05.06.2012

SAYMAN ARUZ: ”BIZ ZINDANDA ŞEIRI QANIMIZLA DIVARA YAZMIŞIQ”


AYB Güney Azərbaycan şöbəsinin rəhbəri, yazıçı, şair Sayman Aruz ilə müsahibə

-Yaxın günlərdə yeni "Yüz il inqilab"  romanınız çapdan çıxdı. Romanınız haqqında məlumat verərdiniz.
-Cənubi Azərbaycanda baş verən hadisələrdən bəhs edir. Şüar kimi səslənməsin deyə, Cənubi Azərbaycanın müstəqilliyindən danışmaq istəmədim. Çalışmışam heç kimi baxmadığı tərəfdən baxım. Hər kəs pafosla azadlıqdan danışır, amma heç kim demir ki, bu qədər qəhrəmanımız ola-ola niyə azad olmuruq.
Deməli hardasa problem var. Mən məhz həmin problemə toxunmuşam bu kitabda. Güney Azərbaycanda bizə işgəncə verənlər, məhəlləmizdə bizimlə birgə böyüyən manqurtlaşmış azərbaycanlılardır. Vətəndaşın vətəndaşa olan biganəliyi, xəyanəti. Ən əsası isə din.
Bu kimi bir çox problemlərlə millətimizin yüz illərdi qaşı-qarşıya qalıb. Mən din yox, dindən sui istifadə edənlər təhqir olunur. Onlar din adı altında milləti də, dini də təhqir edirlər. Millət azadlıqdan danışanda dinin əleyhinə söz demir, dinin özü insanları azdlığa, müstəqilliyə dəvət edir. 

-Romanınızın  fərqli, özəl cəhəti nədir?
-Hesab edirəm ki, ideologiyasızlıq dövründə özü ilə yaxşı ideologiya da daşıyır. Ən azından yaxşı oxunsa, başa düşülsə bu boşluğu doldura bilər. Baxmayaraq ki, həcmcə balacadı-128 səhifə. Əsas əsərin daşıdığı yükdür. Bu roman da o yükü daşıya bilib. Mən bu romanı yazarkən yalnız yazıçı kimi məsuliyyət hiss etməmişəm, həm də yaşadığım mühitdən yazmaq istədim. Mən Sulduzda anadan olmuşam. Hadisələr də orada baş verir. Neçə illərdir Sulduzda yaşayanların haqqı tapdalanır. Ermənilər dəfələrlə orada soyqırımlar törədiblər, kürdlər o şəhərə göz dikiblər. Hətta indi də orada müharibə gedir. Unutmayaq ki, əgər Sulduz əldən getsə, Urmiya, Xoy, Maku da əldən gedəcək. Sərhəddimiz bağlana, Cənubi Azərbaycanda ikinic böyük Qarabağ yarana bilər. Həm də istədim oxucu da tanısın ki, Sulduz haradır. Roman Sulduzda yaşayan iki uşaqlıq sevgililərindən bəhs edir. Onlar böyüyür, romanın əsas obrazı olan Seyid inqilabçı, Raziyə isə milli azad­­lıq uğrunda döyüşənlərdən biri olur. Onlar zindanda qarşı-qarşıya gəldikdə Seyidin ürəyindəki uşaqlıq sevgisi yeni­dən alovlanır. O, teokratiyanın yalanlarından bərkimiş ürəyi sev­ginin qarşısında yumşalır və rejimin tələblərinə əməl etmir. Raziyəni seçməklə milli azadlıq uğrunda mübarizə apa­ran in­sanların yanında olmağı qərar verir.

-Xeyli müddətdir ki, Güney Azərbaycan şöbəsinin rəhbərisiniz. Son dövrdə nə kimi yeniliklər etmisiniz?
-Bizim şöbə 2 ildi yaranıb. Ancaq 8-9 aydır ki, bizə şərait yaradılıb, otaq veriblər. Bilirsiz İran hakimiyyəti bütün etniklərə qarşı amansızdı. Baxmayaraq ki, azərbaycanlılar cənubda etnik sayılmırlar, biz orda ev yiyəsiyik. Bizim şöbə yaratmaqda məqsədimiz yüz illərlə təqiblərə məruz qalmış millətin ədəbiyyat və mədəniyyətini qorumaqdır. Mən Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı 13 kitab çap elətdirmişəm. Həmçinin Fərağəş Fərid şeirlərini, Məliha Əzizpurun “Mənə bir küçə bağışla” adlı şeirlər kitabını, Səməd Behrənginin hekayələrini çap etmək istəyirik. Artıq çapa hazırdır. Ancaq maliyyə problemi üzündən hələ də geçikir. Yazıçılar Birliyinin bu yaxınlarda olacaq qurultayında fondun yaradıması qəbul olunacaq. O zaman problemlərimizin çoxu həllini tapacaq.

-Yəqin ki, informasiya vasitələrindən gənc şairlərimiz Fərid Hüseyn və Şəhriyar Del Geraninin İranda həbs olunmalarını bilirsiniz. Cənubda olan tanışlarınızla əlaqə saxlayıb onların aqibəti ilə maraqlanmısınızmı?
-Bəli, məlumat almağa çalışdım. Hətta onları poeziya müsabiqəsinə dəvət edən adama zəng etdim. Çətinliklə danışa bildim. Heç bir məlumat vermədi, xəbərlərinin olmadığını dedi. Mən belə görürəm ki, dövlət səviyyəsində bu müddətdə nəticə əldə olunmayıbsa uşaqların vəziyyəti orda yaxşı deyil.

-Sizcə müasir Şimali Azərbaycan ədəbiyyatında hansı ideologiya var və Cənubi Azərbaycanla fərqi nədədir?
-Hesab edirəm ki, burda ideologiya yoxdur. Hər bir quruluş öz ədəbiyyatını yaradır. Şimali Azərbaycan isə hələ 22 ildi ədəbiyyatda ideologiya yarada bilməyib. Hər hansı cərəyan da inkişaf etməyib. Bir dənə də olsun vətənə aid yaxşı şeir yazılmayıb. Cənubda isə ideologiya var. Müstəqillik, azadlıq uğrunda ölmək. Hətta cənubda daha güclü ədəbiyat yaranıb. Biz zindanda şeiri qanımızla divara yazmışıq.

-Öz yaradıcılığınıza tənqidi yanaşmısınız?
-Tənqid elmdir. Yazıçı və şair öz yaradıcılığını tənqid etməyi bacarmalıdır. Tənqid Şimali Azərbaycanda yalnış anlaşılıb. Burda tənqid deyəndə söymək nəzərdə tutulur. Balbuki tənqid mənfi də ola bilər müsbət də. Mən tez-tez özümə sual verirəm: “Yazılarımda həm bədiiliyi, həm ziyalı kimi ictimaiyyətin qarşısında olan məsuliyyətli insan kimi çıxış edə bilmişəmmi? Yenilik edə bilmişəmmi? Üsyan və inqilabdan şablon sözlər yazmışam?”. Mən demək olar ki, son dövrdə yazdığım bütün şeirlərimdə yenilik var. Özümdən razıyam. Əgər keçmişdə vətəndən, müharibədən yazırdımsa, indi ədəbiyyatçı kimi bədiiləşdirirəm. “Yeni inqilab” romanım da buna bariz nümunədi. Şalon sözlərdən qaçmışam. Hər şeyi sətiraltı yazmışam. İran hakimiyyətinə birbaşa müraciət etmişəm. Məsələn sonunda əsərin qəhrəmanı İran İnqilabının lideri Xomeyninin şəklini çıxarıb stolun üstünə qoyur. Yəni insanların qanı bahasına hakimiyyətə gələn liderin sonu Qəddafi, Səddam Hüseyn kimi olacaq.

-Ən çox bəyəndiyiniz  şair və yazıçılar? Və ən sevdiyiniz bir necə misra? Sevdiyim şair və yazıçılar çoxdu.
-Karlos Kastandanın kitabları ilə cavanlığım keçib, Markez, Borxes, Sartrın əsərləri ilə böyümüşəm. Əhməd Şamlı adlı İran şairlərinin şeirlərinə gənclik dövründə çox bağlandım. Düzdür o türkcə yazmırdı,  yaradıcılığında da türkçülük, millətçilikdən əsər əlamət yox idi. Sadəcə insani dəyərlərə, insanlığa söykənən şair idi. Elə ən çox sevdiyim misralar da onun yaradıcılığındandır: Bir cəllad vardı, balaca bir bülbülə könül vermişdi. Əgər cəlladlar da bizim bülbüllərə, quşlara burulsalar millətin yanında olarlar.

-Sayman Aruzu bir necə bədii cümlə ilə ifadə edə bilərsiz?
-Yenə də Əhməd Şamlı şeirlərinə müraciət etmək istəyirəm.

Dağlar da bir yerdə yaşayırlar, amma təkdirlər
Bir yerdə yaşayıb və tənha ölən insanlar kimi

Mənim öz şeirimdə də özümü anladan misralar var:

Divarda yazılan sözlər kimi,
Məqsədim hamının, özümsə heç kiməm

Hamını sevən, hamıya yaxşı nələrsə etməyə çalışan, özünə isə heç nə və tənha.


 Hazırladı: Türkan Zamanova                        qalamiz.blogspot.com

Комментариев нет:

Отправить комментарий