16.03.2013

ƏLAHƏZRƏT KİTAB

Söz sənətini yaşadan, onun əsrlərin süzgəcindən keçərək dövrümüzə qədər gəlib çatma­sına zəmin yaradan kitab­la­rın bəşər cəmiyyətinin in­­ki­şafında əvəzsiz rolu haq­qın­da nə qədər danışılsa və  yazılsa da, onun qüdrətini təsvir etməkdə söz yenə də aciz qalar. Dəyərli sözün qədrini bilərək onu həyat şüarına çevirən, söz xəzinəsi olan ki­tab­ları mədəniyyət və in­cə­sə­nət örnəyi kimi yaşatmaqdan zövq alan, dərin hörmət əla­mə­ti olaraq ona əlahəzrət kitab deyə xitab edən təcrü­bəli jurna­list və naşir,  Azər­baycan Naşirlər və Poliqrafçılar İctimai Birliyi idarə heyətinin sədri Bəhruz Axundovla söhbətimiz də məhz söz sənəti, nəşriyyat və poliqrafiyanın incəlikləri, eləcə də kitab mədəniyyətinin bir sıra özəllikləri haqqındadır.


– Bəhruz müəllim, kitab sizin üçün nədir?
– Mən şablon ifadələr işlətmək istəmirəm. Ancaq  etiraf etməliyəm ki, kitab özümü  dərk edəndən bəri duyduğum, sevdiyim və qar­şı­sın­da hər an ehtiramla baş əydiyim ən mötəbər varlıqdır. Ümumiyyətlə, kitab, məncə, bə­şə­riy­yətin ən böyük kəşfi, sivilizasiyanın onurğa beynidir. Mən də çox xoşbəxtəm ki,  ömrümün ən qiymətli 32 ilini məhz kitab nəşrinə, çapına sərf etmişəm.
Müasir dövrümüzdə kitab artıq mənəvi həyatımızın rəhninə çevrilmişdir. Bunu daha yaxşı anlamaq üçün bir anlıq təsəvvür edin ki, dünyada mövcud olan bütün kitablar yox olub. Onda nə baş verər, həyatımız nəyə çev­ri­lər, biz necə yaşayarıq? Bəşəriyyətin mi­nil­liklərlə yaratdığı bugünkü sivilizasiya nə günə düşər?..
Hər şey kitabdan başlayır: təhsil, elm, mə­dəniyyət, mənəviyyat, inkişaf, sivilizasiya. Ona görə də sahib olduğumuz müsbət hər şey üçün kitaba minnətdar olmalıyıq.
Günəşsiz, havasız, torpaq və susuz ya­şa­maq mümkün olmadığı kimi, müasir dövrdə artıq kitabsız da yaşamaq qeyri-mümkündür. Kitab o qədər mötəbərdir ki, müqəddəs “Qurani-Kərim“ə də kitab deyirik. Onu əli­mi­zə götü­rəndə ən yük­sək ehtiramla öpüb gö­zü­mü­zün üstünə qoyur, ona and içirik.

– Son zamanlar kitab nəşrinə münasibət, deyəsən, bir qədər dəyişib, axı elek­tron­laş­dırma dövrüdür.
– Hesab edirəm ki, bu, keçici bir cərə­yan­dır. Bəzən yenilik sevən insanlar ilk baxışdan “real” görünən yeni bir fikir söyləyir və daim sensasiya axtaran mətbuat (bu, dünyanın hər ye­rində belədir) bu “real” fikri gündəmdə sax­­­­la­yır. Əslində, burda qeyri-adi və pis  heç nə yoxdur. Əksinə, əsl həqiqət də elə bu mü­za­kirələrdə meydana çı­xır. Lakin məni narahat edən dərindən düşünülüb götür-qoy edil­mə­dən söylənilən fikirlərin bəzən çoxlarını  təsir  altına salması və bu qeyri-ciddi mü­na­si­bətlərin ictimai rəyə çevrilə bilməsi təhlü­kə­sidir. 
Bu məsələdə ziyalıların, əsl jurnalistlərin  də tənbəlliyi olur. Bəzən biz bir çox xeyirli və real fikirləri izah edib düzgün  istiqamətlən­dirə bilmirik. Mə­sələn, sizin toxunduğunuz məsələdə.
Mən­cə, burada söhbət İKT-nin imkanla­rın­dan maksimum yararlanaraq bü­tün sferalarda, o cümlədən, elm, təhsil, mədə­niyyət, sə­­hiyyə, istehsalat və s. sahələrdə inkişafa nail olmaqdan gedə bilər. Bu heç də kitabdan tamamilə imtina etmək demək deyildir.

– Bəzi fikirlərə və hesablamalara görə, ya­xın 5–10 ildə nəinki kitablardan, hətta dərsliklərdən belə imtina edilərək, yalnız elektron kitablara, dərsliklərə  keçiləcək.
– Bunlardan qorxmağa dəyməz, çünki kita­bın həqiqi dostları onlardan da çoxdur və təbii ki, bu dostlar daha elmli, dün­ya­gö­rüşlü insan­lardır. Hətta onların arasında kom­pyuter üzrə mütəxəssislər də az deyil. Əlbəttə, bu, adi və bəsit bir məsələ deyil, bəşəri bir məsələdir. Uzun zaman və hərtərəfli araş­dır­malar, müza­kirələr tələb edən bir möv­zu­dur.
O ki qaldı hesablamalara, kimlərin necə hesablamalar apardığını bilmirəm, lakin mən­cə, əsl gerçək hesablamaları vaxt, zaman özü apa­ra­caq və ən doğru qərarı da o verəcək. Əgər bu asan bir məsələ olsaydı, İKT sahə­sində aparıcı rola malik olan dünyanın ən inki­şaf etmiş ölkələri çoxdan kitabları tama­milə ləğv edərək elektron kitablara keçmiş­di­lər. Təkrar edirəm ki, mənim fikrimə görə, ölkədə bütün sahə­lə­rin in­kişafının təmin edil­məsi, eyni zamanda tədrisin keyfiyyətinin daha da yüksəldilməsi üçün müasir İKT-nin  gücündən maksimum istifadə etmək vacib və qaçıl­maz­dır. Son dövr­lər­də bu sahədə atılan önəmli addımlar da, qazanılan uğurlar da göz qaba­ğındadır. Ölkə başçısının 2013-cü ili “İKT ili“ elan etməsi də bu sahədə fəaliyyətin daha da geniş vüsət alacağına ciddi bir mesajdır. Əl­bəttə, bunun özü ölkəmizin hərtərəfli və sürətli inkişafında daha böyük uğurlar qa­za­nıla­ca­ğından xəbər verir və bu, kitab nəşri sənaye­sində də mütləq özünü gös­tə­rə­cək­dir. Hesab edirik ki, məlu­mat kitabçalarının, sahə ədəbiy­yat­larının, hətta ensiklopediyaların və s. elektronlaşdırılması  lazımdır və vacibdir. Təd­ris və elmi, hətta bədii ədəbiyyatların da paralel olaraq elektron variantını hazır­la­maq sə­mərəlidir və bu təc­rü­bə artıq özünü təs­diq edir.  Elektron mə­lu­mat mərkəzlərinin (kitab­xa­naların) fəa­liy­yəti də yax­şıdır. Lakin fik­rimizcə, yüksək (ciddi) ədə­biy­yatın, xüsusilə, dərsliklərin, ümumiy­yət­lə, kitabın elektron kitablarla tam əvəz olun­ması qeyri-ciddi və müşkül məsələdir.
Dövlət başçısının insan kapitalına, elmi­mi­zə, təhsilimizə,  ümumən, mədəniyyət və in­cə­sə­nətimizə, o cümlədən, bütün bunları özündə  ehtiva edən  kitabların nəşrinə verdiyi önəm bir daha əmin olmağa əsas verir ki,  Azərbay­can müstəqil bir dövlət və millət kimi daim  hərtərəfli inkişaf edərək daha qüdrətli bir döv­lətə çevriləcəkdir. Bu yolda nə qədər çox  vəsait xərclənsə, yenə də azdır. Belə məsələ­lərdə yersiz qənaətə, necə deyərlər, xəsisliyə yol vermək olmaz.
O ki qaldı elektron nəşrlərin kitabları ta­ma­milə əvəz etməsinə, burada çox vacib amillər var. Təhsilini, bütün növ ədəbiyyatları, mə­lumatları ancaq elektron daşıyıcılardan almağa, oxumağa məcbur olan insanlar, xüsusilə də gənclər və yeniyetmələr günün çox hissəsini kompyuter qarşısında keçirməli olacaqlar.  Bu zaman onların diqqət və maraqlarını təbii ki, təkcə xeyirli bilik və məlumatlar deyil, həm də virtual aləmdə olan bir çox xoşagəlməz sayt­­­lar, linklər də cəlb edəcək. Bu problem kom­­­pyuterin onların sağlamlığına vurduğu ziyanlarla birləşəndə bizim sa­ba­hı­mız hara gedib çıxacaq? Dünyaya açıq internet mə­ka­nında Azər­­baycanda buna necə nəzarət olunacaq? (Qadağa qoyulmuş saytlara hər evdə, hər məkanda güclü və daimi nəzarət, zənni­mizcə, müşkül məsələdir.)
Yəqin, elə bu səbəblərə görə elektron kitablardan, hətta elektron dərsliklərdən ağız­do­lusu danışan insanlar belə öz övladlarına, nə­və­lə­rinə kompyuterin qarşısında çox otur­mağa, internetin bəzi imkan­la­rından tam isti­fadə etməyə icazə vermirlər.

– Məncə, burada başqa məqamlar da var.
– Əlbəttə. Axı kitabı təkcə dərs oxuyanlar, elm adamları, müəyyən peşə sahibləri deyil, adi və­təndaşlar, özünü bənzətmək üçün qəh­rə­man axtaran yeniyetmələr, sevib-sevilən ro­man­tik gənc­lər, əsəbləri yerində olmayan insanlar və b. da oxuyur.  Çox­ları ki­tabı başqa prob­lem­lərdən qaçmaq, əsəblərini sakitləş­dir­mək, həyatdan zövq almaq, bəziləri isə, sadəcə, yuxu­ya getmək və s. məq­səd­­lərlə oxuyur. Bu, ən çox ədəbi-bə­dii əsərlərə aiddir. Amma kom­­pyuterin soyuq ek­ra­nın­dan gözəl bir bədii əsəri, təbii ki,  qaynar hislə, qızğın ehtirasla oxumaq mümkün deyil. Bu, təxminən, şüşəli çərçivəyə salınmış gözəl bir şəkillə sevişmək kimidir. Özü də bu prosesləri cansız düymələr idarə edir. Hər dəfə sə­hifəni çevirmək və s. üçün soyuq düymələrə toxunduqca elə bil gözəl bir röyadan ayılır, sadəcə, bir kitab oxuduğunu, bu hislərin süni oldu­ğunu duyursan. Bunu da kənara qoyaq. Oxu­du­ğun əsərdə ha­di­sələrin ən şirin ye­rində, maraqlı kulminasiya nöq­təsində bir də gö­rürsən ya internet xətti zəiflədi, ya da, nə bilim, hansısa başqa bir texniki problem yarandı və hər şey yarımçıq qaldı. İnternet heç bir sivil ölkədə belə texniki  xətalardan xali deyil.
Əsl kitabla isə canlı təmas var. Sə­hi­fə­lə­dik­cə vərəqlərin pıçıltısı, qoxusu, əlini onun səhifələrinə çəkib oxşadıqca keçir­diyin xoş hislər... Oxuduqca hadisələri kənardan iz­lə­mir, özün də bilmədən sanki onların iş­ti­rak­çı­sına çevrilirsən, qəhrəmanın həyatını ya­şayırsan, içində münasibət yaranır, doğ­ru­ya-yanlışa qiymət verirsən. Bu gözəl hislər səni özündən alıb başqa bir dünyaya aparır və heç bir düymə bunları dayandıra bilmir, sən bu xoş hislərin ağuşunda şirin yuxuya gedə bilirsən. Nə sağlam­lı­ğına vurulacaq zə­rər­dən qorxursan, nə şüalanmadan, nə in­ternetin na­sazlığı səni narahat edir, nə proq­ram təmi­na­tı, nə də başqa problemlər.
Yeni çapdan çıxmış kitabının (lap əllinci kitabı olsa belə) ilk nüsxəsini əlinə alarkən müəllifin necə həyəcan keçirdiyini, onu hansı xoş hislərlə vərəqlədiyini, əlini üzərində gəzdirib körpə balası kimi oxşadığını, yəqin ki, çoxunuz müşahidə etmi­si­niz. Bu gözəl duyğuları, sevinc hislərini hansı elektronika əvəz edə bilər.

– Amma İKT artıq həyatımıza daxil ol­ub.
– Heç bir ağıllı adam İKT-nin əleyhinə ola bilməz. Nə mən, nə də tanıdığım adamların heç biri bu gün kompyutersiz keçinə bilmərik.  Etiraf etməliyik ki, kompyuter və digər informasiya-kommunikasiya sistemləri artıq  həya­tımızın bir hissəsinə çevrilmişdir və onlarsız  müasir həyatda önəmli inkişafa, güclü iqtisadiyyata nail olmaq mümkün deyil. Bu sis­temlərdən kitab nəşri və çapı proseslərində də çox geniş və səmərəli istifadə olunur. Müəlliflər də kitablarını  kompyuterdə yığırlar. Bunların hamısı çox gözəl, səmərəli və artıq qaçılmazdır. Lakin ən ağıllı robotlar adi canlı insanı əvəz edə bilmədikləri kimi, elektron kitabların da canlı kitabları əvəz etməsi müm­kün deyil. Yaxşı ki, dünyanın zəkalı insanları, xüsusilə Qərb alimləri kompyuterin, mobil telefonların həyatımıza gətirdiyi bəlalar, insanların sağ­lam­lığına vurduğu ziyanlar və s. barədə artıq açıq fikirlər söyləməyə başlamışlar və hər dəfə  bu həqiqəti bildirən məlumatlara rast gəldikcə ürəyimdə  gur səslə deyirəm: “Yaşasın əlahəzrət kitab!”

– Bəhruz müəllim, sizcə, naşir kimdir?
– Yaxşı sualdır. Təbii ki, hər bir xalqın ta­ri­xini yaradanlar onun yetişdirdiyi ən zəkalı insanlar, əzmkar liderlər, tarixi şəxsiyyətlər və onlara inanıb arxasınca gedən xalqın özüdür. Hə­min tarixi yazılı ədəbiyyata, mənbəyə çevi­rənlər tarixçi-alimlər, yaradıcı-ziyalı insanlar­dır­sa, bu yazılanları kitaba çevirib gələcək nəsillərə, digər xalqlara ötürənlər, necə deyərlər, nəfəs verib yaşadanlar isə naşirlər və poliqrafçı­lardır. Bura xalqın milli mədəniyyətini, ədə­biy­yatını və s. əlavə etsək naşirliyin, poliqraf­çı­lığın nə qədər lazımlı və şərəfli bir peşə, nəş­riyyat-poliqrafiya sahəsinin isə nə qədər gərəkli və vacib bir sahə olduğu bir daha aydın görünər. Lakin təxminən, 13 il bundan əv­vəl qəbul edil­miş və bu gün də hələlik qüvvədə olan “Nəş­riyyat işi haqqında” qanunda çox yanlış olaraq “naşir” nəşriyyat məhsulunu maliy­yə­ləş­dirən, nəş­riyyat sahəsi ilə əlaqəsi olmayan fiziki və ya hüquqi şəxslər kimi izah olunur (I Fəsil, maddə 1). Belə çıxır ki, naşirlik pulla əldə olu­na biləcək bir statusdur, yəni pulu olan hər kəs kiçik bir nəşr məhsulunu maliyyələşdir­məklə naşir ola bilər. Bəs onda əsl naşirlər kim­lərdir? Məncə, bu sözü “sponsor” sözü ilə  dəyişik salıblar. Bəlkə də, bu, texniki bir xəta üzündən olub. Lakin mən dəfələrlə demişəm, yenə də deyirəm, bütün hallarda bu, tariximizin, elmimizin, mədəniy­yə­ti­mizin və xüsusilə də ədəbiyyatımızın bu gününü gələcəyə daşıyan şərəfli bir peşə sahiblərinə qarşı böyük hör­mət­sizlikdir.

– Bəs bu sözün düzgün izahı necədir?
– Naşir bütün nəşr proseslərinə rəhbərlik edən şəxsdir – qısaca bunu belə izah etmək olar.

– Bir az da kitab nəşrindən, ona naşir münasibətindən danışaq.
– “Təhsil Nəşriyyat-Poliqrafiya“ birliyinin girişində böyük hərflərlə bir cümlə yazmışıq: “Pis kitab yoxdur, pis naşir var!“
Gözəl fikirdir, deyilmi? Çünki pis (zəif) adlandırdığımız hər hansı bir kitabdan belə yaxşı nə isə öyrənmək olar.  Ona görə də, şəxsən mənim üçün hər bir kitab qiymətlidir. Lakin dolğun məz­mu­nlu, keyfiyyətli nəşr edil­miş kitab isə böyük  anlamda əvəzsiz sər­vət, yüksək mənəvi dəyərdir.
Çox təəssüf ki, kitabların yazılmasında, nəşri  və çapında, ona oxucu münasibətində hə­lə də xeyli qüsurlar və xoşagəlməz hallar var. Bu sahədə elə nöqsanlara rast gəlmək  olur ki, bəlkə də, onlar kompyuterin insanların sağlamlığına vurduğu ziyandan daha çoxdur.
Başlayaq elə nəşriyyat və mətbəələrdən.
Ən dolğun məzmunlu kitabı da elə pis görkəmdə təqdim etmək olar ki, oxucu nəinki onu alıb oxumaq, hətta bağışlasalar belə, kitab rəfinə qoymaq istəməz. Əksinə, məzmunca o qədər də dolğun olmayan bir kitabı peşəkar naşir elə gözəl tərtibatda, zövqoxşayan dizaynda və yüksək poliqrafik keyfiyyətdə  təqdim edər ki, oxucu nəinki onu istənilən qiymətə alar, hətta (oxumasa belə) sevə-sevə vərəqləyər, şəkillərinə baxar (indi çoxu belə edir) və rəfinin də ən görkəmli yerinə qoyar. Başqa sözlə desək, kitabın yüksək dəyərini, ucalığını, mötəbərliyini qoruyub saxlamaq üçün naşirdən yüksək peşəkarlıq, zövq və xüsusi yanaşma tərzi tələb olunur. Deyirlər, kitabın redaktoru onun ikinci müəllifidir. Naşirlər və poliqrafçılar isə ona nəfəs verən, həyat və ömür bəxş edən şəxslər, obrazlı desək, valideynləridirlər.  Bəli, əsl naşir üçün nəşr etdiyi hər bir kitab onun övladı kimidir. Kitaba ilk münasibəti, sevgini də məhz naşir yaradır. Oxucu kitabı əlinə alıb vərəq­lə­dikdə, naşirin onu xüsusi qayğı ilə, içindən gə­lən sevgi ilə hazırladığını duymalıdır. Bu, onda yüksək əhvali-ruhiyyə yaradar. Əgər kitab həm də oxunaqlı və dolğun məzmunlu olsa, oxucu onu, necə deyərlər, birnəfəsə oxuyar və bundan həzz alar, hətta başqalarına da oxu­mağı tövsiyə edər. Yaxşı kitab bax belə yayılır. Bəzən belə təbliğat qəzetdə, internet saytlarında verilən elanlardan daha effektli olur. Fikrimi izah etmək üçün qısa bir əhvalat danışım: lap bu yaxınların söhbətidir. Tanış­la­rımdan biri məndən M.Ə.Sabirin yenicə nəşrdən çıxmış “Hop­hop­namə“sini hardan əldə edə biləcəyini soruşdu. Mən  açığı kitab verməkdən qaçmaq üçün: “Ne­cə yəni, bəyəm bu günə qədər səndə “Hophopnamə“ yoxdur? Gör neçə dəfə nəşr olunub“ – deyə soruşdum.  O: “Yox ey, varımdı, özü də iki nəşrini almışam, ikisini də oxumu­şam. Amma əlimdə çözələnib gedib, cildləri də  cırıq-cırıq olub. Kitabın heç vərəq­lən­məyə belə heyi qalmayıb. Son nəşri isə gözəl dizaynda, mükəmməl və çox keyfiyyətli buraxıblar. O gün bir nəfərdə gördüm. Ölürəm də yaxşı kitab üçün, o da ola Sabirin kitabı. Qardaş, gör bizim nə qədər nəhəng yazarlarımız var ey?! Evdə on kitab şkafın olsa, yenə azdır, oxu ki oxuyasan...“ – dedi.
Düzü, onun sözləri ürəyimə yağ kimi ya­yıldı. Elə yumşaldım ki, yeni çapdan çıxmış “Hophopnamə“dən başqa ona 3–4 əlavə kitab da hədiyyə etdim. (Hər zaman adamın əlinə belə kitabsevər düşmür axı.) Kitabları görəndə gözləri böyüdü. Uşaq kimi elə sevinirdi ki, elə bil ona dünyanı bağışlamışdılar. Kitabları xü­susi aclıqla vərəqləyir, az qala elə mənim ota­ğımdaca oxumaq istəyirdi...
Yola salanda o:
– Qardaş, sən mənə kitab yox, elə bil həyat bağışladın. Allah səni sevindirsin. Ancaq utanıram da deməyə, yoldaşlardan çoxu bu kitablardan almaq istəyir. Bunları haradan almaq olar?
–Təəssüf ki, bu kitablar cənab Prezidentin sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sifariş edilən yubiley kitablarıdır, satış üçün deyil.
O, məyusluqla: “Heyif, heyif“ – dedi.
Bu kəlmələrin altında gör neçə-neçə naşirin, kitabsevərlərin arzuları yatır.

– Naşirlər haqqında, onların nəşr iş­lə­rin­də rolu və kitaba münasibəti haqqında, qısa da olsa, maraqlı fikirlər söylədiniz.  Xa­­hiş edirəm, bir az da poliqrafçılar haq­qında danışasınız.
– Bildiyimiz kimi nəşriyyat işinin 3 əsas qolu var:
Bi­rinci qol – yaradıcılıq işləri, yəni nəş­riy­­yat prosesləridir. Bura kitabın (kağızın) ölçüsündən, şrift növlərindən tutmuş ədəbi, bədii və texniki redaktəyə, rəssam işlərindən başlamış korrekturaya, dizayna, kompyuter icrasına, xammal və material çeşidlərinin seçilməsinə və s. qədər olan proseslər aiddir.
İkinci qol – istehsalat işləridir ki, bura bütün poliqrafik proseslər aiddir.
Üçüncü qol isə kommersiya qoludur. Yəni hazır məhsulun realizasiyası, başqa sözlə desək, kitabın satışının təşkilidir. Bu qolların hər birinin  kitab nəşri işində çox böyük rolu var. Onlar bir-birinə zəncirvari bağlı və bir-birindən asılı proseslərdir. Hərəsi haqqında ayrıca danışıb incəliklərini açmaq üçün azı bir kitab yazmaq lazımdır ki, “Nəşriyyat işinin əsasları“ kitabında biz buna cəhd etmişik.
Poliqrafiya haqqında isə qısaca onu demək olar ki, mətbəə işi kitab nəşrinin özəyində du­ran həlledici bir prosesdir.
Yuxarıda söhbət açdığımız bütün amillərin uğuru, reallaşması məhz poliqrafik  pro­seslərin düzgün həyata keçirilməsi ilə bağlıdır. Başqa sözlə desək, müəllifin və nəşriyyatın gərgin əmə­yinin nəticəsi poliqrafik icradan çox asılıdır. Yuxarıda  obrazlı şəkildə dediyimiz kimi, kitabı bir övlad hesab etsək, onun valideynlərindən biri naşirlərdirsə, ikincisi poliqrafçılardır.
Azərbaycanda nəşriyyat-poliqrafiya işinin tarixi çox qədim olmasa da, bizim bu sahədə gözəl ənənələrimiz var. Hər dövrün öz şərtlərinə cavab verən bir çox gözəl nəşr nümunələrimiz mövcuddur. Bu iş indi də uğurla davam etdirilir. Müstəqilliyin bəxş etdiyi azad-demokratik imkanlar zəminində son illər Azərbaycanda  digər sahələr kimi nəşriyyat-poliqrafiya sahəsi də xeyli inkişaf etmişdir. Son illərdə güclü bazaya və imkanlara malik bir neçə nüfuzlu nəşriyyat və poliqrafiya müəssisələri də for­ma­laşmış və bu işin uzmanı olan görkəmli naşir­lərimiz yetişmişdir. Onların hazırladığı gözəl nəşr nü­mu­nələri nüfuzlu beynəlxalq kitab sər­gi­lə­rində və müsabiqələrində yüksək mükafatlar qazanmışdır. Heydər Əliyev Fondunun bir sıra nəşrlərini ən müasir və yüksəkkeyfiyyətli nəşr nümunələri hesab etmək olar. “Təhsil“ nəşriyya­tının kitabı Azərbaycan nəşriyyat tarixində ilk dəfə olaraq, hətta “Qran-pri” almış, ötən il Avro­pa miqyasında keyfiyyətə görə “Qızıl medala“, müasir kommunikasiya sistemlərindən səmərəli istifadə edərək yüksək keyfiyyət əldə etdiyinə görə, “Qızıl delfin“ mükafatlarına və s. layiq ­gö­rülmüşdür. “Şərq-Qərb”, “CBS“, “Aspoliqraf”, “Çaşıoğlu” və s. nəşriyyat-poliqrafiya birlikləri də böyük uğurlar qazanmışlar. Respublikada dərslik çapında da böyük irəliləyişlər var.

– Amma nə yazıq ki, bu, kütləvi deyildir. Axı 3–5 gül ilə yaz olmaz.
– Çox təəssüf ki, doğru deyirsiniz. Azər­bay­canda (Bakıda) ən müasir çap texno­lo­gi­yalarına və güclü bazaya malik 4–5, bir az onlardan aşağı isə 7–8 mətbəə var.  Sırf nəş­riy­yat­lara gəldikdə, təəssüf ki, onların sayı bir əli­mizdə olan barmaqların sayından yuxarı çıxmır. Mən geniş imkanlara malik, stabil çalı­şan əsl nəşriyyatları nəzərdə tuturam. Əlbəttə, bu, çox azdır və həm də onlar pis reklam olu­nurlar. Bəlkə də, buna görədir ki, bir çox sifa­rişçilər, əsasən, xarici ölkələrə üz tuturlar. An­caq bu bədbinliyə əsas olmamalıdır. Çünki hər şeyin başlanğıcı bir az çətin olur. Mən fürsətdən istifadə edib sifarişçilərə də demək istərdim ki, Bakıda onların hər cür tələblərinə cavab verə bilən nəşriyyat və poliqrafiya müəssisələri mövcuddur. Sifariş­lə­rini  burda ən yüksək keyfiyyətlə, həm də xeyli ucuz qiymətə  yerləşdirə bilərlər. Lüzumsuz halda pullarını xaricdə xərcləməyə ehtiyac yoxdur.
Lakin məni daha çox narahat edən başqa məsələdir.

– Piratçılıq?
– Bəli, bu dəfə də düz təxmin etdiniz. An­caq ondan da  çirkin  və qorxunc əməl olan qanunsuz kitab çapı, xüsusilə də  dərsliklərin çapıdır. Mən bunları “saxta” kitablar adlan­dı­rı­ram, onlar uşaqlarımızı, həqiqi mənada, zə­hər­ləyir, yeniyetmələrimizin sağlamlığına və zəkasına ciddi ziyan vurur.

– Necə?
– Bu, çox geniş söhbətdir, amma çalışaram çox qısa bir anlayış  yaradım. Bilirik ki, kitab çapında kağız, karton kimi xammallardan və onlarca digər əsas və köməkçi materiallardan istifadə olunur (metal təbəqələrdən, cürbəcür boyalardan, yapışqanlardan, laklardan, sel­lo­fan­lardan, kimyəvi maddələrdən və s.). Bun­la­rın hər birinin də müxtəlif növləri və çe­­­­şid­­­­ləri var. Məsələn,  kağız sellülozdan və çoxlu say­da tullantılardan, o cümlədən, ekoloji cəhət­dən  ziyanlı materialların tullantılarından ha­zır­­lanır. Ona görə də kitab kağızı, ayrılıqda dərsliklər çap olunan kağızlar digər  növ çap məhsullarının, hətta qəzetlərin belə çapı üçün nəzərdə tutulan kağız növlərindən  fərqlənir. Əsas fərq də onun tərkibinin kim­yə­vi cəhətdən daha təmiz və ziyansız olma­sın­da­dır. Bu fərqi daha yaxşı duymaq üçün əsl nəş­riyyatlarda (mətbəələrdə) hazırlanmış bir dərsliklə qanunsuz çap edilmiş saxta dərsliyi tutuşdurmaq və onları qoxulamaq kifayətdir. Təbii ki, keyfiy­yətli və keyfiyyətsiz bütün  mallar kimi, ka­ğız­la­­rın da qiymətində müəyyən fərqlər var. Bo­­­­­ya, yapışqan və başqa materiallar da onun kimi.

– Sizcə, bu kağız növləri arasında bu qə­dər keyfiyyət fərqi olmasının səbəbi nə­dir?
– Əlbəttə, ən  başlıcası  bazarın tələbatı və qiymət. Bir də həmin kağızların istifadə təyi­na­tı. Axı kağızdan təkcə çap  məqsədilə, həm də kitab-dərslik çapında istifadə etmirlər. Mə­sələn, bir sıra çap məhsulları ilə, o cümlədən, qəzetlərlə istifadəçinin (oxucunun)  təması bir neçə dəqiqə, ən çoxu yarım-bir saat olur. Kitab­lar, özəlliklə dərsliklərlə isə oxucunun yaxın təması illərlə olur. Uşaqlar onları öz­lə­rinə daha yaxın tutur, istər-istəməz əllərini sürtür, sonra isə həmin əlləri ağzına, gözünə vurur və s. Ərzaq, sənaye və s. mallarının bü­külüb qablanmasından tutmuş əlsilənlərin, kabellərin, divar kağızlarının, qapı üzlüklə­rinin, pulların və s. hazırlanmasında istifadə üçün müxtəlif növ və çeşidlərdə kağızlar istehsal olunur. Təbii ki, hər növün, çeşidin də özünə uyğun qiymətləri var. Yalnız pul qazanmaq məqsədilə qanunsuz yolla saxta kitablar çap etmək kimi  alçaq işə qur­şa­nan şərəfsiz insanlar (bunu başqa cür deyə bilmərəm), əlbəttə ki, hər şeyin ucuzuna, yəni  keyfiyyətsizinə qaçır. Bu dərsliklərin nəşr proseslərinə (yığım, dizayn, rəssam və müəllif qonorarları və s.) bir manat da xərcləməyən və bütün növ vergilər­dən yayı­nan, üstəlik çap zamanı ucuz və key­fiyyətsiz materiallardan istifadə edən belə “iş­bazlar” görün nə qədər para əldə edir. Təəs­süf ki, bir çox valideynlər də beş-on qəpik qiymət fərqinə aldanıb onları alırlar. Nəticədə sağ­lam­lığı pozulan uşaqlar, zərər çəkən isə onların özləri ilə bərabər valideynlər və bütün cəmiy­yət olur. Biz “zəhər“lənir dedikdə heç də tər­ki­bində ziyanlı maddələri olan hansısa ər­zaq məhsulunun bu gün yeyilib, sabah büruzə ver­­məsini nəzərdə tutmuruq. Təəssüf ki, burada məsələ daha qəlizdir. Həmin zəhərli mad­dələr tədricən gözdə, ciyərlərdə, nəticə etibarı ilə qanda müəyyən xəstəliklər yaradır ki, bu da ağlasığ­maz bəlalara səbəb olur.

– Bəs bunların qarşısı necə alınmalıdır?
– Bu işlərlə 20 ilə yaxın bir dövrdə apar­dı­ğı­mız mübarizə bizə kifayət qədər təcrübə qazandırmışdır. Biz deyəndə, təkcə bir qrup nəş­riyyatları nəzərdə tutmuram. Müəllif Hü­quqları Agentliyini, hüquq-mühafizə və vergi orqanlarını, Təhsil Nazirliyini, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını, eləcə də mətbuat və televiziyanı nəzərdə tuturam. Bu illər ər­zində xeyli işlər görülüb, təkliflər irəli sürülüb və s. Lakin açığını deyək ki, bütün bunlar o qədər də bəhrə vermədi. Bu sahədə ən sə­mə­rəli addımı 2003-cü ildə dövlət atdı. Ümummilli liderimiz Heydər Əliyevin “Yox­sulluğun ara­dan qaldırılması...” ilə bağlı tarixi fərma­nına uy­ğun olaraq, əvvəlcə  ibtidai sinif dərs­lik­lə­ri, sonra iş dəftərləri, daha sonra isə bütün orta məktəb dərslikləri dövlət vəsaiti hesabına  nəşr etdirilərək şagirdlərə pulsuz  hə­diy­yə edildi və bununla da, saxta dərs­lik­lərin satı­şının qarşısı yarıbayarı azaldı.  Bu gün də bu gözəl iş davam etdirilir, lakin dörd ildən bir.  Həmin dərsliklər təkrar istifadə üçün mək­təb ki­tabxanalarında saxlanılır. Ara­da qa­lan 3 il ər­zində isə cəmi 25–30% həc­mində çap edilir. Görünür, valideynlərin və məktəb­li­lərin çoxu yeni dərs ilinə yeni dərs­lik­lərlə başla­ma­ğa üstünlük verirlər və bu zaman da həmin “iş­bazlar” fəaliyyətə keçirlər.

– Bəlkə, dərsliklər qalın cilddə buraxılsa...
– Xeyr, bu da tam çıxış yolu deyil. Əvvəla, bu dərslikləri qalın cilddə buraxmaqla, onu     ikinci dəfə həmin tirajla çap etmək arasında maliyyə vəsaiti baxımından o qədər də fərq yoxdur. İkincisi, bu, standartlara uyğun deyil, ən azı ekoloji təmizlik, sağlamlıq, maliyyə və təhlükəsizlik baxımından.

— Xahiş edirəm, bu məsələyə bir az ay­dın­lıq gətirin.
– Maliyyə məsələsini qısa da olsa, dedik. Ke­çək ekoloji təmizlik və sağlamlıq mə­sə­lə­si­nə. Məlumdur ki, qalın (sərt) cildli kitablarda əlavə olaraq kartondan, yapışqandan və s. materiallardan istifadə olunur. Bunlar isə cild örtüyünün altında qalır. Bu materialların nə qədər ziyansız növləri olsa da, nəticədə onlar kimyəvi üsulla istehsal olunurlar və onların nə dərəcədə keyfiyyətli növündən istifadə olun­du­ğunu yoxlamaq  üçün mütləq hazır məh­sulun (kitabın) üz örtüyünü və ya forzası qo­­­par­­maq lazımdır ki, bu da mümkün deyil. Qalın cildli kitab yumşaq üzlüdən xeyli ağır olur. Qalın cildli kitabların sərt qapaqları ilə uşaqlar bir-birinə, hətta bədən xəsarəti yetirə bilərlər və s.
Həm də əksər dərsliklərin ölçüsü və həcmi onları qalın  cilddə buraxmağa imkan vermir. Yəqin, bu səbəblərə görə də dünyanın heç bir ölkəsində orta məktəb dərslikləri qalın cilddə  buraxılmır.
Nəhayət, düşünürəm ki, dərsliklərin üz­lə­ri­ni sərt, cildlərini qalın etməkdənsə, uşaq­la­rı­mıza kitabla davranış mədəniyyətini öyrətmək daha doğru olar və bu, onlara həmişə gərək olar.

– Bir tərəfdən narkotikaya  meyillilik, si­qa­re­tin vurduğu ziyanlar, ekologiya prob­lem­ləri, keyfiyyətsiz ərzaq məhsulları, elektron şüalanmalar, daha nələr-nələr... Bir tərəfdən də qeyri-qanuni yolla çap edi­­lən saxta dərsliklərin vurduğu ziyan. Bir ziyalı, təcrübəli bir  naşir kimi çıxış yolunu nədə görürsünüz, bunun qarşısını necə almaq olar?
– Ancaq sivil yolla. Düşünürəm ki, dün­yanın bir çox inkişaf etmiş ölkələrində olduğu kimi bizdə də dərslik komplektləri dörd ildən bir deyil, hər il dövlət vəsaiti  hesabına nəşr edilib şagirdlərə pulsuz verilməlidir. Digər bütün sahələrdə olduğu kimi, Ulu öndərimizin uzaqgörənliklə təməlini qoyduğu bu siyasət də, yəqin ki, davam et­di­riləcəkdir. Belə olarsa, qeyri-qanuni yolla çap edilən saxta dərslikləri alan olmaz və bu məsələ birdəfəlik həll edilmiş olar. Fikirlərimi ölkə başçısı cənab İlham Əli­ye­­vin təhsillə bağlı söylədiyi dərin məz­mun­lu sözlərlə yekunlaşdırmaq istəyirəm:
“...təhsilə diqqət ölkə üçün həlledici məna daşıyan bir siyasətdir. Əgər təhsillə bağlı məsələlər düzgün həll olunmasa, bu siyasət, bizim bütün başqa uğurlarımız heç bir səmərə verməz”.  
   
Gülnar MAYİSQIZI

Комментариев нет:

Отправить комментарий