23.12.2011

Yeraltından notlar


Səbinə Dəniz

Yerin altı…

Havasızlıq...

Qəribə qoxu… İnsan axını…

Yüzlərlə, minlərlə insan, fərqli simalar, bənzərsiz talelər, bənzəyən talelər… Yad baxışlar, doğma insanlar, tanımadıqlarımız, tanıdıqlarımız və ya tanımadığımız tanışlarımız, yaralı qəlblər, ümid və sualla dolu gözlər, gözləntilər…

Hamısı bir arada. Hər gün eyni qatarın içərisinə doluşub, tələsirlər… Qatarlar dolub boşalır, elə insanların qəlbləri kimi, qatarlar tələsir, elə insanların özləri kimi…

Yanımdan sürətlə ötüb keçən qatarlar ömrümün günləri kimi, ayaq altda qalmış, külək vıyıltısından vərəqləri çevrilən, kitababənzəyir… Kimisə evinə, kimisə arzusuna, kimisə məqsədinə, kimisə ölümə aparır bu qatralar.

Dolub-boşaldıqca o təkcə insanların yükünü çəkmir, həm də, onların qəlblərinin, arzularının, ümidlərinin və günahlarının yükünü çəkir…

Daha da içəri keçdikcə hər bir simada fərqli bir “MƏN” görürəm.

Bir az kinli, bir az soyuq, bir az ilıq, bir az doğma, bir az yad, bir az yüklü…

Kimisi əlində qəzet – olmuşları və olacaqları vərəqləyir, kimisi musiqi dinləyir, kimisi yorğunluqdan yuxuya keçib, kimisi düşünür, kimisi gülür, kimisi kədərli, kimisi qeybət edir, kimi də eynəyini gözündə saxlayır, bəlkə də gözlərini, bəlkə özünü ya da bəlkə göz yaşlarını gizlətmək üçün…

Biri isə köhnə və cırıq ayaqqabılarını gizlətmək üçün ayaqlarını gizlətməyə çalışır. Kimisi də qarnını sıxaraq aclıqdan gələn səsi gizlətməyə çalışır... Bir başqası isə yanındakılarının nəzərlərindən qorxub, öz tox qarnını, cibini qabartmış, öz haqqı olmayan bir xeyli pulu gizlətməyə çalışır. Bütün bu gerçəklikləri isə qatarlar gizlətməyə çalışır...

Bu uzunsov qutularin içərisində çox şey baş verir.

Dispetçerin səsi gəlir:

- 20 Yanvar staniyası... Növbəti stansiya Memar Əcəmi!

Комментариев нет:

Отправить комментарий