Страницы

20.02.2016

“Bakı geyiminin qayğısına qalan gecə gözəlçəsinə bənzəyir” – Vilhelm Harteveldin qeydləri

İsveç əsilli rus bəstəkar və dirijoru Vilhelm Harteveld (1859-1927) 23 yaşından başlayaraq ömrünün 36 ilini Rusiya İmperiyası ərazisində yaşayıb. Dəfələrlə Bakıda olub. 1913-cü ildə Moskvadan Aşqabada səfəri çərçivəsində növbəti dəfə Bakıdan keçib. Həmin səyahətini “Türküstan yol oçerkləri. Dənəvər qumlar və kəsilmiş başlar” adlı kitabında təsvir edib. Kitab 1914-cü ildə Moskvada çap olunub.
Harteveldin təsvir etdiyi Bakının bu günkü Bakıya necə də çox oxşadığını təəccüb hissi ilə qeyd etməliyik. Ancaq çətin ki, bu bənzərlik təsadüfidir. Kapitalizmdə sənaye şəhərlərinin quruluşu da, həyatı da ümumi plana uyğun olur. Bu cəhətdən ilk dəfə 1950-ci illərdə Gi Debor və situasionistlərin qabartdığı problemin – Kapitalizmdə şəhər quruluşunun – necə də aktual məsələ olduğu bir daha təsdiqlənir.
Ötən əsrin əvvəlinin Bakısı isə vəhşi kapitalizm şəhəriydi. 1870-ci illərdən başlayaraq İmperiyanın ən böyük neft sənayesi mərkəzi, fəhlə hərəkatının, iqtsadi və siyasi dirənişin arenası, işçi partiyaların təşəkkül tapdığı şəhər. Bu isə savadsızlığın məhsulu olan “Azərbaycanda kapitalizm olmayıb” iddiasının nə qədər puç olduğunu bir daha təsdiq edir.
Mütərəqqi fikirli Vilhelm Harteveld də kapitalist Bakısının istər bir şəhər kimi quruluşunda, istərsə də sakinlərinin güzəranında bu kapitalizmin hansı izlər qoyduğunu mükəmməl bədii dillə təsvir edir (Bəzən düşünürsən ki, köhnə əyyamlarda təhsilli hər kəs həm də gözəl yazıçı olub. Bizim hər addımbaşına özünü “yaradıcı” sayan yüzlərlə yazanın düşdüyü absurd illərimizdə bu, çox kədərli səslənir).
Harteveld isə mütərəqqi fikirli olduğunu öz həyatı ilə də təsdiqləyib. Sibirdə siyasi katorqaçılara baş çəkib, onlar haqqında “Qandal marşı”nı yazıb, katorqaların musiqi folklorunu təbliğ edib və çar hökuməti tərəfindən təqib olunub. O, həm də Turgenyevin “Yuxu” povestinin əsasında “Zəfər çalan sevgi mahnısı” operasını yazıb.
***
“Qəribə şəhərdir Bakı! Buralarda dəfələrlə olmuşam və hər dəfə də eyni təəssürat: sanki şəhər müvəqqətidir, adamları da burada müvəqqəti yaşayan gəlmələrdir, daha çox sərvət qoparıb sonra da əkiləcəklər. Və belədir ki var!” – Harteveld yazır.
“Çamadan əhvalı” bu gün də bizdə hakim deyilmi? Bir dəfə saytlardan biri sorğu keçirmişdi: “Harada yaşamaq istərdiniz?”
70 faizdən çox respondent Azərbaycandan kənarda yaşamaq istədiyini ortaya qoyandan sonra sorğu saytdan yığışdırılmışdı. Cidanı çuvalda gizlətməyə nə ehtiyac? Bu cəhətdən azərbaycanlılar “1913-cü ildə batıb qalıblar”. Və – sosial statusundan asılı olmayaraq…
Harteveld yazır: “Zahiri dəbdəbəyə, bəzi küçə və binaların gözəlliyinə baxmayaraq, şəhər çirkli və səliqəsizdir. O, dəbdəbəli paltarlarının altında kirli ağlarını gizlətməyə çalışan məlum növ qadına bənzəyir. Mövcud kafe-şantanlarda asan qazanılan ağlasığmaz pulları havaya sovuranlarla yanaşı, “Qara şəhər” və digər neft mədənlərində işçilər miskin və çox vaxt ac mövcudluq keçirirlər. Bu, böyük sənaye şəhərlərinin hamısının qismətidir. Bakının nəhəng neft sərvətləri sərt həyat qanunlarını yaradıb: Nəticədə bəzilərinin fizionomiyası işıq saçır, digərlərinin isə tutqunlaşıb…”
Eyni təbəqələşmə, eyni ziddiyyətlər. Və hamısının da mahiyyətində iqtisadi formasiyanın – kapitalizmin qanunları dayanır.
Yaxud, Harteveld monopoliyalardan yazır. Bakıdan Krasnovodska bəstəkar “Duel” gəmisi ilə yollanır və dəniz daşınmalarındakı monopoliyanı bu cür təsvir edir: “Xəzər dənizində gəmiçiliyi Qafqaz və Merkuri” Cəmiyyəti əlində cəmləyib. Bu sahədə o, çar və Allahdır. Nəticədə publika istəsə də, istəməsə də onun məngənəsinə düşür. “Qafqaz və Merkuri” üçün sərnişinlər sadəcə canlı yükdür və onlarla hesablaşmamaq olar. Minimum rahatlıq müqabilində onlar maksimum tariflər alırlar. “Qafqaz və Merkuri” mənə Mayn Ridin və Fenimor Kuperin povestlərindəki dəniz piratlarını xatırladır”.
Harteveld onu da qeyd edir ki, Qara dənizdə 4 günlük gəmi səyahəti 13 saatlıq Bakı-Krasnovodsk marşrutundan ucuz başa gəlir.
Bu günkü monopoliyaları xatırladır, deyilmi? Nəqliyyatdan tutmuş banana qədər…
***
Onu Bakıdan Krasnovodska aparan gəmini Vilhelm Harteveld “17-ci əsr texnikasının son nailiyyəti” adlandırır və gəminin “Duel” adı almasının tarixçəsinin də yazır. Gəmi əvvəlcə ingilis sahibkar Douelə məxsus olub və onun adını daşıyıb. Douel uzaqdan Bakıya təşrif buyurub varlananlardandır, ancaq bu “neft və milyonlar səltənəti”ndə qəfil varlandığı kimi bir gecədə də müflis olur. Yırtıcı kapitalizmdə sərvət və pul dövranının tipik epizodu. Belə olanda “Qafqaz və Merkuri” cəmiyyəti gəmini müflis ingilisdən dəyər-dəyməzinə alıb xəttə buraxır. Ad fikirləşmək zamanı gələndə elə də əziyyət çəkmirlər: “Douel” gəmisi çevrilib olur “Duel” gəmisi. Bu hərf ixtisarında da neft Bakısındakı prosesləri qabarda bilən maraqlı bir simvolizm gizlənir.
Harteveld Bakı gecəsini çox lakonik və uğurlu obrazla ifadə edir: “Bu işıq bolluğu Bakının füsunkar mənzərəsini yaradır və bir daha şəhərin təmizkarlıqdan çox geyiminin qayğısına qalan gecə gözəlçəsi ilə oxşarlığını təsdiqləyir”. Yəni, yenə də “vitrin” cəmiyyəti. Zahiri dəbdəbənin gizlətməyə çalışdığı çirkab qalağı. Məgər bu gün ölkəyə ayağını basan hər kəsin dilindən alınıb televiziyada səsləndirilən “Şəhəriniz çox gözəldir və çox sürətlə inkişaf edir” kəlmələrinin arxasında da sonsuz problemlərin içində boğulan kapitalist meqapolisinin zahiri dəbdəbəsini gözə soxmaq cəhdləri dayanmırmı?! Halbuki diqqətli turist üçün bu günün Bakısı ilə 1913-cü ilin Bakısı arasında oxşarlıqlar çox, fərq isə azdır.
***
Xəzərin sahilində yerləşən şəhərdə bol-bol balıq və kürü yeyəcəyinə ümidvar olan bəstəkarın ümidləri bu sahədə də boşa çıxır. Harteveld yazır: “Bu ölkədə bəsdir deyincə balıq və kürü yeməkdə qərarlıydım. Ancaq… nə balıq vardı, nə də kürü. İzah çox sadəymiş: Burada olan balıq vətəgələrinin hamısını kirayəyə götürmüş Lianozovun şirkəti hələ 1 ay əvvəlindən bütün ovu Moskvaya, Peterburqa, xüsusən də xaricə satır. Lianozov cənablarının qarasınca deyinərək mən Xəzər dənizində yalnız “Vyana şnitseli” (kotletə bənzər yemək – Red.) yedim, halbuki bu vaxt hansısa vyanalı öz şəhərində oturub doyunca kürü tıxırdı”.
Tanış mənzərədir, deyilmi? Dəniz şəhəri olan Bakıda əksəriyyət əsl kürünü son dəfə SSRİ dövründə yeyib, sərvət isə monopolistlər tərəfindən Qərbi Avropaya daşınır. Sanki bizi zaman maşınına əyləşdirib yenidən 20-ci əsrin ilk 2 onilliyində düşürüblər. Yeni bir Vilhelm Harteveld təşrif buyursaydı, yenə də 100 il əvvəl yazdıqlarını yazardı. Sadəcə, miqyas və terminologiya bir qədər fərqlənərdi…

Vilhelm Harteveld. “Türküstan yol oçerkləri. Dənəvər qumlar və kəsilmiş başlar”

m.medianews.az

Комментариев нет:

Отправить комментарий