07.12.2012

İlk və son nəğmə

Vüsal HİCRANOĞLU

Ömründə bir dəfə
Oxuyur qu quşları
Ölümü hiss edəndə.

Çəkilib xəlvət guşəyə
İlahi nəfəsilə,
Tükənməz həvəsilə,
Quş dilinin sehriylə
Ecazkar bir çələng-
Toxuyur qu quşları.

Bu yanğılı nəğmədə
Allah bilir nələr var,
Dünya dolu məhəbbət,
Dünya dolu kədər var.

Səni fikrə daldırır,
Qəlbi yandırır, yaxır,
Bəlkə də bu nəğməylə
Onu vaxtsız haqlayan
Haqq bildiyi ölümün-
Gözlərinə dik baxır.

Düşünürsən bircə an,
Kaş qu quşları kimi
Ölümün gözlərinə-
Dik baxa hər bir insan.

Комментариев нет:

Отправить комментарий