27.12.2011

PİYADA (hekayə)


Oqtay Qorçu

- Dumandı bu belə?
- Duman nədi, buluddu e, bulud. Gör hardasan, zirvədə. Özü də dəniz səviyyəsindən 2500 metr yüksəkdə.
Həmişə özünü təbiətə vurğun, işıq sevən adam hesab eləmişdi. Bələdçiylə birlikdə sıldırımın kənarında dayanmışdılar. Duruxub, maddım-maddım göyə baxırdı. Hərdən çəkinə-çəkinə uşaq təki gözlərini bərəldib əlini səmaya qaldırırdı, sanki barmaqları göyün tavanına dəyəcək. Tez də əlini çəkirdi.
Hələ də yorğunluğu canından çıxmamışdı, təntiyirdi. Ağ bulud göz-gözə durduğu tövşüyən bu adama boy verirdi. İri bulud topasına gözü ağaranacan hey baxdı. Baxdıqca gah yeri-göyü yaradan Tanrıya şükür edirdi, gah da beyninə qara-qura fikirlər dolurdu.
Birdən elə bil güdükdə duran şeytan qəfil atılıb girdi bu gözəl məkanda gəzməyə çıxan adamın ürəyinə. Baxa-baxa düşündü ki, bulud topasına baş vursun. Hələ özünü  inandırdı ki, buludun sinəsinə atılsa, yerə də gedib düşməyəcək.

Təbiətin aşiqi vuruldu buluda və qucaq açdı bu gözəlliyə. Ancaq atılmaq istəyəndə yanındakı yoldaşı bağırdı, ayağı sürüşdü. Adamın bir ayağı mamırlı sıldırımda, bir ayağı buluddaydı. Buludun havası çox yüngülüydü deyə heç çapalamadı da. Nəhəng ağ buludun təkinə getdi. Onu istəyi çəkib apardı.
Bələdçi bunu intihar cəhdinə də yozdu, amma hər şey yenə yerdə məlum oldu. Buludun içində sanki qanad açmışdı, sonra kimsə onu ləngitdi, qarışıq səslər eşitdi. Ovqatı dəyişdi, həm yüngüllük duydu, həm də utandı. Yaddaşına da yeni rəngli işıqlar gəldi. Ancaq hər şey qəfildən dəyişdi. Onu ləngitdilər. “Xeyli gözləməli olacaqsan” dedilər. Qəzəbləndi və buludu təpiklədi. İçinə atıldığı buludu. Sonra yaddaşı sovrulmağa başladı, amma hələ gözdən düşənlərdən deyildi, çünki buludun içindəydi. Və qəfildən ağlına gəlməyən...   
...Harda dayandığını da unutmuşdu adam...  
Buludun içində uzun bir tunel uzanırdı, tuneldə də uzun növbə. Hamısı yolu keçmək üçün gözləyirdi...
Sürücü tələsik yolu adlayıb keçmək istəyən piyadanın üstünə bağırdı:
- İşığa bax da, məni qana salmaq istəyirsən?
- Sənin işığını elə... Yavaş sür, minnət qoyma!
Adam geriyə, dayanacağa tərəf çəkilmək istəyəndə sol yoldan sürətlə çıxan başqa bir avtobus onu vurub yolun kənarındakı parkın divarına çırpdı.  Həmin an piyadanı buluddakı növbədən də qovmuşdular.

Комментариев нет:

Отправить комментарий