22.12.2011

“MİRƏLƏMLİ AİLƏSİNDƏ BAŞIPAPAQLI QOYMAYIB TUTUBLAR”


Xəbər verildiyi kimi, hüquq-müdafiəçilərindən və jurnalistlərdən ibarət qrup AXCP Cəlilabad rayon təşkilatının rəhbəri Təzəxan Mirələmlinin və onun oğlunun həbs şəraiti ilə tanış olmaq məqsədilə cənub regionuna səfər edib. T.Mirələmli ötən həftə məhkəmə zamanı 15 yaşlı oğlu Vasifin hüquqlarının pozulmasına etiraz etdikdən sonra həbs olunub.
Nümayəndə heyətinin üzvləri qətldə ittiham edilən yeniyetmənin saxlandığı Lənkəran Rayon Polis Şöbəsində olublar. Yalnız İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov Vasifin yanına buraxılıb. Nümayəndə heyətində “İnsan Haqları Uğrunda” İctimai Hərəkatın rəhbəri Eynulla Fətullayev də olub. E.Fətullayev qəzetimizə açıqlamasında səfər təəssüratlarını bölüşdü.

Hüquq müdafiəçisi bildirdi ki, Təzəxan Mirələmliyə qarşı ədalətsiz kampaniya gedir: “Bu, məni çox narahat edir. Məlumdur ki, onun oğlu Vasif Mirələmli qətl törədib. Ancaq bu hadisənin arxasında böyük siyasi motivlər var. İndi də Vasifin atası təqibə məruz qalıb. Guya Təzəxan bəy polisə müqavimət göstərib. Bundan başqa, Təzəxanın atası Məhərrəm Mirələmli də həbs edilib. Onun cibinə narkotik atıblar. Bir ailədə 3 kişi həbsdədir. Mirələmli ailəsində başıpapaqlı qalmayıb yəni. Bu da milli-mənəvi dəyərlərə zidd hərəkətdir”.
E.Fətullayev T.Mirələmli ilə görüşə yalnız Elçin Behbudovun buraxıldığını söylədi: “Əfsus ki, yalnız Elçin Behbudov görüşə bildi. Təzəxan bəy saxlanma şəraitindən şikayət etmədi. Sonra Masallıda olduq. Cəhd göstərdik ki, Vasiflə görüşək. Yenə Elçin Behbudov görüşə bildi. Səfərin əsas məqsədi o idi ki, həm yerli hakimiyyət orqanlarına, həm bu ailəyə təzyiq edənlərə göstərək ki, bir ailə qarşı belə hərəkətlər yersizdir. Səfərimiz uğurlu keçdi. Bu səfər bir mesajdır ki, ictimaiyyət bundan xəbər tutur. Bu işi ciddi nəzarət altında saxlayacağıq, Mirələmli ailəsini müdafiə edəcəyik. Kimsə siyasi baxışlarına görə təqiblərə məruz qalmamalıdır. Onu da deyim ki, Təzəxan Mirələmli artıq apelyasiya şikayəti göndərib”.
Qeyd edək ki, T.Mirələmli dekabrın 16-da xuliqanlığa görə 10 sutka həbs cəzası alıb. O, məhkəmə prosesində qətldə ittiham edilən 15 yaşlı oğlunu məhkəmə nəzarətçiləri və dövlət ittihamçısının təzyiqlərindən qorumağa cəhd edib.


E.SALAMOĞLU                   musavat.com

Комментариев нет:

Отправить комментарий