Страницы

09.04.2015

Şeirləri də özü kimi səmimi şair

Balafət Səfanın şeirləri hər birimizin oxuya biləcəyi və hərəmizin özünə sirr bildiyi taleyindən soraq verən şeirlərdir

 Şair Balafət Səfanın şeirlərini uzun müddətdir ki, həm mətbuatdan oxuyur, həm də arada oturduğumuz Fuadın kafesində öz dilindən eşidirdik. Mənə hərdən elə gəlirdi ki, Balafətin şeirləri öz səsinin üstündə yazılıb və bir az ehtiyatlılıq tələb edir ki, bu şeirləri kağıza və ya başqa bir səsə köçürəndə şeirin qanadları sınmasın. Çünki qəzetlərdə oxuyurdum, ləzzət eləmirdi, elə ki öz dilindən eşidirdim, valeh olurdum, adamı öz sehrli aləminə qapayırdı. Öz şeirlərini ustalıqla ifa eləyir və onun səsi şeiri sənət əsərinə çevirir. Məsələn, yeri gələndə səsi yavaşıyır, bəzən də elə olur ki, hər hansı bir misranın üstünə səsini elə çırpır ki, az qala misra çilik-çilik olsun. Deməli, belə müəyyən etdim ki, o şeirlərdəki fikirləri yaxşı tanıdığından həyatda onları necə yaşayıbsa, o cür də misraların üstünə “qışqırır”, bəzən də yazığı gəldiyindənmi hər hansı bir həyat detalını ifadə edən bir misranın başını sığallayır, ona ürək-dirək verir.
Deyim ki, xaricən sakit görünsə də Balafət Səfa qurd qədər temperamentlidir. Belə insanlarda ləng əsəb olur. Universitet illərində psixologiyanı “beş”ə oxuyanlar, ya da insanlarla işləmək təcrübəsi olanlar onun səsindəki ləng əsəbi hiss edə bilərlər. Amma Balafətin şeirlərindəki əsəb cəld, çevik və daim hərəkətdə olan əsəbdir. Şair üçün, məncə bu, vacib şərtdir.
 Mənə elə gəlir ki, Balafət Səfa şeirlərində təkcə həyatı ifadə etmir, həyatla söhbət eləyir, onu danışdırır və həm də araşdırır. O, hər bir şeirində ifadə etdiyi həyatla öz haqq-hesabını çəkməkdədir. Tutaq ki o məşuqəsinə şeir yazsaydı, -bəlkə də yazıb, dəqiq bilmirəm- onun bu şeiri həmin qız ilə söhbətə çevriləcəkdi. Məsələn, o qıza belə deyir:

Nə sən dinə bildin, nə mən söz dedim,
Nə özün ovundun, nə mən döz dedim.
Bir az da həsrətlə hələ gəz dedim,
Sonra biləcəksən nə itirmişik.

 Şübhəsiz, burada səs bir az yumşaq görünərdi. Balafət yəqin ki səsindəki əsəbiliyi yenə məharətlə gizlədə bilərdi.
 Şeirləri dialoqlarla, dramaturji elementlərlə, artistizmlə zəngindir. Balafət həyata əl verir, danışır, onu şirini-şəkəriylə, ağrı-acısıyla qəbul edir, bəzən etmir, əsəbləşir və ya sevinir, şükr edir, zikr edir- bütün bunlar onun şeirlərinin əsas elementləridir.

Zərrə qədər gözümdə yox,
Bu malı-mülkü dünyanın.
Aldanıb toruna düşdüm
Mən də bu tülkü dünyanın.

 Balafətin yazdığı şeirlərdə ülvi məhəbbət axtarışına, insan qəlbinin dərinliklərində özünə yer etmiş munis hisslərin təsvirinə rast gəlirik. Şairin yaradıcılığında şəxsi təcrübəsi, müşahidələri, həmçinin fantaziyasının məhsulları yer almışdır. “Sevmədiyim qız kimisən”, “Mənsiz yaşa”, “Hələ yaddaşımda gəlin köçürsən”, “Biz gərək beləcə görüşməyəydik” şeirlərində sevginin işıqlandırdığı dünyadan söz açılır. 

Hələ yaddaşımda gəlin köçürsən,
O ağ günlərimiz tacdı başında.
Ağlama sən Allah, gözünü sıxsan,
İndicə boğullam göz yaşlarında.

Səni məndən alır külək vağzalı,
Özün də bilmirsən hara uçursan.
De qəlbimdə sənə soyuqmu idi?
Yoxsa sən özündən küsüb qaçırsan?

 Deyim ki Balafətin ürəyi ilə beyni arasında kövrəkliklə soyuqqanlılığı özündə birləşdirən, balansını saxlamağa çalışan bir həssas uşaq əyləşib. Onun poetikası bir məsumluq nəğməsidir. Mən deyərdim ki, uşaq psixologiyasının, uşaq düşüncəsinin sözlə çəkilmiş poetik tablosudur. Onun kimi səmimi hisslərini ifadə edə bilən şairlərə indiki girdirmə ədəbiyyatımızda çox az rast gəlinir.

Nə durmusan, vaxtmı var?
Oturmağa taxtmı var?
Hanı, məndə baxtmı var?
Durma ürək, durma ürək.

 Musiqili türk şeiri deyilmi? Və yaxud başqa bir nümunə: 

Bu oxuyan bülbül deyil, sar imiş,
Elə bildim ağ zanbaqdı, qar imiş.
Nə yaxşı ki “Xəzan gülü”m var imiş,
Boy atmadı, göyərmədi çəmənim.

 Çoxdan idi belə həzin, kövrək misralarla qarşılaşmırdım. Bir var insanı ağladan, sızıldadan şeirlər. O şeirlər ki hər misrası vay-şivən üstündə qurulub. Bir də var içdən gələn ağrı ki, “kövrək qəmin alatoranıyla” (Əli Kərim) hissinə, duyğuna qarışır. O şeirdə sən içində bir payızın xəzəllədiyini, bir qışın əsdiyini hiss edirsən və Zaur Ağalaroğlufason deyirsən: “Ay dadi-bidad, ömür keçdi, gün keçdi, bir gün yaşamadıq”.  
 Əlbəttə, bu hisslər hamıya doğmadır, amma çoxumuz ölüm haqqında, dünyanın faniliyi barədə belə nostalji düşüncələrə dalmırıq. İçimizdə ya doğru, ya da yalançı nikbinliklə özümüzə təsəlli veririk. Məncə, Balafətin nostalji tipli şeirlərini kədərli, qüssəli şeirlər kimi yox, fəlsəfi şeirlər kimi də qavramaq lazımdır. “Dünya duracaq yer deyil, ey can səfər eylə”- Nəsiminin bu misrası ilə Balafət Səfa poeziyası arasında kökdən gələn bir bağlılıq var. Biz hamımız yol üstündəyik, səfərdəyik…

Cızıb talayacam bu qan yaddaşı,
Bir gözəl öləcək orda sən adda.
Bu gecə bir dolu leysan yağacaq,
Mən də qalacağam Allahın altda.

 “Qanun” nəşriyyatının çox nəfis formada buraxdığı nazik kitabda Balafətin şair səciyyəsini tam və dolğun şəkildə ifadə edən poeziya nümunələri çoxdur. Hamısını diqqətlə oxudum. Ümumiyyətlə, onun havaya atılan boş gülləsi olmayıb, nə yazıbsa, şeir olub və bu şeirlərin bir çoxu sözün əsl mənasında, poeziyaya çevrilib. Onun şeirləri hər birimizin oxuya biləcəyi və hərəmizin özünə sirr bildiyi taleyindən bir xeyli soraq verən şeirlərdir. Şeirlərdən bəziləri yenə əlimdən tutub məni cavanlıqda hər yandan ötən qıza baxdığım qayğılı çağlara apardı.

Daha yollarda da görüşmürük heç,
Daha yuxularda da qovuşmuruq biz.
Sən Allah, sən mənim günahımdan keç,
Göz yaşın dalımca su atan gözəl.

 Heç də biz insanlar həyatdan hər zaman istədiyimizi ala bilmirik. Amma yenə də ümidimizi itirmirik. Çünki dünyaya yenə baharlar gələcək, çöllərdə yeni bənövşələr bitəcək, bu bənövşələr onları dərən hər kəsin qəlbində xoş duyğular oyadacaq.
 Hamımıza yaxşı bəlli olan hisslər, duyğular görün Balafət tərəfindən necə dilə gətirilir:

Bağrım parça-parça yara, deginən,
Gəlmədi bülbülün xara, deginən,
Batdı göz yaşında “Sara” deginən,
Göz yaşın dalımca su atan gözəl.

 Onun dost-tanışlarımız tərəfindən ən çox sevilən şeiri, -deyərdim bəlkə də yaradıcılığının şah əsəri- “Sevmədiyim qız kimisən” şeiridir.

Vaxtında gəlməyən şeir,
Yazmaya bilmirəm səni.
Vaxtında gəlməyən şeir,
Nazlaya bilmirəm səni.
   
 Müəllif sonrakı bəndləri də məharətlə daxili mənəvi-psixoloji durumunun poetik əksi kimi təqdim edir. Bu baxımdan “Vaxtında gəlməyən şeir” müəllifin şair dünyasının əsrarlı, bir qədər də nisgilli məhsuludur.

Soyuqsan, bumbuz kimisən,
Lap uzaq.., ulduz kimisən.
Sevmədiyim qız kimisən,
Saxlaya bilmirəm səni.

 “Son nəğmənin sədasıyıq biz indi” misrası ilə başlayan, şirinliyi ilə ulu Şəhriyarımızın poetikasını xatırladan şeirində həyat gerçəkliyindən uğurla söz açılır. Buradakı fikirlər hamımıza necə də tanışdır!

Günlər olub söz demişik bal dadıb,
Nədən gözün yanağını isladıb?
Dünya bizi üç almaynan aldadıb,
İçimizi yaxmağımız hədərmiş,
Dönüb-dönüb baxmağımız hədərmiş.
   
 İnsafən, şairin ifadə tapıntısı heyrətaməz xalq yaradıcılığına yaxın və onun kimi sərrastdır. 
 Balafətin bir çox şeirləri ədalı şairlərə fora verir. Məsələn, “Almasız nağıl imiş” şeiri ayağı yerdən üzülmüz əlizadanurilərə sanki göydən yerə enməyə çağırış edir:

Almasız nağıl imiş,
Kim qulaq asar bizə?
Çoxdan solub bu sevgi,
Dur gedək “evimizə”.

 Şeirlərinə inanır. Çox qəribə şairdi. Danışığında da  var bu ifadələr. Məsələn bir dəfə Elnur Astanbəylinin xoşuma gələn “Bu gün getmə bu gün qal” adlı şeiri barədə danışdım ona, dedim bircə şeirə seçilmiş bu uğurlu ad Elnura böyük hərflə şair deməyə haqq verir- səhəri gün Balafət “Bü gün getmə bu gün qal” rədifli şeir yazdı. Hərdən biz içəndə onu çağırırdıq, deyirdi qəribə bir yuxu gördüm və yaxud qəribə şeir yazdım, çoxusu heç burada danışılası söhbətlər deyil, redaktor qayçısından keçməz, nə bilim, həyatdı də, qəribəliklərlə doludur. Çox uşaqlarımız sevir onun şeirlərini, bəlkə də bu şeirlərdən də çox ondakı intonasiyasını. Pafos! Elə indi də hərdən mırtlarına düşəndə deyirlər gedək Fuadın kafesinə, Balafət bir şeir desin... “Nastrenni” yaxşı olanda. O anları mən yazmaqda acizəm. 
 Təntənədən uzaqdı, sadə və aydın bir insandı. Sakitcə oturub şeirini yazır, daha o birilər kimi bir-iki şeir yazıb burda mənəm Bağdadda kor xəlifəlik eləmir. Dostları onu saf adam kimi səciyyələndirirlər. Saflığının çoxluğundandı bəlkə, bəzən ətrafdakılara qapalı, adamyovuşmaz təsiri bağışlyır. Lakin bu ilk baxışda belədi.
 Beləliklə tanış olun: bu Balafət Səfadır. O şeiri yazmır, görür. Yuxu kimi görür və sonra bizə danışır. Balafət sadəcə şeirə dizayn, quruluş verir. Onun şeirlərinin xarici quruluşu göyqurşağına çıxmaq üçün bir nərdivana bənzəyir. Kitabçanın mütaliəsi boyu belə qənaətə gəldim ki, Balafət mənanın şəklini çəkən şairdir. Bununçün poeziyanı gərək dərindən hiss edəsən. Ona uğurlar arzulayaq, şablon da olsa.

İbrahim Sel

Комментариев нет:

Отправить комментарий