Страницы

24.09.2015

Məmməd Süleymanov - Rusiya Suriyada

Sözdə hamı İŞİD-ə qarşıdır - Vaşinqton, London, Ankara, ər-Riyad, Təl-Əviv... Əməldə isə tam fərqli mənzərə yaranır.
Ötən ilin sentyabrından başlayaraq başında ABŞ-ın dayandığı koalisiya Suriyada İŞİD-in mövqelərini 2500 dəfə bombalayıb. Bu müddət ərzində terrorçular yalnız irəliləyiblər, onların nəzarətinə daha çox ərazi keçib.
Yaxud bu ilin yayında Kobaniyə təkrar hücum da, ötən il Kasab şəhərinin müvəqqəti işğalı da Türkiyə ərazisindən keçən terrorçular tərəfindən həyata keçirilmişdi. Üstəlik, Türkiyə İŞİD-dən ucuz neft almaqla qruplaşmanın maliyyə bazasını gücləndirir. Qətər isə hələ də onların baş sponsoru olmaqda davam edir.
Və bu fonda Rusiyanın Suriya hadisələrinə fəal qoşulması Yaxın Şərqdəki bütün Fuşesayağı oyunu dəyişdirir.
Hazırda Suriyada Bəşər Əsəd ölkə ərazisinin cəmisi 20 faizinə nəzarət edir. Buraya Dəməşq, Latakiya, Tartus, Homs, Hama kimi iri şəhərlər daxildir. Və bu ərazilərdə Suriyanın əhalisinin böyük hissəsi cəmləşib. Xüsusən də ələvilər və xristianlar qanuni hökumətin nəzarət etdiyi şəhərlərdə yaşayır.
Aydındır ki, Əsədin devrilməsi onlar üçün Ruandadakı 21 il əvvəl baş vermiş genosidin təkrarlanması olacaq. Ancaq “Əsəd getməlidir!” qışqıranlar bu kütləvi qətliamın fərqində deyillər.
Bundan əlavə, Kalamun və Zabadanidə “Hizbullah”ın mövqeləri güclüdür. Şimalda isə Qamışlı, Kobani, Haseke və Tel-Abyad kürdlərin əlindədir. Beləliklə, istər İŞİD-ə, istərsə də digər islamçı qruplara qarşı yalnız üç qüvvə dayanır - Suriya ordusu, “Hizbullah” və kürdlər.
Yerdə qalan ərazilər yüzlərlə qruplaşma arasında bölünüb və onların heç biri kübar deyil. Ancaq bir diqqətəlayiq cəhət də var - İdlib əyalətini çıxmaqla, islamçıların (o cümlədən İŞİD-in) əlində olan ərazilərin böyük hissəsi səhralıq və çöllükdür. Orada şəhərlər az, infrastuktur zəifdir, mülki əhali isə əksərən qaçıb.
Yəni Əsəd və müttəfiqlərinin taleyindən hazırda Suriyanı tərk etməmiş dinc əhalinin böyük hissəsinin taleyi asılıdır.
O da faktdır ki, Əsədsiz Suriya “somaliləşmə” ssenarisinə məruz qalacaq. Bir qədər əvvəl Liviya məruz qaldığı kimi. Yəni hazırda söhbət personal olaraq Əsədin yox, Suriyanın və Suriyadakı xalqların mövcudluğunun qalıb-qalmayacağından gedir.
Belə bir vəziyyətdə isə Qərbin də, Türkiyənin də, Yaxın Şərq monarxiyalarının da tutduqları mövqe çox mürtəce və ikiüzlüdür. Çətin ki, onlar Somali və Liviya misalından nəticə çıxarmayacaq qədər kütbeyindirlər. Onun da fərqindədirlər ki, Əsədsiz Suriya bir-biri ilə ölümünə çəkişəcək çoxsaylı terror qruplarının “Broun hərəkəti”ni xatırladacaq və uzun dövr üçün qaranlığa, xaosa sürüklənəcək.
İŞİD-in qlobal xilafətə iddiası fonunda isə bu, artıq təkcə Yaxın Şərqin yox, bütün dünyanın probleminə çevriləcək. Necə ki, artıq çevrilib - Avropaya köçün yaratdığı çarəsiz narahatlıq buna çoxsaylı misallardan biridir.
Beləliklə, özlərini Suriya xalqının qayğıkeşi, yeni barbarların düşməni kimi göstərməyə çalışan sivil dövlətlərin tutduqları mövqə əslində problemin həllinə yox, daha da böyüməsinə xidmət edir.
Onlar İŞİD-in və İslam terrorunun əleyinədirlər? Bəs onda niyə bu terrora qarşı sonadək mübarizə yolunu seçmiş Suriya ordusuna dəstək vermir, Əsədin zorla devrilməsində israr edirlər? Yaxud “əl-Qaidə” şirmasından istifadə edib Əfqanıstanı işğal etmiş ABŞ niyə “əl-Qaidə”nin Suriya filialı olan “Nüsrə Cəbhəsi”ni dəstəkləyir və onları “mötədil müxalifət” kimi təbliğ edir?
Halbuki aydındır: “Nüsrə Cəbhəsi” də, Qərbin digər müştərisi olan Alluşun “İslam Cəbhəsi” də öz məramları və taktikaları ilə İŞİD-dən qətiyyən fərqlənmirlər. Onlar da xilafət qurur, demonstrativ edamlar icra edir, kamikadzeləri istifadəyə buraxır, mülki əhaliyə rəhm göstərmirlər.
Bu fonda ABŞ-ın yeni “mötədil müxalifət” yaratmaq ideyası da iflasa uğrayıb. Əvvəlcə Əsəd ordusundan fərarililik edən zabitlərin köməyilə “Azad Suriya Ordusu” (ASO) yaratdılar - tezliklə bəlli oldu ki, bu “ordu”nun yeganə işi onlara verilən silahları İŞİD və “Nüsrə Cəbhəsi”nə satmaqdan ibarətdir.
Sonra ABŞ büdcədən 500 milyon dollar ayıraraq 5 min nəfərlik yeni ordu qurmaq həvəsinə düşdü. Bu günlərdə Senatda bu işə məsul olan general Lloyd Ostindən hesabat tələb olundu. Onun soyuqqanlılıqla söylədikləri isə hamını şoka saldı.
Demə, indiyədək cəmisi 50 (!) “müxalifətçi” hazırlanıb və Suriyadakı ilk döyüşdəcə onlar ya öldürülüb, ya da islamçıların tərəfinə keçib.
Lloyd Ostindən soruşurlar: “Hazırda onlardan nə qədəri Əsədə qarşı döyüşür?”
General cavab verir: “4, ya 5 nəfər”.
Və bu, yarım milyard dollarlıq layihənin nəticəsidir. Həm də suriyalıların ABŞ-ın maraqları üçün döyüşmək istəməməsinin göstəricisidir.
Rəqəmdən sarsılan bir senator generala deyir: “Siz zarafat edirsiniz?”
Yəni “siz bizi dolamısınız?”
Halbuki ABŞ-ın başına bu oyun dəfələrlə gəlib. İraqı işğal etməzdən əvvəl Vaşinqton illər boyu “İraq müxalifəti”nə milyardlarla vəsait xərclədi - sonunda bəlli oldu ki, bu vəsait “müxaliflər”in Qərbdəki bank hesablarında toplanıb, ya da daşınmaz əmlaka çevrilib.
Belə olanda taktikanı dəyişdilər - beynəlxalq miqyaslı dələduz Əhməd Çələbiyə Səddam əleyhinə döyüşmək üçün adamlar toplamağı tapşırdılar. Hazırlıqlar və məşqlər Macarıstan ərazisində həyata keçirildi, büdcədən 95 milyon dollar ayrıldı.
Sonunda məlum oldu ki, Səddama qarşı cəmisi 95 mühacir döyüşməyə hazırdır, onların əksəriyytinin də yaşı 40-ı keçib. O vaxtlar ABŞ mətbuatı həmin şəxslərə “hər əsgəri milyon dollara başa gələn ordu” adı qoydu.
İndi də bəlli olur ki, xərclənən vəsaitlərə baxmayaraq ABŞ “kübar müxalifət” formalaşdıra bilmədi. Yəni islamçılara qarşı sipər rolunu yenə də Qərbin devirmək istədiyi Əsədin ordusu oynayacaq.
Belə bir vaxtda Rusiyanın məsələyə qarışması Suriya ilə bağlı heç bir pozitiv proqramı olmayan Qərbi də, Yaxın Şərqdəki digər oyunçuları da seytnota saldı.
Halbuki elementar məntiq söyləyir: Siz İŞİD-ə qarşısınız, ancaq onunla savaşmırsınız? Deməli, oyun oynayırsınız. Madam ki İslam terroru qobal problemdir, deməli, həm də Rusiyanın problemidir. Və düşməni öz qapında qarşılamaqdansa, onu uzaqda olanda məhv etmək daha asan və doğrudur.
Bu məntiq o qədər aydındır ki, son günlər hətta Qərb də öz ritorikasını yumşaldıb. Gah ABŞ-ın müdafiə naziri rusiyalı həmkarına zəng vurur, gah Con Kerri Suriyada Rusiya ilə əməkdaşlığın mümkünlüyünü dilə gətirir, gah da İsrailin baş naziri Netanyahu Moskvaya qəfil səfər edir.
Üstəlik, Netanyahu özü ilə Baş Qərargahın və hərbi kəşfiyyatın rəhbərlərini də gətirib - bu yüksək çinlər isə baş naziri nadir hallarda xarici səfərlərdə müşayiət edirlər.
Tartusdakı Rusiya HDQ-nin maddi-texniki məntəqəsində (səhvən onu çox vaxt hərbi baza adlandırırlar) artıq 1700 rus hərbçisinin yerəşdirildiyini yazırlar. Onlar döyüşlərdə iştirak etmir, məsləhətçi və təlimatçı qismindədirlər. Paralel olaraq Moskva Suriyaya tank və qırıcılar daşıyır. Məqsəd Latakiya və Dəməşqin çökmə təhlükəsini neytrallaşdırmaqdır.
Qərb isə Rusiya üçün sədd qoyur - onların protejelərinə (yəni, “Nüsrə Cəbhəsi” və “İslam Cəbhəsi”nə) xətər dəyməməlidir! Yəni Qərb üçün “yaxşı terrorçular” və “pis terrorçular” var. Və özlərinin bəslədiyi, ancaq indi nəzarətdən çıxmağa çalışan İŞİD pis terrorçudur, yerdə qalanlar isə “öz köpəkoğullarımız”dır.
Rezüme: Qərb İŞİD-lə qanuni Suriya hökumətini eyniləşdirməyə çalışır (və hələ bilmək olmaz, hansına daha çox nifrət edir), “yaxşı terrorçular” isə gələcəkdə Suriyanın xarabalıqlarında bir-biri ilə didişən çoxlu “hökumətlər” qurmalıdırlar.
Ancaq Rusiyanın müdaxiləsi bir tərəfdən Suriya xalqı üçün zəif ümid işığıdırsa, digər tərəfdən terrora qarşı seçici yox, total mübarizə vəd edir. Yəni Moskva üçün bu çeşidli bandaların hamısı təhlükəli terror qruplarıdır. Bir sözlə, Rusiyanın Suriyada peyda olması bu ölkədə son 4 ildə qlobal terrora qarşı ilk real mübarizə cəhdidir.
Qalır məsələnin daha bir tərəfi - bu, Rusiya üçün tələ, “yeni Əfqanıstan” deyil ki? Yəni Rusiya mübarizəyə başlayır və bu vaxt bütün koalisiya - Qərb, Türkiyə, Yaxın Şərq monarxiyaları Suriyada səylrini birləşdirərək onun məğlub olmasına çalışırlar.
Bu ssenarinin əksinə xeyli arqumentlər mövcud olsa da hər halda “əfqan ssenarisi” ehtimalı heç də tam illüzor deyil.
Hələlik isə ümid yaranır ki, Suriya müharibəsi öz razvyazkasına doğru gedir. Zəif ümiddir, ancaq yenə də ümiddir...

virtualaz.org

Комментариев нет:

Отправить комментарий