Страницы

20.06.2014

BİZDƏ İŞLƏMİR

Akif Abbasov

1980-ci illərin sonları idi. Ermənistandan azəri türklərini qovub çıxarır, başlarına min oyun gətirirdilər. Bakıda Azadlıq meydanına yığışan xalq bu vəhşiliyə qarşı öz etirazını bildirir, SSRİ rəhbərliyindən tədbir görməyi tələb edirdi.
Ermənilərin zorakılığından, ərazi iddialarından cana gələn adamlar bəzən bizim idarə və müəssisələrdə çalışan ermənilərin də işdən çıxarılması tələbini irəli sürürdülər. N nömrəli məktəbdə üç erməni müəllim çalışırdı. Meydan hərəkatı başlayanda onlardan ikisi üzüsulu çıxıb getmişdi. Mariyetta adlı birisi isə kimlərəsə güvənib heç kəsi saya salmır, arxayın-arxayın gəlib dərslərini deyirdi… Məktəbin direktoru Sabutay müəllim pedaqoji kollektivin və şagirdlərin tələbi ilə əmr verib Mariyettanı işdən çıxarır. Lakin erməni qadını inadından dönmür, şikayət edir.
O zamanlar bizimkilər gözləmə mövqeyi tutur, ermənilərlə ehtiyatlı davranırdılar. Dərhal məktəbə müstəntiq göndərdilər. Sabutay müəllimi tapıb müstəntiqin hüzuruna gətirdilər. Sabutay müəllim:

- Buyurun, eşidirəm… - dedi.
Müstəntiq hökmlü:
- Mariyetta müəllimənin ərizəsinə əsasən gəlmişəm. Onu niyə çıxarmısınız?
- Bütün kollektiv tələb edirdi. Mən də əmr verdim.
- Nahaq yerə. Qeyri-qanuni iş tutmusunuz. Ermənistanda nə edirlər, bunun bizə dəxli yoxdur. Biz öz beynəlmiləlçi adımıza ləkə vura bilmərik. Çağırın o Mariyetta müəlliməni buraya.
Acığından dili dodağını kəsən Sabutay müəllim birtəhər əsəblərini cilovlayıb qapını açdı. Qapının ağzından keçən ingilis dili müəllimi Nazlıya müraciətlə dedi:
-O fahişəni çağır buraya, mənim yanıma gəlsin.
Demə, Nazlı Azərbaycan dilini yaxşı bilmirmiş. Ona görə də direktorun kimi nəzərdə tutduğunu da aydın başa düşmür. Sinif otaqlarının qapısını açaraq:
- Fahişə müəllimə zdes? – deyə-deyə bir-bir soruşur.
Şagirdlər uğunub gedirlər. Müəllimlər də key-key, təəccüblə onun üzünə baxaraq:
-Xeyr, - deyə cavab verirlər.
Müəllimi heç yerdə tapa bilmədiyini görən Nazlı axırda direktor müavinin yanına gedərək ondan soruşur. Müavin də təəccüb içərisində onu süzərək:
-Bizdə belə müəllim işləmir.
Nazlı gəlib direktora bildirdi:
- Sabutay müəllim, öyrəndim, okazıvaetsə, Fahişə müəllim bizdə işləmirmiş…
Bunu eşidən Sabutay müəllimlə müstəntiq gülməkdən uğunub gedirlər. Müstəntiq ayağa qalxaraq, əlini direktorun çiyninə qoyaraq:
-Mən getdim, Sabutay, sən də öz işində ol… - dedi.

Комментариев нет:

Отправить комментарий