Zeynəb Cəfərli
Söz – bəşəriyyətin ən böyük silahıdır, deyib ulularımız. Və bu silahdan layiqincə istifadə edənlər elə sözün özü kimi əbədi yaşayır.
Onun şeirini ilk dəfə bir dostumun gündəliyində oxudum. Anidən üstündən keçsəm də, beynimdə misralar fırlanmağa başladı. Və məni alıb götürdü.
Sonra isə onun söz səltənətinə səyahət etməyə başladım:
İradəmə asi oldun,
Yağış tək yağası oldun,
Başımın ağası oldun,
Başına dolanım, sözüm!...
Deyib, nalə çəkən söz ustalarımız, şairlərimiz bu müqəddəsliyi, sözün aliliyini qoruyub saxlamağı bacarırlar.
Söz tanrının neməti
Gözəlliyin özüdür.
Bu dünyanın qiyməti
Elə şair sözüdü!
Belə dəyərli inciləri misralara çevirib tarixin yaddaşına yazan isə Füzuli Soltandır. Bəlkə də dünya söz sərrafının ismini daşıdığı üçündür onda sözə bağlılıq bəlkə də daşıdığı ismin ağırlığını duyduğu üçün. Mən onu sözün Allahı olan Füzuli səviyyəsinə qaldırmaq fikrində deyiləm, heç qaldıra da bilmərəm. Lakin onun bizlərə, yəni sözü anlayıb, dəyər verən oxuculara və gələcək nəsillərə bəzi ərmağanından danışmaq istəyirəm. O ərmağandan ki, oxuduqca dünyanın gerçəklik deyilən bir üzünü görürsən, həm qəmlənirsən, həm sevinirsən və beləcə, poeziya deyilən bir aləmin zərif dünyasına qərq olursan:
Zaman çoxlarının qəddini əyib,
Könlünü sındırıb, xətrinə dəyib,
Qəlbində qüssəyə, dərdə dözməyib,
Sinənin altında şişməsi varmış!...
Zərif bir söz bağçasında ürəyin niskilini elə sadə dillə ifadə edib ki, oxuyanda istər-istəməz əlimiz ürəyimizin üstünə gedər və yaxud da əzmkarlıq ruhu duyarsan misralarında:
Könül, Əlahəzrət sözün mülkünə
Qəlbləri tərpədən sözün varsa, gəl!
Fikirlər cəngində, söz meydanında
Bir güştü tutmağa dizin varsa, gəl!
Deyib, sözü cəng meydanına çevirir şair. Hərdən isə həzin,ahəstə bir duyğunun mizrabına çevrilir şair sözü:
Təzədən gəlmişəm bu dünyaya mən,
Elə həmin ömrü yaşamaq üçün.
Çiynimə götürüb bir də təzədən,
Dünyanın qəm yükün daşımaq üçün...
Bəzən bir ömür niskili bəs eləmir insana ikinci bir həyatı da yaşamaq keçir könlündən. Şair isə iki təzadlı fikri ilə aydınlıq gətirir bu istəyə:
Baxirsan deyirsən kefdi, toydu ki,
Amma ürəyimi elə oydu ki,
Bu dünya gəlməyə bir üz qoydu ki?!
Təzədən doğulmaq istəzdim heç!.
Bütün şeirlərində ictimai motivlər, təbiətin vəsfi, nakam sevgi, torpaq eşqi, vətən sevgisi canlanır:
Dünya sözə dönüb qalar...
Vətənə dayandım, vətəni bildim,
Vətənlə ağladım, vətənlə güldüm.
Dünyaya bir vətən eşqiylə gəldim,
Elə vətən oldum, ”mən” deyəndə, mən!
Yaxud da:
Xəyalım dolanır Azərbaycanı,
Deyir gövhərindi, dürründü vətən
Şirin torpaqları bərəkət kamı,
Şoran torpağıyla şirindi, vətən...
Və bu vətən torpağını özünün bir parçası bilir şair. Bunu elə incəliklə nəzmə çəkir ki, acı sonluğu belə duymursan:
Bu düzlər, dərələr, bu dağlar vətən,
Bu ucuz-bucaqsız torpaqlar vətən.
Bir qəbir boyda da Füzuli sənsən,
Sonuncu mənzilin yerindi, vətən!
Beləcə, vətən sevgisinin, torpaq niskilinin daxili təlatümünü heyranlıqla verir Şair və bu təlatümə acı bir inam da qatır:
Darılmayın, daralmayın, şəhid ruhlar, etməyin qəm,
Bir qələbə sabahında sevinərik sizlə bahəm.
Nə qədər oxusan da, Füzuli Soltan yaradıcılığında artıq sözə, kənar kəlməyə rast gəlmədim. Ədəbi dilimizin bütün qayda-qanunlarına tam dürüstlüklə əməl edir şair. Mənim üçün də maraqlı oldu ki, bu qədər şeiri necə sırf ədəbi dil qanunları ilə yaradır. Axı şairlərimiz, elə mən özüm də hərdən qaydalardan kənara çıxıram, yəni danışıq dilinə də müraciət edirəm... Bu da istər nəzm də, istərsə də nəsrdə yazılanı ilə oxucunu özünə cəlb edir. Ancaq Füzuli Soltan yaradıcılığında buna rast gəlmədim və bu şeirlərin incə ruhuna daha da şirinlik qatmışdı. Hansını oxuyursan oxu, hansı səmtdən baxırsan bax, şair qəlbinin incəliklərini duyub, kövrək ürəyinin səsini eşidirsən:
Dağları özünə söykək eləyən
Dağ boyda kişilər tərk edib bizi.
Dağların başından salıblar deyə
Bəlkə itirmişik qüdrətimizi?!
Vəsfin gözəlliyinə baxın! Tarixən qüdrətli olan Azərbaycan kişisini dağlar qədər vüqarlı, qürurlu sayır şair... Və bildirir ki, dünya necə çevrilir çevrilsin, kişilərimiz öz qeyrətini, qürurunu itirən deyil. Elə buna görə də ritorik sualla üz-üzə qoyur oxucunu:
Dünyanın ən böyük şeir kitabı
Elə bu dünyanın özüymüş, demə!
Hər ömür bir şeir, nəğmə timsalı
Uca yaradanın sözüymüş, demə!
Bu da şeiriyyətin bir fəlsəfəsi... Deyilməmiş sözlər, işlənməmiş ifadələr... Dünyanı hələ tam oxunmamış şeir kitabı sanır şair ürəyi. Heç bilmədiyim, duymadığım bir ifadədi bu. Bəlkə də elə Füzuli Soltan şeiriyyəti bu qəribəliyi ilə seçilir:
Zaman-zaman günah işlədən Zaman
Günah işlətməkdən doyarmı bir gün?!
Hər gün incitdiyi könlümü alıb
Görən günahını yuyarmı bir gün?!
Oxuduqca dərk edirsən ki, şair güclü duyuma malikdir. Həm də müasir dövrümüzün bəzi əlamətləri ilə barışa bilmir:
Kimsə salmır yaradanı yadına,
Qardaş doğma qardaşını aldadır.
Yandırmaqçün alovuna, oduna
Bir ocaqda quru-yaşı aldadır.
Deyib, hadisələri özünəməxsus zövqlə nəzmə çəkir:
Artdı zalimlərin zülmü günbəgün,
Ədalət günəşi batdı büsbütün.
Zülmdən, zalımdan qurtarmaq üçün
Kəndirdən savayı nə çarə qaldı?!
Bax, Füzuli Soltan yaradıcılığının əsl siması budur. Həm satirikdi, hən romantik, həm lirikdi, həm epik. Fərqi yoxdu, hansı janrda yazır-yazsın, onun bir əqidəsi, bir ünvanı var: vətənə sevgi, millətə xidmət!
Kəlbəcər dağların görməmişəm mən,
Kəsməyib yolumu zirvələrdə çən…
Laçın, Qubadlıdır könlümdən keçən,
Hələ gəzməmişəm Cıdır düzünü,
Ürəyim deməyib hələ sözünü...
Oxuduqca varlığında itib-batdığım, hansını necə oxumağı bilmədiyim şeir dünyasında, şair hələ ürəyinin sözünü deyə bilməyibsə, bunun ancaq bir adı var: Qurban! Özünü şeirə, sənətə, sözə qurban edən bir şair, bir insan və əbədilik qazanan şair sözü!.. Bunları yazdıqca içimdən bir hiss – “Yox, zəif yazırsan, onu daha güclü, daha dolğun vəsf etmək lazımdı”, deyir. Amma bu güclü hissiyyatın qarşısında aciz qalıram bəzən, söz tapa bilmirəm, sözdən özünə əbədi heykəl qoyan şairə...
Oxuyuram, oxuduqca çaşqınlıq içində nə yazacağımı belə bilmirəm... Hər şeir bir ömür, hər şeir bir ürəyin duyğusudu...
Dərdini özünlə təkbətək sanma,
Bu boyda atəşə təklikdə yanma,
Canımı istəsən verərəm, amma…
Mən sənə təsəlli verə bilmirəm!..
Doğma torpağı yadların tapdağı olan birinə necə təsəlli vermək olar, şair?! Bu, bizim heç qaysaq bağlamayan yaramızdı. Şeirlərində bu yaralardan, düşmən qurbanına çevrilən igidlərimizdən elə yanıqlı, elə sızıltıyla yazır ki, göz yaşımı saxlaya bilmirəm…
Sən şəhid oldun ki, ana torpağa
Toxunmasın yağıların ayağı..
Qeyrətli oğullar qalxsın ayağa,
Xilas etsin nalə çəkən torpağı!..
Yaxud:
Məzarlara qapanaraq, ağlamayın şəhidlərə
Məzarları məzar deyil, vətən sanın şəhidlərə!..
“Öldü” demə şəhidlərə, xəcalətdən ölər, ölüm,
Şəhidlərə bir müjdənin qanadında gələr ölüm!
Bundan layiqli bir söz demək olmaz, bu acıya...
Necə deyərlər gözün bitdiyi yerdi bu!..
Niskilli bir ürəyin hayqırtısıdı bu... və öz-özünə təsəllidir bu!
Qəmli, naləli, qürurlu təsəlli.
Bütün bu dərdiylə bərabər, şair söz boxçasını gözəlliklə də bəzəyir...
Bir daşın dibində novruzgülünə,
Bir susüz səhrada yağış gölünə,
Sığal çəkib bir gözəlin telinə -
Bir şirin sözə də vurulmaq olar!
Elə mən də sözə vuruldum, Füzuli Soltan! Və bu vurğunluq şair dünyasının şeir aləminə çəkdi məni...
Sərin bulaq, yaşıl meşə
Ruha qidadır həmişə!
Ətrafı nərgiz, bənövşə,
Cığır sənə yaz deyəcək!
Könül, yenə ötmə dil-dil
Füzulidən bir xəbər bil!
Başqa bir söz deyən deyil
Fağır sənə “yaz” deyəcək!..
Elə mənim də ürəyim yaz dedi... Belə söz səltənəti quran şairdən yaz, dedi.. Ürəyinin duyğusundan, bu duyğuları şeirə çevirən şair dünyasından və bu dünyada əbədi sözə abidə qoyan şairdən yaz, dedi... Yazdım... Amma nə qədər dolğun, nə qədər layiqli yazdım, bilmirəm. Bəlkə də olduğu kimi şeir sənətinə yanaşmağı bacarmadım, bəlkə də hisslərimi düzgün verə bilmədim, bəlkə də yazdıqlarım heç Füzuli Sultan dünyasına layiq deyil... Amma az da olsa, şeirə, sözə, şairə qiymət verməyi bacaran adi bir jurnalistin ürək çırpıntıları, sözə heykəl qoyan bir şairin səsinə səs verən bir haray çağırışıdır! Və nəhayət, bir Tanrı payı, ilahi çağırışıdı bu!...
Sözlərimdə olsa əsər,
Füzuli də yada düşər..
Bu dünyaya gələn gedər,
Dünya sözə dönüb qalar...