27.07.2012

“Wİ-Fİ”, mikrodalğalı soba, simsiz ev telefonları bizi hədələyir!

Ağaclar quruyur, insanlarsa hələlik dözür


Kabelsiz modemlərin, daha dəqiqi, “Wİ-Fİ”nin yaydığı radiasiyanın insan sağlamlığına zərəri son illərin ən çox müzakirə edilən mövzusudur. Amma Hollandiyadakı araşdırma daha təhlükəli nəticələr ortaya qoydu. Məlum oldu ki, kabelsiz modemlərin yaydığı radiasiya ağacların çürüməsinə və qurumasına gətirir.
Hollandiyanın qərbindəki Alphen Aan Den Rijn şəhərində ağacların saraldığı, qabıq və gövdəsinin quruduğu təsbit edildikdən sonra təcili araşdırmalara başlandı. Ağacların hər hansı xəstəlik səbəbi ilə qurumadığı aydınlaşdı. Məlum oldu ki, həmin bölgədə olduqca çox kabelsiz modemdən istifadə edilir. Alimlər nəticənin belə olacağını gözləmirdilər.

Nəticəni dəqiqləşdirmək məqsədi ilə həmin zonaya daha çox “Wİ-Fİ” ötürüldü. 3 ay boyunca 20 ağaca ötürülən radiasiya bitkilərdə alimləri şok edəcək izlər buraxdı. Radiasiya nisbəti artırıldıqca ağacların yarpaqlarının daha sürətlə saraldığı və gövdəsinin quruduğu ortaya çıxdı.

“Ekoloq Jurnalistlər Birliyi”nin sədri Cəmşid Quliyev deyir ki, bu çox təbii bir haldır: “Ağaclar da insanlar kimi təmiz, şüasız atmosferə ehtiyac duyur. Onların aurasını radiasiya ilə zəhərləmək ölümlərinə qol çəkmək deməkdir. Dünyanın ekoloji problemlərinin olduğu bir vaxtda kabelsiz modemlərin yaratdığı bu şüalanma ciddi təhlükədir”.


Təhlükə pik həddindədir!


Kabelsiz şəbəkələr cib telefonlarının kəşfi bir vaxtlar bizi sevindirsə də, onun təhlükəsini hələ indi anlayırıq. Telefonların kəşfi indi “Wİ-Fİ” olaraq tanıdığımız kabelsiz şəbəkələrlə davam edir. Dünya alimləri elmi tədqiqatlarla sübut edib ki, bu sistem insan sağlamlığına zərərdir.
İKT mütəxəssisi Rafiq Zeynalov bildirir ki, hətta İngiltərə, Kanada kimi bəzi ölkələr kabelsiz şəbəkələrin orta məktəblərdən tamamilə yığışdırılması barədə düşünür: “Kabelsiz məlumat alış-verişi üçün müəyyən bir tezlikdə radio dalğalarından istifadə edilir. Bu genişzonalı internet əlaqəsi üçün 2.4 GHzdir. Bu tezlik mikrodalğalı sobaların, kabelsiz ev telefonlarının və “bluetooth” cihazlarının çalışdığı tezlikdir. Kabelsiz əlaqədə məlumatı daşıyan radio dalğaları “non-ionising” şəklində xarakterizə edilən radiasiyadır”.
Bu radiasiya növü eyni zamanda mikrodalğa, mobil telefon və internetə də aiddir. Bu cür radiasiya bioloji toxumalara zərər verir, hüceyrələrdə DNT pozuqluğuna yol aça bilir. Kabelsiz şəbəkələrdə istifadə edilən ionlaşdırıcı olmayan radiasiya, atomları ionlaşdırmağa çatacaq qədər enerji daşımır və yüksək dozalara məruz qalanda da yalnız atomları sürətləndirib istiləşməyə səbəb olur.


Tezbazar isitmə, yoxsa tezbazar öldürmə?


Mətbəxlərimizi bəzəyən, restoran və kafelərdə 2 dəqiqə içində isidilərək bizə təklif edilən qidalara öz “töhfə”sini verən cihazlardan biri də mikrodalğalı sobalardır. Qidalanma üzrə ekspert Zöhrab Səlimov bildirir ki, mikrodalğalı sobalar qidaları da təhlükəli şəkildə isidir: “Mikrodalğalı sobalar yüksək nisbətdə radiasiya göndərərək qida atomlarını sürətləndirir və istiləşmələrini təmin edir. Normal, çoxumuzun evində olan bir mikrodalğalı sobanın içindəki qidaya göndərdiyi radiasiya, bir “WI-FI” şəbəkəsindəki radiasiya sıxlığından təxminən 100.000 dəfə artıqdır”.
Ekspert deyir ki, bizim cəmiyyət yeniliyi sevir, hər təzə ixtira olunan cihazı öz evində, mətbəxində görmək istəyir, amma onların bir çoxu dünyada aparılan araşdırmalardan xəbərsiz olur: “Məsələn, bizim mikrodalğalı soba həvəskarı olan xanımlara desən ki, ukraynalı ekoloqlar sübut ediblər ki, mikrodalğalı sobalar insan orqanizminin enerjisini molekulyar səviyyədə dəyişdirir, inanmayacaqlar. Amma inanmasalar da, alimlər uşaqlara və hamilə qadınlara belə sobalarda hazırlanan qidaları yeməyi məsləhət görmürlər. Elektromaqnit dalğaları sobadakı qidanın, mayenin molekullarının strukturunu dəyişdirir. Bu sobalarda isidilmiş qida və mayelərdən daxil olan pis energetika qanın və limfaların tərkibinə təsir göstərir, xərçəng şişlərinin inkişafına stimul verir”.


Lalə Mehralı                   teleqraf.com

Комментариев нет:

Отправить комментарий