12.02.2014

Ələddin Əzimov. “Eskizlər”silsiləsindən

Yeni Cakonda

Eskizdən boylanan qız,
Saçlarını hörümmü?
Şehli dodaqlarından
Təzə bir söz dərimmi?

Yatana oxşayırsan,
Gözlərinsə açıqdır.
Çiynindəki yaylığın,
Nurdu, saçaq-saçaqdır.

Hər eskizdəki cizgi
Bir sevgi parçasıdır.
Vallah, bu qız bir ürək,
Yüz evin aynasıdır.


Hələ rəssam sənə tam
Nə qan, nə can verməyib.
İnan heç kim cənnətdə
Sən tək mələk görməyib.

Çiyələk qız, çiçək qız,
Qonma mənim çiynimə.
Rəssam zalım balası
Sevda salıb beynimə.

Fırça işə düşəndə
Bilməm nə olacaqsan?
Bəlkə sən Cakonda tək
Tarixdə qalacaqsan?!

Cənnət qoxusu

Sən çox təravətlisən,
Cənnət qoxusu kimi.
Gözlərimə dolubsan
Gecə yuxusu kimi.

Sevda yolu, eşq yolu
Səmalardan enibdir.
Bu qız mələk paltarın
Hardan tapıb geyibdir.

Allah, sən özün qoru
Verdiyin məhəbbətiə
Əlimizdən alma gəl
İlahi səadəti.

Qoy biz qoşa yaşayaq,
Ömrün sonuna qədər.
İlahi, özün apar 
Bizi yanına qədər.

Sənə qovuşmaq üçün
Bu bəhanə, bir dilək.
İnamım var əhdinə-
Axır üzüm güləcək.

Комментариев нет:

Отправить комментарий