Страницы

13.01.2017

«Şahdəniz-2» layihəsində böyük ayrı-seçkilik

Eyni işi görən əcnəbiyə 8 dollar, yerliyə 2,42 manat verilir

"Şahdəniz-2" layihəsində çalışan azərbaycanlı və əcnəbi işçilər arasında ayrıseçkilik var. Bu barədə adının çəkilməsindən ehtiyatlanan azərbaycanlı işçilərdən biri bizimyol.info əməkdaşına danışıb. 
Qeyd edək ki, "Şahdəniz Mərhələ 2" və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) layihəsi “Şahdəniz Mərhələ 1”-də hasil olunan illik 9 milyard kub metr qazdan əlavə 16 milyard kub metr qaz hasil edəcək nəhəng bir layıhədir. Operatoru BP şirkəti olan layihənin podratçısı qismində "AMEC" MMC, "Tekfen İnşaat ve Tesisat A.S." və "Azfen" Birgə Müəssisəsindən ibarət "AMEC-Tekfen-Azfen" (ATA) konsorsiumu çıxış edir. Bu, bir beynəlxalq layihədir və BP bütün podratçılar üçün eyni standart müəyyənləşdirir. Buraya işçilərin əməkhaqqı da daxildir. Xarici podratçılar buna əməl etsələr də iddialara görə, “Azfen”-də ayrılan pulları yeyib-dağıdırlar. Belə ki, “Tekfen İnşaat ve Tesisat A.S.”-də işçilər saata 8-12 dollar əməkhaqqı alırlar. Şirkətin Türkiyədən gətirilən işçiləri hotellərdə qalır, hər cür xidməti havayı alırlar, ayda da onlara azından 2-3 min manat məvacib verilir.
Məntiqlə yerli işçilərin kirayə haqları, əlavə xərcləri olmadığından onlara məvacib daha artıq ödənməlidir. Amma mənbə deyir ki, eyni işi görən xarici işçi ilə yerlinin məvacibi arasında fərq 3-4 dəfədir. "Tekfen"-dən fərqli olaraq "Azfen"-də 3-cü dərəcə mütəxəssislərə saat hesabı 2 manat 42 qəpik haq ödənir. 5-ci dərəcəli işçilərə 2 manat 72 qəpik verilir. Ən yüksək 6-cı dərəcə hesab olunur ki, onların da hər saatına 3 manat 50 qəpik hesablanır.
Mənbənin iddiasına görə, "Azfen"-də bizimkilər bütün ayı çalışıb, min manatı güclə qazanırlar. Azərbycanlı işçilər artıq gəlir əldə etmək üçün məcbur qalıb istirahət günləri də işləyirlər. Çünki həmin günlər iş saatının dəyəri ikiqat ödənir. Bununla yanaşı, "Azfen" rəhbərliyi qrafik üzrə 7 ayda görülməli işləri 2-3 aya gördürür.
Qeyd edək ki, "Azfen" BM 11 yanvar 1996-ci il tarixldə Dövlət Neft Şirkəti və Türkiyənin "Tekfen İnşaat və Təsisat A.Ş." tərəfindən yaradılıb (eyni hesabatda başqa bir yerdə də BM-nin ondan bir il əvvəl təsis edildiyi qeyd olunub- bu əslində hesabat əhəmiyyətli sənəddir, belə bir ziddiyyət yerli auditorun gözünə "sataşmayıb"), Azərbaycan və ölkədən kənarda fəaliyyət göstərir. Müəssisə inşaat, emalat və mühəndislik işləri ilə məşğul olur. Yeni yaradılarkən nizamnamə kapitalı 100 min dollar olub. Tərəflərin iştirak payı ARDNŞ 60 min dollar, yaxud təsdiq edilmiş nizamnamə kapitalının 60 faizi, Tekfen 40 min dollar, yaxud təsdiq edilmiş nizamnamə kapitalının 40 faizidir. 31 dekabr 2015 tarixə müəssisənin nizamanamə kapitalı tərəflərin iştirak payı dəyişməmək şərti ilə 277 min manat təşkil edir. Belə çıxır ki, bu 20 ildə müəssisənin nizamnamə kapitalı nəzərəçarpacaq dərəcədə artırılmayıb, məzənnə dəyişikliyi səbəbindən vəsait manat ekvivalentində artmış kimi görünür.
Beynəlxalq layihələrdə iştirak etdiyindən müəssisənin illik audit hesabatlarının verilməsi tələb olunur. Ancaq web-saytında təkcə son iki ilin hesabatı yerləşdirilib. 31 dekabr 2015-ci il tarixə müəssisənin cəmi gəlirləri 599 486 min manat təşkil edib (2014-cü il üzrə hesabatda bu rəqəm 269 713 min manatdır). Həmin il mənfəət 93,787 min manat (2014-cü ildə 22,067 min manat) olub. Son hesabata görə əmək haqqı, maaş və sosial müdafiə xərcləri 127 542 min manat təşkil edib. 2014-cü ildə bu, 59 590 min manat olub. Vergidən əvvəlki mənfəət keçən il 115 668 min (2014-cü ildə 28 859 min), vergiyə cəlb edilən dividend gəlirləri (10 faiz) 28 min manatdır. Halbuki ondan br il əvvəl dividend gəlirləri iki dəfə artıqdır- 49 min manat. Gəlir artsa da dividend gəlirlərinin iki dəfə azalması müəmmalıdır. Burada bir vergi hiyləsi istisna deyil. İşçi sayı qeyd edilmir, halbuki, bu məlumat hesabatda mütləq yer almalıydı. Qeyri-rəsmi məlumata görə "Azfen" BM-nin yuxarıda qeyd olunan layihəsində 9 mindən artıq işçisi çalışır. Web-saytında isə yenə işçi sayı gösərilmir. Əgər əmək haqqı, maaş və sosial müdafiə xərclərinə ayrılan 127,5 milyon manat vəsaiti işçi sayına bölsək, orta hesabla bu, illik təxminən hər işçiyə 14,2 min, aylıq 1 200 manata yaxın məvacib deməkdir. Hələ onu da söyləmirik ki, hər kəs bu pulu ala bilmir. Rəhbər vəzifədə olanların maaşı daha yüksəkdir. O zaman ortabab işçilərin məvacibi xeyli aşağı düşür.
Əslində Türkiyə və başqa ölkələrin vətəndaşlarının bizimkilərdən daha yaxşı şərtlərlə işlədiyi barədə deyilənlər bir gerçəkdir. “Tekfen Holding”ə daxil olan "Tekfen İnternational Finance & İnvestments S.A." şirkətinin 51 faizinə sahib olduğu "Cənubtikintiservis" ASC (ARDNŞ-nin strukturu olub) holdinqin tərkibindəki digər bir şirkət "Tekfen İnşaat və Təsisat A.Ş." tərəfindən ucuz qiymətə icarəyə götürülüb, tam tərkibdə Türkiyədən gələn işçilərin xidmətindədir. Heç bir tender keçirilmədən işlər birbaşa "CTS"-yə sifariş edilir və hər bir türk işçi şirkət hesabından gündəlik cəmi 20 dollar ödənməklə cəmiyyətə məxsus mehmanxana tipli kapmlarda qalırlar. Burada onlar gecələməkdən əlavə gündə bir neçə dəfə də yemək yeyirlər, kampda paltarların təmizlənməsindən tutmuş, kinoteatr xidmətinə qədər hər şey bu məbləğə daxildir. ASC-də rəhbər vəzifədə Türkiyə vətəndaşlarıdır. "Tekfen"-in ölkəmizdə həyata keçirdiyi layihələrdə əsasən əcnəbilər işləyir. Onlar daha çox bizimkilərdən üstün vəzifələr tuturlar.
Eyni zamanda bizim ölkəmizdə bizdən yaxşı məvacib alırlar. Çünki, onların şirkətləri vətəndaşlarına belə qiymət verir. Həm də məlumatımıza görə, əcnəbilər Azərbaycanda yüksək məvaciblə çalışsalar da, əsas maaşları öz ölkələrində onların bank hesabına köçürülür. Əmək haqqının əsas hissəsini orada alır, vergi, sosial ödəniş də öz ölkəsinə gedir. Pulun yalnız cüzi bir hissəsi onlara Bakıda verilir. Misal üçün, 2500-3000 dollar maaş alırsa, uzaqbaşı onun 500 dolları burada ödənir, yerdə qalan Türkiyədəki hesaba yatırılır. Avropa Oyunlarından əvvəl buradakı tikinti işlərində çalışan bir işçi bunları söyləmişdi. Çoxunun da işi gücü ancaq yerli fəhlələrə göstəriş verməkdən başqa uzağa getmir. Elektrik mühəndisinin elektrik mühəndisliyi sahəsində heç təhsili də yox idi. Ona sadəcə deyiblər ki, "Azərbaycana getmək lazımdır". Burada şirkətlərin vergi siyasəti də var, Azərbaycanda qazanıb, xeyiri öz ölkələrinə verirlər.
Daha bir iddia onunla bağlıdır ki, "Azfen"in nəqliyyat idarəsində işçiləri daşımaq üçün 370-dən artıq müxtəlif tutumlu avtobusların hər birinə ayda 7-8 min manat yazılır, əslində isə həmin pulun cəmi 2-3 min manatı ünvanına çatır. Qeyd edək ki, maliyyə hesabatında keçən il üzrə nəqliyyat və nəqliyyat vasitələrinin istismarı 98 080 min manat olub. Halbuki, bu məbləğ 2014-cü ildə 30 742 min manat təşkil edib. Dollar iki dəfə dəyər alıb, xərclər isə üç dəfə artıb. Nəqliyyat xərclərinin birdən-birə bu qədər yüksəlməsinin səbəbi bəlli deyil. Bir də ki əməkhaqqı ilə nəqliyyat xərci arasındakı cüzi fərqə nəzər salanda ikinciyə nə qədər çox vəsait ayrıldığı gözə çarpır.
Ümumiyyətlə, bu, "Azfen" haqqında ilk narazılıq deyil, zaman-zaman mətbuata şikaytlər daxil olur. Müəssisənin işçiləri onlara qarşı göstərilən ikili standartlardan dolayı hətta kütləvi şəkildə etiraz aksiyaları da keçiriblər. 

bizimyol.info

Комментариев нет:

Отправить комментарий