kitabxanasında işləməyə başladım. Paralel olaraq “Çağ” qəzetində çalışmaq imkanı yarandı. Musiqişünas Tahirə Kərimova bizə tənqid dərsi deyirdi. İmtahan vaxtı bizə söylədi ki, qiymət almaq üçün qrupa bölünüb qəzet formatı düzəltməlisiz. Qrupa bir qəzet düşdüyü halda mən qəzeti tək düzəltməyi qərara aldım. Bu da mənim gələcək taleyimi həll elədi. Tahirə Kərimova bir gün məndən soruşdu: işləmək istəyirsən? Dedim, bəli. 1995-ci ildə məni “Çağ”ın redaksiyasına aparıb qapısından içəri buraxdı. Redaksiyaya da mədəniyyət müxbiri lazım idi. Hesab edirdim yalnız musiqidən yaza bilərəm. Sağ olsun, redaktor Bahəddin Həziyev mənə çox dəstək oldu.
- Deməli, jurnalistika fakültəsini bitirməmisiz?
- Yox, mən jurnalistika fakültəsində oxumamışam. Bir ixtisasım var, bir diplomum. Həmin diplomla həm jurnalist, həm Nəbatat bağının saytında inzibatçı, mühəndis, proqramçı işləyirəm. Orta və ali məktəbdə bizə yaxşı elm veriblər. Əlavə bilik əldə etmək üçün hər hansı kursa yazılmamışam. Ədəbiyyat müəllimimin verdiyi bilik sayəsində jurnalistikada işləyə bilirəm. Riyaziyyat müəlliminin verdiyi bilik əsasında sayt yığıram.
***
Söhbət apardığımız çardaq başqan-ayağa qədim əşya, mis qablar, rəsmlərlə doludur. Maraqlı dekorasiyalar, taxtadan düzəldilmiş kompozisiyalar göz oxşayır. Evin də hər yerini Gülnarə Rəfiqin əl işləri bəzəyir. İstirahət etmək, düşünmək, yaratmaq üçün buradan gözəl yer ola bilməzdi.
- Dekorasiya düzəltmək istəyi necə yarandı?
- Hələ orta məktəbdən öncə anamın yanında ağlayırdım; deyirdim, mən toxumaq istəyirəm. Anam mənə ip və mil aldı ki, toxuyum. Xasiyyətim tünd olduğundan bağçaya da getmirdim. Dayəm vardı, bir yerdə oturmağı xoşlamırdı. Bir gün məni götürüb kiminsə yanına apardı. Orada mənə toxumağı öyrətdilər. Başladım balaca şərf, papaqlar toxumağa. Bu maraqdan sonra tikmək həvəsi yarandı. Bizim vaxtımızda yaxşı geyim tapılmırdı. İlk dəfə özümə məktəbli forması tikdim. Cansız əşyalarla insanların təmasını o vaxt gördüm. Qadınlar öz aralarında danışırdılar ki, tikiş maşınını başqasına verəndə inciyir. Başladım tikiş maşını ilə ünsiyyət qurmağa. Tikiş maşını anama qulaq asmırdı deyə tikişi öz üzərimə götürdüm. Bəlkə də cansız əşyaları canlandırmaq istəyi məni bu yerə çıxarıb.
Bəzən tullantıdan nəsə düzəldirəm. Başqaları üçün o taxta heç bir məna kəsb etmir. Nə olsun gözəl görünür, adam bir dəfə baxar, sonra gedər. Ancaq mən onlara məna vermək istəyirəm. Hansısa bir fiqur görürəm, onunla aramızda ünsiyyət yaranır, emosiya keçirirəm. Mənə elə gəlir nəyisə hazırlayıb harasa qoyanda ona baxan adam da o emosiyanı keçirdir. Cansız əşyaya can vermək istəyirsən. Bizdə belə alınmır. Cəhddir edirik, insanıq, istəyirik bizdə də alınsın. Dostlarım həmişə qəribə, maraqlı formalı bitkiləri, məsələn, ağac kötüklərini, üzüm budaqlarını mənə hədiyyə verirlər. Mən bu ölü bitkiləri yaşada bilmərəm. Amma cansızlara rəng verib, emosiya, əhval vermək hələ mümkündür.
Bir dəfə iş otağımda məni qorxu bürüdü. Elə bildim ki, arxada kimsə var. Sonra bu otağa hər dəfə girdikcə havadakı tərpənişi hiss etməyə başladım. Fikirləşdim bu nə ola bilər? Buradakı əşyalar məndən nə qədər böyükdür və bunların nə qədər sahibi olub. Bunların hamısı tərpənir və şüalanması duyulur. Bu otağın xüsusi energetikası var. Kim bura gəlir, bəyənir. Bu da mənə xoş olur. Deməli, səhv etməmişəm.
- Sərgidə iştirak etmisiz?
- Heç vaxt. Bu, bir arzudur. Mənə elə gəlir sərgidə iştirak üçün hələ güclü işlərim yoxdur. Bəlkə nə vaxtsa fərdi sərgi istəyərəm. Müəyyən bir mərhələ bitməlidir ki, sərgi edəsən. Planlar var, o var, bu var, deyirsən nəyisə bitirim. Jurnalistikada da belədir. Əgər kitab çıxartmaq istəsəm, bəlkə də üç kitabın materialı toplanıb. Dahi şəxslərin həyatından 78 portretim var. Onları toplamaq o deməkdir ki, artıq bu dövr bitdi. Köşələri bir kitaba, portretləri bir kitaba yığmaq olar. Hətta redaksiyada təklif olundu ki, siz yığın gətirin, biz kitab halına salarıq.
- Yaratdığınız dekorasiyaları satmaq haqqında düşünürsüzmü?
- Azərbaycanda sənət adamına, hər hansı rəssama nəyisə satmaq çox çətindir. Buranın bazarı yoxdur. Bizim dünya səviyyəli rəssamlarımız var ki, işini bir çörək puluna satır, ya da sata bilmir. Yaxud da satır ki, əvəzinə material alıb işə davam edə bilsin. Rəssamın işlətdiyi fırça, rəng, kətan çox bahalıdır. Emalatxanamda keçmişdən qalan rəngləri işlətdikdə görürəm keyfiyyəti itib. Daha yaxşı rəng lazımdır.
- Yaratdığınız dekorasiyalar deformasiyaya uğradıqca nə hisslər keçirirsiz? Əziyyətinizə heyfiniz gəlirmi?
- Çətindir. Ancaq güzgüyə baxıram, mən də deformasiya oluram. Yaradan belə yaradıb. Həmişə eyni cür qala bilmərik. Mən özüm də dəyişilirəm, qocalıram.
***
Yazılarını adətən hazırladığı kompüterin yaxınlığında yekə bir piramida və yumurta formasında oniksdən hazırlanmış daş var. Deyir bunlar yorğunluğumu çıxardır, sakitləşirəm, yazılarım yaxşı alınır.
- “Çağ” redaksiyasından sonra nə baş verdi?
- 1995- 97-ci illərdə “Çağ”dan işlədiyim vaxt kitabxanadakı işimi davam etdirdim. Həmişə iki-üç yerdə işləmişəm. Kitabxanadan çıxandan sonra musiqi məktəbinə getdim. 1999-cu ildə altı ay “Ekspress” qəzetində işlədim. “Ekspress”dən sonra 2000-2001 və 2003-cü illərdə “Avropa” qəzetində Azər Qaraçənli, Fəxri Uğurlu, Hikmət Sabiroğlu, Səidə Hüseynova, Qulu Ağsəs, Qurban Yaquboğlu, Esmira Xəlilova, Cəvahir Səlimqızı, astroloq Səbuhi Rəhimli ilə bir yerdə işlədim. Maraqlı bir dövr idi.
Həftədə bir yol çıxırdı “Avropa”. Demək olar ki, bu qəzetdə ulduzlar çalışıb. Yazı neçə redaktədən keçirdi. “Media forum” saytında həmin ənənədir. Yazı dəfələrlə redaktə olunur. Bir də görürsən, harasa göndərdiyin yazını oxumadan yerləşdirirlər sayta. O vaxtlar yazını mən oxuyurdum, sonra Qulu müəllim redaktə edirdi, sonra Hikmət müəllimin əlindən keçirdi, vərəq qıp-qırmızı olurdu. İxtiyarım yox idi bir söz dəyişim.
- İncimirdiniz?
- Qoyulmuş qayda-qanun vardı, yəni “biz bu işi daha yaxşı bilərik” qaydasıydı. Mən onların avtoritetliyini qəbul etməyə məcbur idim, çünki konservatoriya bitirmiş, yazı yazmağı öyrənən, dili rus dilindən korlanmış birisi idim. Redaktə zamanı çox vaxt yanlarında otururdum. Görürdüm, qurduğum cümləni sökdülər, ayaq-baş edib yenidən yığdılar. Heç nə deyə bilməzdim. Mən yazmağı bu cür öyrənmişəm. Bir dəfə “Qarabağ atları” adlı yazı yazmışdım. Hikmət müəllim bu yazıdan çox narazı qaldı uzunluğuna görə. Fikri vardı, iki səhifəlik yazını sıxıb bir səhifədə versin.
Bilirəm, bir səhifəlik yazılarım pis oxunur. Az yazmaq isə çətindir. Adətən özümü pis hiss edəndə çox yazıram. Bir də görürəm, yazım 6-7 min işarəni keçdi. Amma 3 minlik işarəyə yerləşmək lazımdır.
2001-ci ildə “Avropa” qəzeti birinci dəfə fasilə verəndən sonra Qulu Ağsəs “Xalq Cəbhəsi” qəzetinə getdi. Oradan mənə əməkdaşlıq etməyi təklif etdi. Sonra “Ulduz” jurnalına getdi, dedi bədii yazıların olsa, göndər.
Məncə, yaxşı jurnalist olmaq üçün jurnalistikanı bitirmək vacib deyil. Jurnalisti göndərirsən sərgiyə, gəlib ya bəyənir, ya bəyənmir. Bundan o tərəfə nəyisə deyə bilməz. Yaxud rəssamdan nəyisə soruşub yazır. Bu, çox maraqsız alınır, belə yazıları heç kim oxumur. Mədəniyyət müxbiri deyəndə hamı elə bilir şou-biznesdən yazmalıdır. Mən fəxrlə deyə bilərəm, bu günə qədər şou-biznesdən bir cümlə də yazmamışam. Sərgilər, konsertlər, opera, teatr — bunlardan yazmışam, sənət adamları ilə müsahibələr olub. 2006-cı ildən “Bizim yol” qəzetində işləyirəm.
***
Bir tək Allah bilir, bu evdə nə qədər bitki var. Kaktusun müxtəlif növləri, Çin qızılgülü, fikus, spasifilium, “pul ağacı” kimi bitkilərlə rastlaşdıq. Hətta tropik ağaclara da rast gəldik.
- Bəs bitkilərə həvəs necə yarandı?
- Mən onlarsız yaşaya bilmirəm. Maaşımın böyük bir hissəsi bu bitkiləri almağa və qulluq etməyə gedir. Onlarla bir yerdə yaşamaq mənə xoşdur. Evimi bitkisiz təsəvvür edə bilmirəm. Vəziyyətim pis olanda onların da vəziyyəti çətinləşir. Bitkilər tək su ilə böyümür, onlara da qayğı lazımdır. İndi cansız əşyalar da qayğı istəyir.
-Bunların hamısı mərhələ-mərhələdir. Bir işi bitirib başqasına keçirsiniz, sonra başqasına. Hazırda veb-dizayner kimi də çalışırsınız, sayt yığırsınız. Bu, həyatı maraqlı etmək üçündür? 
- İndi Nəbatat bağının saytının yeni versiyasının üstündə işləyirəm. Buradan cüzi əməkhaqqı alıram. Bu pula görə hər gün işə gedib-gəlmək qəhrəmanlıqdır. Mənə Nəbatat bağının saytını yenilənməyə ehtiyac olduğunu dedilər. Qərar verdim, əgər yeni sayt istəyirlərsə, pul ayırsınlar, işi çoxdur, bu pula sayt olmaz. Amma ora çatdım, gördüm, mən bu işi etmək istəyirəm, pul gözümdə deyil. Rənglə işləməyin ayrı ləzzəti var. Saytda da belədir, rəngi qoyursan birinin yanına, düz gəlmir, götürürsən başqası ilə əvəzləyirsən, ta istədiyini alanacan. Bunun da əvəzini heç nə vermir. Saatlarla rənglərlə oynaya bilərəm. Saytla işləmək həvəsi rəng və dizayna marağımdan irəli gəlir. İstədiyim şey alınmayanda dünya gözümdə olmur.
- Deyəsən, maşın sürməyi də öyrənmisiz. Bu, yeni həvəsdir?
- Çətin başa gəldi. Həyat yoldaşım deyirdi, heç vaxt maşın sürə bilməzsən. Dedim axı ağıllı-başlı adamam, niyə idarə edə bilməyim!? İndi üçüncü sinfi bitirmişlər sükan arxasında otururlar, mən niyə bacarmayım? Bu işdə musiqi mənə kömək etdi. Gərək təkərlərin, yolun ritmini tuta biləsən.
- Gələcəyə nəyisə saxlamısız?
- Özümdə kəşf etmişəm ki, bu mərhələlər nə ilə bağlıdır. Ömrü boyu ezoterik ədəbiyyatla, minerallarla, rənglərlə, magiya, astrologiya ilə maraqlanmışam. İndi də aura və ətrafda olan rənglərlə maraqlanıram. Hansı emosiyanın hansı rəngdə olduğunu bilirəm. Rəssamın çəkdiyi əsərə baxıb deyə bilərəm o hansı hissləri keçirdib. Bunların hamısı emosiya səviyyəsində qavranılır. Sözə çevirmək istəyəndə uğursuz bir şey alınır, mənası da yoxdur. Baxırsan, birinci anda nə hiss etdinsə, həqiqət odur. Bunu deyə də bilərsən, deməyə də, yaza da bilərsən, yazmaya da.
Bir dövrüm vardı, qırmızı rəngi çox işlədirdim. Bir gün qardaşım məndən soruşdu axı niyə hamısında qırmızı rəng var? Qırmızı sevgidir, emosiyadır. Bu mərhələ də bitdi. İndi mən firuzəyi rəngdəyəm. Mavi rəngi heç sevmirəm. Bu rəngdə nə çəkirəm, nə də geyinirəm. İndi mən bilmirəm bu dövr bitəndən sonra nə çəkəcəm.
- Musiqi məktəbində müəllim, köşə yazarı, müxtəlif dekorasiyaların müəllifi, bir tərəfdən də ailə qayğısı. Bunlara necə vaxt tapırsız?
- Həyatdan narazı yaşamaq olmaz. Mən bunları uşaqlarımdan, ailəmdən, karyeramdan, dostlarımdan, əyləncələrimdən oğurladığım vaxtda etmişəm. Bəzən təkliflər olur ki, gəl redaktor ol, amma tam redaksiyada oturmaq şərti ilə. Fikirləşirəm məktəbdən aralansam, musiqidən aralanmış olaram. Məktəbə getməklə elə bilirəm musiqi əlaqələrini saxlayıram, vətənə borcumu qaytarıram. Vaxtilə bizi havayı öyrədiblər. Bütün dünyada musiqi və rəssamlıq bahalı sənətdir. Hər adam istədiyi vaxt uşağını musiqiçi edə bilməz. Ona ayrıca nəzəriyyə müəllimi tutmalıdır. Biz bütün bu bilikləri havayı almışıq.
***
Söhbətdən sonra bir çay içdik, ordan-burdan danışdıq da. Gülnarə xanımın kiçik oğlu bir fotoalbom gətirdi, dedi anama hədiyyə ediblər. Jurnalist dostları onun şəkillərini və köşələrindən bəyəndikləri ifadələri düzmüşdülər alboma. Sonuncu vərəqdəki cümlə yadda qaldı:
“Gələcəyin cümləsində nöqtənin yerini bilən olmur”…

Yeganə Oqtayqızı, İsmayıl İsmayılov     pressforum.az

Комментариев нет:

Отправить комментарий