15.03.2013

Cəlil Məmmədquluzadə - Ticarət xəbərləri


Keçən nömrələrin birində bir belə şəkil çəkmişik ki, hacılarımız Məkkəyə gedib qayıdandan sonra kasıblayıb yoluq cücəyə oxşayırlar.
Dünyada hamı səhv edə bilər. Çox ehtimal var ki, biz bu barədə həqiqətdən çox kənarıq.
Məsələn, Gəncədən yazırlar ki, Gəncə hacılarının əhvalatı bizim şəklə müvafiq gəlmir. Məsələn, Gəncədə elə hacılar var ki, Məkkəyə getməsəydilər bu qədər dövlətə çata bilməzdilər və bu qədər hiylə yollarını öyrənə bilməzdilər və bu qədər hörmət qazana bilməzdilər.

Yazırlar ki, Gəncə hacıları əgər Məkkəyə getməsəydilər qohum-qardaşlarının on min manatlıq mülkünə sahib ola bilməzdilər və natariusda şərtnamə qayırana bijlik eləyib mülk sahibininadını şərtnamədən çıxara bilməzdilər.
Haman şəkli çəkəndən sonra Gəncədən dörd məktub almışıq. Yazırlar ki, “ay Molla Nəsrəddin, məgər Məkkədən qayıdan hacı kasıb olar? Elədə bəs sən bizim Gəncədə filan bəyi tanımırsan, filan şeyxi tanımırsan, filan məşədini tanımırsan, filan hacını tanımırsan?”
Genə deyirik ki, bizim bu barədə bəxtimiz yoxdur, amma təəccüb buradadır ki, hələ özgə şəhərlərdən bu xüsusda bizə rədd yazan yoxdur. Lakin söz veririk ki, əgər özgə şəhərlər də Gəncə kimi olsa, onda biz sözümüzü geri götürərik və cəmi dövlətli hacılardan təvəqqə edərik ki, bizi bağışlasınlar.
Hər kəsin sözü var yazsın.

Cəlil Məmmədquluzadə

Комментариев нет:

Отправить комментарий