Aliq Məmmədov“ İnsan ölümü və ya bədbəxtliyi seçmək məcburiyyətində qalsa, mütləq axırıncısını seçəcəkdir.” U. K. Folkner
Sənə allah kimi səcdə etdilər,
Sağlığında aldın dahi adını.
Sənin yaratdığın nadir incilər,
Kölgədə saxladı çox- çoxlarını.
Yazırdın: bədbəxtlik, ya da ki ölüm-
İnsan seçəcəkdir birincisini.
Belə labüdlükdən yoxca da dönüm,
Heç vaxt etməyəcək ikincisini.
Fikrim yox mən səni təkzib eləyim,
Kimsə təəccübdən donub- durmasın.
On iki yaşında uşaqdan deyim:
Əcəl əməlindən busat qurmasın!
Beş ay tək çarpışdı o, çarpayıda,
Həkimlərin fikri tamam biriydi:
Ayaq kəsilməli- bircə tayı da,
Tale bu uşaqdan əsirgəyirdi.
Etiraz nidası qopdu sinədən,
Yaşamaq eşqiylə uşaq yanırdı.
Şam kimi əriyib- sönən bu bədən,
Sənin o, hökmünü necə danırdı!..
Təsəlli verirdi ata- anaya,
Könlünü alırdı bacı- qardaşın.
Deməsən O, qəsdən bilə- anlaya,
Ömrün uzadırdı ölüm anının.
Səbəb nə, seçmədi o, bədbəxtliyi?-
Ayaqsız yaşamaq ölüm ha deyil.
Zaman dəyərləndir kiçik mərdliyi
Nə olsun bu, oğlan dahi ha deyil!
Yanar- heyrətlənər əməli saleh
Bədxah dodaq büzər: nə böyük hünər.
Tarixə düşmədi adla o, fateh,-
Belədir bu dünya, mister Folkner!
İndi nə sən varsan, nə də o, oğlan
Ancaq bir həqiqət tərk etmir məni.
Sənin qanunundan ucada duran,
Uyuyur hər kəsdən xəbərsiz təki.
May 1986- cı il
Комментариев нет:
Отправить комментарий