07.12.2012

“Yüz il İnqilab” romanı haqqında qeydlərim

Sayman Aruzun “Yüz il İnqilab” kitabını birnəfəsə oxudum. Səhər evdən çıxanda kitabı özümlə götürdüm, böyük hissəsini yollarda oxudum, sonunu isə gecə bitirdim. Açıq desəm, əhvalla yükləyən romandır. Elə mən də indi yaxşı-yaxşı yüklənmişəm, elə bil əzizimi itirmişəm. Sanki, canımdan bir parça qopub…
Oskar mükafatları tarixində rekorda imza atmış “Titanik” filmi haqqında daha sonra film tənqidçilərindən biri belə bir ifadə işlətmişdi: “Əgər münsiflər “Titanik” filminə bir neçə dəfə təkrar-təkrar tamaşa etsəydilər, o qədər çox mükafat verməzdilər”.
Adam haqlı idi, insanı əhvalla yükləyən, sentimental duyğuların zirvəsinə uçuran, el dili ilə desəm sarı simə toxunan bütün incəsənət nümunələri öz qüsurunu pərdələmək imkanına malik olur. Müqayisənin hər cürü qüsurlu olur, amma mən qüsur işləyərək əhvalla yükləmək baxımından “Yüz il İnqilab” romanını “Titanik” filmi ilə müqayisə edəcəyəm.
Düşünməyin ki, bu əhval məni romanı tərifləməyə vadar edəcək. Bir çox uyğunsuzluqlar da gözümə batmadan keçmədi. Seyid adlı qəhrəmanın fahişə ilə evliliyə məcbur olduqdan sonra ürəyinin daşlaşması, əzazilləşməsi məni bir oxucu kimi inandıra bilmədi. Kişilər bu halda qəddarlaşmırlar, əksinə həlimləşirlər. Fahişəni düz yola gətirib ailə qadını etmək, uşağının anası etmək kişinin öz gücünə inamı sayəsində baş verir. Bu evlilik məcburi olsa da artıq baş vermişdi. Boşanma hüququ da vardı Seyidin. Əgər arvadı əxlaqsız yola davam etsəydi, onu boşamaq asan olardı. Lakin Seyid buna getməyib, əksinə ailəsini qoruyub. Deməli, güclü kişidir. Qaçıb gizlənməyə və ya məntiqi qəbul etdiyi halda bu qədər vicdansızlıq etməyə qadir insan deyildi. Müəllif onun vicdansızlığa keçid mərhələsini daha ustalıqla yazmalı və məni inandırmalı idi.
Məni inandırmayan ikinci əsas məqam Raziyənin “toy gecəsi” həvəsliliyi oldu. O qədər işgəncə demirəm, onun yarısının yarısını çəkən qadının hətta çox sevdiyi kişinin də dodaqlarından könüllü öpmək istəyi olmazdı. Hələ-hələ bu işgəncələri ona verən, dırnaqlarını çıxardan bir kişi ilə sevişmə istəyi mənim qadın məntiqimə və ruhuma inandırıcı gəlmədi. Halalca ərindən kiçik gileyi olan qadın da ərinə olan sevgisinə rəğmən yataq istəklərinə könüllü və həvəsli olmur. Qadınlar kişilərlə müqayisədə bədənlərinə çox önəm verirlər. Əgər Raziyəni əli-qolu bağlı məcbur zorlasaydılar, bu daha inandırıcı görünərdi.
Bir oxucu kimi mənə inandırıcı gəlməyən bir çox epizodlar da vardı. Amma mən romanın müsbət cəhətlərini də sayım ki, sonra müəlliflə “xırmanda yabalaşmayaq”. Əvvəla ideya yükü təqdirəlayiqdir. Bu baxımdan Sayman bəyi alqışlayır və davamını arzu etdiyimi bildirirəm. İran kimi bir ölkənin – qaranlıq bir məkanın daxilinə açılmış kiçik pəncərədən nə qədər işıq seli axa bilərdisə, müəllif aydınladıb. Yüz illik əzabların – qırılmış ümidlərin qırıq aynası olmağı bacarıb. Bütöv Azərbaycan və kimliyini tanımış vətəndaşlar uğrunda apardığı mədəni mübarizəsində müəllifə uğurlar arzu edirəm.
P.S. Mənim tənqidi yazılar yazmağıma tənqidi münasibət bəsləyən dostlara təkrar xatırlatma: yumurtanın dadını bilmək üçün yumurtlamağa gərək yoxdur.

Şəbnəm Karslı                      elitar.info

Комментариев нет:

Отправить комментарий