Страницы

19.02.2019

1919-cu ildə Azərbaycanda əkilən torpağın 98,2%-i varlı mülkədar təsərrüfatlarına məxsus idi, hansı ki həmin varlı mülkədarlar, qolçomaqlar sinfi kənd əhalisinin heç 1%-ni də təşkil etmirdilər. 1 milyon hektar ərazi, hansı ki Sovet vaxtı sovxoz və kolxozların balansında olan torpaq fondunun az qala 70%-inə bərabər idi, sadəcə 195 mülkədar ailəsinin mülkiyyətindəydi. Böyükağa Zülqədərovların 30 min hektar torpağı var idi ki, bu da orta ölçülü bir rayonun əkin sahəsinə bərabərdir. Demokratların geninə-boluna danışdığı “mülkiyyət hüququ”, “torpağa sahiblik hüququ” ancaq bu bir ovuc bəyin, xanın sahib olduğu imtiyaz idi. Ondan lüt, ac-yalavac Azərbaycan kəndlisinə nə? Kəndlinin çarəsi qalırdı varlı bəyin təsərrüfatında muzdurluq etməyə- muzdurun isə daxmadan və bir çətən külfətdən başqa heç nəyi olmazdı. Bir tikə çörək yeməkdən ötrü bütün ailə-uşağını verərdi bəyə nökərçiliyə, qulluqçuluğa! Başqa sözlə, Sovet hökuməti qurulana qədər kəndlinin nəinki torpaq üzərində sahiblik, mülkiyyət hüququ yox idi, hələ üstəlik heç öz ailəsinin də sahibi deyildi. Əgər ağaya borcun var idisə, vəssalam, bütün ailə ağaya nökərçiliyə verilməliydi! Azərbaycan kəndlilərinin mülkədarlara qızıl pulla 575 milyon manat borcu var idi. Bu borcu əldə rəhbər tutan ağalar kəndlini ailəsiylə birlikdə girova çevirmişdi- bütün külfət ağanın sərəncamında idi! Deməli kəndli faktiki olaraq ağadan, həm da şəxsi asılı idi. Sovet hökuməti qurulan kimi cəmi bir dekretlə kəndlilərin ağalara olan borcunu ləğv etdi- deməli ləğv edilən ancaq borc deyildi, həm də kəndlinin faktiki şəxsi asılılığı da ləğv edildi. Bu gün liberallar kəndlini ailəsi qarışıq borc kəndiriylə özünün girovuna, danışan əşyasına çevirmiş mülkədar-mülkiyyət münasibətlərinı bizə “istiqlal”, “milli” və s. rənglərlə boyayaraq yaxşı hal kimi sırımağa çalışırlar. Amma qoy oxucu özü nəticə çıxarsın: Müsavat zamanı əgər əkilən torpağın 98,2%-i mülkədar təsərrüfatlarına aid idisə, onda torpaqsız Azərbaycan kəndlisinin hansı mülkiyyət, sahiblik hüququ ola bilərdi ki? Sovet hökuməti qurulandan dərhal sonra mülkədarlara məxsus torpaqları müsadirə edib torpaqsız kəndlilərə payladı, həm də kütləvi şəkildə!

Комментариев нет:

Отправить комментарий