09.04.2013

Təzək demokratiyası


Arzu Abdulla

Amerika fotoqrafı Dafina Hargarov dünyanı gəzə-gəzə amerikalı əsgərlərin darıxmaması üçün onların həyat yoldaşlarını soyundurub. Əsgər arvadları suda, odda, torpaqda, harada gəldi, necə gəldi poza veriblər. Guya ərlərinə mənəvi dayaq olduqlarını sübut etməyə çalışıblar. 
Pakistanda, Əfqanıstanda, İraqda, Liviyada və özü görünməyib, çömçəsi bulanan onlarla ölkədə azyaşlıları qanına qəltan edən amerikalı əsgərlərin qadınları Amerikada deyil, hər hansı normal ölkədə soyunub poz versəydi, ərlərinin başını aşağı dikmiş olacaqdılar. Bu isə mənəvi yardım deyil, mənəvi zərbə olacaqdı. Lakin Amerika elə Amerikadır, özü də macəra dolu...
İndi dünyaya Amerika ağalıq edir. Bunu qəbul etməyənlər bir stəkan ayran içib əsəblərini sakitləşdirə bilərlər. Bu hegemon ölkə ağalıq etdiyi bütün ölkələri topla-tüfənglə deyil, bəzilərini sadəcə, gözünü bərəltməklə işğal edib.
Gözünü bərəltməyi siyasi dildən çevirsək, demokratiya anlamını verəcək. Bəli, Amerika topsuz-tüfəngsiz də işğal etməyi bacarır. Sadəcə, “sənin ölkəndə demokratiya yoxdur” ifadəsi bəs edir.
ABŞ “demokratiyasını” araşdıran minlərlə kitab yazılıb indiyə qədər. Amma sizlərdən kimsə Amerikanın xarici siyasəti ilə maraqlansa, o zaman kitabı axtarmağa tələsməsin. Dünyanın ən güclü intellektuallarından sayılan Noam Çomiskinin “Amerika müdaxiləsi” (“American intervention”) kitabını oxumaq yetərlidir ki, bu ölkənin dünyaya demokratiya adı ilə sırıdığı üstü bəzək-altı təzək siyasətin dərinliyinə varsın. İngilis dilini bilməyənlər üçün deyim ki, adıçəkilən kitab türk dilinə tərcümə olunub.
Türk dedim, yadıma Banu Avar düşdü. Türkiyənin böyük ideoloqlarından olan Banu xanım bir cümlə ilə Amerika-Türkiyə münasibətlərinin bu gününü çox gözəl ifadə edir: “Vaxtilə Mustafa Kamal Atatürk Suriyada Amerika imperiyasının əleyhinə müqavimət hərəkatı yaratmışdı. İndi isə Ankara ABŞ kəşfiyyatının Suriya əməliyyatının mərkəzidir!” 
Hədəfi dəqiq vuran cümlədir, əla. Əllərinə, beyninə sağlıq Banu xanım!
Türkiyədən danışmışkən, bu günlərdə baş verən maraqlı bir olayı da oxuculara çatdırmaq yaxşı olardı.
MHP lideri Dövlət Bağçalı Türkiyənin Sunbaş mahalında yerli camaatla görüşü zamanı bir əkinçi qadının haqq səsi qarşısında aciz qalıb. Əkinçi qadın Bağçalıya “Biz uşaqlarımızı əkinçiliklə böyüdə bilmirik. Becərdiyimiz taxılımız pula getmir”,- deyib. Qadının şikayətinə Bağçalı əcaib cavab verib: “Bunları niyə Ərdoğana söyləmirsiz, mənə söyləyirsiz?”
Bayaq Amerika əsgərlərinin gözü yolda, qulağı səsdə qalan qadınlarının ərlərinə mənəvi dayaq olmaq üçün soyunaraq şəkil çəkdirdiyini dedim. Təbii, burda heç bir mənəviyyatdan söz gedə bilməz. Heç bir günahı olmayan azyaşlını qanına qəltan edən əsgər adam deyil, yırtıcıdır, quduzlaşmış heyvandan daha təhlükəlidir. Belə bir canlını sevən kəsin qəlbindəki sevgidən başqa hər şeydir. Sadəcə, soyunmaq, şou göstərmək bir Amerika modelidir. 
Bu gün hegemon Amerikanın dünyaya sırıdığı modeldir. O, qadınların gözündə sevgi işartısı da yox idi. O qadınlar bədənlərinin tatuajla dolu olan intim yerlərini sərgiləməklə sadəcə, hegemon ölkənin xarici siyasətinin əsasını təşkil edən “demokratiyaya” dəstək verirlər. Üstü bəzək-altı təzək demokratiyanın. 
Dünən isə NATO-nun əsgərləri Əfqanıstanın Pakistanla sərhədində yerləşən Kunar vilayətini təyyarələrlə bombardman edib. Əliyalın, günahsız insanların başına göydən bomba yağdıran NATO əsgərləri 30-a yaxın müsəlmanı öldürüb. Ölənlərdən 11-i uşaqdır. Kim cavab verəcək bu vəhşiliyə? Heç kim. Çünki soru soran olmayacaq. Ölənlər bəşəriyyət üçün o qədər də “önəmli” olmadığı üçün bu olay dünya mətbuatında geniş əks-səda doğurmadı. Lakin həmin gün Əfqanıstanda ABŞ-ın 25 yaşlı qadın diplomatının qətlə yetirilməsi mediada bomba kimi partladı. ABŞ dövlət katibi Con Kerri diplomatın ölümünü faciə adlandırdı. 
Dünən Türkiyə mətbuatı axır ki, 23 günahsızın ölümünə aydınlıq gətirdi. Sən demə, NATO 25 yaşlı amerikalı diplomatın qisasını almaq üçün 23 nəfəri öldürüb. 
Maraqlıdır, bir nəfərə, görə 23 günahsız insanın öldürülməsi. Con Kerrinin bu olaya münasibət bildirməyə heç vaxtı yoxdur... Çünki ölən müsəlman, öldürən isə NATO-dur.

yashilqafqaz@gmail.com               teleqraf.com

Комментариев нет:

Отправить комментарий